Məhkəmə qərarları › İş №2(104)-1984/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1984/2025

10.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1984/2025 10.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X2 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə Atılxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-1034/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ******* nömrəli, xx.xx.2021-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə İddiaçı 3-cü divizionun təsərrüfat manqasının yeməkxana xidmətçisi işinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli 84 nömrəli əmr ilə AR ƏM-nin 68b (müqavilə müddəti bitməsi) əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.

3. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən xx.xx.2025-ci il tarixində İddiaçı göndərilmiş bildirişdə əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitdiyi, əmək müqaviləsinin artırılması məqsədə müvafiq hesab edilmədiyi üçün məlumatlandırılması qeyd edilir. Bildiriş “tanış oldum mülki işçi İddiaçı” qeydi ilə imzalanmış, məhkəmə araşdırılması zamanı iddiaçı imzanın ona məxsus olmasını bildirmişdir.

4. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş İddiaçı şəxsi vərəqəsində göstərilir ki, X1 xx.xx.2021-ci il tarixli, N nömrəli əmr ilə N saylı hərbi hissə yeməkxana xidmətisi işinə qəbul edilmiş, işçi barəsində xx.xx.2022-ci il tarixli, 398 nömrəli əmr ilə “26 iyun Silahlı Qüvvələr Günü” münasibəti ilə təşəkkür elan edilmiş, xx.xx.2025-ci il tarixli 128 nömrəli əmr ilə “əmək vəzifələrini kobud surətdə pozması” əsası ilə töhmət verilmişdir.

5. AR “Tibb Ərazi Bölmələrini İdarətetmə Birliyi” publik hüquqi şəxs “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin 10 fevral 2026-cı il tarixli, 18-1-37/3-258/2026 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Allergik dermatit” diaqnozu ilə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsində müayinə və müalicə olunmuş, ona xəstəlik vərəqi açılmışdır. xx.xx.2025-ci il tarixdən AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli əmrinə uyğun olaraq xəstəlik vərəqələri elektron sənəd formasında tərtib edildiyindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilən xəstəlik vərəqələri elektron sənəd formasında tərtib edilmiş və elektron imza ilə təsdiq edilməmişdir.

6. Məhkəmə sorğusu əsasında əldə olunmuş ******* saylı xx.xx.2025-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqinin surətindən görünür ki İddiaçı A.Səhhət adına xəstəxananın poliklinika şöbəsində müalicə olunmuşdur. Həmçinin, xəstəlik vərəqində görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə işə yararlı olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh N saylı hərbi hissəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 il Azərbaycan Respublikası Müdafiə Nazirliyində qüsursuz xidmət edib. Silahlı qüvvələr veteranıdır. 2021-ci il fevralın 15-dən əmək müqaviləsi əsasında N saylı hərbi hissənin yeməkxanasında xadiməçi işləyib. İşlədiyi müddətdə işinin öhdəsindən gəlib. X4 göstərişi ilə onu və başqa xadiməçiləri hərbi hissənin tualetini yəni (ayaq yolunu) təmizlətdirib. O, dəfələrlə Şahin Qarayevə irad tutub. Bu səbəbdən Şahin Qarayev onun işdən azad olunmağı barədə rəhbərliyə məruzə edib. Həqiqətən o, işdə olmayanda xəstə olub və xəstəlik tarixi vərəqəsinin surətlərini iddia ərizəsinə əlavə edib. O, bu barədə hərbi hissə komandirinə rəsmi ərizə ilə müraciət edib. Lakin onlar bu barədə heç bir tədbir görməyiblər. Onlar müqavilə müddətinin bitdiyinə görə işdən azad edilməyini əsas götürürlər. Qeyd edib ki, müqavilənin müddətini artırmaq olardı, çünki onun hələ işləməyə yaşı çatır. Sadəcə olaraq onu işdən azad etmək istədiklərinə görə bəhanə gətiriblər. Ona görə də məcbur olub məhkəməyə müraciət edib.

9. Göygöl Rayon Məhkəməsinin 2(066)-1034/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası rədd edilməsinə dair qətnamə qəbul edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən işdən azad edildiyi tarixdə əmək qabiliyyətinin olmamasına dair iddia irəli sürülmüş, bununla bağlı “əmək qabiliyyətinin olmaması vərəqəsi” SN0669307, SN0776758, SN0871162 nömrəli vərəqələrin kserosurətləri təqdim edilmiş, müvafiq olaraq xəstəlik xx.xx.2024-cü il tarixli vərəqdə “allergik derma”,xx.xx.2025-ci il tarixli vərəqdə “ikitərəfli kəskin otit, xx.xx.2025-ci il tarixli vərəqdə “kəskin bakterial konyuktiv” olaraq qeyd edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını, hər iki tərəfin izahatlarını araşdırıb işə bərpa barədə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verildiyini iddia edir. Lakin məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış İddiaçı Müdafiə Nazirliyinin N saylı hərbi hissədə 3-cü divizionun təsərrüfat manqasının yeməkxana xidmətçisi kimi müddətli bağlanmışdır. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin səlahiyyətləri çərçivəsində olduğundan qeyd edilən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Belə halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməsi səbəbindən xitam verilmiş və işəgötürən tərəfindən əmək müqavilənin müddəti uzadılmamışdır. Bu isə əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin müddətinin bitdikdən sonra uzadılmaması əmək münasibətlərin təməl priniplərindən olan tərəflərin bərabərliyi və iradə sərbəstliyinin təzahürüdür. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 68, 73.1, 73.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Göygöl Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini əsassız olduğu üçün ləğv edib iddianın təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, 26 il Azərbaycan Respublikası Müdafiə Nazirliyində qüsursuz xidmət etmişdir. Təqaüdə çıxdqdan sonra 2021-ci ildə fevralın 15-də əmək müqaviləsi əsasında N saylı hərbi hissənin yeməkxanasında xadiməçi işləməyə başlamışdır. İşlədiyi müddətdə həmişə işinin öhdəsindən gəlmişdir. Bildirmişdir ki, komandir Şahin Qarayev onunla qərəzçilik edib onun işdən azad edilməyi barədə rəhbərliyə məruzə edib. Rəhbərlik onu xəstə olduğu müddətdə müqavilə müddətinin bitdiyi əsas götürürərək işdən azad etmişdir. Onu müqavilə müddətinin bitməsi adı ilə işdən azad edilməyini əsas səbəbi onun komandirin, qulluq vəzifəsinin aşması ilə bağlı iradlarını bildirdiyindən onunla işləmək istəməmişlər. Ona görə də, müqavilə müddətinin bitməsi adı ilə iddiaçını işdən çıxarmışlar. Onun əmək qabiliyyəti yerindədir. Belə olan halda onun əmək müqaviləsi başa çatması adı ilə işdən çıxarılmağı onun konstitusion hüququnun pozulması deməkdir. Onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəbi göstərilmir. O, işlədiyi hərbi hissə dövlətindir. Bu isə o deməkdir ki, dövlətin hərbi hissəsində onun bir vətəndaş kimi işləmək hüququ vardır. Onun iddiaçı ilə işləmək istəməyən şəxsin istəyi ilə işdən azad edilməyinin hüquqi əsası yoxdur. İşə baxan məhkəmə onun iddiasını rədd edərkən düzgün olmayaraq maddi hüquq norması kimi 42, 45, 68, 73.1, 73.2-ci maddəsinə istinad etmişdir. Müqavilə müddətinin bitməsi o demək deyil ki, o işdən çıxmalıdır. Bildirmişdir ki, onun müqavilə müddəti başa çatsa da o, işinin öhdəsindən nöqsansız gəlmişdir. Belə olan halda heç bir əsaslı səbəb göstərilmədən onunla əmək müqaviləsi bağlanmasından imtina edilməsi bir daha onu sübut edir ki, məhkəmə onun iddiasını rədd edərkən maddi hüquq normasına düzgün istinad etməmişdir. Bu maddəyə əsasən dövlət işsizliyi aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Həmin müddəaya baxmayaraq onun iddiasının rədd edilməsi Konsitusiyanın 35-ci maddəsinin Vİİİ bəndində nəzərdə tutulmuş hüququ kobud şəkildə pozulmuşdur. İşə baxan məhkəmə onun sübutlarını düzgün qiymətləndirməmiş, bununla da, MPM-nin 88-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. İşə baxan məhkəmə iddiaçı ilə əmək müqaviləsinin bağlanmasının dəlillərini tam aydınlaşdırmadan iddianı rədd etmişdir. Məhkəmə onunla əmək müqaviləsinin uzadılmamasına dair halları sübut etmədən iddianı rədd etmişdir. İşə baxan məhkəmə onunla əmək müqaviləsi bağlanmasından imtina edilməsinə dair dəlilləri sübut etmədiyi üçün qətnamədən göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Apellyasiya Məhkəməsinə yeni subutlar təqdim edəcək.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə Atılxan oğlu apellyasiya şikayətinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

16. İş üzrə İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:

17. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

18. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

19. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

20. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

21. Maddə 68.1. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

22. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

23. Maddə 73. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

24. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

33. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışınun hədləri

34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı iş üzrə iddiaçı tərəfindən instansiya məhkəməsinin qətnaməsi bütövlküdə mübahisələndirildiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1034/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

39. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2020ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2021-ci il tarixdə N nömrəli Hərbi Hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə 3-cü divizionun Təsərrüfat manqasının yeməkxana xidmətçisi vəzifəsinə təyin edilmişdir. O, xx.xx.2025-ci il tarixli, 84 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək işə bərpa edilməsini xahiş etmişdir.

40. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya şikayətinin dəlilllərindən biri N nömrəli Hərbi Hissə komandirinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2025-ci il tarixli, 84 nömrəli əmri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilən zaman iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair sənədi olması və buna baxmayaraq işəgötürən tərəfindən həmin halın nəzərə alınmamasıdır.

41. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

42. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

43. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı əmək qabiliyyətinin müvəqqəti olmadığı vaxt, yəni xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. O, üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2025-xx.xx.2025-ci il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bu fakt işdə olan ******* saylı nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi ilə öz təsdiqini tapır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

44. Lakin, cavabdeh N saylı Hərbi Hissə əmək qanunvericiliyinin qeyd olunan tələblərini pozaraq, iddiaçının üzrlü səbəbdən işdə olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti həmin hissədə əsaslı hesab edilməli, N saylı Hərbi Hissə komandirinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 84 saylı əmri ləğv edilməli və iddiaçı xx.xx.2025ci il tarixdən işdən azad edilmiş hesab edilməli və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ona bülletində olduğu günlər üçün əmək haqqı hesablanaraq verilməlidir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlə iddiaçının arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, AR Əmək Məcəlləsinin 42-ci maddəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Göründüyü kimi, əmək qanunvericiliyi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

47. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1034/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Göygöl Rayon Məhkəməsinin 2(066)-1034/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1034/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. N saylı Hərbi Hissə komandirinin əmək müqaviləsinə xitam verilməsi haqqında 24 mart 2025-ci il tarixli, 84 nömrəli əmri ləğv edilsin və İddiaçı qızı xx.xx.2025-ci il tarixdən işdən azad edilmiş hesab edilsin və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bülletendə olduğu günlər üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar