Məhkəmə qərarları › İş №2(104)-2113/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2113/2023

07.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2113/2023 07.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Qazax rayon notariat ofisinə və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddiası üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-711/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi – vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılıb-yoxlanılmaması məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qazax rayon notariat ofisindən verilmiş 21 aprel 1990-cı il tarixdə vəfat etmiş babası X1 mirasından payların müəyyən edilməsi barədə 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Qazax rayon notariat ofisindən verilmiş 19 aprel 1994-cü il tarixdə vəfat etmiş atası X4 mirasdan payların müəyyən edilməsi barədə 28 noyabr 2012-ci il tarixli, 2V-5-2361 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi babası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən atasına münasibətdə miras payının verilməsi, eləcə də X3 miras qalmış Qazax şəhəri Mərkəzi bazarda yerləşən mağazaya vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən babası X2 miras qalmış və Cavabdeh2 bütün vərəsələrin həmin evdə payı olduğu halda 14 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə öz adına keçirmişdir. 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X4 hüquqi varisi olaraq müəyyən edilməklə ondan miras payı almışdır. Son vərəsəlik işində yalnız cavabdeh miras payı almışdır. Atasının isə 3 varisi vardır, hamısı həmin evdə yaşayaraq mirası qəbul etmişdir. Atasının vəfatından sonra əmlakı payçı olaraq o da idarə etmişdir. Babasının vəfatından sonra da əmlakı sahiblənərək idarə etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-711/2023 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia qismən təmin edilmiş, Qazax rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X1 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh1 və ½ hissəsində isə İddiaçı paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi – vəkil Nümayəndə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavədə apellyasiya şikayətinin forması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Belə ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti MPMə 2 saylı Əlavədə nəzərdə tutulmuş forma tələbinə cavab vermir. Yəni apellyasiya şikayəti verilərkən şikayətin iş üzrə kim tərəfindən (hansı tərəfin) verildiyi və həmin şəxs barəsində fərdi məlumatlar göstərilməmiş, yalnız şikayətin vəkil – nümayəndə tərəfindən verildiyi qeyd edilmişdir. Halbuki apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulan formasında apellyasiya şikayəti verən tərəf və onun barəsində olan fərdi məlumatlar qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Kollegiya qeyd edir ki, işdən görünür ki, apellyasiya şikayətini imza etmiş vəkil həm də iddiaçının etibarnamə üzrə nümayəndəsidir. Şəxsin, hazırkı halda vəkilin iddiaçının nümayəndəsi olması apellyasiya şikayətinin də vəkilin (nümayəndənin) adından verilməsini ehtiva etmir. Apellyasiya şikayəti iş üzrə tərəf olan şəxs tərəfindən verilməli, özü tərəfindən, buna səlahiyyəti olduğu halda nümayəndə tərəfindən imzalanmalıdır. Hazırkı apellyasiya şikayəti verilərkən isə qanunvericiliyin həmin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsində etibarnamənin anlayışı verilərək göstərilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, adına etibarnamə verilmiş şəxs öz adından deyil, ona etibarnamə vermiş şəxsin adından hərəkət etməlidir. Bundan başqa şikayətdə apellyasiya verən şəxsin tələbi qeyri-müəyyən göstərilmişdir. Belə ki, vəkil Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-711/2023 saylı qətnaməsinin ləğv edilməsini, X2 miras qalmış əmlakdan digər vərəsələrin və iddiaçının atasına münasibətdə payının müəyyən edilməsini xahiş etmişdir. Lakin digər vərəsələrin kim olmasını göstərməmişdir. Ona görə də məhkəmə hesab edir ki, apellyasiya şikayətinin məzmunu da qanunvericiliyin tələbinə uyğun deyil. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(023)-711/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi – vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-711/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi – vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2113/2023 saylı mülki iş icraata qəbul edilmədən Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-711/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi – vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)- 2113/2023 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar