Məhkəmə qərarları › İş №2(104)-2080/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2080/2025

18.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2080/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(015)-62/2025 nömrəli qətnaməsindən nümayəndə (vəkil) Nümayəndə3 Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Sökmen (Həsənova) Elnarə Yusif qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsi üzrə mülkiyyətçiyə qarşı edilmiş qanunsuz hərəkətlərin aradan qaldırılması, torpaq sahəsinə vurulmuş zərərin ödənilməsi və torpaq sahəsinin ilkin vəziyyətinə bərpa olunması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı edilmiş qanunsuz hərəkətlərin aradan qaldırılması, torpaq sahəsinə vurulmuş zərərin ödənilməsi və torpaq sahəsinin ilkin vəziyyətinə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(015)-62/2025 nömrəli qətnaməsi (hakim Heyran Mürsəlova) ilə, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastr va Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il qeydiyyat tarixli **********73 reyestr nömrəli çıxarışla iddiaçı Sökmen (Həsənova) Elnarə Yusif qızına verilmiş 0,5438 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yol kimi istifadə edilən 952 kv.m hissəsi zəbtdən azad edilməsi və həmin torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan nümayəndə (vəkil) Nümayəndə3 Müşafiq oğlu apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, nümayəndə (vəkil) Nümayəndə3 Müşafiq oğlu tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formaya uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, nümayəndə (vəkil) Nümayəndə3 Müşafiq oğlu tərəfindən təqdim edilmiş elektron apellyasiya şikayətində iş üzrə tərəf olan şikayətçinin şəxsiyyətini (ad, soyad, ata adı) və hüquqi statusunu müəyyən etməyə imkan verən göstərilən məlumatlar daxil edilməmiş, yalnız şikayəti təqdim edən nümayəndənin məlumatları qeyd edilmişdir. Şikayətdə, nədə şikayətin mətnində nə şikayətçinin şəxsiyyətini təsdiq edən məlumatlar, nə yaşayış ünvanı, nə də işdə prosessual vəziyyəti göstərilmişdir. Bu isə apellyasiya şikayətinin tərtibinə dair MPM-in 361.1.2-ci maddəsinin tələblərinin pozulması deməkdir. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericliyin tələb etdiyi formada, yəni MPMnin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayətin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, nümayəndə (vəkil) Nümayəndə3 Müşafiq oğlu tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(015)-62/2025 nömrəli qətnaməsindən nümayəndə (vəkil) Nümayəndə3 Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar