Məhkəmə qərarları › İş №2(104)-1938/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1938/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1938/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı mülki iş üzrə Açar sözlər: evdən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(015)-451/2024 nömrəli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh8 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 180.8 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı 25000 manata satmışdır;

2. xx.xx.2024-cü il tarixdə Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X3 tərəfindən ayrı-ayrılıqda notariat qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar ünvan 1indəki 0.0767 ha torpaq sahəsi və onun üzərində yerləşən 180.8 kv.m fərdi yaşayış evi satılmasına etiraz etmədiklərini və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər;

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 fevral 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********237-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1indəki 0.0767 ha torpaq sahəsi və onun üzərində yerləşən 180.8 kv.m fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus xx.xx.2024-cü il tarixdə onun adına verilmiş çıxarışla ünvan 1ində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, məhkəmə xərclərinin Cavabdeh8 tutulması barədə qətnamə, həmçinin Cavabdeh8 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi ilə iş üzrə Cavabdeh8 63000 manata ünvan 1ində yerləşən fərdi yaşayış evi almışdır. Notariusda alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra cavabdehlər evin satılmasına və müqavilədə göstərilən müddətdə yaşayış evindən çıxmağı öhdələrinə götürmüşlər. Lakin hazırda cavabdehlər ona məxsus fərdi yaşayış evini tərk etmirlər.

6. Ağstafa Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(015)-451/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia qismən təmin edilərək, İddiaçı məxsus Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məcburi qaydada çıxarılması; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh8, X1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 157.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən etmiş olduğu ödənişin 25000 manat olduğunu qeyd edir. Hətta iddiaçının özünün deməsinə görə vermiş olduğu pullarını belə hesablayanda ümumi məbləğ 58000 manat civarında çıxır. Bu hissələrə qiymət verilmədən məhz hansı səbəblərdən evdən çıxmaq istəmədikləri məhkəmə tərəfindən araşdırılmamışdır. Sahib olduğu əmlakı tərk etməmə səbəbi iddiaçının sövdələşməni düzgün aparmamasıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan evi almaq üçün əvvəlcə Cavabdeh8 3000 manat beh vermiş, sonra müqavilə bağlananadək olan dövrdə avtomobildə 30000 manat pul vermiş, daha sonra isə notariat ofisində ona yenə 30000 vermişdir. xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi ilə mübahisə predmeti olan fərdi yaşayış evini almışdır. Notariusda alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra cavabdehlər evin satılmasına və müqavilədə göstərilən müddətdə yaşayış evindən çıxmağı öhdələrinə götürmüşlər. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehlər ona satdıqları evi tərk etmirlər. Evin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı cavabdehlər tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ağstafa rayon notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh8 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 180.8 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da əmlak 02 fevral 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********237-10301 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər alqı-satqı zamanı notarial qaydada ərizə verərək əmlakın satılmasına etiraz etmədiklərini və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. İddiaçı cavabdehlərin ona məxsus fərdi yaşayış evində yaşadıqlarını və beləliklə mülkiyyət hüququna müdaxilə edildiyni əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

29. Cavabdehlərin hazırda yaşadığı fərdi yaşayış evi 02 fevral 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********237-10301 reyestr nömrəli çıxarış əsasında İddiaçı məxsusdur. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, cavabdehlər alqı-satqı zamanı notarial qaydada ərizə verərək əmlakın satılmasına etiraz etmədiklərini və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Belə olduğu təqdirdə, cavabdehlər hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır.

30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

31. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(015)-451/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar