Məhkəmə qərarları › İş №2(104)-2086/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2086/2025

14.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2086/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmək qabiliyyətinin itirilməsinə görə aylıq ödəncin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək xəsarətinə görə ödəncin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli e-2(125)-488/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2026-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2017-ci il tarixli 15 nömrəli əmrin, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin və xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bir illik əmək müqaviləsi bağlanaraq İddiaçı fəhlə kimi işə götürülmüş, işçinin aylıq əməkhaqqı 250 manat müəyyən edilmişdir.

2. xx.xx.2017-ci il tarixli 01 nömrəli “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” Aktın surətindən məlum olur ki, "xxxx" MMC-də fəhlə işləyən İddiaçı 07 may 2017-ci il tarixdə saat 10:00 radələrində tikinti sahəsində işləyərkən müvazinətini itirərək yıxılmış və xəsarət almışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli müayinəyə dair məlumatından görünür ki, İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona ikinci dərəcəli əlillik təyin edilmişdir.

4. "xxxx" Sığorta Şirkətinin 01 may 2018-ci il tarixli məktubunun surətindən məlum olur ki, İddiaçı xəsarət aldığı vaxt sığorta olunanlar siyahısında olmaması səbəbindən əmək xəsarəti alması ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırmışdır ki, Əmək xəsarəti aldığı tarixdən hal-hazıradək ona cavabdeh tərəfindən cəmi 985.46 manat əmək xəsarətinə görə ödəniş edilmişdir. Əmək xəsarəti aldığı tarixədək əmək haqqı 250 manat olmuşdur. Əmək fəaliyyətini 80% itirmişdir. xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər 8 ay üçün 200 manat hesabı ilə 1600 manat, xx.xx.2018-xx.xx.2018-ci ilə qədər 12 ay üçün x 200=2400 manat, xx.xx.2019xx.xx.2019-cu ilə qədər 12 au üçün x 200=2400 manat, xx.xx.2020- xx.xx.2020-ci ilə qədər 12 ay üçün x 200=2400, xx.xx.2021-xx.xx.2021-ci ilə qədər 12 ay üçün x 200=2400 manat, xx.xx.2022-3 1.12.2022-ci ilə qədər 12 ay x 240 manat (2022-ci ildə minimum əmək haqqı AR-da hər ay 300 manat olmuşdur 2880 manat) xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər AR-da orta aylıq əmək haqqı 345 manat olmuşdur. 22 ay x 276 manat - 6072 manat ödənilməlidir. Beləliklə, cavabdeh əmək xəsarətinə görə 2017-ci il üçün cəmi 1600 manat, 2018-ci il üçün 2400 manat, 2019-cu il üçün 2400 manat, 2020-ci il üçün 2400 manat, 2021-ci il üçün 2400 manat, 2022-ci il üçün 2880 manat, 2023xx.xx.2024-cü il üçün 6072 manat ödənc ödəməlidir. Cavabdeh xx.xx.2017-ci ildən xx.xx.2024-cü ilə qədər cavabdeh əmək xəsarətinə görə iddiaçıya 985,46 manat ödəniş etmişdir. Cavabdehin ona hazırki tarixə ödənilməmiş 19166.54 manat borcu qalmışdır (20152-985.46 manat = 19166,54 manat). Hesab edir ki, cavabdehdən əmək xəsarətinə görə iddiaçıya xx.xx.2017-ci ildən xx.xx.2024-cü ilədək 19166.54 manat ödənc tutularaq ona ödənilməlidir.

7. Gəncə Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli e-2(125)-488/2025 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilmiş, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 (səksən) faizi miqdarında aylıq ödəncin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanaraq ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 9 yanvar 2003cü il tarixli 3 saylı qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217, 218.3 216- 220, 357-360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-488/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçının cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq, iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi rədd edilməlidir. Belə ki, əmək haqqının 80 faizi miqdarında aylıq ödənc, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı əsasında müəyyən edilmişdir. 21 fevral 2018-ci il tarixli Forma 88-də (0529003AAFGX) əmək zədəsi ilə ikinci dərəcəli əlillik və əmək qabiliyyətinin itirilmə faizi 80% müəyyən edilmişdir. Bununla belə, Əmək müqavilələrinin reyestrindən görünür ki, İddiaçı əmək qabiliyyəti bərpa olunmuşdur. Belə ki, o xx.xx.2019-xx.xx.2020 tarixlərində "xxxx" MMC-də (VÖEN3:1********) suvaqçı, xx.xx.2021-xx.xx.2021 tarixlərində fərdi sahibkar X3 (VÖEN:**********) yanında malyar usta, xx.xx.2021-xx.xx.2022 tarixlərində fərdi sahibkar X4 VÖEN:**********) yanında qəlibçi, xx.xx.2022-ci il tarixindən fərdi sahibkar X1 (VÖEN: **********) yanında qəlibçi vəzifəsində işləyir. Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı regional filialının 27 oktyabr 2022-ci il tarixli **********7 nömrəli məktubunda xx.xx.2022-ci il tarixli 28 nömrəli sorğumuza cavab olaraq qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron – Xızı regional filialından xx.xx.2018-ci il tarixdən müddətsiz Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyaya görə 61 manat sosial müavinət təyin edilmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli Qərarının 1.4-cü bəndinə əsasən işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. İş materiallarına əlavə edilən əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçının əmək fəaliyyəti bərpa olunmuş və müxtəlif iş yerlərində işləmişdir. Bununla yanaşı bildirmişlər ki, iddiaçının hazırda qaldırdığı iddia tələbi üzrə işə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2997/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd etdikləri xüsusatlar öz əksini tapmışdır. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli Qərarı hazırki mübahisəni tənzimləyir. İş üzrə iddiaçı xx.xx.2017-ci il tarixdən cavabdeh MMC-də başladığı əmək prosesi zamanı xx.xx.2017-ci il tarixdə xəsarət almış və əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Qanuni qüvvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının istehsalatda aldığı əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirdiyi xx.xx.2017-ci ildən qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən aylıq ödəncin tutulduğu xx.xx.2018-ci il tarixədək iddiaçıya əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin cavabdeh tərəfindən hesablanaraq ödənilməsi hissəsində iddia əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2017-ci ildə istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirmişdir. Bununla yanaşı, müvafiq aylıq ödəncin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Habelə, iddiaçının əmək qabiliyyətinin itirilməsi faizinin xx.xx.2018-ci il tarixli akta əsasən 80 faiz müəyyən edilməsi və iddiaçının əvvəlki orta aylıq əmək haqqının 250 manat olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit olunmuş hallardır. Məhkəmənin bu mövqeyi ilə razılaşmırlar. Belə ki, iddiaçı artıq eyni mübahisə ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2018-ci il tarixdən ödənilməli olan zərərə görə aylıq ödəncin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-971/2019 nömrəli, 01 may 2019-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi qət edilmişdir. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 6 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsi 6 ildən sonra eyni mübahisə ilə bağlı qaldırılan iddia ərizəsini qanunsuz olaraq icraata götürmüş və qanunsuz olaraq qətnamə qəbul etmişdir. Eyni zamanda bildirmişlər ki, iddiaçı xəsarət aldığı vaxt cavabdeh ödəniş etmişdir və iddiaçı bu ödənişə dair sübutu məhkəmədən gizlətmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) Vəkil “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vastəsi ilə ərizə göndərərək cavabdeh tərəfindən verilən apellyasiya şikayətini, ona edilmiş əlavəni müdafiə etdiklərini, eyni zamanda əlavə edilən sənədləri yeni sübut kimi qiymətləndirilməsini, məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhəti ilə bağlı iştirak edə bilmədiyini, iddiasını müdafiə etdiyini və iştirakının olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

13. Maddə 195. Bənd c. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

14. Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın)- müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin qərarı (hökmü, qətnaməsi) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.

15. Maddə 197.1. İşçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.

16. Maddə 197.2. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bir illik əmək müqaviləsi bağlanaraq İddiaçı fəhlə kimi işə götürülmüş, işçinin aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli 01 nömrəli “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” Aktına əsasən, "xxxx" MMC-də fəhlə işləyən İddiaçı 07 may 2017-ci il tarixdə saat 10:00 radələrində tikinti sahəsində işləyərkən müvazinətini itirərək yıxılmış və xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli müayinəyə dair məlumatına əsasən, İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmə iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanaraq ödənilməsi qənaətinə gəlmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxartdığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

30. Belə ki, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

31. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

32. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

33. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapmışdır.

34. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsi də tələb edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

39. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

40. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, baxılan işdə, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bir illik əmək müqaviləsi bağlanaraq İddiaçı fəhlə kimi işə götürülmüş, işçinin aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli 01 nömrəli “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” Aktın əsasən, "xxxx" MMC-də fəhlə işləyən İddiaçı 07 may 2017-ci il tarixdə saat 10:00 radələrində tikinti sahəsində işləyərkən müvazinətini itirərək yıxılmış və xəsarət almışdır. Bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli müayinəyə dair məlumatına əsasən, İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmə iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanaraq ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarına əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir (Qaydaların 2.1-ci bəndi). Baxılan işdə, İddiaçı xx.xx.2017-ci il tarixdən cavabdeh MMC-də başladığı əmək müqaviləsi zamanı xx.xx.2017-ci il tarixdə xəsarət almış və əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 80 % itirdiyinə görə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Qanuni qüvvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 % miqdarında aylıq ödəncin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi qət edilmişdir. İddia tələbindən görünür ki, İddiaçı cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının istehsalatda aldığı əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirdiyi xx.xx.2017-ci ildən qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən aylıq ödəncin tutulduğu xx.xx.2018-ci il tarixədək ona əvvəlki orta aylıq əmək haqqının 80 % miqdarında aylıq ödəncin cavabdeh tərəfindən hesablanaraq ödənilməsi hissəsində iddianı qismən təmin etmişdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2017-ci ildə istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirmişdir. Eyni zamanda, qeyd olunduğu kimi müvafiq aylıq ödəncin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmçinin, iddiaçının əmək qabiliyyətinin itirilməsi faizinin xx.xx.2018-ci il tarixli akta əsasən 80 % müəyyən edilməsi və iddiaçının əvvəlki orta aylıq əmək haqqının 250 manat olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit olunmuş hallardır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-488/2025 nömrəli qərardadı ilə, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən müvafiq aylıq ödəncin cavabdeh MMC tərəfindən hesablanaraq ödənilməli olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan tələbə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Bununlada, Gəncə Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli e-2(125)-488/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 (səksən) faizi miqdarında aylıq ödəncin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanaraq ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, orada qeyd olunan hallar həqiqəti əks etdirmir, formal xarakter daşıyır və təmin olunması üçün əsas yoxdur.

41. Ona görə də kollegiya hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393, 402, 403, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli e-2(125)-488/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar