Məhkəmə qərarları › İş №2(104)-2012/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2012/2025

10.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2012/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1901/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1901/2025 saylı qətnaməsi ilə (hakim N.Heydərova) iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı (nümayəndəsi vəkil X3) apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 2(076)-1901/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq Şəmkir rayonun Düyərli kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar islahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Şəmkir rayonunun Düyərli kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində ona məxsus fərdi yaşayış evi vardır. Cavabdeh onun doğma qardaşı Cavabdeh həmin torpaq sahəsindən və torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə etməyinə imkan vermir. Bu səbəbdən də o, Şəmkir rayonun Düyərli kəndində yerləşən, mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edimişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğuna görə, eyni zamanda iddiaçının mülkiyyət hüququnu kobud pozulması ilə nəticələndiyinə görə, aşağıdakılara əsasən ləğv edilməli və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin həqiqi və faktiki halları ondan ibarətdir ki, onlar doğma qardaş olmaqla, Şəmkir rayonu, Düyərli kəndində yerləşən mübahisəli ev və torpaq sahəsində doğulub böyümüşlər. X6 tərəfindən 1950-ci illərdə həmin həyətdə əvvəl 1 otaq və 1 köməlçi sahədən ibarət ev tikilmiş və ailə orada yaşamağa başlamışdır. Bundan sonra 1960-cı illərin axırlarında ataları tərəfindən qətnamədə sahəsi 65 kv.m göstərilən kürsülü, həmin dövrün tələblərinə uyğun 2 otaq, böyük aynabənd və açıq eyvandan ibarət ikinci ev tikilmişdir. Cavabdeh 1974-cü ildən 1992-ci ilədək Gəncə şəhərində “56-lar” adlanan qarajda işləmiş, eyni zamanda Cavabdeh Gəncə şəhərində daimi pasport qeydiyyatında olmuşdur. Özü isə evin kiçik oğlu olmaqla, 1977-1990-cı illərdə xidməti işi ilə əlaqədar Rusiyanın Altay vilayətinin Barnaul şəhərində X4 işləmişdir. Rusiyada işlədiyi müddət hər il məzuniyyət vaxtı Şəmkirə ata evinə gəlmiş, anası ilə birlikdə ata evində yaşamış və Rusiyaya qayıtmışdır. 1990-cı ildə o, Azərbaycan Daxili İşlər Nazirliyi strukturuna işləməyə başlamış və Gədəbəy rayon Polis Şöbəsində 4 il sahə müvvəkkili kimi işləmişdir. Sonradan 2005-ci ildə Şəmkir rayonu Kür qəsəbəsində Polis Şöbəsində işləmişdir. Həmin müddətlərdə ailəsi ilə birlikdə həmin mübahisəli ata evində, sahəsi 65 kv.m qeyd olunan kürsülü evdə yaşamışdır. Bu müddətdə Cavabdeh ata evinin həyətində olan köhnə 1 otaqlı evi təmir edib genişləndirərək 2 otaqlıya cevirib orada yaşamışdır. 1996-cı ildən onun iş yeri Bakı şəhərinə dəyişdirilmişdir. O, Bakı şəhərində işlədiyi müddətdə Bakıda kirayədə yaşamış, ata evi onun sahibliyində və istifadəsində olmuşdur. Şəmkir rayon Aqrar islahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Şəmkir rayonunun Düyərli kəndində, həmin evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 2015-ci ildə o, cavabdehin xahişi ilə, onun yeni ailə qurmuş oğlunun, həmin 65 kv.m olan evə köçüb müvəqqəti yaşamasına etiraz etməmişdir. Həmin vaxtı onların münasibətləri normal olmuş, o, qardaşı oğlunun nişan-toy məclislərində əvvəldən axıra qədər iştirak etmişdir. 2019-2023-cü illərdə Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşadıqları həmin köhnə evi sökərək, yerində müasir üslubda olan yeni ev (villa) tikdirmişdir. Bundan sonra cavabdehin ailəsi bütövlükdə hənin yeni tikilidə yaşamağa başlamışdır. Lakin Cavabdeh ona aid olan ata evini tam boşaltmamış, əmlakının bir qismini həmin evdə saxlamışdır. Bundan sonra onların arasında mübahisə yaranmışdır. Cavabdeh mübahisənin öz aralarında razılaşma yolu ilə həllinə razı olmadığından, o, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmasına dair iddia qaldırmış, Şəmkir rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin olunsa da, Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiası təmin edilməmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərarı ilə Apellyasiya Məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Bundan sonra o, Şəmkir rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh onun torpaq sahəsində yeni tikdirdiyi evin sökülməsini tələb etmişdir. Şəmkir rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli Qətnaməsi və Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərarı ilə qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh onu öz mükiyyətində olan torpaq sahəsinə və ata evinə buraxmadığına görə o, hazırki iddia ilə Məhkəməyə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1901/2025 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Hazırki qətnamənin məzmunundan göründüyü kimi məhkəmə işə tərəflərin iştirakı olmadan baxdığına görə, işin hallarını və sübutları tam araşdırmamış, nəticədə qətnaməni işin həqiqi və faktiki hallarına, o cümlədən tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Nəticədə qəbul edilən məhkəmə qətnaməsi ilə onun konstitusion mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Məhkəmə gəldiyi nəticə üçün iş üzrə zəruri olan bütün faktları halları həm aydınlaşdırmamış, həm də, aydınlaşdırmağa cəhd etməmişdir. Çünki tərəflərin iştirakını təmin etmədən, mübahisə predmeti olan evlərə və torpaq sahəsinə baxış keçirmədən iş üzrə mühüm əhəmiyyətli halları aydınlaşdırmaq mümkün deyildir. Ona görə də, məhkəmə qətnamədə qeyri-müəyyən şəkildə qeyd etmişdir ki, guya o, uzun illər əvvəl ata evini könüllü tərk edib, daimi yaşamaq üçün getmiş, bir daha qayıtmamış, guya susmaqla ata evində olan hüquqlarından imtina etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı digər nümayəndəsi (qızı) Nümayəndə2 da apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, atasının səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamənin əsaslılığını yoxlayıb, apellyasiya şikayətini proses iştirakçılarının izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasы MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş JN-164A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Şəmkir rayonu Düyərli kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(076)-459/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, JN-164A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdeh X2 çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1413/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Şəmkir Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(076)-459/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(076)459/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4422/2023 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-656/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Şəmkir Rayon Məhkəməsinin 2(076)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1795/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-656/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə JN164A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonu Düyərli kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı və Cavabdeh qardaşdırlar. Hazırda iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsi əvvəllər tərəflərin valideyinlərinin sahibliyində və istifadələrində olmuş və həmin torpaq sahəsində onların ataları tərəfindən sahəsi 65 kv.m və 44.48 kv.m olan ayrı-ayrı tikililər inşa edilmişdir. Cavabdeh ev inşa edilən vaxtdan mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş 65 kv.m olan köhnə tikili olan evdə yaşamış, həmin tikilidə yenidən təmir (abadlaşdırma) işləri aparılmışdır. Hazırda iddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsinin üzərində yerləşən iki tikilidən birinə köçürülməsini xahiş etmiş olsa da, birinci instansiya məhkəməsi iddia tələbin i təmin etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə JN-164A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonu Düyərli kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində əvvəllər tərəflərin atası Namaz İsmayılov tərəfindən sahəsi 65 kv.m və 44.48 kv.m olan ayrı-ayrı tikililər inşa edilmişdir. Cavabdeh ev inşa edilən vaxtdan mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş 65 kv.m olan köhnə tikili olan evdə yaşamış, İddiaçı isə ev inşa edilə vaxtdan həmin evdə yaşamış olsa da, illər öncə başqa ünvana köçərək orada yaşamışdır. Ona görə də hazırkı mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hazırkı mübahisənin predmeti olan mübahisəli torpaq sahəsində yerləşən tikili ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktın, mübahisəli torpaq sahəsində tikililərin iddiaçının və cavabdehin atası Namaz İsmayılov tərəfindən inşa edilməsi, cavabdehin tikililər inşa edildiyi vaxtdan orada yaşaması və bu baxımdan həmin evə dair istifadə hüququnun mövcud olması, həmin evlərə cavabdehin sahiblik hüququnun yaranmasını, həmçinin sonradan həmin tikili üzərində cavabdeh tərəfindən təmir (abadlaşdırma) işləri aparılması faktının hazırkı işdə preyudisiallığını tanıyır, həmçinin qeyd edir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməmişdən əvvəl həmin torpaq sahəsində tikililərin mövcud olması, iddiaçının illər öncə həmin evdən çıxaraq daimi olaraq başqa yaşayış sahəsinə köçməsi, hazırda da ailə üzvləri ilə birlikdə başqa ünvanda qeydiyyatda olmaqla yaşaması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapdığından, iddiaçı tərəfin nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatında mübahisəli tikililərin iddiaçıya məxsus olması və iddiaçının həmin evə köçüb yaşamasına ehtiyacı olması ilə bağlı istinad etdiyi dəlillər əsaslı deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, hazırkı mübahisə üzrə İddiaçı illər öncə mülkiyyətində olan torpaq sahəsində yerləşən mərhum atası Namaz İsmayılov tərəfindən inşa edilmiş mübahisəli fərdi yaşayış evində yaşamış olsa da, sonradan iddiaçı könüllü olaraq daimi yaşamaq üçün mübahisəli yaşayış evindən çıxmış, bir daha mübahisəli evə qayıtmamış və qayıtmaq fikri olmamış, həmçinin artıq iddiaçının 74 yaşı olmaqla illərdir susmuşdur. Sonradan iddiaçının mübahisəli evə qayıtmaq istəməsi, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu hal, yəni iddiaçının uzun müddət mübahisəli evdə yaşamaması və hüquqdan sui-istifadə etməsi, məhkəmə iclası zamanı onun nümayəndəsinin və cavabdeh tərəfin izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçının illər öncə mübahisəli evdən çıxması, illərdir başqa ünvanda qeydiyyatda olması, ailə üzvləri ilə birlikdə orada yaşaması və bir daha mübahisəli evə qayıtmaması onun daimi yaşamaq üçün mübahisəli evdən könüllü çıxması kimi qiymətləndirilməli və mübahisənin həlli zamanı nəzərə alınmalıdır. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvüləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin müəyyən edilmiş hallarından da görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə JN-164A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə verilərkən belə İddiaçı həmin mübahisəli fərdi yaşayış evində yaşamamış, ümumiyyətlə mübahisəli fərdi yaşayış evinə köçmək barədə heç bir real davranış nümayiş etdirməmişdir. İddiaçı bir daha mübahisəli evdə yaşamaq istəməmiş, əksinə daimi olaraq Bakı şəhərində özünə məxsus evdə yaşamışdır. İddiaçının ötən müddət ərzində heç vaxt mübahisəli evə qayıtmaq fikri olmamış və o barədə məhkəməyə müraciət etməmişdir. İddiaçının məhkəmədə cavabdehə qarşı irəli sürdüyü “Torpaq sahəsindən çıxarılma” və “Torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiaları təmin edilmədiyindən iddiaçı sonradan “Evə köçürülmə” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının mübahisəli fərdi yaşayış evində yaşamağa ehtiyacı olsaydı hazırki iddia tələbi ilə ilkin olaraq məhkəməyə müraciət etmiş olardı. Həmçinin Şəmkir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı hazırda köçmək istədiyi evlərin qanunsuz tikili kimi sökülməsinə dair əvvəllər məhkəmədə iddia qaldırılmışdır. İddiaçı məhkəmə iclası zamanı mübahisəli evi daimi deyil, müvəqqəti tərk etməsi halını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməmişdir. Əksinə, məhkəmə iclasında iddiaçının mübahisəli evdən könüllü olaraq çıxması, özünə daimi başqa yaşayış sahəsi seçməsi, o səbəbdəndən də həmin evi könüllü olaraq tərk etməsi və daimi yaşamaq üçün başqa yaşayış sahələrinə köçməsi və uzun müddət orada yaşaması məhkəmə iclasında tərəflərin izahatları və işin müəyyən olunmuş həqiqi halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq hesab edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olmadığı üçün o, mübahisəli evdə yaşamaq istəməmiş və həmin evi könüllü tərk edib daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Ona görə də onun mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarlarında istifadə hüququnun əmələ gəlməsi üçün etibarlı ailə əlaqələri ilə yanaşı, yaşayış sahəsinə zəruri ehtiyacın olmasını əsas şərt kimi müəyyən etmişdir. Hazırkı vəziyyətdə isə işin müəyyən olunmuş hallarına əsasən demək olar ki, iddiaçının Cavabdeh yaşadığı yaşayış sahəsinə ehtiyacı olmadığı üçün illər öncə öz yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli fərdi yaşayış evindən istifadə etməklə deyil, başqa yaşayış sahələrinə köçməklə təmin etmişlər. Göründüyü kimi iddiaçı atası Namaz İsmayılov tərəfindən inşa edilmiş yaşayış sahəsində böyümüş olsa da, sonrada mübahisəli fərdi yaşayış evindən çıxmış və bir daha ora qayıtmamış və həmin evdən istifadə etməmişdir. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək nəticəyə gəlir ki, yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə əsasən, iddiaçının iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının Şəmkir rayonu, Düyərli kəndində yerləşən, cavabdehin yaşadığı fərdi yaşayış evinə köçürülməsi tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olmasına dair mövqeyi razılaşmır və hesab edir ki, məhkəmə mübahisənin həllində maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının köçürülməsini xahiş etdiyi fərdi yaşayış evi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı əsasında verilmiş JN164A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Şəmkir rayonu Düyərli kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşməklə həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Həmin torpaq sahəsində yerləşən tikililər müliyyət kimi qeydə alınmamışdır və iddiaçının həmin tikililərə gözlənilən mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsində göstərilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi mülkiyyət hüququ qanunla qorunur və mülkiyyətçinin öz əmlakından istifadə etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin iddiaçının iddiaçının uzun müddət mübahisəli ünvandakı evdə yaşamaması, onun oradan başqa daimi yaşayış yerinə köçüb getməsi, uzun müddət susması, mülkiyyətçinin mülkiyyətindən istifadə hüququnu məhdudlaşdıran hal kimi qanunla müəyyən olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına istinad etməsi düzgün olmamışdır. Həm də qeyd olunmalıdır ki, məhkəmənin istinad etdiyi həmin normalar mülkiyyətçiyə yox, mülkiyyətçinin ailə üzvlərinə və ailə üzvü kimi köçürdüyü digər şəxslərə aiddir. Qanunla nəzərdə tutulmadığına görə qeyd olunan dəlillərlə mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində yerləşən, həm də mərhum valideynləri tərəfindən inşa edilmiş və özünün də uzun müddət yaşadığı evə köçürülməsini xahiş edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilərək iddiaçı mübahisəli ünvandakı evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(066)-495/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus olan Şəmkir rayonunun Düyərli kəndində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar