Məhkəmə qərarları › İş №2(104)-2047/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2047/2025

27.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2047/2025 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbə qarşı mülki iş üzrə Açar sözlər: təhsilverənlərin sertifikatlaşdırılması; sertifikatlaşdırmadan təkrar keçməyən işçinin əmək müqaviləsinə xitam verilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2(040)-1071/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi tərəfindən imzalanmış 25 iyun 2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmrin surətindən görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə təhsil idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır.

2. Kəlbəcər rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı ünvanlanmış məktubdan görünür ki, o, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlandırılmışdır.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin Şərqi Zəngəzur regional təhsil idarəsinin tabeliyində olan Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmrinin surətindən görünür ki, təhsilverənlərin peşə səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə, Kəlbəcər rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir.

4. 18 iyul 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

5. Kəlbəcər rayonu İcra Hakimiyyəti başçısının 15 noyabr 2025-ci il tarixli 5-5/3-2-122/2025 nömrəli sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı qardaşı 24 avqust 1978-ci il tarixdə anadan olmuş X1 qəyyum təyin edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsasıandırmışdır ki, o, 2002-ci ildən Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbdə ixtisası üzrə riyaziyyat müəllimi işləyir; işlədiyi iyirmi üç il müddətdə həmişə işinə məsuliyyətli olmuş, işlədiyi kollektivdə, şagirdlər və valideynlər arasında həmişə böyük hörməti olmuş, dərs keçdiyi şagirdlərindən əksəriyyəti yüksək balla ali məktəblərə qəbul olmuşdur. Onu da qeyd edir ki, ailədə yeganə qazanc gətirən şəxs odur. Himayəsində birinci dərəcəli əlil qardaşı var və həmin qardaşına da da o baxır; onun başqa yerdən gəliri yoxdur, yalnız aldığı əmək haqqı ilə ailəsini dolandırır. 2025-ci ilin iyun ayında təkrar keçirilən sertifikasiyada iştirak etmiş, həmin vaxt yüksək qan təzyiqi olduğu üçün müvafiq keçid balını yığa bilməmişdir; beş sualı düzgün yaza bilməmişdir ki, həmin suallar da onun ixtisasına aid olmayan suallar olmuşdur. O, öz ixtisasına aid sualların hamısını yazmışdır. Buna baxmayaraq, Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh təşkilat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini əsas gətirərək onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində qeyd edilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilir. Həmin bəndin qeyd hissəsində göstərilir ki, bu maddənin “c” bəndində “səlahiyytli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azarbaycan Respublikasnda dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası Əmək Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Hazırkı mübahisədən isə görünür ki, səlahiyyətli orqanın onun peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə heç bir qararı yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1ci bəndində qeyd edilir ki, işəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ișçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qeyd etdiyi kimi, onun himayəsində birinci dərəcəli əlil olan qardaşı vardır, ona görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi bu hissədə də qanunsuzdur. Ona görə də hesab edir ki, Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmri ləğv edilməlidir.

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur regional təhsil idarəsi məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

9. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, 2024-cü ilin iyun ayında keçirilən serifikasiya imtahanında üzrlü səbəbdən iştirak edə bilməmiş, 2025ci ildə keçirilən sertifiksiya imtahanında isə 25 bal toplayaraq keçid balı olan 30 balı əldə edə bilməmişdir. Nəticədə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur, belə ki, onun himayəsində birinci dərəcəli əlil qardaşı var, lakin rəsmi olaraq qardaşına anası Nazilə Hüseynova baxır.

10. Cavabdeh Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 iştirak hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı işdən azad edilməsinə dair onun tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmr qanuni və əsaslı olmaqla eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktorunun 25 iyun 2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 saylı əmrinə əsaslanmışdır. Doğrudur, İddiaçı təcrübəli və öz ixtisasını yaxşı bilən müəllimdir və işlədiyi müddət ərzində yaxşı şagirdlər hazırlamışdır.

11. Kəlbəcər Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2(040)-1071/2025 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilməmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 35 və 60-cı maddələrinə, Əmək Məcəlləsinin 1, 12, 68, 70, 76, 79, 287, 288, 289 və 290-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”-nın 5.1-ci bəndinə, habelə Mülki- Prosessual Məcəllənin 13.1, 14.2, 77.1, 81, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, himayəsində birinci qrup əlil qardaşı var. Məhkəmə qeyd edir ki, İddiaçı himayəsində birinci dərəcəli əlil qardaşı olduğunu bildirsə də, bununla bağlı heç bir rəsmi məlumat müəyyən edilməmişdir. Onun təqdim etdiyi ailə tərkibi haqqında arayış məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Buna görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci hissəsinin müddəaları (öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır). Hazırki halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün tətbiq edilə bilməz. 1-ci qrup gözdən əlil qardaşı X3 onun himayəsindədir. Bu barədə məhkəməyə arayış təqdim etmişdir. Məhkəmə həmin arayışı əsassız olaraq mötəbər sübut kimi qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsində işə baxılan müddətdə həmin sübutları üzrlü səbəbdən məhkəməyə təqdim edə bilməmişdir. Həmin sübutları apellyasiya məhkəməsinə təqdim edəcək. Himayəsində 1-ci qrup əlil qardaşı olduğundan məhkəmə onun iddia tələbinə Əmək Məcəlləsinin həmin maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2002-ci ildən Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbdə ixtisası üzrə riyaziyyat müəllimi işləmişdir. İlk dəfə keçirilmiş sertifikasiyada iştirak edə bilməmişdir. 2025-ci ilin iyun ayında təkrar keçirilən sertifikasiyada iştirak etsə də, lakin həmin gün yüksək qan təzyiqi olduğu üçün müvafiq keçid balını yığa bilməmişdir. Dedilər ki, ilk sertifikasiyaya getməyə gərək yoxdur, ona görə də həmin imtahana getməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının himayəsində birinci qrup əlil qardaşı vardır və birinci instansiya məhkəməsinə də bu barədə sənəd təqdim edilmişdir. Məktəbin direktoru özü də məhkəmə iclasında bu faktı təsdiq etmişdir. Əmək Məcəlləsində nəzərdə tutulmuşdur ki, himayəsində orqanizm funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməz. Cavabdeh təşkilatın nümayəndəsi də bu faktı qəbul etsə də, lakin məhkəmə iclas protokolunda bu öz əksini tapmamışdır. İddiaçı da Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş imtiyaza malik şəxsdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Həmin əmr qəbul edildikdən sonra birinci qrup əlil qardaşı iddiaçının qəyyumluğuna verilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. iddianı təmin etməmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Maddə 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.

20. Maddə 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 67-2, 1-ci hissə. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

22. Maddə 67-2, 3-1-ci hissə. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

23. Maddə 67-2, 4-cü hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

24. Maddə 68. Hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

25. Maddə 68. Hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

26. Maddə 70, “c” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər.

27. Maddə 71. Hissə 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

28. Maddə 71. Hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

29. Maddə 79 1-ci bəndi. İşəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə (“a” və “e” bəndləri istisna) müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”

30. 24.1.2-ci bənd. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

31. 24.1.5-ci bənd. 60 və daha yuxarı yaşda olan şəxslər sertifikatlaşdırmada iştirakı könüllüdür.

32. 25.5.2-ci bənd. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

33. 26.5.4-cü bənd. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Hüseynov X2 rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi vəzifəsində işləmişdir. O, təhsilverənlərin peşə səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə, cavabdeh təşkilatın 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmrin əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

45. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

46. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

48. Qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.

49. Təhsil qanunvericiliyinin də əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Əmək müqaviləsinin ləğvi zamanı sosial həssas qruplara münasibətdə əlavə təminatlar nəzərə alınmalıdır.

50. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

51. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilmişdir. Bununla belə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin kökündə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin 25 iyun 2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri dayanır. Hansı ki, həmin əmrlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə təhsil idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Məhz bu əmr əsasında cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin «c» bəndi ilə xitam vermişdir.

52. Nəzərə almaq lazımdır ki, pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasını tənzimləyən normalar, yəni “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydası üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı verir. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi isə sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

53. İddiaçı isə təkrar sertifikatlaşdırma imtahanında iştirak etsə də, müvəfəqiyyət qazana bilməmişdir. Nəticədə iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması müəyyən edilmişdir. Bu səbəbdən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin 25 iyun 2025-ci il tarixli 3- 29-69/3-2-29F/2025 nömrəli əmri qanuni və əsaslı olmuşdur. İddiaçının tələbinin dəlilləri isə subyektiv xarakter daşıyan formal mülahizələrdən ibarətdir və iddianın təmin edilməsi üşün əsas ola bilməz.

54. Əmr verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması barədə apellyatorun arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır; belə ki, ümumiyyətlə hazırkı işdə həmin maddənin tətbiqi üçün əsaslar mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi ailə tərkibində orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin deyil də, bu dərəcə üzrə əlilliyi müəyyən edilmiş ailə üzvü öhdəsində olan işçinin əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla (“a” və “e” bəndləri istisna) xitam verilməsini qadağan edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və həmin zaman iddiaçının əlil qardaşı himayəsində olmamışdır. 15 noyabr 2025-ci il tarixdə, yəni hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra həmin ailə üzvü iddiaçının qəyyumluğuna verilmişdir. İddiaçının özünün deməsinə görə də həmin ailə üzvü (qardaşı) əvvəllər anasının qəyyumluğunda olmuşdur.

56. Şərh edilənləri ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğundur. Əmrin qanunvericiliyin tələblərinə zidd olması barədə hazırkı iddia tələbi əsassızdır, mübahisələndirilən əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2(040)-1071/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar