Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-203/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili X5, Cavabdeh və onun vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsində əkilmiş yonca bitkisinin həmin sahədən cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsində əkilmiş ağacların və yonca bitkisinin həmin sahədən cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən ümumi sahəsi 382 hektar otlaq sahəsinin 17 hektar hissəsini özbaşına zəbt etmiş cavabdehin qanunsuz sahibliyinə son qoyulması üçün onun həmin torpaq sahəsindən çıxarılması və zəbt edilmiş torpaq sahəsində özbaşına əkilmiş ağacların və yonca bitkisinin həmin sahədən cavabdehin vəsaiti hesabına çıxarılmasına və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02 sentyabr 2000-ci il tarixdə 101 saylı icarə müqailəsi əsasında Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37 nömrəli sahə ünvanında yerləşən ümumi sahəsi 382 ha otlaq torpaq sahəsini 99 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsində onun mülkiyyətində olan ferma binası mövcud olmuşdur və icarəyə götürdüyü 382 ha torpaq sahəsini təyinatı üzrə istifadə edərək həmin torpaqlarda xırda buynuzlu heyvanlarını otarmışdır. Cavabdeh onun istifadəsində və sahibliyində olan Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37 nömrəli sahə ünvanında yerləşən ümumi sahəsi 382 ha. otlaq torpaq sahəsinin bir hissəsini özbaşına və qanunsuz olaraq olaraq zəbt etmiş, zəbt etdiyi torpağın 12 hektar sahəsinə meyvə ağacları, 5 hektar sahəsinə isə yonca bitkisi əkmişdir. Cavabdehin Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37 nömrəli sahə ünvanında yerləşən istifadəsində olan torpaqlarının bir hissəsini zəbt etməsi səbəbindən o kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətini normal həyata keçirmək hüququndan məhrum olmuşdur. O, Cavabdeh tərəfindən zəbt olunmuş istifadəsində olan torpaq sahələrinin qanunsuz zəbtdən azad olunması üçün dəfələrlə cavabdehə iradlar bildirsə də, lakin cavabdeh qanunsuz zəbt etmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrini boşladıb ona qaytarmamışdır. Onun icarə torpaqlarının cavabdeh tərəfindən zəbtdən azad edilməsi üçün onun etdiyi təkidli tələblərinə məhəl qoymaması səbəbindən o Cavabdeh istifadəsində olan torpaqların zəbtdən azad olunması və cavabdeh tərəfindən həmin torpaqlardakı özbaşına əkilmiş çoxsaylı ağacların və yonca bitkilərinin çıxarılmasının onun hesabına sökülməsi tələbi ilə Şəmkir rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, onun istifadəsində olan torpaq sahəsinin bir hissəsindən məhrum olmuş, istifadə və sahiblik hüquqları pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı mülki iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) idda tələbinin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 02 sentyabr 2000-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Ceyrançöl qışlağında 36 saylı sahədən 383 hektar örüş sahəsi İddiaçı Abdürrəhman oğlunun icarəsinə verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2- 1(104)-175/2016 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(083)-131/2016 saylı qərarı dəyişdirilmiş, Şəmkir rayonu Ceyrançöl qışlağında 36 və 37-ci sahədə yerləşən 382 ha otlaq sahəsinə dair hüququn və həmin sahədə yerləşən «A» literli olan 26.8 kv.m çoban olacağından, «B» literli olan 24.8 kv.m çoban olacağından, «C» literli olan 166.5 kv.m tövlədən, «D» literli olan 70.9 kv.m tövlədən və «E» literli olan 83.7 kv.m tövlədən ibarət yatağa mülkiyyət hüquqlarının İddiaçı adına dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8-1(104)-60/2021 saylı iş üzrə 01 noyabr 2021-ci il tarixli qərardadında göstərilmişdir ki, 2-1(083)-131/2016 nömrəli inzibati işin materiallarından görünür ki, İddiaçı ilə Şəmkir Rayon İcra Hakimiyyəti arasında bağlanmış 02 sentyabr 2002-ci il tarixli, 101 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı 595 baş xırda buynuzlu mal-qaranı saxlamaq üçün Ceyrançöl qışlağında 36 və 37 saylı sahədən 382 hektar örüş sahəsi icarəyə verilmişdir. Həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Qeyd edilən qərarın məzmunundan görünür ki, işin faktiki halı kimi Şəmkir rayon İcra Hakmiyyəti ilə İddiaçı arasında Ceyrançöl qışlağında 36 və 37 saylı sahədən 382 hektar örüş sahəsinin sonuncunun icarəsinə verilməsi barədə icarə müqaviləsinin 02 sentyabr 2002-ci il tarxdə bağlandığı, müqavilədə onun müddətinin 92 il göstərilməsinə baxmayaraq müqavilənin 15 ilə bağlandığı müəyyən edilmişdir. Qərarın məzmunundan göründüyü kimi, müqavilənin bağlandığı və qüvvədə olduğu müddət aydındır. Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(076)-2674/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı X6 məxsus olan, Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37 nömrəli sahədə yerləşən 0.0414 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən, ümumi sahəsi 372.8 kvadratmetr əmlak kompleksi kimi müəssisədən və həmin müəsisəsnin yerləşdiyi 0.0414 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət olunmuşdur. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37 nömrəli sahədə yerləşən 372.8 kvadratmetr daşınmaz əmlak və orada yerləşən 0.0414 hektar torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Torpaq sahəsi X4 istifadəsindədir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehin təqdim etdikləri ərazidə 9.6788 hektar sahədə çoxillik əkmələr, 46.6369 hektar torpaq sahəsində əkin sahəsi, 347 kvadratmetr torpaq sahəsində tikili və 989 kvadratmetr torpaq sahəsində isə su hovuzu mövcuddur. Lakin iddiaçının təqdim etdiyi sənədlər toplusunda koordinatları özündə əks etdirən hüquqmüəyyənedici sənədlər olmadığı üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinin verilməsi üçün tədqiqatının dəyəri 1280 manat manat təşkil edir. Məhkəmə tikinti–texniki ekspertizasının 02 dekabr 2020-ci il tarixli, 10/2234 nömrəli rəyindən görünür ki, Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsində yerləşən iddiaçı və cavabdehin təqdim etdikləri ərazidə 9.6788 hektar sahədə çoxillik əkmələr, 46.6369 hektar torpaq sahəsində əkin sahəsi, 347 kvadratmetr torpaq sahəsində tikili və 989 kvadratmetr torpaq sahəsində isə su hövuzu mövcuddur. Lakin iddiaçının təqdim etdiyi sənədlər toplusunda koordinatları özündə əks etdirən hüquqmüəyyənedici sənədlər olmadığı üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Rəydə ekspert tərəfindən qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyinə əlavə olunmuş kompleks yerqurluşu planı, mübahisəli ərazinin sxemləri aydın göstərilmədiyindən, sxemlərə əsasən müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, “Ceyrançöl” massivi 36-37 saylı qış-otlaq sahəsinin 382.0 ha torpaq sahəsi üzərində 02 sentyabr 2000-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2016-ci ildən xx.xx.2031-ci iilədək İddiaçı icarə hüquqları 20 sentyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 fevral 2023-cü il tarixli mütəxəsiss rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin 10/163 saylı, 04 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı icarəsində olan ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışda və A seriyalı, 821225 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə qeyd olunan, Şəmkir rayonu “Ceyrançöl” massivi 36-37 saylı qış otlaq sahəsində yerləşən 382,0 ha torpaq sahəsinin 27,65 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan 27,65 ha-dək torpaq sahəsinin 13,3071 ha-dək torpaq sahəsində taxıl, 3,1529 ha-dək sahəsində yonca və 11,0473 ha-dək torpaq sahəsində isə ağac əkilmişdir. Eyni zamanda həmin torpaq sahəsində 0,0159 ha (159.0 kvm) tikili və 188,0 (0,0188 ha) arxac inşa edilmiş və 0,1051 ha ölçüdə göl salınmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tədqiqatının dəyəri 95 manat, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində qeydiyyatda olan İddiaçı Ceyrançöl qışlağında 36 saylı sahədən 382 hektar örüş sahəsini istifadə və idarə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Bakı şəhəri, Şağan qəsəbəsi, Ş.İ.Xətai küçəsi 1 saylı evdə qeydiyyatda olan Cavabdeh etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı mülki iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, qeyd edilən torpaq sahəsi onun icarəsindədir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onun icarəsində olan 382 ha torpaq sahəsindən istifadə edə bilmir. Məhkəmə heç bir maddi sübuta əsaslanmadan iddia tələbini təmin etməmişdir. Ona görə də Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(104)-3579/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(104)-3579/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(102)- 2995/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(104)-3579/2021 saylı qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsində ikinci icraat: İddia tələbinin həcminin artırılması Apellyasiya instansiyasında ikinci icraat zamanı iddiaçı X1 iddia tələbinin həcmini artıraraq, Cavabdeh ona məxsus Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən ümumi sahəsi 382 hektar otlaq sahəsinin 27 hektar hissəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin 17 ha deyil, 27 ha olmasını iş üzrə ekspert rəyi alındıqdan sonra bildiyindən Mülki Prosessual Məcəllənin əsasən 372.2-ci maddəsinin tələbinə əsasən məhkəmə kollegiyası yeni tələb qismində cavabdehin əlavə olaraq 10 ha torpaq sahəsindən çıxarılma ilə bağlı tələbini icraata qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəfindən Cavabdeh verilmiş xx.xx.2015-ci il tarixli etibarnaməni ləğv etdirmişdir. X6 məxsus olan, Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37 nömrəli sahədə yerləşən 0.0414 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə hazırkı mübahisəyə aidiyyəti yoxdur. Həmin torpaq sahəsi onun torpaq sahəsinin daxilində yerləşməklə, onun icarə hüquqları qeydə alınan zaman həmin şəxsə torpaq sahəsinə gediş-gəliş yolu da vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X8 bildirmişdir ki, iddiaçının icarə hüquqlarının qeydə alınmasının cavabdeh tərəfindən mübahisələndirilməsi isə mümkünsüzdür. Belə ki, mübahisəli torpaq sahəsinə cavabdehin heç bir hüquqmüəyyənedici sənədi mövcud olmamaqla, həmin qeydi mübahisələndirməsi üçün subyektiv hüquqa da malik deyildir. Cavabdehin iddiaçının icarəsində olan torpaq sahəsini zəbt etməsi ekspert rəyi ilə təsdiq olunmaqdadır. Buna görə də iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməməsini və iddia tələbinin əsaslı hesab edilərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini istifadəsi ilə əlaqədar ona etibarnamə də vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X9 bildirmişdir ki, hazırda iddiaçının icarə hüquqlarının qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydi mübahisələndirmişlər. Buna görə də hesab edir ki, hazırkı işə baxılması mümkün deyildir. Buna görə də icraatın dayandırılmasını xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçının mübahisəli əraziyə icra hakimiyyətindən sərəncamı vardır. Məhkəmə iclası təxirə salınacağı təqdirdə həmin sənədləri məhkəməyə təqdim edə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
16. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdqi edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları:
3. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, zəbt edilmiş əraziyə əkilmiş ağacların çıxarılması hissəsində iş üzrə icraata xitam verilməli, qalan hissədə isə iddia təmin edilməlidir. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının iddia etdiyi ərazini zəbt etməsi öz təsdiqini tapmamış, iddiaçı buna dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin icarədarı olsa da mübahisəli torpaq sahəsinin cavabdehin sahibliyində olması faktı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da hazırkı apellyasiya icraatı zamanı iddiaçının icarə hüquqları xx.xx.2016-ci ildən xx.xx.2031-ci ilədək 20 sentyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmışdır. İş üzrə əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 fevral 2023-cü il tarixli mütəxəsiss rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 10/163 saylı, 04 aprel 2023-cü il tarixli ekspert rəyi ilə isə İddiaçı icarəsində olan Şəmkir rayonu “Ceyrançöl” massivi 36-37 saylı qış otlaq sahəsində yerləşən 382,0 ha torpaq sahəsinin 27,65 ha-dək hissəsinin Cavabdeh tərəfindən istifadə olunması, istifadə olunan 27,65 ha-dək torpaq sahəsinin 13,3071 hadək torpaq sahəsində taxıl, 3,1529 ha-dək sahəsində yonca və 11,0473 ha-dək torpaq sahəsində isə ağac əkilməsi müəyyən edilməklə, torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin ona məxsus olmasını və ya torpaq sahəsinə faktiki sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsinə dair icra hakimiyyətinin müvafiq sərəncamlarının olduğunu bildirsə də bu bu sənədləri məhkəməyə təqdim etməmişdir. Hərçənd ki, hazırkı iş 2020-ci ilin fevral ayından etibarən məhkəmələrin icraatında olmuşdur. Digər tərəfdən cavabdehin iddia etdiyi sərəncamlar mövcud ola biləcəyi təqdirdə həmin sənədin hüquqi qüvvəsi iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlarından üstün qüvvəyə malik ola bilməyəcəkdir. Bundan başqa cavabdeh məhkəməyə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin onun istifadəsinə və idarəçiliyinə verilməsinə dair xx.xx.2015-ci il tarixli etibarnamə təqdim edərək, dolayısı ilə mübahisəli torpaq sahəsi üzərində sahibliyinin qanuni olmasını iddia etmişdir. Bununla əlaqədar olaraq isə məhkəmə kolegiyası qeyd edir ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır ki, etibarnaməni ləğv etdirmədən hüquq sahibinin öz əşyasını etibarnaməli idarəçiliyə verdiyi şəxsdən geri tələb etmək hüququ istisna olunmur. Hüquq sahibi öz əşyasını etibarnaməli idarəçiliyə verdiyi şəxsdən tələb etdiyi halda vəkalət alan şəxs əşyanı geri qaytarmırsa artıq o, qanunsuz sahib hesab olunur. Hərçənd ki, iddiaçı həmin etibarnamənin tərəfindən ləğv edildiyini iddia etmişdir ki, cavabdeh də iddiaçının bu iddiasına qarşı hər hansı bir etirazını irəli sürə bilməmişdir. Məhkəmə kolegiyası Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə müvafiq olaraq iş üzrə icraatın cavabdehin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsində iddiaçının icarə hüquqlarının qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydi mübahisələndirməsinə dair inzibati işə baxılıb həll edilənədək dayandırılmalı olması ilə bağlı cavabdeh tərəfin mövqeyi ilə də razılaşmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmadığı təqdirdə işə iş üzrə icraat dayandırılır ki, hazırkı mübahisəyə baxılmasını qeyri-mümkün edən hər hansı bir hal mövcud olmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının mübahisəli torpaq sahəsi üzərində icarə hüquqları mövcud olmaqla, cavabdehin isə mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilməməkdədir. Hazırkı mübahisə isə 3 ildən artıq davam etməkdədir ki, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində qalması iddiaçının mövcud hüquqlarının pozulmasına səbəb olmaqdadır. Cavabdehin isə əlavə iddia qaldırmaqla mübahisəni uzatması iddiaçının hüquqlarının pozulmasının davam etməsinə səbəb olmaqdadır. Hərçənd ki, cavabdeh iddiaçının mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərini ləğv etdirilməsinə nail olacağı və mübahisəli torpaq sahəsinə hər hansı bir hüququnun mövcud olacağı təqdirdə iddiaçının torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırmaq hüququ da istisna olunmayacaqdır. Lakin, hazırkı gündə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə qaytarılması qanuni və ədalətli hesab olunur. Buna görə də məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılmasını əsassız hesab etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzrəində sahibliyinin qanunsuz olması sübuta yetirildiyindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinini qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Həmçinin, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün əvvəlcədən ödənilmiş 95 manat və iddia ərizəsi verilərkən qüvvədə olmuş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.4.11-ci maddəsinə müvafiq olaraq 10 manat dövlət rüsumu cavadbehdən alınaraq iddiaçıya ödənilməli, 150 manat ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq aidiyyəti üzrə ekspert rəyini vermiş təşkilata ödənilməlidir. Ödənilməmiş 1280 manat mütəxəsis tədqiqatının dəyəri isə Mülki Prosessual Məcəllənin 116.2-ci maddəsinin tələbinə müvafiq olaraq məntiqli həddə, yəni sonrakı mütəxəsiss rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyərinə uyğun olaraq 95 manat həddində müəyyən edilməli və cavabdehdən tutularaq mütəxəssis rəyini vermiş təşkilatın hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh İddiaçı icarəsində olan, Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən, ümumi sahəsi 382 (üç yüz səksən iki) hektar otlaq sahəsinin zəbt etmiş olduğu 27 (iyirmi yeddi) hektar hissəsindən çıxarılsın. Zəbt edilmiş torpaq sahəsinin 3,1529 ha-dək sahəsində Cavabdeh tərəfindən əkilmiş yonca bitkisi Cavabdeh hesabına biçilərək götürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 (on) manatı və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası mərkəzinin hesabına köçürülsün. Məhkəmə xərci qismində mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 95 (doxsan beş) manat Cavabdeh alınaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.