Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1930/2024 03.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(125)-2898/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(125)-2898/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən F.Fərhadov) iddia tələbinin təmin edilməsi, tərəflərin ümumi paylı mülkiyyətində olan, Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, 21 nömrəli binada yerləşən ümumi sahəsi 60,4 kv.m olan 36 nömrəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə olunan vəsaitin İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə olan paylarına mütənasib surətdə paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünməsi, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(125)-2898/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı kompensasiyanın ödənilməsi ilə bağlı iddia tələbi olmamışdır. İddiaçı tərəfindən ona yalnız mənzilin yarı dəyəri olan 12500 manatı iddiaçıdan ona və ya onun tərəfindən iddiaçıya ödəməsi barədə yazılı təklif edilmişdir. O, həmin təklifi məhkəmədə qəbul etmiş, yəni iddiaçı tərəfindən ona 12500 manat kompensasiyaının ödənilməsi barədə təkliflə razılaşmışdır. Lakin məhkəmə iddiaçının ona kompensasiya ödənilməsi barədə iddia tələbi olmadığından, məhkəmə kompensasiyanın ödənilməsi təmin edə bilməzdi. Əgər iddiaçının bur cür iddiası olsaydı mübahisə elə məhkəmədə həll olunmuş olardı. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, iddiaçı ilə bacı-qardaşdırlar. Evdə o və oğlu yaşayır. Onun özünün həmçinin Gəncə şəhərində 2 otaqlı evi vardır. Onun pulu yoxdur, iddiaçıya yalnız 2000 manat kompensasiya verə bilər. İddiaçı isə, ona 12500 manat pul versə, evdən çıxmağa razı olar. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(125)-2898/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, 23 fevral 2009-cu ildə vəfat etmiş aaaaaaaaaanası X1 miras qalmış, Daşkəsən şəhəri T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilinin 1/2 hissəsi üzərində qanun üzrə birinci növbə vərəsə kimi onun və 1/2 hissəsi üzərində cavabdehin qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Bu barədə müvafiq olaraq çıxarış almışdır. Bundan sonra o, Daşkəsən Rayon Məhkəməsində həmin mənzilin paylara uyğun naturada bölünməsi tələbi ilə iddia qaldırmışdı. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia tələbi rədd edilmişdir. Hazırda mənzil cavabdehlə onun adına qeyd edilsə də, cavabdeh onu mənzildən istifadə etməyə qoymur və elə bir vəziyət yaranıb ki, onların mənzildən bir yerdə istifadə etmələri mümkün deyildir. O, cavabdehə məktubla müraciət edərək təklif etmişdir ki, həmin mənzili bir yerdə satsınlar və ya mənzilin yarı dəyəri olan 12500 manatı o, cavabdehə, yaxud cavabdeh ona ödəsin. Lakin cavabdeh bundan imtina etmiş və aralarında razılaşma əldə edilməmişdir. Ona görə də, hazırkı iddianı qaldırmışdır. Evin qiyməti 13000 manat olar. Onun cavabdehə pul verməyə imkanı ypoxdur. Cavabdeh ona 8000 manat pul versə, evdən çıxmağa razı olar. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(125)-2898/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri və məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(125)-2898/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan və xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilin hüquq sahibləri, ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylı mülkiyyətindədir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilinin ona məxsus ½ hissənin naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış təklifdə (göndərilməsi barədə poçt qəbzi əlavə olunmuşdur) iddiaçı bildirmişdir ki, hazırda sözügedən mənzil ikisinin də adına qeyd edilsə də, cavabdeh onu mənzildən istifadə etməyə qoymur, elə bil vəziyyət yaranmışdır ki, onların mənzildən bir yerdə istifadə etmələri mümkün deyil. Ona görə də, həmin mənzilin bir yerdə satılması, ya da ki mənzilin yarı dəyəri olan 12500 manatı onun cavabdehə və ya cavabdehin ona ödəməsi təklif edilmişdir. Həmin təklifin cavabdehə göndərilməsi barədə Azərpoçt MMC-nin AZ2003 saylı qəbzi əlavə edilmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı binada yerləşən ümumi sahəsi 60,4 kv.m olan 36 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə tərəflərə məxsusdur. İddiaçı paylı mülkiyyətdə olan payının ayrılmasını tələb edir. İddiaçının bu tələbi əsaslıdır. Qanunvericilikdə heç bir məhdudiyyət qoyulmadan paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ təsbit edilmişdir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. İddiaçının payının naturada ayrılmasının qeyri-mümkün olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Tərəflər arasında ümumi paylı mülkiyyətə kompensasiya vermək yolu ilə xitam verilməsi barədə razılıq əldə edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, yalnız paylı mülkiyyətdəki evin açıq hərracdan satılaraq satış pulunun tərəflər arasında paylarına mütənasib bölünməsi yolu ilə paylı mülkiyyətə xitam verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MM-nin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasə,n paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı binada yerləşən ümumi sahəsi 60,4 kv.m olan 36 nömrəli mənzilin 1/2 hissəsdə İddiaçı və 1/2 hissəsdə Cavabdeh paylı mülkiyyətindədir. İddiaçının payının naturada ayrılmasının qeyri-mümkün olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmçinin, iş üzrə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında da, müəyyən olundu ki, iddiaçı ilə cavabdeh payın müqabilində kompensasiya verilməsi barədə razılığa gələ bilməmişlər. Məhkəmə kollegiyası Cavabdeh iddiaçı tərəfindən ona 12500 manat kompensasiyaının ödənilməsi barədə təkliflə razılaşdığını, lakin məhkəmənin iddiaçının ona kompensasiya ödənilməsi barədə iddia tələbi olmadığından məhkəmənin kompensasiyanın ödənilməsini təmin edə bilmədiyini göstərsə də, məhkəmə kollegiyası iddiaçının həmin dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, uzun müddətdir ki, onların arasında mənzil mübahisələri vardır və tərəflər payın müqabilində kompensasiya verilməsi barədə razılığa gələ bilməmişlər.Cavabdeh özü də, şikayətinin dəlillərində iddiaçının payının dəyərini ödəmək arzusunda olmaq niyyətini ifadə etməmiş və məhkəmə kollegiyasının iclasında isə yalnız 2000 mant kompensasiya ödəyə biləcəyini bildirmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, iddiaçı paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(125)-2898/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(125)-2898/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1930/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1930/2024
03.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver