Məhkəmə qərarları › İş №2(104)-1997/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1997/2024

09.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1997/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-716/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-716/2024 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları X3, X5, X6 və onlara məxsus əmlaklarla birlikdə Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılmaları qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin hallari: İddiaçılar İddiaçı1, İddiaçı3 və X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ona məxsus əmlakları ilə mülkiyyətlərində olan, Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh2 oğlu Cavabdeh1 ilə evləndikdən bir müddətdən sonra yaşamağa evləri olmadığı üçün onların mülkiyyətində olan evə köçüb həmin evdə yaşamışlar. Cavabdehin onlara məxsus evdə yaşaması onların mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Qazax rayonu Xanlıqlar kəndindəki ev onların ümumi birgə mülkiyyətindədir. Həmin evin mülkiyyətçisi kimi cavabdehlərə evdən çıxıb, evi boşaltmasını təklif etsələr də, bundan imtina etmişlər. Bununla da cavabdehlər dövlət tərəfindən tanınan və qorunan hüquqlarını kobud surətdə pozmuşlar. Ona görə də, məcbur olub hüquqlarımızın müdafiə olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3 və X4 iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh qismində işə cəlb edilərək, Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları X3, X5, X6 və onlara məxsus əmlaklarla birlikdə mülkiyyətlərində olan Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Ancaq, məhkəmə iddiaçı ilə birlikdə onun təsərrüfatı idarə etməyini, evin təmirində fəaliyyətini və digər diqqətəlayiq halları araşdırmamışdır. İddiaçılarla məhkəmə bu işi quraraq, sonradan iddia tələbinin həcmini artırmaqla iddianın etirafı əsası ilə ədalətsiz, əsassız və qanunsuz qətnamə qəbul etmişlər. İddiaçı məhkəmə ilə iş “quraraq” əlavə ərizə verərək, mülkiyyətçini əsassız və “quraşdırma” etiraf əsası ilə evdən və torpaq sahəsindən çıxarmışlar. Ancaq iddiaçı ilə cavabdeh Eltun Mehtiyevlə eyni evdə mehriban yaşayırlar və aralarında heç bir mübahisə yoxdur. Əksinə birləşib onun əleyhinə iş qururlar və uşaqlara da iztirab verirlər. İddiaçı ərizəsində qeyd edir ki, guya onlar cavabdehin evinə sonradan gəlmişlər. Tamamilə yalandır. Onların toyu həmin evdə olmuş və o, həmin evə gəlin köçmüşdür. Evin tək oğlunun toyu harda olmalı idi? Bu barədə rəsmi arayışı da sübut kimi məhkəməyə təqdim etmişdir. Ancaq, məhkəmə həmin sübutu görmək istəmədi və mötəbər sübutu digər sübutlarla ətraflı tədqiq etmədi və sübuta düzgün hüquqi qiymət vermədi. Bundan başqa, onu məhkəmədən gələndə evdən qovub, çıxartdılar və həmin vaxtdan o, atası evində yaşayır və sonradan uşaqların ikisi də onun yanına gəlmişdir. Ancaq, məhkəmə işin bu halında iddianı əsassız və qanunsuz olaraq, təmin etmişdir. Məhkəmədə dəfələrlə onu evdən qovduqlarını bildirsə də məhkəmə icraata xitam verməli olduğu halda, bunu etməmiş və bilərəkdən qanunsuzluq etmişdir. Məhkəmə işə birtərəfli yanaşmış və iddiaçıların və formal cavabdehin mövqeyindən çıxış edərək, iş üzrə səthi və məqsədli araşdırma apararaq, son nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin apellyasiya şikayəti ilə bağlı izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X4 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsin əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh1 ilə 2015-ci ildə nikahlarını rəsmiləşdirmədən ailə qurmuş və mübahisəli ünvandakı evə iddiaçılar tərəfindən gəlin köçürülmüş, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh1 ilə ailə münasibətlərindən xx.xx.2016-cı ildə Xədicə, xx.xx.2019-cu ildə Həmzə, xx.xx.2020-ci ildə Fidan adında uşaqları doğulmuş, uşaqları ilə birlikdə xx.xx.2024-cü il tarixədək mübahisəli ünvandakı evdə yaşamış, həmin tarixdə isə, yəni iş məhkəmənin icraatında olduğu müddətdə evdən çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə prosesində iştirak edən tərfələrin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmadır. Belə ki, iş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1, İddiaçı3, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndində fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə 5xx-xx/1209 inventar nömrə ilə İddiaçı1 adına qeydə alınmışdır. Qazax rayon Qeydiyyat şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2019-cu il tarixdə nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2016-cı ildə X3, xx.xx.2019-cu ildə X5, xx.xx.2020-ci ildə X6 adında üç uşaqları doğulmuşdur. Qazax RİHB-nın Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 2015-ci ilin sentyabr ayından 2024-cü ilin may ayının 29-nadək Qazax rayonu Xanlıqlar kəndində İddiaçı1 məxsus fərdi yaşayış evində əri və 3 azyaşlı övladı ilə birlikdə yaşamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2015-ci ildə nikahlarını rəsmiləşdirmədən ailə qurmuş və iddiaçılar tərəfindən mübahisəli ünvandakı evə gəlin köçürülmüşdür. İş üzrə cavabdehlər nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh2 digər Cavabdeh1 ilə ailə münasibətlərindən xx.xx.2016-cı ildə Xədicə, xx.xx.2019-cu ildə Həmzə, xx.xx.2020-ci ildə Fidan adında uşaqları doğulmuş, uşaqları ilə birlikdə xx.xx.2024-cü il tarixədək mübahisəli ünvandakı evdə yaşamış, həmin tarixdən sonra isə evdən çıxarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 2015-ci ildən iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçərək orada yaşamışdır. Eyni zamanda tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığına görə mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh2 iddiaçıların ailə üzvü hesab olunmadığından, onun iddiaçılara məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçilərin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən evin mülkiyyətçisi olan iddiaçılarla Cavabdeh2 arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçılar mübahisəli evin mülkiyyətçisi olduqlarından onlar, öz mülahizələrinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdirlər. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçılar göstərilən hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, iddiaçılar onlara məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarındakı tövsiyyələrdə göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kollegiya ilk öncə qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 da iddiaçılarla birlikdə mübahisəli ünvandakı fərdi yaşayış evinin mülkiyyətçisidir və həmin evlə bağlı iddiaçılar Cavabdeh1 nisbətdə hər hansı üstün hüquqa malik deyildir. Belə olan halda bir mülkiyyətçinin digər mülkiyyətçiyə qarşı qeyd olunan iddia ərizəsi ilə müraciət etməsi Mülki Məcəllənin 152-ci və 157-ci maddələrinin, eləcə də mülkiyyətə təminat verən digər qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh2 mübahisəli ünvandakı evə iddiaçıları və onlarla bərabər həmin evin mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən köçürülmüş, X2 Eltun Həmzə oğlu ilə nikahı pozulmamışdır. Cavabdeh Salatın Mehtiyeva mübahisəli ünvandakı evə 2015-ci ildə köçdüyünə görə tərəflər arasındakı mübahisə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbləri baxımından həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Kollegiya hesab edir ki, Cavabdeh2 əri – digər Cavabdeh1 Qazax rayonu Xanlıqlar kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********60-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış sahəsi 125,8 kv.m olan fərdi yaşayış evinin bərabər paylı mülkiyyətçisi olmaqla nikahları pozulmadığından və cavabdeh mülkiyyətçinin ailə üzvü hesab edildiyindən iddia tələbi təmin edilməməlidir. İşə baxaraq iddianı təmin etmiş birinci instansiya məhkəməsi iş üzrə digər Cavabdeh1 Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinin iddiaçılarla birlikdə bərabər paylı mülkiyyətçisi olduğu, cavabdehlərin hazırkı vaxtadək birgə nikahda olduqları nəzərə alınmamış, beləliklə də qanunvericiliyin tətbiqində səhvə yol verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçıların cavabdehləri çıxarmaq istədiyi mübahisəli fərdi yaşayış evi cavabdehlərdən Cavabdeh1 ilə birgə mülkiyyətdə olduğundan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-716/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar