Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2078/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3405/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir il müddətinə satış üzrə bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir.
2. xx.xx.2023-cü il tarixli xxxxxxx000201 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinə xx.xx.2023-cü il tarixədək satış üzrə nümayəndə vəzifəsinə keçirilmişdir.
3. Tam maddi məsuliyyət daşınması haqqında müqavilədən görünür ki, İddiaçı MMCnin nümayəndəsi X2 ilə həmin cəmiyyətin satış üzrə bölmə rəhbəri Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır.
4. İddiaçı MMC-nin vəzifə təlimatından görünür ki, Cavabdeh İddiaçı MMC-nin satış üzrə nümayəndə vəzifəsinin təlimatı ilə tanış olmuşdur.
5. İddiaçı MMC-nin vəzifə təlimatından görünür ki, Cavabdeh İddiaçı MMC-nin satış üzrə bölgə rəhbəri vəzifəsinin təlimatı ilə tanış olmuşdur.
6. Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları özünün iştirakı ilə yoxlanılaraq 2258.06 manat məbləğində əksikgəlmə müəyyən olunmuşdur.
7. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xxxxxxx000201 saylı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdehdan 2258.06 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 fevral 2023-cü il tarixindən İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışmışdır. xx.xx.2023xx.xx.2023-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 2258.06 pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 2258.06 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul onlar tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bundan sonra Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddiaçının ona qarşı olan iddia tələbini rədd edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, onun iddiaçıya hər-hansı borcu yoxdur. Onun çalışdığı dövr ərzində hər-hansı qüsurlu hərəkəti olmamışdır. Hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya hər-hansı zərər vurmamışdır. İddia ərizəsində qeyd edilən məbləğ əsassızdır. Belə ki, iddiaçı öz tələbində onun iddiaçıya məxsus pul məbləğini mənimsədiyini qeyd etmişdir. Mənimsəmə halı cinayət məsuliyyətinə səbəb olduğundan bu məsələ ilə bağlı hərəkətlər mülki məhkəmə icraatı qaydasında yox cinayət mühakimə qaydasında həll edilməlidir. Həmçinin iddiaçı qeyd etdiyi halları sübuta yetirəcək, mötəbər sübut hesab ediləcək hər-hansı bir sənəd təqdim etməmişdir. Əlyazma ilə qeyd edilmiş akt və orada nə olduğu məlum olmayan rəqəmlərin qeyd edilməsi hesab edir ki, iddia tələbinə əsas ola bilməz. Həmçinin vurğulamaq istəyir ki, mənimsənildiyi iddia edilən pul məbləğinə dair hər hansı sərbəst audit rəyi də iş materiallarına əlavə edilməmişdir. Bildirmək istəyir ki, iddiaçı ilə aralarında olan əmək münasibətlərinə bir ildən artıq müddətdir ki, xitam verilmişdir və üzərindən bu qədər müddət keçməsinə baxmayaraq iddiaçının ona qarşı hər-hansı bir pretenziyası olmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə aralarında olan əmək müqaviləsinə xitam verildiyində hər-hansı bir zərər olmuş idisə nə üçün iddiaçı onu Əmək Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq deyil, məhz onun ərizəsi əsasında müqaviləyə xitam vermişdir? Göründüyü kimi bu məsələdə iddia tələbində öz əksini tapmır. Xüsusilə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi ilə bu məsələnin müzakirəsi üçün mediasiya proseslərində görüşmək istəsə də, iddia tərəfi bu sessiyaları saxtalaşdırmışdır. Bu məsələ ilə bağlı müvafiq mediasiya təşkilatı və mediator barəsində də şikayət vermişdir. Belə ki, iddia tərəfi onunla görüşməmiş, ona pretenziya təqdim etməmiş, həmçinin mediasiya sessiyasının vaxtı barədə bildiriş göndərilməsinə maneə törətməklə onunla görüşdən yayınmışdır. İddia tərəfi öz iddia ərizəsini Mülki Məcəllənin 445.2-ci maddəsinə əsaslandırmış lakin, həmin maddənin tələblərinə uyğun olaraq ona hər-hansı bir xəbərdarlıq edilməmiş, buna dair hərhansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddia tələbində qeyd edilənlər iddiaçının şəxsi mülahizələrindən ibarətdir və heç-bir əsası yoxdur. Onunla iddiaçı arasında əmək müqaviləsi tərəflərin öz istəyi ilə, yəni Əmək Məcəlləsinin 68-ci maddənin 2a bəndinə əsasən sonlandırılmışdır. İddia tərəfinin qeyd etdiyi mənimsəmə halları əgər baş vermiş olsa idi, iddiaçı mənimlə olan əmək münasibətlərinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən son verərdi. Tərəfin bildirməsinə görə, artıq xx.xx.2023-cü il tarixdə onlar guya onun tərəfindən şirkətə dəymiş ziyandan xəbərdar idilər. Belə olduğu halda belə, iddia tərəfi iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş üzrə materiallardan görünür ki, iddia tərəfi bu müddət axımını da, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək ötürmüşdür. Həmçinin bildirir ki, Mediasiya Haqqında qanunun 35.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin qanunun 29.6- cı maddəsinə əsasən Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin qanunun 32.4.2-ci maddəsinə əsasən mediasiya prosessinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. İş materiallarından da aydın olur ki, MŞG1/MT007/2024/00598 saylı İMS arayışı xx.xx.2024cü il tarixdə verilmişdir və iddia müddətinin mediasiya prosessinə görə dayanmış axımı yenidən davam etməyə başlamış, iddia tərəfi məhkəməyə vaxtında müraciət etmədiyi üçün isə müddət ötürülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmişdir ki, iddia tərəfi iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, hazırki iddia tələbi rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən əmək mübahisələri üçün tədbiq edilən iddia müddəti 1 ildir və hazırkı iş üzrə iddia tərəfi bu müddəti ötürmüşdür. MM-nin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, yazılanları nəzərə alaraq məhkəmədən iddia tələbindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3405/2024 nömrəli qətnaməsi (hakim Ədil Məmmədov) ilə, iddianın təmin edilməsi, Cavabdeh 2258.06 (iki min iki yüz əlli səkkiz) manat 06 qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınıb İddiaçı MMC-nin hesabına tutulması qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə, 191-ci maddənin 1-ci bəndinə, 194-cü maddənin 1 və 2-ci bəndlərinə, 199, 202-ci maddəsinin 1-ci bəndinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, n 213, 216-220 və 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(125)-3405/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən təftiş dövründə müştərilər tərəfindən təqdim olunan borc qalıqları ilə cəmiyyətin xəzinəsinə olunan ödəmələr yoxlanılmış, yoxlamanın nəticəsi olaraq 2258.06 manat məbləğində əksikgəlmə müəyyən olunmuş, Cavabdeh oğlu ilə İddiaçı MMC arasında bağlanmış xxxxxxx000201 saylı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı İddiaçı MMC cavabdehlə aralarında yaranmış maddi ziyan ilə bağlı mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq ilk öncə Mediasiya Şurasına müraciət etmiş və 28 mart 2024-cü il tarixdə tərəflərə bu barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Məhkəmə aşağıdakı hüquq normalarına əsaslanaraq bildirmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin bitməsindən əvvəl maddi ziyan tələbi ilə mediasiya şurasına müraciət etmişdir və iddia müddətinin axımı dayanmışdır. Ona görə də məhkəmə göstərir ki, İddiaçı MMC hazırki iddianı qaldırmaq üçün qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir. Lakin, qeyd etmək istəyirlər ki, məhkəmə qəbul etdiyi qətnaməsində Mülki Prosessual Məcəlləsinin 379.1-ci maddəsinə əsaslansa belə, həmin Məcəllənin 379.1 və 371.9.6-cı maddələri ümumiyyətlə mövcud deyildir. Bu səbəbdən məhkəmənin həmin qanunvericilik normasına əsaslanaraq qəbul etməsi əsassızdır. Digər tərəfdən, Mediasiya Haqqında qanunun 35.2-ci maddəsinə əsasən, Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin qanunun 29.6-cı maddəsinə əsasən Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin qanunun 32.4.2-ci maddəsinə əsasən mediasiya prosessinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. İş materiallarından da aydın olur ki, MŞ G1/MT007/2024/00598 saylı İMS arayışı xx.xx.2024cü il tarixdə verilmişdir və iddia müddətinin mediasiya prosessinə görə dayanmış axımı yenidən davam etməyə başlamış, iddia tərəfi məhkəməyə vaxtında müraciət etmədiyi üçün isə müddət ötürülmüşdür.Yəni, iddia müddətinin axımı üzrə mediasiya prosesi tətbiq edildikdə dayandırılır. Mediasiya prosesinin tətbiqi isə konkret olaraq prosesə göndərilən təklifdən deyil, İMS arayışının tərəflərə təqdim olunduğu müddətdən hesablanmağa başlanılır. Bu məsələyə məhkəmə prosesi zamanı münasibət bildirmələrinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamış, qərəzli mövqe göstərərək iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. İddiaçı qeyd etdiyi halları sübuta yetirəcək, mötəbər sübut hesab ediləcək hər-hansı bir sənəd məhkəməyə və mənə təqdim etməmişdir. İş üzrə İddiaçı MMC-nin təqdim etdiyi mahiyyəti sənəd yalnız təhvil-təslim aktıdır. Hansı ki, bu təhvil-təslim aktlarından əlavə olaraq əvvəlki satış təmsilçisindən yeni satış təmsilçisinin məsuliyyətinə verilən baş qalıqları təsdiq edən üzləşmə aktları olmalıdır ki, bu təqdim edilməmişdir. Yalnız təhvil-təslim aktı ilə şəxsin özünün fəaliyyət göstərdiyi dövrdə nə qədər məsuliyyətində vəsaitin olmasını müəyyən etmək mümkün deyildir. Bundan əlavə, İddiaçı MMC təqdim edilməli olan elektron qaimələr və satış fakturalar təqdim etməmişdir, hansı ki bunlar hər satış nöqtəsinə konkret hansı tarixdə nə qədər mal verildiyini, nə qədər geri qaytarma olduğunu, nə qədər güzəşt, hədiyyə olunduğunu göstərir. Bütün bunları təqdim etmədən onun vəsait mənimsədiyini və ümumiyyətlə, bu olsa belə bunun miqdarını müəyyən etmək mümkün deyildir. Əl-yazma ilə qeyd edilmiş akt və orada nə olduğu məlum olmayan rəqəmlərin qeyd edilməsi hesab edir ki, iddia tələbinə əsas ola bilməz. Həmçinin vurğulamaq istəyir ki, mənimsənildiyi iddia edilən pul məbləğinə dair hər-hansı sərbəst audit rəyi də iş materiallarına əlavə edilməmişdir. İşə əlavə edilmiş təhvil-təslim aktını imzalayan şəxslər İddiaçı MMC-nin özünün audit şöbəsinin əməkdaşlarıdır. Ehtimal ki, həmin əməkdaşlar fəaliyyət göstərdikləri şirkətin mənafeyi lehinə olan bu iş üzrə şirkətlərinin lehinə yoxlama aparacaq və buna müvafiq qərar verəcəklər. Ona görə hesab edirik ki, həmin şirkətin əməkdaşlarının fəaliyyət göstərdikləri İddiaçı MMC-nin mənafeyi lehinə olan bu məsələdə rəy vermələri obyektivliyin düzgün olaraq təmin olunmadığını göstərir. Məhkəmə işin bu hallarına münasibət bildirməmiş, işin hallarını ətraflı araşdırmadan qərəzli şəkildə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın.
20. Maddə 21.2. Zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
22. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
23. Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
24. Maddə 192. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
25. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işə götürənə qəsdən ziyan vurduqda.
26. Maddə 202. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
27. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.
28. Maddə 205. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
29. Maddə 206. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir
35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
42. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
45. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3405/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir il müddətinə satış üzrə bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İddiaçı MMC-nin Satış departamentinə xx.xx.2023-cü il tarixədək satış üzrə nümayəndə vəzifəsinə keçirilmişdir. Vəsifəsi dəyişidirilərkən İddiaçı MMC ilə həmin cəmiyyətin satış üzrə nümayəndəsi Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və Cavabdeh İddiaçı MMC-nin satış üzrə nümayəndə vəzifəsinin təlimatı ilə tanış olmuşdur. xx.xx.2023-cü il tarixli akta əsasən təftiş dövründə müştərilər tərəfindən təqdim olunan borc qalıqları ilə cəmiyyətin xəzinəsinə olunan ödəmələr Cavabdeh özünün iştirakı ilə yoxlanılmış, yoxlamanın nəticəsi olaraq 2258.06 manat məbləğində əksikgəlmə müəyyən olunmuşdur. Bu hal həmin aktı Cavabdeh imzalaması ilə də təsdiq olunmuşdur. Belə ki, Cavabdeh həmin imzanın ona aid olmasını məhkəmələrdə mübahisələndirməmişdir.
50. Əvvəla, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin şərtlərinə görə, tərəflər maddi dəyərlərin saxlanılması məqsədilə, habelə aşağıda göstərilən tələblərin icra olunması şərti ilə müqavilə bağlayıblar və cavabdeh, tam məsuliyyətlə ona etibar edilmiş maddi dəyərlərin qorunmasını, o cümlədən ona etibar edilmiş maddi dəyərlilərə, habelə edilmiş işlərə qayğı ilə yanaşmağı; heç bir halda işəgötürənə ziyan gətirməməyi; vaxtında rəhbərliyi onun himayəsində olan maddi dəyərlilərin təhlükəsizliyi barədə məlumatlandırmağı və lazımi hallarda təhlükəli vəziyyətin yanarma səbəblərini öyrənməyi və ona həvalə edilmiş maddi dəyərlərin inventarlaşdırılmasında iştirak etməyi öz öhdəsinə götürüb.
51. Digər tərəfdən, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin hansı hallarda tam maddi məsuliyyət daşıdığı müəyyən edilib. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsini nəzərdə tutur. Vurulmuş ziyanın tam həcmdə ödənilməsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni, qanunverci tam maddi məsuliyyəti müəyyən edərkən müxtəlif xarakterli şəraiti, əmlakın dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və sair halları nəzərdə tutur.
52. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda və sair.
53. Normanın mənasına görə, tam maddi məsuliyyət haqqında müqavilələr bütün işçilərlə deyil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanılır. Başqa sözlə, maddi məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir
54. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdən Cavabdeh İddiaçı MMC-nin Satış departamentində satış üzrə nümayəndə vəzifəsində işləmiş həmin vəzifəyə keçərkən İddiaçı MMC-nin nümayəndəsi ilə onun arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Lakin işlədiyi dövrdə maddi məsul şəxs olan Cavabdeh vəzifəsini lazımınca icra etməməsinə görə İddiaçı MMC-yə 2258.06 manat maddi ziyan dəymişdir.
55. Məkhəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli akta əsasən təftiş dövründə müştərilər tərəfindən təqdim olunan borc qalıqları ilə cəmiyyətin xəzinəsinə olunan ödəmələr Cavabdeh özünün iştirakı ilə yoxlanılmış, yoxlamanın nəticəsi olaraq 2258.06 manat məbləğində əksikgəlmə müəyyən olunmuşdur. Həmin zaman isə cavabdehin özü də müəyyən edilən əksikgəlməni mübahisələndirməmiş, əksində özü də həmin aktı imzalamaqla qeyd olunan halları qəbul etməklə mübahisələndirməmişdir.
56. Kollegiya bildirir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları da Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
60. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
61. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfndən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3405/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.