Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2003/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1020/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1020/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin olunması, İddiaçı övladları - xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il tarixli X8 ilə birlikdə Bərdə rayon 588 saylı qəsəbə, 8 saylı bina, 13 saylı mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1020/2023 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün olan 588 saylı qəsəbədə 8 saylı binanın 13-cü mənzilinə övladları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il tarixli X8 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə ailə qurmuş, nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından iki övladları anadan olmuşdur: xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il tarixli X8. 2015-ci ilin avqust ayında Muradın ailə üzvləri ilə birgə onlara Bərdə rayonu ərazisində olan 588 saylı qəsəbədə 8-ci binanın 13 saylı mənzili onlara verilmişdir. xx.xx.2022-ci il tarixədək uşaqları ilə həmin mənzildə Muradın ailə üzvləri ilə birlikdə yaşamışdır. Sonra da həmin tarixdə onu yaşadıqları evdən qovmuşlar. O da heç nə götürməyərək uşaqları ilə birlikdə ata evinə getmiş və hazırda orada yaşayır. Hazırda onun yaşayış yeri yoxdur. Ona görə də hesab edir ki, dövlət tərəfindən ailəyə verilmiş evǝ 2 azyaşlı övladları ilə köçürülməklə orada yaşamalıdır. Buna görə də Medasiya şurasına müraciət etsə də, cavabdeh gəlməmiş və ona görə də medasiyada baxılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı ona qarşı qərəzli mövqe tutur. O, hərbiçidir, yenidən ailə qurmuşdur. Cavabdehin həmin evə məskunlaşması qeyri-mümkündür, çünki o xəyanət etmişdir. Bu hal polisin, prokurorluğun materiallarında öz təsdiqini tapmışdır. Məhkəmə bu halları nəzərə almalıdır. O, iddiaçının tələbi iə qətiyyən razılaşmır. Məhkəmə göstərilənləri və onun izahatını nəzərə almadan qətnamə çıxarmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflərdən iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü, cavabdehlər Cavabdeh, X2 və X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək həmin şikayətin təmin edilmədən şikayətlə mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 475 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Təbriz küçəsi mənzil 53-də yaşayır. İş materiallarına əlavə edilmiş AZ-T №029977 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X12 xx.xx.2015-ci il tarixdə Ağdam Rayon Kəngərli icra nümayəndəliyində 02 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qəhrəmanov, arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-T №191695 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana adı İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-T №191694 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana adı İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə DK-nin Bərdə rayon MKİS-nin arayışından görünür ki, X1 rayon ünvan 1 ünvanında qeydiyyatda olmaqla müvəqqəti yaşayır. Ailə üzvləri arvadı - X5, oğlu - Cavabdeh, gəlini - İddiaçı, nəvəsi - X9 və nəvəsi - X6r. Beləliklə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2015-ci il tarixdə Ağdam Rayon Kəngərli icra nümayəndəliyində rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları vardır. Ailəyə dövlət tərəfindən Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün olan 588 saylı qəsəbədə 8 saylı binanın 13-cü mənzil verilmişdir. Tərəflərin ailə münaibətlər pozulmuş və 2022-ci ilin iyun ayında iddiaçı həmin mənzildən çıxmışdır. İddiaçı hazırda həmin mənzilə uşaqları ilə birlikdə köçmək istəyir. İddiaçının 2022-ci ilin ortalarınadək həmin mənzildə yaşadığını cavabdeh də mübahisələndirməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Tərəflərə order verilmişdir ki, həmin order əsasında mənzilə dair onun sahiblik hüququ yaranmışdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. İş materiallarından da göründüyü kimi İddiaçı köçmək istədiyi mənzil dövlət fonduna aiddir və o, cavabdehlərin ailə üzvü kimi həmin mənzildə yaşamışdır. İddiaçının mübahisəli ünvandakı evdə yaşamaqla digər ailə üzvləri ilə ümumi təsərrüfatı birgə idarə etdiklərinə görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı ona qarşı qərəzli mövqe tutur. O, hərbiçidir, yenidən ailə qurmuşdur. Şikayətin dəlillərindən göründüyü kimi cavabdeh iddiaçının həmin mənzilə köçüb onların ailə üzvü kimi həmin evdə yaşamasını, təsərrüfatı birgə idarə etmələrini mübahisələndirməmiş, hərbçi olmaqla hazırda ailə qurduğunu, iddiaçının bundan sonra həmin mənzildə yaşamasının mümkünsüz olduğunu vurğulamışdır. Kollegiya qeyd edir ki, cavabdehin həmin dəlilləri qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdehin hazırda ailə qurması isə iddianın rədd ediləsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1020/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1020/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2003/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2003/2023
04.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver