Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2119/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3977/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3977/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X11 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-3977/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsini dəyişdirərək İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X11 küçəsi 8-ci döngə 10 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən övladları ilə birgə 2(iki) il müddətə istifadə hüququ saxlanmaqla yaşamaqları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan və Gəncə şəhəri, X11 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş gəlini olmuşdur. X2 ilə 2010-cu ildə nikaha daxil olmaqla ailə həyatı qurub və ona məxsus olmaqla mülkiyyətində olan Gəncə şəhəri, X11 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən evə gəlin köçmüşdür. Cavabdeh oğlu ilə bir müddət mehriban yaşasa da, sonradan aralarında baş vermiş narazılığa görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-557/2024 saylı qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Qeyd etdiyi kimi cavabdehlə oğlunun ailə münasibətləri qurtarıb, ona görə də o, hazırda onun ailə üzvü hesab edilmir. Buna baxmayaraq, cavabdeh ona məxsus evdən çıxmaq istəmir, onun özünü belə mülkiyyətində olan evə buraxmır. Cavabdeh iddia ərizəsinə etiraz verərək, etirazda bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, o, 2009-cu il tarixdə cavabdehin X2 ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu ildə doğulmuş X10, xx.xx.2012-ci ildə doğulmuş X7, xx.xx.2017-ci ildə doğulmuş X8 adında 3 övladı doğulmuşdur. X6 ilə məhkəmə qətnaməsi ilə nikahlarına xitam verilmiş və övladlarının onun himayəsində saxlanması barədə qərar qəbul edilmişdir. Onlar ailə qurduqları vaxtdan qeyd olunan fərdi yaşayış evinə gəlin köçmüş və hazırki vaxtadək də həmin ünvanda yaşayır. Artıq uzun illərdir ki, bu ünvanda övladları ilə birlikdə yaşayır, övladları da yaşadıqları evin yaxınlığında yerləşən 36 saylı məktəbə gedirlər. Bundan başqa uşaqlar sözügedən evdə özlərini daha rahat hiss edirlər. Onların taleyi heç də nə atasını, nə də göründüyü kimi iddiaçını maraqlandırmır. Baxmayaraq ki, övladları həmin evdə qeydiyyatdadırlar. Bundan başqa qızı Nigar qaraciyərin exinikok sistinin çıxarılması, hissəvi seqmentektomiya əməliyyatı keçirmiş, hələ də xəstəliyinin fəsadları olduğuna görə davamlı müalicə götürməkdədir. İddiaçı uşaqların doğma nənəsidir. Onların həmin evdən çıxarılması onlara böyük bir travmanın gətirəcəyinə işarədir. O, artıq neçə illərdir ki, uşaqların həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda da uşaqlar həmin evdə pasport qeydiyyatındadırlar. Bununla da bağlı evə daimi qeydiyyata düşmələrinə görə etiraz etmədiyini bildirmişdir. Onun isə başqa yaşamağa yeri yoxdur. 3 uşaqla hara gedəcəyini bilmir. Bu yaşında bu vaxtdan sonra 3 uşaqla heç kimə yük olmaq istəmir. Yəni bununla da bağlı o, heç kəsə evində qalmağa israr edə bilməz. İddiaçının isə onu əşyaları ilə birlikdə bayırda qoyması haqsızlıqdır. Çünki onun başqa yaşamağa evi yoxdur. Bunu iddiaçı çox yaxşı bildiyi halda bu tələblə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassız və ədalətsizdir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, iş obyektiv araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir və məhkəmə sonda tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək əsassız qətnamə çıxarmışdır. İşin faktiki və həqiqi halları ondan ibarətdir ki, o, cavabdeh İddiaçı X2 ilə 03 oktyabr 2009-cu ildə faktiki olaraq ailə qurmuş və onun anası – hazırkı iş üzrə cavabdeh İddiaçı adına olan, yaşadığı Gəncə şəhəri Kəpəz rayonu X11 küçəsi 8-ci döngə ev 10-a gəlin köçmüş və cehiz əşyaları da həmin evə yığılıb. 17 fevral 2010-cu il tarixdə isə Gəncə şəhər Qeydiyyat şöbəsində 34 saylı akt qeydi ilə rəsmi nikah bağlamışlar. Mübahisəli mənzildə yaşadıqları müddətdə cavabdehin oğlu Rəşad Məmmədovla birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Əli, xx.xx.2012-ci il təvəllüdlü Nigar və xx.xx.2017-ci il təvəllüdlü Ayxan adlı üç övladı anadan olmuşdur. Sonradan ərarvad münasibətləri alınmadığına, ailəsinə baxmadığına görə cavabdehin oğlu Rəşad Məmmədovla 2023-cü ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o, könüllü olaraq yaşamaq üçün valideynlərinin yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsinə getmiş, bir daha yanlarında qayıtmamışdır. Aralarında olan nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-557/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Qeyd edilməlidir ki, ailə qurduğu 2009-cu ilin oktyabr ayından hal-hazıradək, 16 ildir ki, gəlin köçdüyü bu mənzildə 3 (üç) övladı ilə yaşayır, yaşadıqları müddətdə birgə təsərrüfat aparmışlar, uşaqlar bu evdə qeydiyyatdadır, evə cavabdehin razılığı ilə bir ailə üzvü kimi köçmüşlər, faktiki ayrılandan sonra da evin kommunal xərclərini ödəyim. Valideynlərindən atası X12 09 iyun 2005-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Özünün və anası X3 adına respublika ərazisində daşınmaz əmlak yoxdur. Yaşadıqları mənzildən başqa yaşamaq üçün digər yaşayış yeri yoxdur. Maddi vəziyyəti də çətindir, Gəncə şəhər X1 şöbəsində sanitar (xadimə) işləyir və aylıq əmək haqqım 473 manat təşkil edir ki, əlinə cəmi 400 manat alır. xx.xx.2012-ci il təvəllüdlü qızı X4 qaraciyər xəstəliyi var (qaraciyərin exinokokk sisti), xx.xx.2023-cü ildə “Qaraciyərin exinokokklu sistinin çıxarılması, Hissəvi seqmentextomiya” cərrahi əməliyyatı olunmuşdur və daimi ambulator qaydada həkim nəzarətindədir. Qeyd etmək istəyir ki, o və övladları - cavabdeh İddiaçı nəvələri evin mülkiyyətçisi olmasalar da həmin evə faktiki sahiblik (vicdanlı sahib) edir, habelə evdən müntəzəm istifadə edirlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfi və iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X11 küçəsi, 8-ci döngə, 10 ünvanında 0.028 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi DƏDR-də xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına mülk kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-653/2025 saylı qərarının surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(125)-557/2024 nömrəli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 43.6 kv.m olan X5 adına qeydiyyata alınmış fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh payı müəyyən edilmiş və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi göstərmişdir ki, Cavabdeh yaşadığı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Hazırki iddia üzrə Cavabdeh mülkiyyətçi İddiaçı gəlini olmuş, iddiaçının X2 ilə nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuşdur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilmiş mülkiyyətçinin ailə üzvlərinin siyahısına daxil deyildir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, Cavabdeh iddiaçının X2 ilə 2010-cu ildə rəsmi nikah bağlamışlar. Gəncə Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(125)-557/2024 nömrəli qətnaməsinə əsasən X6 ilə Cavabdeh nikahları pozulmuş və birgə nikah dövründə əldə olunmuş Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 43.6 kv.m olan X5 adına qeydiyyata alınmış fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh, ½ hissəsində isə X5 payları müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsini öz mülkiyyətinə əldə etdiyi andan onun həmin yaşayış sahəsindən istifadə etmək hüququ da əldə etmişdir və məhkəmə qeyd edir ki, bununla da İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin istifadə etməyə ehtiyacları aradan qalxmışdır. Gəncə şəhəri, X11 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan, yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə, öz mülkiyyətinə fərdi yaşayış evi əldə etmiş cavabdehin həmin evdən iddiaçının razılığı olmadan istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehin etiraz dəlilləri isə əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X11 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsibnə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdehin keçmiş qaynanası olan İddiaçı Nadiq qızının Gəncə şəhəri, X11 küçəsi, 8-ci döngə, 10 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində istifadə hüququ olmamaqla, onun ailə üzvü olmadığından, onlar arasında hər hansı bir razılaşma bağlanmadığından, eyni zamanda Gəncə Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(125)-557/2024 nömrəli qətnaməsinə əsasən X6 ilə Cavabdeh nikahları pozulmuş və birgə nikah dövründə əldə olunmuş Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən, 43.6 kv.m olan X5 adına qeydiyyata alınmış fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh, ½ hissəsində isə X5 payları müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldığından, Cavabdeh Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsini öz mülkiyyətinə əldə etdiyi andan onun həmin yaşayış sahəsindən istifadə etmək hüququ da əldə etdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin iddiaçıya məxsus evdə yaşaması və uşaqların həmin evdə qeydiyyatda olması ona həmin evdən istifadə hüququ vermir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsində yaşayış yeri üzrə qeydiyyatın konkret məqsədləri müəyyən edilmişdir: - ölkədə yaşayan şəxsləri qeydiyyata almaq, - onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq, - insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyində isə yalnız qeydiyyat amilinin yaşayış sahəsindən istifadə hüququ yaratması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3977/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2119/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2119/2025
17.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver