Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2104/2023 31.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarrşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 2(058)-549/2023 saylı mülki iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı və nümayəndəsi, Vəkil1 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli torpaq icarə müqaviləsindən görünür ki, İddiaçı ilə Samux rayonunun Çobanabdallı Bələdiyyəsi arasında Samux rayonu Qarabağlar kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün taxıl arpa əkini məqsədi ilə İddiaçı icarəsinə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Samux rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçisi vəzifəsində işləyən X2 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 1 ha torpaq sahəsinə əkilmiş arpa bitkisinə çəkilmiş xərc və alınacaq məhsuldarlığın hesablanma qaydası göstərilərək 1 ha torpaq sahəsindən əldə edilmiş 35 s. məhsulun dəyər qiymətinin 1400 manat olması qeyd edilmişdir.
3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Çobanabadlı Bələdiyyəinin sədri S.D.Aslanova, Bələdiyyə üzvü A.İ.İbrahimov, kənd sakinləri C.V.Həsənzadə, B.M.Nəbiyev və E.H.Qurbanov akt tərtib etmişlər ondan öntəri ki, Samux rayon Çobanabadlı Bələdiyyəsi tərəfindən İddiaçı Qarabağlar kəndində yerləşən 5.00 ha arpa əkini üçün icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, əkin sahəsi kənd sakinlərinin iri və xırda buynuzlu mal-qarası tərəfindən tamamilə yararsız vəziyyətə salınmışdır. 2023-cü il üçün biçinə yararlı məhsul əldə edilməmişdir.
4. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 16(058)-6/2023 saylı 31 mart 2023-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı icarə müqaviləsinə əsasən istifadəsində olan Samux rayon Qarabağlar kənd ərazisində yerləşən 5 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir.
5. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 16(058)-7/2023 saylı 03 aprel 2023-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı icarə müqaviləsinə əsasən istifadəsində olan Samux rayon Qarabağlar kənd ərazisində yerləşən 5 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ əsasında onun istifadəsində olan torpaq sahəsində ona məxsus arpa əkininin cavabdehlər tərəfindən xırda buynuzlu mal-qaralarının otarılması nəticəsində ona vurduqları maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 3000 manat pulun alınaraaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu Çobanabdallı bələdiyyəsi ilə 2012-ci ildən 2023-cü ilə qədər hər bir ildən bir icarə müqaviləsi bağlayaraq bələdiyyənin mülkiyyətində olan Qarabağlar kənd ərazisində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində arpa əkmişdir. Cavabdehlər onun əkdiyi arpa sahəsində öz qoyun-quzularını otarırlar. Dəfələrlə cavabdehlərdən bu hərəkətlərinə son qoymalarını xahiş etsə də, cavabdehlər onun arpa sahəsində qoyun-quzularını otarmağa davam etmişlər. Cavabdehlər onun arpa sahəsində qoyun-quzularının otarılması ilə ona 3000 manat maddi ziyan vurmuşlar. Ona görə də maddi ziyanın əvəzi olaraq cavabdehlərdən 3000 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddiaçı daha sonra iddia həcminin arıtırılması ilə bağlı məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 9579 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, 01 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclası təxirə salınaraq 26 may 2023-cü il tarixə təyin edilmiş, elə həmin gündən başlayaraq məhkəmə gedişatı zamanı cavabdehlər ona məxsus arpa sahəsini iri və xırda buynuzlu heyvanlara tamamilə otartdırıb yararsız hala salmışlar. Ona görə də o, iddia tələbinin həcmini artırmaq məcburiyyətində qalmışdır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iddia tələbini qəbul etməyərək tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
14. Samux Rayon Məhkəməsinin 2(058)-549/2023 saylı mülki iş üzrə 19 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, iddiaçı cavabdehlər tərəfindən ona maddi ziyan vurulduğunu iddia etsə də, o iddia tələbinin əsaslılığına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı onun izahatında şifahi qaydada göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı və nümayəndəsi, Vəkil1 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 2(058)-549/2023 saylı mülki iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və cavabdehlərin ona vurmuş olduqları 9579 manat ziyanın onlardan müştərək qaydada alınıb ona verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olan torpaq sahəsində əkilmiş arpa cavabdehlərə məxsus heyvanlar tərəfindən yararsız hala gətirilmişdir. Cavabdehlər özləri də məhkəmə iclasında heyvanlarını həmin sahədə otardıqlarını etiraf etmişlər. Məhkəmə gedişatında da cavabdehlər arpa sahəsini tamamilə otarıb yararsız hala saldılar. Bu səbəbdən də iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etmişlər. Lakin, məhkəmə onların həmin ərizəsinə heç bir münasibət bildirməmişdir. Məhkəmə həmin ərizəyə baxmamış, nə də geri qaytarmamış, ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Bundan əlavə, qətnamə hazır olandan sonra protokolla tanış olmaq üçün məhkəməyə ərizə vermiş, lakin protokol ona təqdim edilməmişdir. Məhkəmə qətnaməni qət edərkən cavabdehlərin ona məxsus arpa sahəsini otarıb onun əmlakından məhrum etmələrini, yəni əldə edə biləcəyi məhsuldan məhrum olmasına, əgər cavabdehlər həmin sahəni otarmasaydılar adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmağına işdə bununla bağlı kifayət qədər sübut olmasına baxmayaraq rədd etmişdir. Məhkəmə cavabdehlərin hüquqaziddd əməlləri nəticəsində onun əmlakına vurulmuş ziyanla bağlı dəymiş ziyanın ödənilməsinə dair iddianı rədd etməklə onun hüquqlarını pozmuşdur. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia ərizəsinin və iddia tələbinin həcminin arıtılması brədə ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, məhkəmə iddianın rədd edilməsi ilə bağlı heç bir sübut olmadığı halda bir neçə əsassız cümlələrlə iddianı rədd etmişdir. Belə ki, iddia ərizəsində çox aydın şəkildə qeyd edilmişdir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər dəyir. Hətta məhkəməyə iddianın təmin tədbiri kimi cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvəqqəti təmin tədbiri kimi arpa sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər, lakin məhkəmə sübut təqdim edilməməsi səbəbindən həmin ərizəni təmin etməmiş, bununla da iddiaçıya dəymiş ziyanın məbləği xeyli artmışdır. Əslində isə məhkəməyə kifayət qədər sübut təqim edilmiş, cavabdehlərin həmin torpaq sahəsində öz heyvanlarını otardıqlarını təsdiq edən video görüntülər, fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, iş üçün əhəmiyyətli halları təsdiq edə biləcək şahidin məhkəmə iclasında dindirilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə həmin şahidin dindirilməsinə şərait yaratmamışdır. Həmçinin cavabdehlər məhkəmə iclasında iddianı etiraf etsələr də, məhkəmə qəbul etdiyi qətnamədə cavabdehlərin iddianı qəbul etmədiyini qeyd etmiş, protokola dair verilmiş qeydə isə məhkəmə tərəfindən baxılmamışdır. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikatəyinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. İşə apellyasiya qaydasında baxılarkən şahid qismində dindirilmiş X1 məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində iddiaçının tanışı olduğunu, cavabdehləri isə mübahisəli torpaq sahəsində tanıdığını qeyd etmiş, iddiaçı tərəfindən həmin torpaq sahəsinə arpa əkildiyini, cavabdehlərin isə həmin arpa sahəsində öz heyvanlarını otararaq arpanı məhv etdiklərini bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.1 - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (Maddə 152.3.)
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (Maddə 157.4.) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. (Maddə 157.5.)
28. Maddə 158. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
29. Maddə 700.1 - İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
30. Maddə 700.2- İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
31. Maddə 706.1.- Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
32. Maddə 1096.1 - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2 - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1 - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
35. Maddə 1110 - Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
36. Maddə 1115 - Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
37. Maddə 6 7 . Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
38. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
39. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Prosessual hüquq normaları
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 53 - İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 78.1 - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
43. Maddə 217.2 - qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 273 - İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
Apellyasiya baxışının hədləri
45. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 384.0.2 - аpellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Maddə 385.1.1 - maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən iddiaçının nümayəndəsini və şahidi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
53. Belə ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ilə Samux rayonunun Çobanabdallı Bələdiyyəsi arasında Samux rayonu Qarabağlar kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün taxıl arpa əkini məqsədi ilə İddiaçı icarəsinə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı həmin torpaq sahəsində arpa əkmişdir. Cavabdehlər onun əkdiyi arpa sahəsində öz qoyun-quzularını otarmışlar. Dəfələrlə cavabdehlərdən bu hərəkətlərinə son qoymalarını xahiş etsə də, cavabdehlər onun arpa sahəsində qoyunquzularını otarmağa davam etmişlər. Cavabdehlər iddiaçının öz icarəsində olan, arpa əkdiyi torpaq sahəsində heyvan otarmaqla ona maddi ziyan vurmuşlar. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
54. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
56. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçıya vurmuş olduqları ziyan mülki hüquq pozuntusu nəticəsində əmələ gələn ziyan kimi qiymətləndirilməlidir.
57. Belə ki, İddiaçı ilə Samux rayonunun Çobanabdallı Bələdiyyəsi arasında Samux rayonu Qarabağlar kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (11 aydan az müddətə) olan müddət üçün taxıl arpa əkini məqsədi ilə İddiaçı icarəsinə verilməsi, İddiaçı həmin torpaq sahəsində arpa əkməsi, başqa şəxslərin həmin arpa sahəsində öz heyvanlarını otarmaqla iddiaçıya maddi ziyan vurmaları iş materialarında olan icarə müqaviləsi, həmçinin xx.xx.2023-cü il tarixli aktla öz təsdiqini tapır. Belə ki, həmin aktdan görünür ki, Çobanabadlı Bələdiyyəinin sədri, bələdiyyənin üzvü və kənd sakinləri Samux rayon Çobanabadlı Bələdiyyəsi tərəfindən İddiaçı Qarabağlar kəndində yerləşən 5.00 ha arpa əkini üçün icarəyə verilmiş torpaq sahəsinə baxış keçirildiyi, baxış zamanı əkin sahəsinin kənd sakinlərinin iri və xırda buynuzlu mal-qarası tərəfindən tamamilə yararsız vəziyyətə salındığı, 2023-cü il üçün biçinə yararlı məhsul əldə edilmədiyi barədə akt tərtib edərək öz imzaları ilə bunu təsdiq etmişlər.
58. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilmiş video görüntüyə baxış zamanı da məhz cavabdehlərin arpa sahəsində öz heyvanlarını otardıqları, onların həmin arpa sahəsinin iddiaçının istifadəsində olduğundan məlumatlı olduqları və bunu özlərinin etiraf etdiyi müəyyən olunur. Həmçinin həmin video görüntülər çəkilən zaman orada iştirak etmiş şahid Elsevər Əliyev məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində də həmin halları təsdiq etmişdir.
59. Beləliklə, məhz cavabdehlərin iddiaçının icarəsində olan arpa əkini sahəsində heyvan otarmaqla həmin əkin sahəsini yararsız hala gətirdikləri yuxarıda qeyd edilmiş mötəbər sübutlarla öz əksini tapmışdır.
60. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan zərərin məbləğinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Samux rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçisi vəzifəsində işləyən X2 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 1 ha torpaq sahəsinə əkilmiş arpa bitkisinə çəkilmiş xərc və alınacaq məhsuldarlığın hesablanma qaydası göstərilərək 1 ha ərazidə şumun aparılması 60.0 manat, torpaq sahəsinin malalanması 30.0 manat, 1 ha torpaq sahəsinə əkiləcək arpa toxumunun qiyməti 140.0 manat (kiloqramı 0.70 manat), texnika ilə səpinin həyata keçirilməsi 30.0 manat, suvarma aparmaq üçün arx açılması 120.0 manat, 1 ha torpaq sahəsinin suçu tərəfindən suvarılması üçün 120 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin xərclər arpa bitkisinin əkini, səpini və suvarılması üçün zəruri olan xərclərdir. Bundan başqa, həmin mütəxəssis rəyində 1 ha torpaq sahəsindən əldə edilməsi ehtimal edilən 3500 kq. məhsulun dəyər qiymətinin (hər 1 kq x 40 qəpik)1400 manat olması qeyd edilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə işin hallarının müəyyən edilməsində həmin mütəxəssis rəyi həmin hissələrdə mötəbər sübut növü kimi qəbulediləndir. İcarə müqaviləsinə əsasən iddiaçıya 5 hektar torpaq sahəsinin verildiyini nərəzə alınsa belə olan halda iddiaçıya (5x(60+30+140+30+20+120)+(5x1400)=9000 manat məbləğində zərər vurulduğu müəyyən edilir. Həmin zərər məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində yarandığından dəymiş zərərin əvəzi cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Cavabdehlərin hər birinin ayrı-ayrılıqda iddiaçıya hansı məbləğdə maddi zərər vurmasını müəyyən etmək mümkün olmadığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəymiş 9000 manat məbləğində zərərin əvəzi cavabdehlərdən birgə qaydada alınıb, iddiaçıya verilməlidir.
61. Mütəxəssis rəyində qeyd edilmiş digər xərclərlə bağlı (torpaq sahəsinə verilməli olan gübrələr (hər bir hektar əkin sahəsi üçün 100 manat dəyərində) və suvarılmaya sərf olunan elektrik enerjisinin dəyəri (hər bir hektar əkin sahəsi üçün 15,93 manat dəyərində) hissədə kollegiya qeyd edir ki, həmin xərclərin zəruri olması və çəkilməsi barədə mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. 62.Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən sübutun olmadığına əsaslanaraq iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir.
63. Bundan əlavə məhkəmə qətnamə qəbul edərkən prosessual hüquq norlamalarını da pozmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etsə də, məhkəmə həmin ərizənin nə icraata qəbul edilməsi, nə geri qaytarılması barədə mövqeyini qeyd etməmiş, ümumiyyətlə həmin ərizəyə heç bir hüquqi qiymət verməmiş, münasibət bildirməmiş, bununla da mülki prosessual qanunvericliyin tələblərini pozmuşdur.
64. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
65. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və nümayəndəsi, Vəkil1 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 2(058)-549/2023 saylı mülki iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməli, 9000 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 birgə qaydada alınaraq İddiaçı verilməli, pul tələbinin qalan hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir.
66. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianı irəli sürmək üçün 116 (50+66) manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia əsas hissədə əsaslı sayıldığından məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaslanmaqla belə qərara gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 birgə qaydada alınaraq İddiaçı verilməlidir.
67. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddiaçı və nümayəndəsi, Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-549/2023 saylı mülki iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. 9000 (doqquz min) manat məbləğində pul və iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 116 (bir yüz on altı) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 birgə qaydada alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.