Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1947/2024 17.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4t Eldəniz oğluna qarşı fərdi yaşayış evi və torpaq sahəsi üzərində payların naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(076)-74/2024 nömrəli qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4t Eldəniz oğluna qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişlər. Şəmkir Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(076)-74/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 payı xx.xx.2023–cü il tarixli 3–16–16/2–10/5803 nömrəli ekspert rəyində göstərilən qaydada, yəni evin ikinci mərtəbəsinə uyğun birinci mərtəbəsi bölünməklə, texniki pasportda göstərilən “D” literli tikilinin arxa divarından düz xətlə qonşu hasara qədər sərhəd hasarı yaradılmaqla natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 təhvil verilməsi; İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayəti vermək istəsə də, lakin qətnamənin surəti ona rəsmi qaydada verilməmişdir. Qətnamənin surətini xx.xx.2024-cü il tarixdə almışdır. Bu səbəbdən də qətnamədən məlumatı olmamışdır, onun mülkiyyət hüququ pozulmuşdur, məlumatı olsa idi, dərhal qətnamədən apellyasiya şikayəti verə bilərdi. Məlumatı olmadığı üçün apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(076)-74/2024 nömrəli qərardadı ilə (hakim Taleh Musayev) İddiaçı3 tərəfindən verilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-74/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı3 şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı3 şikayətini onunla əsaslandırmışdır ki, ailə üzvlərilə birlikdə yaşayır və qətnamənin surəti ona rəsmi qaydada verilməmişdir. Qətnamənin surətini xx.xx.2024-cü il tarixində almışdır. Ona görə də qətnamədən xəbəri olmamışdır. Qanunvericiliyin tələbinə görə, qətnaməni rəsmi qaydada aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermək hüququ olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(076)-74/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı3 ailə üzvləri olan digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 ilə birlikdə Şəmkir şəhəri T.Əsgərov küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evində yaşayır. Şəmkir Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(076)-74/2024 nömrəli qətnaməsinin surəti İddiaçı3 yaşadığı ünvana göndərilmiş, lakin poçt göndərişinin çatdırılması mümkün olmamışdır. Bununla yanaşı müəyyən olunur ki, İddiaçı3 ailə üzvləri olan digər iddiaçılar İddiaçı1 və İddiaçı2 14 fevral 2024-cü il tarixdə qəbzə imza edərək sözügedən qətnamənin surətini rəsmi qaydada qəbul etmişlər. Xüsusilə diqqət yetirilməli haldır ki, qətnamənin qəbul olunması barədə qəbzə imza edərək qətnaməni rəsmi qaydada almış İddiaçı1 Kərəm qızı digər İddiaçı3 etibarnamə üzrə nümayəndəsidir. Belə olan halda artıq qətnamənin surəti İddiaçı3 rəsmi qaydada verilmiş hesab edilir. Nəzərə alınmalıdır ki, ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Bundan əlavə, işdən müəyyən olunur ki, İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 Şəmkir Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(076)-74/2024 nömrəli qətnaməsinin qəbul olunduğu xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və qəbzə imza edərək məhkəmə qətnaməsindən çıxarışı rəsmi qaydada qəbul etmişdir. Məhkəmə kollegiyası işin bu hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək İddiaçı3 qətnamənin mövcudluğundan məlumatlı olması qənaətinə gəlir və qətnamənin ona rəsmi qaydada verilmədiyi barədə ərizədə göstərilən xüsusatları inandırıcı və səmimi hesab etmir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etməmişdir. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(076)-74/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1947/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1947/2024
17.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver