Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2/2025 05.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılmaları, sərhədlərin müəyyən edilməklə tanıdılması və pul tələbinə dair Tərtər Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(061)-143/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(061)-143/2021 nömrəli qətnaməsi ilə (hakim K.Rzayev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X9 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 lay tarixli 08 saylı qərarı ilə və JN-0036 saylı, kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə verilən kənd təsərrüfatı təyinatlı 2,39 hektar torpaq sahəsindən çıxarılmaları, cavabdehlərdən 40000 manat pulun müştərək qaydada alınıb onlara verilməsi və həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək onlara tanıdılması tələbinə dair iddianın təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı5 torpaq sahəsinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 122 (yüz iyirmi iki) manat 22 (iyirmi iki) qəpik məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(061)-143/2021 nömrəli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X9 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 may tarixli 08 saylı qərarı ilə və JN- 0036 saylı, kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə verilən kənd təsərrüfatı təyinatlı 2,39 hektar torpaq sahəsindən çıxarılmaları, cavabdehlərdən 40000 manat pulun müştərək qaydada alınıb onlara verilməsi və həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək onlara tanıdılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlər Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 may tarixli 08 saylı qərarı ilə və JN-0036 saylı, kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə onlara verilmiş kənd təsərrüfatı təyinatlı 2,39 hektar torpaq sahəsini zəbt etmişlər. Dəfələrlə cavabdehlərin zəbt etdikləri torpağı boşaltmaqlarını tələb etsələr də cavabdehlər buna məhəl qoymamış və torpağı boşaltmamışlar. Belə ki, X3 vəfat etmişdir. Göründüyü kimi qanuni sənədlə torpağın mülkiyyətçisi onlar olsalar da, cavabdehlər onlara məxsus torpaqdan istifadə etməklərinə imkan verməmişlər. Bu illər ərzində cavabdehlər torpaqdan qanunsuz istifadə edərək qazanc götürmüşlər. Onlar torpaqlarından mənfəət götürə bilməmişlər. Bütün qazancı cavabdehlər götürmüşlər. Yaşadıqları kənddə torpağın 1 hektarı bir ilə 500 manat icarəyə verilir. Zəbt edilmiş torpaq sahəsi 2,39 hektar olmaqla 20 ildə 40000 manat təşkil edir. Cavabdehlər onların pulunu və torpaqlarını verməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 apellyasiya şikayətini onunla əsalandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki,məhkəmə işə baxarkən yalnız torpağa dair olan mülkiyyətə dair sənədləri və torpaq icarə münasibətlərini qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə qətnamədə iddianın əsassızlığına dair tutarlı sübut və dəlillərlə izah gətirə bilməsə də çıxardığı qətnamənin doğruluğunu onunla əsaslandırmağa çalışmışdır ki, qarşı tərəf, yəni cavabdeh iddianı təkzib edir. Baxmayaraq ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı arı ilə 2.39 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 0036, kod 61103018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni də almışlar. Halhazırda həmin torpaq sahəsindən cavabdehin qanunsuz hərəkətlərinə görə istifadə edə bilmirlər. Məhkəmə işə baxarkən torpağın harda olmasını müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh məhkəmədə verdiyi izahatında göstərir ki, guya onların torpağının harada olmasını bilmir, zəbt etməyib, amma guya torpağın bir hissəsi yola, bir hissəsi isə kanala düşür. Bu söz bir-biri ilə ziddiyət təşkil edir ki, əgər həqiqətən də onların torpağının zəbt edilməsini və harada olmasını cavabdehlər bilmirlərsə, onda sual olunur yola və kanala düşməsini hardan bilirlər. Məhkəmə isə cavabdehlərin sözlərini sübut növü kimi qəbul edib istinad etmişdir. Halbuki torpaqşünaslıq ekspertizası təyin etməli di. Göründüyü kimi məhkəmə bunların heç birini etməməklə qarşı tərəfin marağına xidmət etmişdir. Bununla da onların hüquqları kobud surətdə pozulmuş, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yalnış nəticəyə gəlmiş, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 Ədalət qızı və İddiaçı5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlər iddiaçılara məxsus torpaq sahəsini zəbt etmişlər. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi X7 izahatında göstərdi ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-4045/2025 saylı mütəxəssis rəyi Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi kimi onun tərəfindən hazırlanmışdır. Yerində GPS aləti ilə ölçmə aparılanda iddiaçılara məxsus 2,39 ha torpaq sahəsinin 1,54 ha hissəsinin iddiaçıların özlərinin istifadəsində, qalan hissəsinin isə Cavabdeh1 faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(062)-18/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan JN-0036 kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998ci il 29 may tarixli 08 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tərtər rayonu Azadqaraqoyunlu kənd sakinləri X1, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 adına 2,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində yerləşən 0,9533 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində yerləşən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində yerləşən 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan JN-0066 kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998ci il 29 may tarixli 08 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tərtər rayonu Azadqaraqoyunlu kənd sakini X8 və onun ailə üzvlərinin adına 2,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş JN-0031 kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 may tarixli 08 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tərtər rayonu Azadqaraqoyunlu kənd sakini X10, X6 və onların ailə üzvlərinin adına 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyectri Xidməti tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehin iştirakları ilə faktiki əkilən torpaq sahəsinin kordinatları naturada təyin edilərək Tərtər rayon Azadqaraqoyunlu kəndi “Azad” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə yerləşdirilmişdir. Məlum olmuşdur ki, təsərrüfatın yerqurluşu layihəsinə əsasən iddiaçı və cavabdehlərə sənəd üzrə mülkiyyətçilərinə verilmiş torpaq sahəsinin naturada bir hissəsi yola, kanala düşdüyündən ümumiyyətlə həmin konturda əskiklik konfiqurasiya fərqi olduğundan iddiaçı ilə cavabdeh Dövlət akti ilə onların mülkiyyətinə verilən torpaq sahəsinin koordinatlarına uyğun (yuxarıda göstərilən səbəblərə görə) istifadə edə bilmədiklərindən mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Tərtər rayonu Azadqaraqoyunlu kənd ərazisində yerləşən 2,39 ha torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Məhkəmə, həmçinin müəyyən etdi ki, cavabdehlər iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etməmişdir. Belə ki, mübahisəli əraziyə mütəxəssis tərəfindən baxış keçirilmiş, müvafiq ölçmə işləri aparılmış, nəticədə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilmədiyi, torpaq sahəsinin bir hissəsinin yola, digər hissəsinin isə kanala düşdüyü müəyyən olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçıların mülkiyyətində olan və Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən 2,39 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmədiyindən, hazırki iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası obyektivliyin təmin edilməsi üçün cavabdehin vəsatətini təmin edərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/5106 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-4045/2025 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə olunmuş torpaq sahəsindən çıxarılmaları, sərhədlərin müəyyən edilməklə tanıdılması və pul tələbinə dair mülki işlə bağlı 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi sözügedən ərazidə olmuş iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin halhazırda faktiki istifadə etdiyi torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək TEKUİS-lə müqayisələndirildi. İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissədən ibarət olmaqla cəmi 2.39 ha torpaq sahəsinin 1.54 ha hissəsindən faktiki olaraq istifadə edir, qalan hissəsindən isə Cavabdeh1 əkərək istifadə etdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, həqiqətən də Cavabdeh1 İddiaçı1 xüsusi mülkiyyətində olan 2,39 ha torpaq sahəsinin 0,95 ha hissəsini zəbt etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. Orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinəəsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 may tarixli 08 saylı qərarı ilə və JN-0036 saylı, kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə iddiaçılara verilən kənd təsərrüfatı təyinatlı 2,39 hektar torpaq sahəsinin 1,54 ha hissəsi özlərinin istifadələrində olsa da, 0,95 ha hissəsini Cavabdeh1 öz torpaq sahəsi hesab edərək zəbt etmişdir. Mübahisənin sülh yolu ilə həlli tərəflərə təklif edilsə də barışıq əldə olunmamışdır. Mübahisəni yuxarıda göstərilmiş qaydada həll etmiş birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, bununla da mübahisənin həllində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının torpaq sərhədlərin müəyyən edilməklə tanıdılması hissəsində məhkəmə kollegiyası qeyd edir ki, JN-0036 saylı, kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə verilən kənd təsərrüfatı təyinatlı 2,39 hektar torpaq sahəsinin koordinatları TEKUİS məlumat sistemi ilə müəyyənləşdirildiyindən, eləcə də cavabdeh torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarıldıqda iddianın həmin hissəsi öz həllini tapacaqdır. Bundan başqa iddiaçılar iddia ərizəsində cavabdehlərdən 40000 manat pulun müştərək qaydada alınıb onlara verilməsini tələb etsələr də, həmin xüsusatla bağlı hər hansı dəlili məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası iddianı həmin hissədə də əsassız sayır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalı, 100 manat ekspertiza xərci Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(061)-143/2021 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən qismən təmin edilsin. Cavabdeh1 Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 may tarixli 08 saylı qərarı ilə və JN-0036 saylı, kod 61103018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, hissəsini İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan 2,39 hektar torpaq sahəsinin 0,95 ha hissəsindən çıxarılsın. Cavabdeh1 torpaq sahəsinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 122 (yüz iyirmi iki) manat 22 (iyirmi iki) qəpik məhkəmə xərci alınıb, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülsün. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2/2025
05.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver