Məhkəmə qərarları › İş №2(104)-199/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-199/2023

28.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-199/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: tikilinin sökülməsi) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı hüquqi varisi X2 nümayəndəsi olan yoldaşı X1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(062)-28/2021 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09 aprel 2019-cu il tarixli RX1471418 saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı adına ünvan 1 ünvanında 0,0253 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 130,4 kv.metr olan tikili dövlət qeydiyyatına alınmışdır. MA ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətində qeyd edilmişdir ki, Cavabdeh adına ünvan 2 ünvanında ümumi sahəsi 70,8 kv.metr, yaşayış sahəsi 35,6 kv.metr olan mənzil dövlət qeydiyyatına alınmışdır. Tovuz Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(062)-392/2018 saylı qətnaməsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70,8 kv.metr, yaşayış sahəsi 35,6 kv.metr olan mənzilin pəncərələri qarşısında cavabdehin qanunsuz quraşdırdığı çardağın onun hesabına sökülüb Cavabdeh evindən kənarlaşdırılması və pəncərələrin qarşısının açılması qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2(102)- 4207/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 10/4090 nömrəli rəyindən görünür ki, mübahisəli ərazidə çöl-ölçmə işləri aparılmış və kameral şəraitdə araşdırma zamanı,iddiaçı tərəfin istifadəsində kimi təqdim edilən tikilinin **********16-10301 saylı texniki pasportda göstərilmiş tikilinin ölçülərinin daxılındə yerləşməsinə baxmayaraq sənəddə göstərilən ölçülərdən az istifadə etdiyi və cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin ölçüləri ilə **********13-05101- 093001 saylı texniki pasportda olan ölçülər arasında uyğunsuzluqlar olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin 7 kv.m-ə qədər hissəsinin İddiaçı adına olan RX 14714118 saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan torpaq sahəsində cavabdehtərəfindən qanunsuz olaraq inşa etdirilmiş taxta tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Tovuz şəhəri, Nizami küçəsi, ev 14 ünvanında yerləşən 0,0253 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 130,4 kv.metr olan yaşayış evi vardır. Həmin əmlak onun adına 09 aprel 2019-cu il tarixli RX14714118 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, dövlət qeydiyyatına alınmışdır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində qanunsuz olaraq taxta tikili inşa etdirmiş və həmin tikilidən təsərrüfat damı kimi istifadə edir.Cavabdehdən dəfələrlə həmin tikilinin sökülməsi tələb edilməsinə baxmayaraq, sonuncu tikilini sökməkdən imtina etmişdir. İddiaçı 24 oktyabr 2019-cu il tarixdə vəfat etmiş, hüquqi varisi olaraq mülki işdə oğlu X4 iddiaçı kimi çıxış etmişdir. İddiaçının hüquqi varisi iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək qanunsuz olaraq inşa etdirilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəflə uzun müddətdir ki, qonşudurlar və əvvəl aralarında daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsi olmuşdur ki, onun mərhuma qarşı qanunsuz tikilinin söküİməsi tələbinə dair iddiası təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı çıxarışa əsasən, onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 70,8 kv.metr, yaşayış sahəsi 35,6 kv.metr olan mənzilin pəncərələri qarşısında qanunsuz quraşdırdığı çardağın sonuncunun hesabına sökülüb onun evindən kənarlaşdırılması və pəncərələrin qarşısının açılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. İş məhkəmənin icraatında olan müddət ərzində mübahisə predmeti olan əraziyə dair mərhumun adına çıxarış tərtib edilmişdir. Sonradan qarşı tərəf həmin ərazidə onun inşa etdirdiyi tikilinin sökülməsi tələbinə dair hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli, 10/1471 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, Cavabdeh istifadəsində olan 2,2 metr enində, 3 metr uzunluğunda mübahisəli tikili hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX1471418 saylı çıxarışda göstərilən 0,0253 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)- 28/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Q.Mustafayev) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin mübahisəli əraziyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan məhkəmə hazırkı iddia tələbini əsaslı hesab etmir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 170.2, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 88, 217.3, 217.4-cü maddələrinə və Konstitusiyanın 13 və 29-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat İddiaçının hüquqi varisi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsasızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən qeyd edilən torpaq sahəsinin onun mülkiyyətində olması və cavabdeh tərəfindən torpağın zəbt edilməsini nəzərə almamış, mülkiyyət hüquqları pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2907/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.G.Abdullayev) iddiaçının hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mərhum İddiaçı cavabdehə qarşı irəli sürdüyü tələbə baxmış, iddiaçının hüquqi varisinin nümayəndəsinin iddianın dəqiqləşdirilməsi barədə verdiyi ərizəni nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, necə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi barəsində qanuni qüvvədə olan əvvəlki məhkəmə qətnaməsi vardır, həmin qətnamədən sonra əldə edilmiş sənədlərə istinad edilməklə irəli sürülən iddia əsaslı sayıla bilməz. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas versə də irəli sürülən iddianın təmin edilməsinə əsas vermir. Məhkəmə iş üzrə gəldiyi nəticəni MPM-in 76.1, 76.2, 77.1, 81, 82.3, 217.4, 218.1, 218.3 və Konstitusiyanın 29-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat İddiaçının hüquqi varisi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvan ¼ hissədə onun, ¾ hissədə isə mərhum anası İddiaçı mülkiyyətindədir. Həmin xüsusi mülkiyyətdə 0,0253 ha torpaq sahəsi və 130,4 kv.m. yaşayış evi vardır. Birinci və apellyasiya instansiyası məhkəmələri hazırkı qətnaməni çıxararkən Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsaslanmışdır. Məhkəmələr həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və cavabdeh tərəfindən həmin ərazinin zəbt edilməsini nəzərə almamışlar. Cavabdeh onun torpaq sahəsini zəbt edərək həmin ərazini hasarlamasını keçirilmiş ekspertiza zamanı da öz təsdiqini tapmışdır. Həmin ərazini hasarlamasını birinci və apellyasiya instansiyası məhkəmələri Tovuz Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnamə ilə hazırkı iddia arasında əlaqə olduğunu qeyd edərək iddianı rədd etmiş, konstitusion hüquqları pozulmuş, mülkiyyətindən qanunsuz olaraq məhrum edilmişdir. İşə baxan məhkəmələr faktları araşdırmamış, maddi hüquq normalarını pozmuş, qanunsuz qətnamə çıxarmışdır. İş üzrə sübutlar düzgün qiymətləndirilməmişdir. İşə obyektiv, qərəzsiz, hərtərəfli baxılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3764/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Vüqar Həsənov, hakimlər İspəndiyar Şəfiyev və Əhməd Əhmədovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2907/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X2 nümayəndəsi olan yoldaşı X3 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdehin onların torpaq sahəsini zəbt edərək həmin ərazini hasarlaması keçirilmiş ekspertiza zamanı da öz təsdiqini tapmışdır. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(062)-28/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur Apellyasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Tovuz Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(062)-28/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə istinad edərək qəbul etdiyi qətnaməni iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının cavabdeh tərəfindən pozulması halının sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Həm də, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddaçının ilk tələbi onun xüsusi mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş taxta tikilinin sökülməsi olsa da, sonradan iddianın dəqiqləşdirilməsi ilə bağlı ərzəsində isə tələbi zəbt olunmuş torpaq sahəsində tikilmiş hasarın sökülməsi ilə bağlı olmuşdur. Baxılan iş üzrə iddia edilən hasarın hansı torpaq sahəsində tikilməsi, ümumiyyətlə belə hasarın mövcud olub-olması Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qiymətləndirilmiş iddia tələblərinin bir hissəsi olması müəyyən edilmir. Birinci instansiya məhkəməsində təyin olunmuş ekspertiza zamanı yalnız iddiaçının ilk tələbi üzrə müəyyən olunmuş suallar tədqiq olunmuş, dəqiqləşdirilmiş iddia tələbi üzrə mühüm əhəmiyyəti olan halların aydınlaşdırılması təmin olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3764/2022 saylı qərarında şərh edilən göstərişləri yoxlayaraq, iddia edilən hasarın iddiaçıya məxsus torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyənləşdirilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəlii ərazidə müvafiq çöl-ölçmə işləri aparılmış və kameral şəraitdə araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfin istifadəsi kimi təqdim edilən tikili **********16-10301 saylı texniki pasportda göstərilmiş tikilinin ölçülərinin daxılındə yerləşməsinə baxmayaraq sənəddə göstərilən ölçülərdən az istifadə edir. Cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin ölçüləri ilə **********13-05101-093001 saylı texniki pasportda olan ölçülər arasında uyğunsuzluqlar vardır. Cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin 7 kv.m-ə qədər hissəsinin İddiaçı adına olan RX 14714118 saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin mütəxəssis rəyinə müvafiq olaraq mübahisəli ərazinin yerləşmə sxemi əlavə edilmişdir. Kollegiya tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 10/4090 nömrəli rəyindən görünür ki, mübahisəli ərazidə çöl-ölçmə işləri aparılmış və kameral şəraitdə araşdırma zamanı,iddiaçı tərəfin istifadəsində kimi təqdim edilən tikilinin **********16-10301 saylı texniki pasportda göstərilmiş tikilinin ölçülərinin daxılındə yerləşməsinə baxmayaraq sənəddə göstərilən ölçülərdən az istifadə etdiyi və cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin ölçüləri ilə **********13-05101-093001 saylı texniki pasportda olan ölçülər arasında uyğunsuzluqlar olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin 7 kv.m-ə qədər hissəsinin İddiaçı adına olan RX 14714118 saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 10/4090 saylı rəyini tədqiq edərək, mötəbər sübuit kimi qiymətləndirir və həmin rəyin mötəbərliyii heç bir şübhə doğurmur.Həmin rəylə isə cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin 7 kv.mə qədər hissəsinin İddiaçı adına olan RX 14714118 saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh istifadəsində olan tikilinin 7 kv.m-ə qədər hissəsi İddiaçı adına olan RX 14714118 saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür və həmin hissədə torpaq sahəsini zəbt edərək, istifadə edir. Ona görə də, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(062)-28/2021 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı ekspert rəyi ilə iddiaçının dəlilləri öz təsdiqini tapdığından ekspertiza xərci cavabdehə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı hüquqi varisi X2 apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(062)-28/2021 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək qanunsuz olaraq inşa etdirilmiş hasarın (tikilinin) 7 kv.m-ə qədər hissəsi (işdə olan sxemə uyğun olaraq) cavabdehin vəsaiti hesabına sökülsün və cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Ekspertiza xərci cavabdehə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar