Məhkəmə qərarları › İş №2(104)-1945/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1945/2024

19.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1945/2024 19.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakdan qanunsuz istifadənin qarşısının alınması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(042)- 464/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 küçəsi 35 ünvanında yerləşən İddiaçı MMC-nin X2 ünvan 1sının yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən əraziyə açılmış qapının cavabdehin hesabına hörülərək bağlanmasına, cavabdehin həmin ərazidən gediş-gəlişinin dayandırılmasına, onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və məhkəmə prosesi zamanı işə baxılması ilə əlaqədar məsrəflərin (olduğu təqdirdə) cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Gədəbəy şəhəri, X3 küçəsi, 35 ünvanında yerləşən İddiaçı MMC-nin X2 ünvan 1sının yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən açılmış qapının onun hesabına hörülərək, bağlanılması və həmin ərazidən gediş-gəlişin dayandırılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi xx.xx.2024-cü il tarixdə ona təqdim edilmiş, həmin vaxtdan 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda savadsızlığından irəli gələrək qətnamədən şikayət vermək üçün nəzərdə tutulmuş müddəti 4 gün ötürmüşdür. Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qərardadı ilə (hakim Marif Kazımov) ərizə təmin edilərək, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakdan qanunsuz istifadənin qarşısının alınması” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-464/2024 saylı qətnaməsindən ərizəçi Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa olunması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı MMC şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir. İddiaçı MMC şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh apellyasiya şikayəti müddətini hüquqi savadının olmaması səbəbindən ötürdüyünü əsas gətirmiş, məhkəmə də iddiaçının yaşadığı mühiti, eləcə də onun hüquqi savadsızlığını əsas gətirərək qətnamədən apellyasiya şikayəti vermə müddətini buraxmasını üzrlü hesab etməklə müddətin bərpa edilməsini məqsədəmüvafiq hesab etmişdir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Birinci instansiya məhkəməsinin cavbdehin hüquqi savadsızlığına əsaslanaraq, sübutlara lazımi hüquqi qiymət vermədən müddətin bərpası barədə ərizəni təmin etməsi qanuni və əsaslı sayıla bilməz. Gədəbəy Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 01 avqust 2024-cü il tarixli 2(042)- 464/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 15 avqust 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən vеrilmiş ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qətnaməsinin surəti müşayiətedici məktubla poçt vasitəsilə Cavabdehə Əlirza qızının yaşadığı ünvana (ünvan 3rəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilərək qətnamənin surəti rəsmi qaydada qəbul edilmişdir. Buna baxmayaraq, cavabdeh Məkanə Ədilova qanunla müəyyən edilmiş 1 (bir) ay müddət ərzində qətnamədən apellyasiya şikayəti verməmiş, beləliklə də qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh Məkanə Ədilova 17 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. İmperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Bununla belə, cavabdeh Məkanə Ədilova qətnamədən savadsızlığı ucbatından apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmış olduğunu göstərmişdir ki, həmin hal da buraxılmış prosessual müddətin bərpası baxımından üzrlü səbəb kimi qəbul edilə bilməz. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün hər hansı əsas olmadığından müddətin bərpasından imtina edilməlidir. Birinci instansiya məhkəməsi isə göstərilən hallara düzgün hüquqi qiymət vermədən ərizəni təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 15 avqust 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən vеrilmiş ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar