Məhkəmə qərarları › İş №2(104)-2029/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2029/2024

18.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2029/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxslər X9, X10, X11 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-1631/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-1631/2024 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın qismən təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X3 Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1631/2024-022 saylı qətnaməsinin təmin olunmamış hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Cavabdeh faktiki istifadəsində olan, birgə nikah müddətində inşa etmiş olduğu, gözlənilən mülkiyyət hüququ olan Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia üzrə Cavabdeh keçmiş əridir. O, onunla 2008-ci ilin yayında faktiki ailə qurmuşdur. Nikahlarını 09 iyun 2010-cü ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kənd İƏV-də rəsmi qeydə alınıb. Həmin nikahdan xx.xx.2010-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 iki uşağı olmuşdur. O, cavabdeh ilə ailə quranda cavabdehin atası Həsənə məxsus olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Üç il orada yaşadıqdan sonra cavabdehə məxsus olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikib həmin evə köçmüşlər. Hazırda ona və uşaqlarına məxsus olan bütün əmlaklar həmin evdədir. 2022-ci ilin oktyabr ayına kimi həmin evdə uşaqları ilə mübahisəsiz yaşamışdır. Ev iki otaqlı olmaqla, yaşayış və qeyri yaşayış sahəsindən ibarətdir. 2022-ci ilin oktyabr ayında cavabdehlə aralarında olan narazılığa görə, cavabdeh onu, azyaşlı iki uşağı ilə yaşadığı evdən qovmuşdur. Həmin vaxtdan o, uşaqları ilə birlikdə ata evində yaşayır. Ata evində uşaq saxlamaq ona çox çətindir. Lakin cavabdeh onlara mübahisə predmeti olan evdə yaşamalarına imkan vermir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, məhkəmə onun uşaqları ilə birlikdə cavabdehin yaşadığı, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qərar versin. Köçmək istədiyi və hazırda cavabdehin istifadəsində olan fərdi yaşayış evi cavabdehin faktiki istifadəsindədir. X9, X10, X11 və X4 işə üçüncü şəxs qismində cəlb olunmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edimişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmamış hissəsində qanunsuz və ədalətsizdir. Maddi və prosessual hüquqları pozmaqla qəbul edilmişdir. Belə ki, Cavabdeh onun keçmiş əridir. Onunla 2008-ci ilin yayında faktiki ailə qurmuşdur. Nikahları xx.xx.2010-cu ildə Şəmkir rayonunYuxarı Seyfəli kənd İƏN-də rəsmi qeydə alınıb. Həmin nikahdan xx.xx.2010-cuil təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə ailə qurarkən cavabdehin atası Həsənə məxsus olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Üç il orada yaşadıqdan sonra cavabdehə məxsus olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikib həmin evə köçmüşlər. Hazırda ona və uşaqlarına məxsus olan bütün əmlaklar həmin evdədir. 2022-ci ilin oktyabr ayında cavabdehlə aralarında olan narazılığa görə cavabdeh onu və iki azyaşlı uşaqlarını evdən qovmuşdur. Daha sonra isə Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-872/2023 saylı qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Həmin vaxtdan bəri o, uşaqları ilə birlikdə atası evində yaşayır. Ata evində uşaq saxlamaq çox çətindir. Lakin cavabdeh onlara mübahisə predmeti olan evdə yaşamaqlarına imkan vermir. Ona görə də məcbur olub məhkəmədə iddia qaldırmışdır. Şəmkir rayon Məhkəməsi isə bu iddianı qismən təmin etmişdir. Belə ki, məhkəmə azyaşlı uşaqları X12 və X3 mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmələrinə dair qərar qəbul etmişdir. Lakin onun həmin fərdi yaşayış evinə köçürülməyinə münasibətdə iddia tələbi təmin edilməmişdir. Məhkəmə azyaşlı uşaqlar həmin evdə anasız necə yaşayaması amilini nəzərə almamışdır. Heç bir hüqiqi əsas olmadan məhkəmə onu azyaşlı uşaqlarına münasibətdə valideynlik hüququndan məhrum etmişdir. Məhkəmə təqdim etdiyi sübutları obyektiv qiymətləndirməyib. Eyni zamanda cavabdeh tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Həmçinin iddia tələbini qəbul edib, evin Cavabdehla birgə nikah müddətində inşa olunduğunu təsdiq edib. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar iddianın təmin olunmamış hissəsində qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassızdır. Məhkəmə hansı daxili inamı və mötəbər sübutlar əsasında məni cavabdehlə birgə nikah müddətində əldə etmiş olduğum evdən məhrum edib, iddianı qismən təmin edib bu məhkəmə qətnaməsindən aydın deyil. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etsə də, cavabdehlə tikdirdiklərini iddia etdiyi evin Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yox, Aşağı Seyfəli kəndində yerləşdiyini, Yuxarı Seyfəli kəndində isə qaynanasının yaşadığını, həmin evin qaynanasına məxsus olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, iddiaçı ilə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yox, Aşağə Seyfəli kəndində yaşamış, onunla nikahı pozulduqdan sonra iddiaçı başqa birisi ilə ailə həyatı qurmuşdur. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X9, X10, X11 və X4 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqalrını və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək Cavabdeh izahatına uyğun izahat verdilər. X9 əlavə olaraq göstərdi ki, nəvələrinin onun evinə köçürülməsinə etirazı yoxdur. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyib, qətnamənin əsaslılığını yoxlayıb, apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 1336 nömrəli arayışdan görünür ki, Cavabdeh və İddiaçı 09 iyun 2010-cu ildə nikah bağlamışdılar. Nikah bağlandıqdan sonra ərə “Bayramov”, arvada “ Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 530862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-ci ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 972625 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-872/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılması və onların saxlanılması üçün hər uşağa görə 180 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan JN-2904A seriyalı 50413005 kodlu Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməsinin sürətindən görünür ki, Cavabdeh, X5, X6, X7, X2 Şəmkir rayon, Seyfəli kəndində 0.17 ha torpaq sahəsi verlmişdir. İş materiallarında olan 3-21-3-40/2-4991/2023 nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X15 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfidnən verilmiş məktubundan görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinin adlarına JN-2904A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. İş materiallarında olan 52 nömrəli 4 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Seyfəli kənd sakini Cavabdeh həqiqətən 2013-ci ilin noyabr ayından təbii qazdan istifadə edir və abonent kodu **********05850 olmaqla Şəmkir xidmət sahəsi üzrə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixinə təbii qazdan istifadəyə görə 211,54 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 01/400 nömrəli arayışdan görünür ki, Şəmkir rayon Şıxlı kənd sakinin Cavabdeh Şəmkir EŞ-nin kompüter bazasında xx.xx.2011-ci il tarixdən abonent kimi **********00745 saylı kod ilə qeydiyatdadır və 52455431 saylı elektrik sayğacından istifadə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2023-00367 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı Həsən qızı xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmişlər. Tələb birgə nikahlarından doğulmuş uşaqları ilə birlikdə, birgə nikah müddətində inşa etdiyi ilə fərdi yaşayış evinə köçüməyinə və həmin evdə yaşamağına razılıq verilməsi ilə bağlı olmuşdur. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2010-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. İddiaçı evləndikləri vaxdan Şəmkir rayon Yuxarı Seyfəli kəndində yerləşən qaynanasına məxsus fərdi yaşayış evinə gəlin köçmüş olsa da, 2010-cu ildən Şəmkir rayonu Aşağı Seyfəli kəndinə köçmüş, onunla Cavabdeh arasında mübahisə yaranmış və onlar arasında olan nikah məhkəmənin qərarı ilə pozulmuşdur. Bundan sonra İddiaçı uşaqları ilə birlikdə 2022-ci ildə həmin evdən çıxmışıdır. Onların nikahı 2023-cü ildə məhkəmə qətnaməsi pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsinə verilməklə, onların saxlanılmaları üçün cavabdehdən aliment tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ata evində yaşaması çətin olduğu üçün həmin evdən lazımi qədər normal istifadə edə bilmədiklərinə görə uşaqları ilə birgə Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmiş, məhkəmə iclasında verdiyi izahatında isə bildirdi ki, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evi qaynanasına məxsusdur və o, əslində həmin evə yox, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən Cavabdehla birlikdə tikdirdikləri evə köçürülməsini xahiş edir. İddia tələbini qismən təmin etmiş birinci instansiya gəldiyi nəticəni onunla əsalandırmışdır ki, Mənzil Məcəlləsinin 30.4-ci maddəsinin tələbləri baxımından iddiaçı Cavabdeh keçmiş ailə üzvü hesab olunur. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 872/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə müəyyən müddətə istifadə hüququnun saxlanılması ilə bağlı məhkəməyə müracət edə bilərdi. Hazırda isə iddiaçı 2 ilə yaxın müddətdir ki, mübahisəli mənzildə yaşamır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə iclası zamanı izahatında mübahisəli əmlakın birgə nikah dövründə tikilməsini qeyd etsə də, cavabdehin nümayəndəsi həmin halı təsdiq etməmiş, iddiaçı isə qeyd etdiyi halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olduğundan və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanın olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddiaçı gəlin köçən zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin adına dövlət qeydiyyatına alınmadığından, ev birgə nikah dövründə əldə olunmadığından və cavabdehin həmin evdə istifadə hüququnun yaranmasına dair nə məhkəmə qətnaməsi nə də notarial qaydada təsdiq olunmuş saziş olmadığından iddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən onun həmin evə orada yaşayanların iradəsi ziddinə köçürülməsi əsassızdır. Bundan başqa, tərəflərin birgə nikahdan doğmuş uşaqları Həsən Bayramov və Şəhla Bayramova Cavabdeh doğma uşaqları olmaqla mübahisəli evdə doğulduqlarından, həmin vaxtdan 2022-ci ilə kimi həmin evdə yaşadıqlarından, onlarla cavabdeh arasında mülki hüquq münasibəti doğulduqları andan, yəni Həsən Bayramova münasibətdə xx.xx.2010-cu il və Şəhla Bayramovaya münasibətdə xx.xx.2012-ci ildən yaranmışdır. Ona görə də həmin mübahisəli hüquq münasibətinə də yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Həsən Bayramov və Şəhla Bayramova Cavabdeh ailə üzvüdür (uşaqlarıdır), mübahisəli fərdi yaşayış evi isə iddiaçı ilə yanaşı onun anası, qardaş və bacılarının adına verilmiş və onların istifadəsində olan torpaq sahəsindən ayrıla bilməyən tərkib hissəsi olmaqla torpaq sahəsi ilə vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən Həsən Bayramovun və Şəhla Bayramovanın doğulduğu andan, yəni müvafiq olaraq xx.xx.2010cu il və xx.xx.2012-ci il tarixdən mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Onlar qeyd edilən tarixdən evdən məcburiyyət qarşısında çıxdıqları vaxta qədər, yəni 2022-ci ilin sonlarına qədər fasiləsiz olaraq həmin evdə yaşamış, həmçinin cavabdehlə birgə təsərrüfatı aparmış, həmin əsasla onların mübahisəli evin yaşayış sahəsindən cavabdehlə bərabər şərtlər daxilində istifadə etmək hüquqları əmələ gəlmişdir. Məhkəmə, tərəflərin birgə nikahından doğulmuş Həsən Bayramov və Şəhla Bayramovanın həmin ünvanda doğulub böyüməsini, cavabdehin ailə üzvü olmalarını və uzun müddət fasiləsiz olaraq mübahisəli evdə yaşamalarını sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların valideynləri arasında yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onların daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfdən mübahisələndirilmədiyinə görə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası öncə qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh tərəfin mübahisəsiz qaydada təsdiq etdikləri hal ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə ailə qurarkən qaynanası Nümayəndə2 məxsus olan Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş olsa da, 2010-cu ildən 2022-ci ilin axırlarına kimi Şəmkr rayonunu Aşağı Seyfəli kəndində olan fərdi yaşayış evində yaşamışdır. Hazırda da o, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə yox, Şəmkir rayonunu Aşağı Seyfəli kəndində olan fərdi yaşayış evinə köçmək istəyir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı keçmiş qaynanası olan üçüncü şəxs Nümayəndə2 Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmamaqla, onun ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə iddiaçının Nümayəndə2 Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi üçün əsaslar mövcud deyildir. Ona görə də birinci instansiya məhkəməsi İddiaçı münasibətdə təmin etməməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətinin dəlillərində də iddia ərizəsində olduğu kimi 2009-cu ildə gəlin köçməsi, 2010-cu ildən nikahlarını rəsmi qeydə almaları, həmin evdə yaşadığı müddətdə iki uşağının doğulması, hazırda başqa yaşayış yerinin olmamasını qeyd etmişdir ki, həmin xüsusatlar da yuxarıda qeyd edildiyi kimi, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə iddiaçının hüququnun yaranması üçün əsas deyildir. İddiaçı apellyasiya şikayətində fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsini göstərsə də, bu barədə dəlilini nə birinci instansiya məhkəməsində, nə də məhkəmə kollegiyasının iclasında təqdim etməmişdir. Odur ki, kollegiya göstərilənləri iddiaçının formal mülahizəsi hesab edir. Cavabdeh iddianın təmin edilmiş hissəsini mübahisələndirmədiyindən kollegiya birinci instansiya məhkəməsinin gəldiyin nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətinin dəlilləri həddində birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına əməl edilməsi vəziyyətini yoxlayıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1. 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-1631/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar