Məhkəmə qərarları › İş №2(104)-2104/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2104/2025

21.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2104/2025 21.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(061)-831/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Avrora MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, 10394,92 manat pul vəsaitinin, 50 manat mediasiya xərcinin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 71,18 dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(061)-831/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehdən 10394,92 manat pul vəsaitinin, 50 manat mediasiya xərcinin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 71,18 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Tərtər Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(061)-831/2025 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət vermişdir. Tərtər Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli 2(061)-831/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən olunmuş qaydada verilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş şikayətdə yalnız işin faktiki hallarına istinad olunmuş, eləcədə şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən edilmiş formada tərtib edilməmişdir. Halbu ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin, 361, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Tərtər Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(061)-831/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardadadan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar