Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Həsənova Validə Əli qızına qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin cavabdehin hesabına sökülməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh Həsənova Validə Əli qızının iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2147/2014 saylı mülki iş üzrə 06 noyabr 2014-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhər XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir.
2. İşdə olan «Fаrfоrçu» bağçılıq yoldaşlığı birliyinin verdiyi arayışın surətindən görünür ki, Kirovabad şəhəri X1 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən Sevinc qəsəbəsi, 107 nömrəli məhəllədən İddiaçı1 bağ yeri üçün 400 kv.m torпaq sahəsi ayrılmışdır.
3. İşdə olan «Fаrfоrçu» bağçılıq yoldaşlığı birliyinin verdiyi xx.xx.1994-cü il tarixli arayışın surətindən görünür ki, Kirovabad şəhəri X1 İcraiyyə Komitəsinin 23 avqust 1988ci il tarixli 11 saylı qərarına əsasən Gəc zavodu ərazisindən 54 nömrəli məhəllədən Həsənova Validə Əli qızına bağ yeri üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır.
4. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-267/2022 saylı inzibati iş üzrə 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-21/2017 nömrəki qərarı ləğv edilmiş, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin (DƏDRX) üzərinə qoyulmuşdur. Həmin qərardan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi barəsində cavabdeh Həsənova Validə Əli qızının adına olan RX seriyalı ******* saylı Çıxarış qanuni əsaslı olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həsənova Validə Əli qızının ona məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən torpaq sahəsindən çıxarılmаsı və orada olan özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Kirovabad şəhəri X1 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən «Farforçu» bağçılıq yoldaşlığı birliyinin torpaq sahəsindən, Gəncə şəhərinin Sevinc qəsəbəsi ərazisindən оnа bağ yeri üçün sahəsi 400 kv.m olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin dörd bir tərəfini qazdıraraq ora bir maşın çay daşı tökdürmüşdür. Lakin, gözdən 1-ci qrup əlil olduğu üçün dəfələrlə xəstəxanalarda yatıb müalicə olunduğuna görə həmin torpaq sahəsində heç bir tikinti işləri apara bilməmişdir. Təxminən 2011-ci ilin noyabr-dekabr aylarında növbəti dəfə xəstəxanada gözündən müalicə olunarkən, qızı Bağırova Amiləyə bildirmişlər ki, onlara məxsus torpaq sahəsində Cavabdeh1 ev tikir. O, həmin yerə gedib torpağa aid sənədlərini göstərib torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Rüfət orada olan tikilini sökmüş və daşlarını yığıb aparmışdır. 2012-ci ilin iyun-iyul aylarında torpaq sahəsinə gedərkən görmüşdür ki, Cavabdeh1 yenidən ona məxsus torpaq sahəsində ev tikir. O, dəfələrlə tikintini dayandırmağı barədə Rüfətə xəbərdarlıq etsə də, Rüfət ona əhəmiyyət verməmiş və tikintini davam etdirmişdir. Hazırda ona məxsus torpaq sahəsində Cavabdeh1 qanunsuz olaraq ev tikdirmişdir və ailə üzvləri ilə birlikdə orada yaşayır.
7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2147/2014 saylı mülki iş üzrə 06 noyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim: Y.Həşimov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, təxminən 2010-cu ildə cavabdehin onun torpağında tikinti işi apardığını görmüşdür. Dəfələrlə torpaq sənədini cavabdehə göstərərək, tikintinin dayandırılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Bundan sonra Kəpəz rayon Polis İdarəsinə müraciət etmiş, orada araşdırma aparılmış və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin, işə baxan məhkəmə onun torpağa dair mülkiyyət sənədinin olmasına qiymət verməmiş, iddianı əsassız olaraq rədd etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-277/2015 saylı mülki iş üzrə 28 dekabr 2015ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2147/2014 saylı mülki iş üzrə 06 noyabr 2014-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmişdir.
11. Həmin qətnamədən narazı qalan cavabdeh Həsənova Validə Əli qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-277/2015 saylı mülki iş üzrə 28 dekabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (102)- 2411/2016 saylı iş üzrə 24 iyun 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-277/2015 saylı mülki iş üzrə 28 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-2056/2016 saylı iş üzrə 28 sentyabr 2016-cı il tarixli qərardadı ilə hazırki işin icraatı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(83)-958/2016 saylı inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılanadək dayandırılmışdır.
14. Məhkəmənin 31 mart 2023-cü il tarixli 2 (104)-02/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılmağa başlanılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Həsənova Validə Əli qızı apellyasiya şikayətində qeyd edilənlərə etirazını bildirərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
22. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
23. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
34. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, hazırki iş üzrə icraat Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 2-1(83)-958/2016 saylı inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılanadək dayandırılmış və hazırda qeyd edilən inzibati iş mahiyyəti üzrə həll edilmiş, yekun məhkəmə qərarı qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-267/2022 saylı inzibati iş üzrə 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-21/2017 nömrəki qərarı ləğv edilmiş, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin (DƏDRX) üzərinə qoyulmuşdur. Həmin qərardan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi barəsində cavabdeh Həsənova Validə Əli qızının adına olan çıxarış RX seriyalı ******* saylı Çıxarış qanuni əsaslı olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-267/2022 saylı inzibati iş üzrə 02 sentyabr 2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qərarı ilə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması işin faktiki halı kimi təsdiq olunur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.
37. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
38. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək, üzərində ev tikilmişdir.
39. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
40. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas verir.
41. İrəli sürülən iddia təmin edildiyindən Azərbaycan Respublikasının MPM-in 119cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməli, 100 manat məbləğində pul ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2147/2014 saylı mülki iş üzrə 06 noyabr 2014-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Həsənova Validə Əli qızı İddiaçı1 məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsi 29 saylı küçədə yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin vəsaiti hesabına sökülsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərcləri cavabdeh Həsənova Validə Əli qızından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.