Məhkəmə qərarları › İş №2(104)-1943/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1943/2025

04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1943/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2(058)-1134/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası Abovyan rayonu Zar kəndində doğulmuş Həsənova (İbrahimova) Çavraş Əlixan qızının doğumunun həmin rayonun VVAQ şöbəsində qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2(058)-1134/2025 nömrəli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi və ərizənin geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası Abovyan rayonu Zar kəndində anadan olmuşdur. Qızlıq soyadı İbrahimova olmuşdur. X1 ilə anası İbrahimova (Dadayeva) Xanımzər Teymur qızının birgə nikahdan dörd övladı doğulmuşdur. Ərizəçi 1974-cü ildə doğulan vaxtda ona yaşadıqları Abovyan rayon VVAQ şöbəsi tərəfindən erməni dilində doğum haqqında şəhadətnamə verilməklə, doğum qeydiyyatı aparılmışdır. 1980-ci ilin ortalarından onun valideynləri yaşayış yerini dəyişərək Azərbaycana köçmüş, Xanlar (hazırda Samux) rayonunun Seyidlər kəndinə yerləşmişlər. 1990-cı ildə Ərizəçi 16 yaşına çatması ilə əlaqədar həmin doğum şəhadətnaməsi əsasında Sovet Pasportu verilmişdir. Həmin Pasportun verilməsinə əsas olaraq onun doğum şəhadətnaməsi əsasında Qeydiyyat aparılmışdır. Bundan sonra o, xx.xx.1992-ci ildə Samux rayonu, Seyidlər kənd sakini X4 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, Həsənova soyadını götürmüş və həmin vaxtdan hal-hazıradək həmin kənddə yaşayır. Onun doğum şəhadətnaməsi naməlum şəraitdə itmişdir. O, doğum haqqında şəhadətnamənin bərpası ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, cavabında ona Maraqlı şəxsndən imtina məktubu verilmiş, məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də, onun doğumunun qeydə alınması faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yaranmışdır. O, ilkin olaraq iddia ərizəsi ilə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə Samux Rayon Məhkəməsinə müraciət etmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilməmişdir. Məhkəmənin həmin qətnaməsi ilə tanış olduqdan sonra müəyyən edilmişdir ki, onun tərəfindən ilkin ərizəsində tələbi düzgün qoyulmamış, “doğumun qeydə alınması faktının” deyil, “doğulması faktının müəyyən edilməsi” xahiş edilmişdir. Bundan sonra o, iddia tələbini yeniləyərək, xx.xx.2025-ci il tarixli “doğumun qeydə alma faktının müəyyən edilməsinə” dair ərizə ilə Samux Rayon Məhkəməsinə müraciət etmiş, Samux Rayon Məhkəməsi 2(058)-1085/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadla cüzi nöqsana əsaslanıb ərizəni icraata qəbul etməmişdir. Həmin qərardadın özü kifayət qədər nöqsanlı olduğuna baxmayaraq, məhkəmə icraatını tezləşdirmək məqsədi ilə qərardaddan şikayət verilməsini zəruri hesab etməyərək, cüzi nöqsanı aradan qaldırmaqla ərizəni yenidən məhkəməyə vermişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)- 1134/2025 nömrəli qərardadı ilə Ərizəçi ərizəsinin icraata qəbul edilməsindən başqa əsasla, yəni guya iddianın yolverilməz olduğundam imtina edilmiş və ərizə geri qaytarılmışdır. Məhkəmə qərardadının 3-cü abzasında göstərmişdir ki, “ərizənin məzmunundan və ərizəçinin xahişindən aydın olur ki, o, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Ermənistan Respublikası Abovyan rayon Zarkəndində doğum faktının müəyyən olunmasını istəməklə, məhkəmənin xüsusi icraat qaydasında baxmalı olduğu ərizə ilə müraciət etmək istəmiş, lakin ərizəçi eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, yenidən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir”. Məhkəmə qərardadında göstərilən həmin nəticə tamam yalnışdır, çünki o, məhkəməyə həmin məzmunlu ərizə verməmiş, iddia tələbi tamam fərqlidir. Məhkəmə onun ərizəsini oxumamış, tələbinin mahiyyətinə fikir verməmiş, yaxud vermək istəməmiş, iddia tələbini təhrif edilməklə müzakirə etmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, guya onun Ermənistan Respublikası Abovyan rayonu Zar kəndində “doğulması faktının müəyyən olunmasını” xahiş etmişdir, bu doğru deyildir. Onun iddia tələbi “doğum faktının deyil”, “doğumun qeydə alınması faktının” müəyyən edilməsi ilə bağlıdır. Hazırki tələb əvvəlki tələblə eyni olmamaqla tamam fərqli tələblərdir. Hər iki ərizədə qeyd edilmişdir ki, əvvəlki ərizədə tələbi düzgün qoymadığı üçün məhkəmə düzgün olaraq onun tələbini təmin etməmişdir. Ona görə də, hər iki ərizədə iddia tələbi “doğum faktının müəyyən edilməsi” deyil, “doğumun qeydə alınması faktının müəyyən edilməsi” şəklində qoyulmuşdur, məhkəmə isə hazırki qərardadında iddia tələbini yalnış olaraq “doğum faktının müəyyən edilməsi” kimi qeyd edərək, bu tələbə baxıldığı üçün ərizəni qəbul etməkdən imtina etmişdir. Məhkəmə qərardadı ləğv edilərək, ərizənin icraata qəbul edilməsinə dair qərardad çıxarılmalıdır Samux Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2(058)-1134/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Vəkil işə şifahi icraat qaydasında baxılması barədə vəsatət versə də, lakin iş üzrə əlavə araşdırma aparılmasına və tərəflərin izahatının dinlənilməsinə zərurət olmadığından məhkəmə kollegiyası vəsatəti təmin etməmiş və işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)- 712/2025 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Ərizəçi xx.xx.1974cü il təvəllüdlü Ərizəçi Ermənistan Respublikası Abovyan rayon Zar kəndində doğum faktının müəyyən olunması barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 153.2.2-ci maddəsinin tələbinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mübahisələndirilən məhkəmə qərardadından görünür ki, məhkəmə xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Ermənistan Respublikası Abovyan rayon Zar kəndində doğum faktının müəyyən olunmasını istəməklə, məhkəmənin xüsusi icraat qaydasında baxmalı olduğu ərizə ilə müraciət etmək istədiyini, lakin ərizəçinin eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, yenidən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etməsini əsas göstərərək və MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilir ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Mülki prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı) Hazırkı işdə isə ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir; MPM-nin 307.2.-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxılmasından bəhs edilir. Belə ki, Məcəllənin 307.2.3-cü maddəsinə görə, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə ərizənin icraata qəbulundan imtina barədə nəticəyə gələrkən - ərizəçinin eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin xx.xx.2025-ci il tarixli 2(058)-712/2025 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna əsaslanmışdır. Halbuki, «doğum faktının müəyyən edilməsi» və «doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» dair müddəalar mülki prosessual hüquqda başqa-başqa hüquqi əhəmiyyətə malik faktlardır. Burada qeyd edilməlidir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, ərizəçinin müvafiq ərizəsi üzrə məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxır (Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı). MPM-nin 307.2.3-cü maddəsi isə - doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər (xx.xx.2019-cu il tarixli plenum qərarın 4-cü bəndi). Məhkəmə kollegiyası hazırkı ərizə üzrə mübahisə predmetini Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-712/2025 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, mübahisələrin predmeti eynilik təşkil etmir. Birinci instansiya məhkəməsi isə qeyd edilən hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmadan eyni predmet barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu qənaətinə gələrək ərizənin icraata qəbulundan imtina etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş materialları əsasında bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxartmağa haqlı deyildir. Çünki, ərizənin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinin həlli, təkcə ərizənin icraata qəbul edilməsinin yolverilməzliyi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması üçün aparılan araşdırma ilə bitmir. Ərizənin icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. MPM-nin 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və MPM-nin 263-264, 372, 398.0.2, 399 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2(058)-1134/2025 nömrəli qərardadı ləğv edilsin. Ərizənin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün iş Samux Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar