Məhkəmə qərarları › İş №2(104)-1965/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1965/2025

08.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1965/2025 08.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 və cavabdehlər Cavabdeh1, eləcədə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 Vaqıf oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(076)-1909/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2025ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 27 fevral 2020-ci il tarixdə Gəncə ASAN xidmət X6 463 nömrə ilə nikah akt qeydi aparılmışdır.

2. Nikah haqqında şadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 ilə Cavabdeh2 arasında 17 mart 1983-cü il tarixdə Şamxor rayonu Seyfəli kənd Sovetliyində 29 nömrə ilə nikah akt qeydi aparılmışdır..

3. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 24 avqust 2018-ci il tarixdə ölmüşdür.

4. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahından 25 aprel 2016-cı il tarixdə Məhərrəm, 25 aprel 2017-ci il tarixdə isə Hüseyn adlı uşaqlar anadan olmuşdur.

5. Şəmkir Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(076)-394/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 27 fevral 2020-ci il tarixdə Gəncə “ASAN Xidmət” X6 bağlanmış və 463 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah akt qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından 25 aprel 2016-cı il tarixdə doğulmuş Məhərrəm və 25 aprel 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilmiş, 28 noyabr 2024-cü il tarixdən başlayaraq, 25 aprel 2016-cı il tarixdə doğulmuş Məhərrəm və 25 aprel 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

6. Şəmkir rayonu İHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 217 nömrəli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində 449 nömrəli Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatdadır. Cavabdeh2 (qaynanası), Cavabdeh1 (əri), X8 (oğlu) və X9 (oğlu) adlı ailə üzvləri var. Təsərrüfat Cavabdeh2 məxsusdur. 0,32 ha torpaq sahəsində 80 kv.m fərdi yaşayış evi var.

7. Təsərrüfat üzvlərinin siyahısı kitabından çıxarışdan görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində 449 nömrəli fərdi yaşayış evində təsərrüfat üzvləri Cavabdeh2, Cavabdeh1, X8, X9 və İddiaçı ibarətdir.

8. Şəmkir rayonu İHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 Şəmkir rayonu, Aşağı Seyfəli kəndində 1984-cü ildə mərhum əri X4 və qayınatası mərhum X5 tərəfindən inşa edilmiş 2 otaq 1 dəhliz və mətbəxdən ibarət evdə yaşayır.

9. JN-2196H, KOD 50413005 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün 0,15 ha torpaq sahəsi X4, Cavabdeh2, X8 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir.

10. Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 mart 2025-ci il tarixli, 00911-2024 nömrəli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək azyaşlı uşaqları 25 aprel 2016-cı il təvəllüdlü X8 və 25 aprel 2017-cü il təvəllüdlü X9 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən, Cavabdeh2 adına qeydə alınmış fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 həyat yoldaşı, digər Cavabdeh2 isə qaynanasıdır. Cavabdeh1 ilə 2015-ci ildə faktiki olaraq evlənmiş və Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, eləcədə cehiz əşyalarını həmin evə yığılmışdır. 27 fevral 2020-ci il tarixdə Gəncə şəhəri “Asan Xidmət” X6 nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından 25 aprel 2016-cı ildə Məhərrəm, 25 aprel 2017-ci ildə isə Hüseyn adlı uşaqları olmuşdur. 2024-cü ilin sonlarına kimi həmin evdə mübahisəsiz olaraq yaşamışdır. Aralarında narazılıqlar baş verdiyindən hal-hazırda atası evində yaşayır. Ata evində uşaqlarını saxlamaqda çətinlik çəkir. Ona görədə məhkəmə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə azyaşlı uşaqlarıla birlikdə köçürülməyini istəyir. Köçmək istədiyi ev Aşağı Seyfəli kəndində yerləşməklə, Cavabdeh2 adına qeydə alınmışdır. Ev 0,32 ha həyətyanı torpaq sahəsində yerləşir. Ailə üzvü kimi uşaqları ilə birlikdə cavabdehlərin təsərrüfatında qeydiyyatdadırlar. Uzun müddət həmin evdə mübahisəsiz yaşadığına eləcədə evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etdiyi və birlikdə evdə tikinti işləri apardığına görə mübahisəli evdən istifadə hüququ əldə etmişdir. Ona və uşaqlarına məxsus bütün əmlaklar hazırda həmin evdədir, yaşamağa evi yoxdur. Bu səbəbdən də uşaqları ilə birlikdə həmin evə köçməlidir.

13. Şəmkir Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(076)-1909/2025 nömrəli qətnaməsi ilə (hakim N.Heydərova) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 13.4, 157.8, 180.1, 180.2-ci maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2, 30.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Məhkəmə təqdim olunmuş subutlara düzgün hüquqi qiymət verilməmişdir. Beləki, mübahisəli fərdi yaşayış evinə köçmüş və həmin evə istifadə hüququ yaranmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı 2015-ci ildə mübahisəli evə gəlin köçmüşdür. Evin yerləşdiyi torpaq paylı mülkiyyətdədir. Ailə münasibətləri pozulduğundan iddiaçı azyaşlı uşaqlarla birlikdə hazırda atası evində yaşayır. Mübahisəli fərdi yaşayış evinə iddiaçının istifadə hüququ yarandığından o azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, eləcədə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 Vaqıf oğlu apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı 2015-ci ildə Cavabdeh1 ilə faktiki olaraq evlənib və cavabdehlərin yaşadığı evə gəlin gəlib, 2020-ci ildə isə nikahları qeydə alınmışdır. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan 2025-ci ilin yanvar ayında iddiaçı özü evdən getmişdir. Məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və uşaqlar ananın yanında saxlanılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Sonuncular nümayəndələri vasitəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

27. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. İşin müəyyən olunmuş faktiki hallardan görünür ki, İddiaçı ilə Cavabdeh1 2015-ci ildə faktiki olaraq ailə qurmuşlar. İddiaçı cavabdehlərin yaşadığı Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və tərəflərin faktiki nikahından 25 aprel 2016-cı il tarixdə Məhərrəm, 25 aprel 2017-ci il tarixdə isə Hüseyn adlı uşaqları anadan olmuşdur. Fərdi yaşayış evi təsərrüfatbaşına kitabda əvvəllər X2 adına qeyda alınsada, hazırda Cavabdeh2 adına qeyd alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsi isə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə X4, Cavabdeh2, X8 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Ailə münasibətləri pozulduğundan 2025-ci ilin yanvar ayından iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideyinlərinin evinə getmiş, hazırda da həmin evdə yaşayır. İddiaçı gəlin köçdüyü fərdi yaşayış evindən istifadə hüququnun olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

40. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı 2015-ci ildə Cavabdeh1 ilə faktiki olaraq ailə qurmuş və Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdur. Ona görədə azyaşlı uşaqları ilə birlikdə gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməsini iddia edir. Bu mənada kollegiya Mülki Məcəllənin 228.1., 228.2., 228.5., Ailə Məcəlləsinin 30.1. və 30.4-cü maddələri, eləcədə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı nəzərdən keçirilə bilər və bu qətnamənin 22-27-ci bəndlərində həmin normalar sadalanmışdır.

42. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasada, təsərrüfatbaşına kitabda Cavabdeh2 adına qeydə alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə X4, Cavabdeh2, X8 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Belə olan təqdirdə iş üzrə Cavabdeh2 həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranır.

43. Şəmkir Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(076)-394/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 27 fevral 2020-ci il tarixdə Gəncə “ASAN Xidmət” X6 bağlanmış və 463 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulduğundan İddiaçı artıq cavabdehlərin ailə üzvü hesab olunmur. Ailə Məcəlləsinin 30.4. maddəsinə görə isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

44. Kollegiya həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-cu maddəsinin 2-ci bəndinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(076)-1909/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar