Məhkəmə qərarları › İş №2(104)-2000/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2000/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2000/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: evdən və torpaqdan çıxarılma tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(076)-1265/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3451/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətinə əsasən müəyyən olunur ki, 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsində RX seriyalı ******* nömrəli Çıxarış əsasında qeydiyyata alınmış, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0,31 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,9 kv.m sahədən ibarət ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin cavabdehlər Cavabdeh və qalan 1/6 hissəsinin X6 verilməsi qət edilmişdir.

2. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəmkir rayon icra şöbəsinin 189827/2021-12 saylı xx.xx.2023-cü il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 xahiş etmiş, Hərraca çıxarılan əmlak 115.9 kv.metrdən ibarət olan, Şəmkir rayonu, Sabirkənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış əmlakdan ibarətdir, ərizəçi tərəfindən 1750 manat məbləğində beh pul ödənilmişdir.

3. xx.xx.2023-cü il tarixli 243/23 nömrəli Hərracın Yekunları barədə Protokoldan görünür ki, Satılan əmlak - ilkin satış qiyməti 50000 manat məbləğində müəyyənləşdirilən, ümumi sahəsi 115.9 kv. metrdən ibarət, ünvan 1 kəndində 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Hərracın qalibi İddiaçı olmuşdur. Əmlakın sonuncu qiyməti 35.350 manat müəyyən edilmişdir. (Alış qiyməti ödənilərkən qalib alıcı, eyni zamanda İddiaçı payının məbləği nəzərə alınmalıdır.) Hərracın nəticələrinə dair bu protokol ünvan 1 kənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 115.9 kv.metr olan fərdi yaşayış evinin dövlət qeydiyyatı orqanında yeni mülkiyyətçi İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur.

4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 424752 nömrəli mədaxil qəbzindən görünür ki, X2 hərrac üzrə xidmət haqqı və ona aid olan ƏDV-ni ödəmişdir. Ödəniş məbləği cəmi 2085,65 manat olmuşdur.

5. RX ******* seriyalı ********* qeydiyyat nömrəli **********90-10301 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 115.9 kv.m ibarət olan ünvan 1 kəndindəki 0.31 ha torpaq sahəsində yerləşən əmlakın İddiaçı tam hüquqi sahibidir.()

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan qızı X7 ilə birlikdə İddiaçı məxsus olan ünvan 1 kəndi ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.31 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(076)-2754/2017 saylı qətnaməsi ilə mərhum X1 miras qalmış əmlaka iddiaçı və cavabdehlər vərəsə tanınmışlar. Bundan sonra ünvan 1 kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi onların paylı mülkiyyəti olaraq qeydə alınmışdır. Daha sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)-951/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi X3 adına Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında qeydə alınmış, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 115.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin Cavabdeh və 1/6 hissəsinin X5 verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 26 sentyabr 2023-cü il tarixli 234/23 nömrəli Hərrac Yekunları barədə Protokola əsasən həmin əmlakın sonuncu hərracda alış qiyməti 35350 manat olaraq müəyyənləşdirilmişdir. Bundan sonra digər payçıların payına düşən 10047 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, hazırda iddiaçı məhkəmə qətnaməsi ilə hərracdan satılması qərara alınmış əmlakı hərracda alaraq cavabdehlərin payına düşən pul vəsaitini ödəmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələr gətirərək hazırda tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxmaqdan yayınır. Belə ki, cavabdeh qızını evləndirdikdən sonra evdən çıxacağını bildirir.

8. Şəmkir Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(076)-1265/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan qızı X7 ilə birlikdə ünvan 1 kəndi ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.31 ha torpaq sahəsindən çıxarılması; Dövlət rüsumu kimi ödənilmiş 100 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qızı Elza Sadıqova ilə birlikdə uzun illərdir mübahisəli evdə yaşayır və həmin mülkdə hər birinin 1/6 hissə mülkiyyət payları olmuşdur. Məhkəmə qətnaməsinə əsasən əmlak açıq hərracdan satılmış və qızı Elza Sadıqova ilə hər birinə əmlakdakı paylarının əvəzinə 5891,6 manat, ümumilikdə 11783 manat vəsait verilmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə ona görə razılaşmır ki, mübahisəli mülkdə paylarına düşən hissənin satılmasına görə onlara pul vəsaiti ödənilsə də, lakin yaşayış sahəsi sayılan həmin əmlakdan istifadə hüquqları vardır və istifadə hüququna xitam verilməsi üçün onlara müvafiq kompensasiya ödənilməlidir. Çünki, mübahisəli mülkdən başqa yaşayış sahələri yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, hərracın keçirilməsindən məlumatı olmayıb. Hərrac birtərəfli keçirilib və hərracdan pul götürməmişdir. Hərracın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmə prosesləri olmuş, lakin məhkəmə iclasında özü yox, vəkili iştirak etmişdir. Mübahisəli ev hərracda satıldıqdan sonra evdəki mülkiyyətinin payının əvəzi olaraq ona pul vəsaiti ödənilməmişdir. Ona telefonla zəng edib hərracdan payına düşən pulu götürməsi təklif edilmiş, lakin bundan imtina etmişdir. İddiaçı onun qaynıdır və Rusiya Federasiyasında yaşayır. Mübahisəli mülk torpaq sahəsi və üzərində yerləşən evdən ibarətdir. O və himayəsindəki yetkinlik yaşına çatmayan qızı 2008-ci ildən hal-hazıradək orada yaşayırlar. Ev qaynatasının adına olmuş, sonra isə heç kimin adına rəsmiləşdirilməmişdir. Bir müddət sonra qaynı onların xəbəri olmadan evi öz adına keçirmişdir. Evdən çıxarılmasına görə kompensasiya ödənilməsini istəmir, yaşamaq üçün ev istəyir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 220. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3451/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsində RX seriyalı ******* nömrəli Çıxarış əsasında qeydiyyata alınmış, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0,31 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,9 kv.m sahədən ibarət ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin cavabdehlər Cavabdeh və qalan 1/6 hissəsinin X6 verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında hərrac keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracda ümumi sahəsi 115.9 kv.m ibarət ünvan 1 kəndində 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 35350 manata İddiaçı satılmışdır. Həmin hərracın yekunlarına dair protokol əsasında da hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli **********90-10301 nömrəli çıxarış əsasında sözügedən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ üzrə rəsmi reyestrdə qeydiyyata alınmışdır.

31. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyatorun dəlillərini əsassız sayır. Kollegiya gəlmiş olduğu bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir.

32. Paylı mülkiyyətdə olan ünvan 1 kəndində yerləşən 0,31 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 115,9 kv.m ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması nəticəsində cavabdeh tərəf əmlakdakı mülkiyyət payını itirmişdir. Hərracdan əldə edilmiş pul vəsaiti isə itirilən paylı mülkiyyət hüququnun kompensasiyasıdır. Cavabdeh əmlakın açıq hərracdan satılmasının qanunsuz olması barədə arqumentlər irəli sürsə də, lakin nəzərə almaq lazımdır ki, mübahisə predmeti olan ev tam həcmdə iddiaçının xüsusi mülkiyyətindədir və iddiaçının mübahisəsi gedən əmlaka tam həcmdə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli 243/23 nömrəli hərracın yekunları barədə protokol əsasında yaranmışdır. Hazırkı məqamda xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokol hüquqi qüvvədə olduğundan həmin sənəd əsasında iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın da həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Cavabdehin himayəsindəki yetkinlik yaşına çatmayan övladı ilə birlikdə mübahisəli mülkdə mülkiyyətçinin iradəsi əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

33. «Mübahisə əmlaka istifadə hüququ olduğundan oradan çıxarılması üçün müvafiq kompensasiya ödənilməli olması» barədə apellyatorun dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır.

34. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, mülkiyyət hüququ; mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, habelə ailə münasibətlərinin mövcudluğu).

35. «Mülkiyyət hüququ»-nun anlayışı Mülki Məcəllənin 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Hazırkı işin hallarından göründüyü kimi, Cavabdeh və himayəsində olan yetkinlik yaşına çatmayan övladının hər birinin mübahisəli əmlaka 1/6 hissə mülkiyyət payları olmuş və bu əsasla da əmlaka sahiblik və istifadə hüquqlarını həyata keçirtmişlər. Sonradan məhkəmə qətnaməsi əsasında mübahisəli mülkün açıq hərracdan satılması nəticəsində isə onlar əmlakdakı mülkiyyət paylarını itirmişlər. Cavabdeh tərəfin mübahisəli mülkə sahiblik və istifadə etmələrinə əsas sayılan mülkiyyət paylarına xitam verildiyindən artıq onların mübahisəli mülkdən istifadə hüquqları da saxlanılmır.

37. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(076)-1265/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar