Məhkəmə qərarları › İş №2(104)-205/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-205/2025

15.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-205/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh X7 və nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X12 qarşı evə köçmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1934/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə doğulmuşdur.

2. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T №225589 nömrəli X5 surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013cü il tarixdə, 792 nömrə ilə qeydiyyat aparılmışdır.

3. Bərdə rayon Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, 450 nömrəli sorğusuna Qaçqınların və X10 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Bərdə rayonu Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14 nömrəli cavabdan görünür ki, 866 saylı qəsəbə bina-1, mənzil-9 X2 adınadır. Mənzil 3 otaqdan ibarətdir. Mənzil 80 kv metrdən ibarətdir. Hal-hazırda həmin mənzildə X9, X14, Cavabdeh, X13, X15 və X16 yaşayırlar. İddiaçı və X3 adları həmin mənzilin orderində olmasına baxmayaraq, nigah pozulduğu üçün hal-hazırda həmin mənzildə yaşamırlar.

4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG1/MT007/2023-02812 nömrəli arayışdan görünür ki, mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf Cavabdehdur.

5. Bərdə RİB-nın Bərdə şəhəri İƏD-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3538 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır.

6. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ №206487 nömrəli X11 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə aralarında olan nikah ləğv edilmişdir. Bu barədə xx.xx.2015-ci ildə 22 nömrə ilə qeydiyyat aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, övladı ilə birlikdə ünvan 3 ünvanında yerləşən 80 kv.m və 3 otaqdan ibarət mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci il tarixdə qeyrirəsmi olaraq ailə qurub evlənmişdir. Nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən 10 oktyabr 2012-ci il tarixdə X8 adlı 1(bir) övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli 2(021)-1230/2014 saylı qətnaməsi, Bərdə rayon Qeydiyyat şöbəsinin 04 fevral 2015-ci il tarixli şəhadətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh Ağdam rayonundan məcburi köçkün olduğu üçün müvəqqəti olaraq ünvan 4 ünvanında yaşayır. Onlar ailə həyatı qurub el adəti ilə toy edtikləri zamandan bir müddət sonra gəlin olaraq Qadir Hüseynovun yaşadığı ünvan 5 ünvanında yerləşən 80 kv.m və 3 otaqdan ibarət mənzilə köçmüşdür. Hazırda nikah pozulduğu zamandan orada yaşamır. Çünki dəfələrlə həmin mənzildə yaşamaq istəmiş, lakin cavabdeh buna icazə verməmişdir. Onun övladıyla birlikdə başqa yaşamağa yeri yoxdur. Bunun üçün o da məcbur qalıb məhkəməyə müraciət etməli oldu ki, ünvan 4 ünvanında yerləşən 80 kv.m və 3 otaqdan ibarət mənzilə köçürülərək orada övladı ilə birlikdə yaşasın. Onun və övladının adı həmin evin orderində var. Mənzil kommunal istismar sahəsindən arayışda da adlarının orada olması öz əksini tapmışdır

9. Bərdə Rayon Məhkəməsinin 2(021)-1934/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаnın təmin edilməsi, İddiaçı və övladı X1 rayon 866 saylı qəsəbə bina 1, mənzil 9 ünvanında yerləşən yaşayış evinə köçürülməsi, ödənilmiş 60 manat Mediasiya xərci, 40 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı və övladı X4 adları ünvan 7 orderində qeydiyyatda olmalarına baxmayaraq, Cavabdeh ilə İddiaçı arasında olan nigah pozulduğundan hal-hazırda İddiaçı və X8 həmin mənzildə yaşamırlar. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, başqa yaşayış evləri olmadığından övladı X8 ilə birlikdə ünvan 7 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı övladı X8 ilə birlikdə ünvan 7 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməlidir.

11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 152, 228.1 və 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində və Azərbaycan Respublikası MPM-nin 77.1-ci və 217.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Bərdə Rayon Məhkəməsinin 2(021)-1934/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X19 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıların evə köçürülmə məsələsini həll edərkən əvvəla o məqamı nəzərə almalı idi ki, onlar iddiaçı ilə artıq ailə münasibətlrinə Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli, 2(021)-1230/2014 saylı qətnaməsi ilə xitam vermişdir. Aralarındakı nikah pozulubdur və o, 2018-ci ildə X13 ilə rəsmi ailə qurmuş və birgə nikahdan da 3 övladı vardır. xx.xx.2018-ci il tarixdə anadan olmuş X15, xx.xx.2021-ci il tarixdə anadan olmuş X16 və xx.xx.2024-cü il tarixdə anadan olmuş X20. Təbii ki, onlar birlikdə iddiaçının köçüb yaşamaq istədiyi mənzildə yaşayır. Birinci instansiya məhkəməsi iddiaçı ilə 10 il əvvəl ayrıldığını, nikahlarına, ailə münasibətlərinə son verildiyini diqqətə almamışdır. Birinci instansiya məhkəməsi o faktı da, nəzərə almamışdır ki, o, yeni ailə qurmuşdur, 3 övladı vardır, iddiaçı onun sabiq həyat yoldaşıdır və onun onlarla birgə yaşaması qəbul edilmiş ümumi ailə dəyərlərinə də, ziddir. Axı keçmiş arvadı ilə indiki nikahda olduğu arvadı arasında yaranacaq istənilən konflikt, mübahisə həm ailə birliyinə təsiri, həm də, uşaqlarının psixologiyasına öz zərərini verəcəkdir. Bununlada, birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə, İİİ bəndində nəzərdə tutulmuş “Nikah və ailə dövlətin himayəsindədir” prinsipinin ziddinə olmaqla, nəticədə Konstitusiyanın İİ fəslində Dövlətin əsaslarını təşkil edən 17-cimaddəsində təsbit olunmuş “Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir” prinsiplərinin pozularaq ailənin dağılmasına, üç azyaşlı övladının valideyn himayəsindən məhrum olmasına səbəb olacaqdır. Qeyd etdiyi xüsusat çox təəssüf ki, dövlət ən qlobal problemi olaraq hər gün daha da dəhşətli hal almaqdadır. Lakin o, ailəsinə və övladlarına sahib çıxaraq bütün qüvvə ilə dövlətinə və xalqına layiqli vətandaş xidmət edir. Təəssüf ki, mübahisələndirdiyi məhkəmə qətnaməsi bütöv bir ailənin məhvinə səbəb ola bilər. Birinci instansiya məhkəməsinin qəbul etdiyi hazırda mübahisələndirilən qətnaməsi onun hazırda nikahda olduğu həyat yoldaşının və onunla birgə nikahdan olan uşaqlarının hüquqlarının kobud pozntusunu törədir. Faktiki o, mənzildə 7 nəfər yaşayır. Məhkəmədə də, qeyd etdiyi kimi 3-cü övladı Murad 3 aylqıdır. Bu cür şəraiti olan bir ailəyə məhkəmənin iddiaçını köçürmə qərarı verməsi tamamı ilə onun ailəsinin dağılmasına, uşaqlarının rahatlığının pozulmasına yönəlmiş addımdır. On ildir ayrıldığı iddiaçının on il sonra gələrək onunla mənzil mübahisəsi etməsinin heç bir hüquqi və qanuni əsasının olmamasını məhkəmədə bəyan etsə də, birinci instansiya məhkəməsi AR Mülki məcəlləsinin 228, AR Mənzil məcəlləsinuin 30-cu maddələrinə və AR Konstituisya məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinad edərək, mülki işin mahiyyətinə zidd olan yanlış maddi hüquq normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində mülkiyyətçi, mülkiyyət kimi ifadələrdən istifadə etmişdir. Lakin o, verilmiş mənzil Azərbaycan Respublikası Dövlət “QaçqınKom”un atasına verdiyi mənzildir. İddiaçı onun Bərdə rayonu Şirvanlı kəndində kirayədə qaldığı evə gəlin gəlibdir. İddiaçı heç vaxt hazırda onun yaşdığı mənzildə yaşamamışdır. İddiaçının mübahisə predmeti etdiyi evdə yaşamaması ümumiyyətlə onun üçün istifadə hüquqnun tanınmasını tamamı ilə rədd edən amildir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüşşəxslərin)statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüşşəxs) - AzərbaycanRespublikasıərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerinitərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün(ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Yenə Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aiddir. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanıvə ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin)yaşamasıüçün-nəzərdə tutulan hüquq münasibətləridir. Həmçinin, AR Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Bir daha qeyd edir ki, Mənzil Məcəlləsinin 91.1.5.-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzillədir və burada sakinlər mülkiyyətçi deyillər. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin hazırda mübahisləndirlən qətnaməsində işi mahiyyəti üzrə həll edərkən istinad ediyi maddi hüquq normaları işin faktiki mahiyyətinə uyğun olmayan və tətbiq edilməməli olan maddi hüquq normalarıdır. Əsla mülkiyyətdən və mülkiyyətçidən bəhs ediləcək heç bir fakt mövcud deyildir. Birinci instasiya məhkəməsinin iş üzrə tətbiq etdiyi maddi hüquq normasının özü, həmin normanın bağlı olduğu işin mahiyyət üzrə həll edilməsində daşıdığı anlayışla ziddiyyət təşkil edir. Təəssüf ki, birinci instansiya məhkəməsi əvvəldə qeyd etdiyi ididaçı ilə arasında olan münaqişəli vəziyyəti, həmçinin onun yenidən ailə quraraq 3 övlada sahib olmağını nəzərə almadan qeyri-obeyktiv və ədalətdən uzaq qətnamə qəbul etmişdir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X19 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı orada yaşamayıb, ev bina evidir. Gəlin kimi həmin evə “məktəbə” gəlin gəlib, orada yaşayıb. Ev veriləndə “məktəbdə” yaşamışlar. Sonra münasibətləri pozulmuşdur. Ayrıldıqdan sonra atası evinə getmişdir, həmin evdə heç vaxt yaşamamışdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi mülkiyyətə dair hüquq normalarına istinad etsə də, ev sosial kirayə müqaviləsindədir. Cehiz əşyalarını güman edir ki, iddiaçı aparıb. İddiaçıdan soruşulsa, həmin mübahisəli evin harada olduğunu bilməyəcəkdir.

17. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, cavabdeh ilə 2011-ci ildə ailə qurmuşdur. Bərdə rayonu Şirvanlı kəndində Qaçqınlar üçün olan məktəbdə yaşamışdır. 3 otaqlı mənzil olmuşdur. Atası onlarla birlikdə yaşamışdır. Atasının bacısı Məhbubə də, onlarla yaşamışdır. Sonra ev veriləndə 2012-ci ildə atasının bacısına başqa ev verilmişdir. Mübahisəli evdə təxmini 1 il yaşamışlar. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, evin neçənci mərtəbədə yerləşdiyini xatırlamır. 5 mərtəbəli binadır. Blokda 2 mənzil var. Qonşuları tanımır. Mənzil pilləkənlə çıxanda sağ tərəfdə yerləşir. 2013-cü ildə əşyalarını da, götürüb mübahisəli evdən çıxmışdır. 2 il kirayədə yaşadıqdan sonra boşanmışlar. Boşanandan sonra ata evinə köçmüşdür. İddia qaldırmağının səbəbi uşaqlara olan münasibətidir. Uşaqlar böyüdüyü üçün kirayə pulunu ödəyə bilmir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

19. 13-cü maddəsinə İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

20. 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir..

21. 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.

22. 60.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir..

23. 68.1-ci maddəyə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

24. 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

25. 68.3-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.

26. 82.3-cü maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1934/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 2011-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişdir. Nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən 10 oktyabr 2012-ci il tarixdə X8 adlı 1 övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli 2(021)-1230/2014 saylı qətnaməsi, Bərdə rayon Qeydiyyat şöbəsinin 04 fevral 2015-ci il tarixli şəhadətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının hazırda köçürülmək istədiyi mənzil Qaçqınların və X10 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Bərdə rayonu Mənzil Kommunal İstismar sahəsinin balansında olmaqla, 866 saylı qəsəbə bina-1, mənzil-9 X2 adınadır. Mənzil 3 otaqdan ibarətdir. Mənzil 80 kv metrdən ibarətdir. Hal-hazırda həmin mənzildə X9, X14, Cavabdeh, X13, X15 və X16 yaşayırlar. İddiaçı və X3 adları həmin mənzilin orderində olmasına baxmayaraq, nigah pozulduğu üçün hal-hazırda həmin mənzildə yaşamırlar.

40. Kollegiya qeyd edir ki, İddiaçı məhkəmə kollegiyasında verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzilə gəlin köçmüş və cehiz əşyalarını oraya yerləşdirmişdir. Həmin evdə 1 il yaşamışlar. Lakin sonra kirayəyə çıxmışlar. Özünə məxsus əşyaları ilə birlikdə 2 il cavabdeh olan əri ilə kirayədə yaşamışlar. Həmin vaxt tərəflər ayrılmış və iddiaçı atası evinə qayıtmışdır.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, qeyd edir ki, iddiaçının hazırda köçürülmək istədiyi mənzil Qaçqınların və X10 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Bərdə rayonu Mənzil Kommunal İstismar sahəsinin balansında olmaqla, 866 saylı qəsəbə bina-1, mənzil-9 X2 adınadır. İddiaçı X2 ailə üzvü kimi 2012-ci ildə həmin mənzilə köçmüşdür. İddiaçı 2012-ci ildə cavabdeh olan keçmiş əri Cavabdehlə birlikdə kirayəyə çıxmışlar və 2025-ci ilə qədər kirayədə yaşamışlar. 2015-ci ildə ərindən ayrılmış və atasının evinə qayıtmışdır. Hazırkı vaxtadək mübahisəli fərdi yaşayış evində yaşamamışdır.

42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, tərəflər arsında yaranmış münasibətlər sosial kirayə müqaviləsindən əmələ gələn münasibətlərdir. Bu baxımdan, iddiaçı daimi yaşamaq üçün köçdüyü vaxtdan Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisəli mənzilə dair bağlanmış yaşayış sahəsinin sosial kirayə müqaviləsi köçdüyü gündən ləğv edilmiş hesab edilir.

43. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1934/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Bərdə Rayon Məhkəməsinin 2(021)-1934/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1934/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X12 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar