Məhkəmə qərarları › İş №2(104)-1955/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1955/2025

08.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1955/2025 08.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara mütənasib qaydada bölünüb ayrılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara mütənasib qaydada bölünüb ayrılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(125)-20/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli, 2(044)- 334/2015 nömrəli qətnaməsindən görünür ki, ərizəçilər Cavabdeh Həsənquqlu oğlu və İddiaçı mülkiyyət hüququnun tanınması barədə ərizəsi əsaslı olduğundan təmin edilmiş və Gəncə şəhəri Mehrablı küçəsi 62A saylı mülkdə 430 kv.m. torpaq sahəsində yerləşən 11,7 kv.m, 23,8 kv.m. iki yaşayış otağı, 25,5 kv.m, 8,2 kv.m. örtülü eyvanı, 12 kv.m. mətbəxi, 2,9 kv.m. hamamı, 4 kv.m. açıq eyvanı olan «A» literli yaşayış binasının, 25,9 kv.m. bir yaşayış otağı, 10,9 kv.m. dəhlizi olan «B» literli yaşayış binasının, sahəsi 9 kv.m olan «C» literli mətbəxin, sahəsi 18,2 kv.m. olan «Ç» literli və sahəsi 6,3 kv.m. olan «D» literli hamamların, sahələri 73,7 kv.m, 21,2 kv.m. olan talvar tikililərin X3 məxsus olması və həmin əmlak üzərində X8 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktı müəyyən edilmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Mehrablı küçəsi, 62 A ünvanında yerləşən 0.0426 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,9 kv.metr olan yaşayış evindən ibarət **********94-10301 reyestr nömrəli daşınmaz əmlak tərəflərin ümumi paylı mülkiyyətində olmaqla, 6/10 hissəsi İddiaçı mülkiyyətində, 4/10 hissə isə X8 adında saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(102)-2904/2024 nömrəli qərarın surətindən görünür, iddiaçılar Cavabdeh və X11 cavabdehlər İddiaçı və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X5 cəlb edilməklə) vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların müəyyən olunması, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişlər. Gəncə Şəhər Məhkəməsinə 07 iyun 2023-cü il tarixli 2(125)-2265/2023 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-153/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin miras əmlakda payların müəyyən olunmasının təmin edilməməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin edilmiş, 14 yanvar 2015-ci il tarixdə ölmüş X6 miras qalmış Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evinə Cavabdeh, X11, X9 və X2 (birinci növbə vərəsələr) hər birinin 1/10 hissə məcburi payları müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçılar Cavabdeh və X11 tərəfindən kassasiya şikayəti verilsədə, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-153/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara mütənasib qaydada bölünüb ayrılması tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Mehrablı küçəsi, 62 A ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə məhrum anası X12 məxsus olmuşdur. Anasının vəfatından sonra həmin ünvanda yerləşən evin 6/10 hissəsi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Evin 4/10 hissəsi isə anasının adında qalmış və həmin hissədə hazırda cavabdeh olan qardaşı yaşayır. Miras qalmış mülkdən payların naturada ayrılması ilə bağlı cavabdehlə razılıq əldə edə bilmir. Ona görə də dur hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Birinci instansiya məhkəməsində icraat zamanı X13, X9 və X5 üçüncü şəxs qismində işə cəlb olunmuşlar.

7. Gəncə Şəhər Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(125)-20/2025 nömrəli (hakim Ə.Məmmədov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara mütənasib qaydada bölünüb ayrılması tələbinə dair iddia əsassız olduğundan təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı birgə qaydada tutularaq, (VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.1, 220.2, 220.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4, 216-220, 357, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsni və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Mübahisə predmeti olan əmlakın metodik olaraq bölünməsi mümkündür. Belə ki, onun payından güzəşt olunaraq əmlakın naturada bölünməsinin mümkünlüyünə qiymət verilməmişdir. Həmçinin əmlakın naturada bölünməməsi onun öz yaşayış səviyyəsinin artırılmasının qarşısını tam olaraq alır. Məhkəmə qərar qəbul edərkən ancaq ekspertizanın rəyini nəzərə almışdır. Lakin, məhkəmə əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Hesab edir ki, əlavə ekspertiza keçirilməklə əmlakın naturada bölünməsi metodik olaraq mümkündür. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, əslində mübahisəli əmlakın paylara uyğun naturada bölünməsi mümkündür. Buna baxmayaraq, ekspert düzgün rəy verməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı da nüməyəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, 1970-ci ildən mübahisəli evdə yaşayır. İdiaçının payı 6/10 olsada, lakin onun, eləcədə digərlərinin payının ayrıca giriş-çıxış olmaqla təcrid formad ayrılması mümkün deyil. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər X13, X9 və X5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

18. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

19. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

20. Maddə 220. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gəncə şəhəri, Mehrablı küçəsi, 62 A ünvanında yerləşən 0.0426 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,9 kv.metr olan fərdi yaşayış evindən ibarət **********94-10301 reyestr nömrəli daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında 6/10 hissə iddiaçıya məxsusdur. Qeyd olunan çıxarışda 4/10 hissə X8 (miras qoyan şəxsdir) adında saxlanılsada, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-153/2024 nömrəli, 26 fevral 2024cü il tarixli qətnaməsi ilə miras qoyanın adında saxlanılmış həmin paya onun birinci növbə vərəsələri Cavabdeh, X13, X9 və X1 hər birinin 1/10 hissə məcbiri payları müəyyən edilmişdir. İddiaçı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara münasib qaydada bölünüb ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə ekspert rəyini əsas tutaraq iddianı təmin etməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

33. Belə ki, məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, hazırkı işdə yaşayış sahəsindəki paya uyğun həcmdə ayrılan hissəyə özünün müstəqil girişi, olmalıdır. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ona görə də yaranmış vəziyyətdə daşınmaz əmlaka aid olan yaşayış sahəsinin ayrılıqda bölünmə predmeti ola bilməsi üçün ilkin olaraq araşdırılmalı olan hal belə bir bölgünün aparılmasının mümkünlüyüdür. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasını isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.

34. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin əsaslılığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyindən birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə düzgün olaraq məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli 10/1382 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Mehrablı küçəsində inşa edilmiş 62A saylı fərdi yaşayış evinin paylara uyğun naturada ayrılmasının “AzDTN 2.7-3 “X22 Layihələndirmə Normaları”-nən 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X10 metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

37. Kollegiya birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır və verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında da hər hansı şübhə yaratmır.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(125)-20/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar