Məhkəmə qərarları › İş №2(104)-2045/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2045/2023

23.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2045/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3788/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3788/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi, 2-ci döngə, 22 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh dövlət rüsumu hesabına 100 manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3788/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus Gəncə şəhəri, R.Qasımov küçəsi, 2-ci döngə, ev 22-də olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ev onun mülkiyyətindədir. Cavabdeh oğlunun keçmiş arvadı olmuşdur. Cavabdehin ona məxsus evə köçürülməsi məhkəmə qətnaməsi ilə qət edilsə də, evə köçməkdən imtina etmiş, özünə məxsus əşyalarını evdən çıxardaraq köçüb başqa ünvanda yaşayır. Cavabdehin onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırmaları qeyri-obyektiv şəraitdə aparılmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin sübutetmə maddələrinin tələblərini bilə-bilə pozmaqla, qərəzli surətdə qəsdən tərəflərin çəkişmə prinsipini, eləcə də barşıq razılaşması prinsipini təmin etmədən məhkəmədə onun müdafiə hüquqlarını pozmaqla qətnamə çıxarılmışdır. Buna sübut məhkəmədə onun müdafiə hüquqlarının Konstitusiyada qeyd edilən kimi təmin edilməməsi, tərəflər arasında çəkişmə prinsipinin təmin edilməməsidir. Bundan başqa iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, iddia tələbinin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınmamışdır. Hansı ki, bu da xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası adından çıxarılmış onun və iki azyaşlı övladlarının evə köçürülmə ilə bağlı 11 iyun 2015-ci il tarixli, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1765/2015 saylı qüvvədə olan qətnaməsini heçə saymaqla, qətnamə çıxarmışdır. Həmin sübutları məhkəmə nəzərə almamışdır. Onun evdə yaşamaq hüququ olduğu halda, iddiaçı tərəfindən rəsmi sübut təqdim edilmədiyi halda iddia təmin edilmişdir. Məhkəmədə kompensasiya verməklə razılaşma sazişi hakim tərəfindən tərəflərə təkliflər olunmamış, məhkəmə araşdırmaları iddiaçı tərəfin sübutlarsız xeyrinə çıxarılmışdır. Hər iki uşaqların əqli problemli olmaları, xüsusi qayğıya ehtiyaclı olduqları, tərəfindən təqdim edilmiş vəsatət də nəzərə alınmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, və məhkəmə iclasında iştirak edən proses iştirakçılarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3788/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X3 və X4 adlarına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(044)-1765/2015 nömrəli qətnaməsindən görünür ki, X1 uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüquqlarının tanınmasını xahiş etmiş, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilərək iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə icra idarəsinin icra məmurları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, 11 iyun 2015-ci il tarixli, 2(044)-1765/2015 nömrəli icra sənədinə əsasən X5 uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi üçün aparılmış, lakin X5 borclularla yaşamaqdan qorxduğunu əsas gətirərək həmin evə köçməkdən imtina etmişdir. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, qeyd olunan icra sənədi icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1402/2020 saylı qətnaməsinin surətindən görünür ki, X7, X6 və İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Gəncə şəhəri, R.Qasımov küçəsi, 2-ci döngə, ev 22 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, məhkəmə cavabdehə kompensasiya ödənilmədən həmin evdən istifadə hüququna xitam verilməsinin mümkün olmadığını qeyd edərək iddianı təmin etməmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 797 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda yaşamır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, Ş.Ş 135944/18 nömrəli məktubdan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-893/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 yaşadığı Gəncə şəhəri, R.Qasımov küçəsi, 2-ci döngə, ev 22 ünvanında yerləşən tələbkar Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması qət edilmişdir. İcra sənədi qismən icra olunmuş və tərəflərindən tərtib edilmiş aktla təsdiq olunmuşdur. İcra sənədinin icrası davam etdirilir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X3 və X4 adlarına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Cavabdehin İddiaçı məxsus evə köçürülməsi məhkəmə qətnaməsi ilə qət edilsə də, iddia tələbi həmin evdən istifadə hüququnun tanınması hissəsində təmin edilməmiş, qətnamə icraya yönəldilmiş, lakin tələbkar Cəfərova (Məmmədova) Yaqut Aytəkin qızı evə köçməkdən imtina etmiş, özünə məxsus əşyalarını evdən çıxardaraq köçüb başqa ünvanda yaşayır. İddiaçı, X3 və X7 2020-ci ildə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 həmin evdən istifadə hüququna xitam verilməsini xahiş etmiş, məhkəmə cavabdehin mübahisəli ünvandakı fərdi yaşayış evində istifadə hüququnun olmasının iddiaçılar tərəfindən mübahisələndirilməməsinə əsaslanaraq, pul kompensasiyası ödənilmədən cavabdehin həmin evdə istifadə hüququna xitam verilməsinin mümkün olmadığını göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ...... həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyat alındığından, mübahisəli mənzillə bağlı hüquq münasibətləri hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin maddi hüquq normaları tətbiq olunmalı və iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İşin hallarından göründüyü kimi cavabdeh onun həmin evə köçüb yaşamasına maneçilik törədildiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əksinə iş materiallarındakı aktdan göründüyü kimi cavabdeh mübahisəli ünvandakı evə köçüb yaşamaqdan imtina etmiş, ən azından 2016-cı ilin aprel ayından mübahisəli ünvandakı evdə yox, ünvan 5 Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, cavabdeh həmin mənzilə köçüb yaşamaqdan könüllü olaraq imtina etmiş, uzun müddətdir köçərək başqa yerdə yaşayır və iddia tələbinin təmin edilməsi onun mənzil hüquqlarının pozulması ilə nəticələnmir. Çünki iş materiallarından göründüyü kimi onun mübahisəli ünvandakı evə köçürülməyə dair iddia tələbi təmin edildikdən sonra belə o, həmin evə köçürülməsi üçün təşəbbüs göstərməmiş, əksinə icra sənədinin icra edilməsi üçün icra məmuru tərəfindən həmin evə köçürüldükdə belə, qorxduğunu bəhanə edərək həmin evə köçməkdən imtina etmişdir. Bu isə cavabdehin başqa yaşayış yeri ilə təmin olunmasına dəlalət edir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə Mülki Prosessual Məcəllənin sübutetmə maddələrinin tələblərini bilə-bilə pozmaqla, qərəzli surətdə qəsdən tərəflərin çəkişmə prinsipini, eləcə də barşıq razılaşması prinsipini təmin etmədən məhkəmədə onun müdafiə hüquqlarını pozmaqla qətnamə çıxarmışdır. Kollegiya şikayətin həmin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İş materiallarından və şikayətlə mübahisələndirilən qətnamədən görünür ki, tərəflər, o cümlədən cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış və Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası adından çıxarılmış onun və iki azyaşlı övladlarının evə köçürülməsi ilə bağlı 11 iyun 2015-ci il tarixli, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1765/2015 saylı qüvvədə olan qətnaməsini heçə saymaqla, həmin sübutları nəzərə almamasına dair dəlilini də əsassız sayır. Çünki iş materiallarından göründüyü kimi cavabdeh Cəfərova (Məmmədova) Yaqut Aytəkin qızı icra sənədinə uyğun olaraq mübahisəli ünvandakı evə köçürülməsi üçün aparılmış, lakin sonuncu həmin evə köçməkdən imtina etmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3788/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar