Məhkəmə qərarları › İş №2(104)-1933/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1933/2024

03.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1933/2024 03.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-9/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz fəaliyyəti nəticəsində fermanın bir hissəsinin uçması və torpağın 1 (bir) hektarının zəbt olunması nəticəsində əmlakına dəyən 9155 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi, əkilmiş olan yolun və örüş sahəsinin ümumi istifadəyə verilməsi məqsədi ilə boşaldılmasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-9/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim G.Şirinov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-9/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işdə olan ekspert rəyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh 2000-ci ildən bu günə kimi Samux rayon Sərkar bələdiyyəsinin sədri vəzifəsində işləməklə, Samux rayon Aqrar-İslahat komissiyası tərəfindən kənd əhalisinə verilmiş örüş-torpaq sahəsini qanunsuz əkibbecərmiş, ona aid torpaq sahəsindən su arxı çəkdirib, örüş torpaq sahəsində suvarma işləri aparan zaman, ona məxsus fermanın bir hissəsinin uçmasına səbəb olmuş və ona maddi ziyan vurmuşdur. İşdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(058)-9/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: JN-01-1 KOD 50700048 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktının surətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 20 sentyabr 2000-ci il tarixli 12 nömrəli qərarı ilə Samux rayon Sərkar Bələdiyyəsinin mülkiyyətinə bələdiyyə mülkiyyəti üçün 551.18 hektar torpaq sahəsi verilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0.04958 ha kənd sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, JN-01-1 Dövlət Aktı ilə Sərkar bələdiyyəsinin mülkiyyətinə verilmiş 110.23 ha örüş sahəsinə və 135.08 ha yollara baxış keçirilmiş, müəyyən edilmişdir ki, Sərkar bələdiyyəsinin mülkiyyətində olan 110.23 ha örüş sahəsi və 135.08 ha yollar kənd əhalisinin istifadəsindədir və bu torpaqlar hər hansı hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilməmişdir. Samux rayon İHB-nın yanında Sərkar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Samux rayon Sərkar bələdiyyəsinin sədri Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, JN-01-1 Dövlət Aktı ilə Sərkar bələdiyyəsinin mülkiyyətində olan 110.23 ha örüş sahəsi və 135.08 ha yollar əhalinin ümumi istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin hər hansı hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilməsi və ya əkilməsi barədə nümayəndəliyə məlumat və ya şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş əmlak kompleksinin texniki pasportundan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən quş ferması İddiaçı məxsusdur. Şəmkir Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli 2(076)-785/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Samux rayonu Sərkar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin bələdiyyəyə qaytarılması və dəymiş ziyanın ödənilməsinə” dair iddia tələbi qismən təmin edilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN-01-1 nömrəli Dövlət Aktı əsasında Samux rayonu, Sərkar Bələdiyyəsinin mülkiyyətində olan və həmin Dövlət Aktının 1-11-ci koordinatında yerləşən 29012,46 kv.metr torpaq sahəsinin cavabdeh İddiaçı alınıb iddiaçı Samux rayonu, Sərkar Bələdiyyəsinə qaytarılması, iddianın “Torpağa mülkiyyət hüququna dair” JN-01-1 nömrəli Dövlət Aktının 1-10-cu koordinatında İddiaçı məxsus ferma kompleksi altında yerləşən 9730,14 kv.metr torpaq sahəsinin qaytarılması və bələdiyyəyə dəymiş 774 manat ziyanın ödənilməsi hissəsinin əsassız olduğundan təmin edilməməsi, cavabdeh İddiaçı Samux rayonu, Sərkar Bələdiyyəsinə qarşı sənədlərin ləğv edilməsi, ona məxsus olan fermanın yerləşdiyi 5,0 ha torpaq sahəsinə mülkiyyətinin tanınması tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1621 nömrəli ekspert rəyindən görünür ki, Samux rayonu, Sərkar kəndində İddiaçı sahibliyində və istifadəsində olan əmlaka (ferma binası) ziyan dəydiyi müəyyən edilmişdir. Samux rayonu, Sərkar kəndində İddiaçı sahibliyində və istifadəsində olan əmlaka (ferma binası) ziyanın aradan qaldırılması üçün aparılmalı yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun 4537 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9341 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair, onun adına geydə alınmış mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər mülki iş materiallarında mövcud deyildir. Bu səbəbdən də, araşdırma zamanı, ekspertiza baxışında, iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Belə ki, iddiaçının iddia edərək naturada təqdim etdiyi 2.1257 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 1.0747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2922 ha hissəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi fermanın binasının yerləşdiyi sahədən, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən 52.0 metr şərq istiqamətdə ümumi istifadəsində olan torpaq yol nəzərdə tutulmuşdur. Ekspertiza baxışı zamanı həmin torpaq yolun faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Belə ki, ərazinin kompleks yerquruluşu layihəsində göstərilən torpaq yolun faktiki olaraq şumlandığı müşahidə olunmuşdur. İddiaçının fermanın arxa hissəsi olaraq naturada təqdim etdiyi torpaq sahəsi, Samux rayonu, Sərkar kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən isə bələdiyyə mülkiyyətinə aid, 162.4425 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Torpaq islahatı əsasında Samux rayon Sərkar bələdiyyəsi mülkiyyətində verilən torpaqlara dair tərtib olunmuş yerquruluşu planında, X1 əkin sahəsi olaraq göstərilən, faktiki olaraq şumlanmış vəziyyətdə olduğu müşahidə olunmuşdur. xx.xx.2021-ci il tarixli “nöqsan aktı”-dan görünür ki, fermanın ziyan dəyən hissəsinin sahəsi 9x20=180 kv.m, əsaslı təmir olunmalı dam örtüyü 180x1.4=252 kv.m, yenilənməli fundament-9 p/m, tamamilə uçmuş divar 30 kv.m-dir. Ziyanın aradan qaldırılması üçün tələb olunan tikinti materialları: şeben 1 maşın-50 manat, qum 1 maşın-100 manat, sement 40 kisə (40 x 8)-320 manat, atma 5/20 6 ədəd120 manat, taxta 2.5/15 (6 m3 x 350)-2100 manat, ruberoid (tol) 30 ədədx20-600 manat, şifer 252x6-1512 manat, mismar 20 kqx2-40 manat, materialların ümumi dəyəri 4562 manat, fermanın bərpası üçün tələb olunan əlmuzdu: fundament qazmaq 9x4-36 manat, əli ilə betonlamaq 9x5-45 manat, dam örtüyü (252 kv.mx6)-1512 manat, tələb olunan əlmuzdu-1593 manat, fermanın bərpası üçün tələb olunan vəsait cəmi 6155 manat təşkil etmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndiridiyi torpaq sahəsi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh deyil, iş üzrə cavabdeh olmayan şəxs X2 mülkiyyətindədir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından və Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyindən, iddia tələbi Cavabdeh münasibətdə təmin edilə bilməz. İddiaçı tərəf Cavabdeh mübahisəli yolun onun tərəfindən əkilməsi və ümumi istifadədə olan örüş sahəsinin zəbt etməsinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası məhkəmənin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9341 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair, onun adına qeydə alınmış mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər mülki iş materiallarında mövcud deyildir. İddiaçının iddia edərək naturada təqdim etdiyi 2.1257 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 1.0747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2922 ha hissəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi fermanın binasının yerləşdiyi sahədən, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən 52.0 metr şərq istiqamətdə ümumi istifadəsində olan torpaq yol nəzərdə tutulmuşdur. Ekspertiza baxışı zamanı həmin torpaq yolun faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Ərazinin kompleks yerquruluşu layihəsində göstərilən torpaq yolun faktiki olaraq şumlandığı müşahidə olunmuşdur. İddiaçının fermanın arxa hissəsi olaraq naturada təqdim etdiyi torpaq sahəsi, Samux rayonu, Sərkar kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən isə bələdiyyə mülkiyyətinə aid, 162.4425 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Torpaq islahatı əsasında Samux rayon Sərkar bələdiyyəsi mülkiyyətinə verilən torpaqlara dair tərtib olunmuş yerquruluşu planında, X1 əkin sahəsi olaraq göstərilən, faktiki olaraq şumlanmış vəziyyətdə olduğu müşahidə olunmuşdur. Göründüyü kimi iddiaçının torpaq sahəsi ilə yaxın məsafədə yerləşən torpaq sahəsi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh deyil, iş üzrə cavabdeh olmayan şəxs X2 mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından və Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh münasibətdə təmin etməməklə düzgün qənaətə gəlmişdir. İddia tələbinin əkilmiş olan yolun və örüş sahəsinin ümumi istifadəyə verilməsi məqsədi ilə boşaldılmasının təmin edilməsinə dair hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçının mübahisələndiridiyi torpaq sahəsini zəbt etməsi öz təsdini tapmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. İddianın əsassızlığı iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktla da, təsdiq edilir. Belə ki, Samux rayon Sərkar bələdiyyəsi tərəfindən keçirilmiş yerli baxışla müəyyən edilmişdir ki, JN-01-1 Dövlət Aktı ilə Sərkar bələdiyyəsinin mülkiyyətinə verilmiş 110.23 ha örüş sahəsinə və 135.08 ha yollara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Sərkar bələdiyyəsinin mülkiyyətində olan 110.23 ha örüş sahəsi və 135.08 ha yollar kənd əhalisinin istifadəsindədir və bu torpaqlar hər hansı hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi yol şumlanmamış və ümumi istifadədə olan örüş sahəsi nə hazırkı iş üzrə cavabdeh nə də ki, digər şəxslər tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-9/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-9/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar