Məhkəmə qərarları › İş №2(104)-216/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-216/2023

24.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-216/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Söyüdlü Bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən ona məxsus su anbarından istifadəyə edilən maneələrin aradan qaldırılması və mühərrikin götürülməsi tələblərinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(042)-455/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1, İddiaçı2 və X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Söyüdlü Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın mənbəyinə yerləşdirilmiş beton su quyusunun içərisinə yerləşdirilmiş su mühərrikinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülməsi və həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdxiləyə son qoyulması, Gədəbəy rayonu. Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın üst tərəfində olan beton hasarın üzərində əvvəllər mövcud olmuş, mərhum X2 adı həkk olunmuş "X4 bulağı” məzmununda mərmər daş lövhənin cavabdehlərin hesabına bərpa edilməsi, həmin mərmər daş lövhənin sındırılmasına görə dəymiş 500 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Gədəbəy rayonu, Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın mənbəyinə yerləşdirilmiş beton su quyusunun içərisinə yerləşdirilmiş su mühərrikinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülməsi və həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdxiləyə son qoyulması, Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın üst tərəfində olan beton hasarın üzərində əvvəllər mövcud olmuş, mərhum X2 adı həkk olunmuş “X4 bulağı” məzmununda mərmər daş lövhənin cavabdehlərin hesabına bərpa edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı1, İddiaçı2 və X5 verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(042)-455/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Gədəbəy rayonu, Söyüdlü kəndində öz ailə üzvləri ilə birlikdə yaşayır. Digər iddiaçılar - İddiaçı1 və İddiaçı3 Bakı şəhərində qeydiyyatda olmaqla mövsümi olaraq ata yurdu olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evlərinə gəlib qalırlar. Yaşadıqları kənddə “Nazik su dərəsi” adlanan ərazidə dərədən axan su arxının qırağında bulaq yerləşir. Bulağı onun - İddiaçı1 atası X9 və əmisi X10 tərəfindən 1964-cii ildə öz şəxsi vəsaitləri hesabına çəkmiş və hər kəsin istifadə etməsi üçün şərait yaratmışdır. Eyni zamanda onlar sağlığında bulağın üzərinə torpaq tökülməməsi üçün üst tərəfindən təxminən 2-3 metr uzunluğunda, 1 metr hündürlüyündə beton hasar çəkdirmişdir. O, iddiaçı - İddiaçı1 mərhum babası X2 xatirəsini əziz tutaraq onun övladlarının zəhməti və təşəbbüsü ilə çəkilmiş həmin bulağın üst tərəfində olan beton hasara onun adını (“X4 bulağı”) qara mərmər daşdan ibarət lövhədə yazdırıb yerləşdirmişdir. Həmin bulaqdan iddiaçılar, o cümlədən digər kənd sakinləri də istifadə edir. Bulağın suyundan içməli su kimi istifadə olunur. Bulaq heç kimin şəxsi mülkiyyətində olmamaqla ümumi istifadədə olan bulaqdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da Söyüdlü kənd sakinləri olmaqla ər-arvaddırlar. Təxminən 2022-ci ilin yanvar ayında cavabdehlər bulağın mənbəyində olan, suyun axdığı yerin beton hissənin ləğv edərək ondan 1.5 metr aşağıda yeni beton quyu qazmış, həmin beton quyunun ağız hissəsinə dəmir qapaq yerləşdirmiş və quyunun içərisinə su mühərriki yerləşdirmişdir. Eyni zamanda beton su quyusunun artıq olan suyunun axması üçün çıxış qoymuşdur. Hal-hazırda cavabdehlər su mühərriki vasitəsilə suyun hamısını öz qapısına çəkir. Bununla da cavabdehlər bu qanunsuz hərəkətləri, yəni sözügedən bulağın suyunu yalnız özünə çəkməklə iddiaçıları həmin sudan mərhum etmişdir. Dəfələrlə cavabdehlərə bu qanunsuz əməllərinə son qoymasını, yəni beton su quyusunun içərisinə qoyulmuş su mühərrəikinin götürülməsini xahiş etsələr də, onlar qanunsuz əməllərini davam etdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin bulaq onlara məxsus torpaq sahəsində yerləşir. Uzun illərdir o və ailə üzvləri həmin bulaqdan istifadə edirlər. Bulaq onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Onlara məxsus olan torpaq sahəsində yerləşən həmin bulaqdan iddiaçıların özləri qanunsuz istifadə edirlər. Bundan əlavə, onlar mərhum X2 adı həkk olunmuş “X4 bulağı” məzmununda mərmər daş lövhəni sındırmamışlar. O, iddiaçıların bu əsassız iddiasını qəbul etmir. Ona görə də, hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçının ərizəsi rədd edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 və üçüncü şəxs Gədəbəy Rayon Söyüdlü Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin iddiaçı X7 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etdilər və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 178.7-ci maddəsinə əsasən sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. İddia tələbini təmin etmiş birinci istansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “iş üzrə yerində müayinə təyin edilmiş, müəyyən edilmişdir ki, mübahisə edilən bulağın mənbəyində olan su quyusunda cavabdehlər tərəfindən su mühərriki quraşdırılmışdır. Müayinə keçirilən zaman mühərrik işlək vəziyyədə deyildir. Bulağın su quyusuna birləşdirilmiş borudan su sərbəst olaraq axır. Bulağın üst tərəfində olan beton hasarda sındırlmış lövhənin yeri qalmışdır. Cavabdeh1 sorğu zamanı bildirdi ki, su quyusuna su mühərrikini o, quraşdırmışdır və sutka ərzində iki dəfə mühərriki qoşaraq, su çəninə su vurur. Digər vaxtlarda su sərbəst olaraq axır və bütün kənd sakinləri sudan istifadfə edə bilirlər. İddiaçıların da su quyusuna mühərrik qoşmasına etiraz etmir. Beton lövhəni o, sındırmışdır. Məhkəmənin qənaətinə görə uzun müddət iddiaçının istifadəsində olan suyun istifadəsinə maneələr aradan qaldırılmalıdır. Bundan başqa iddiaçıya maddi ziyan dəyməsi halı sübut edilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Gədəbəy rayonu, Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın mənbəyinə yerləşdirilmiş beton su quyusunun içərisinə yerləşdirilmiş su mühərriki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülməli, həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdxiləyə son qoyulmalı, Gədəbəy rayonu. Söyüdlü kənd ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulağın üst tərəfində olan beton hasarın üzərində əvvəllər mövcud olmuş, mərhum X2 adı həkk olunmuş “X4 bulağı” məzmununda mərmər daş lövhə cavabdehlərin hesabına bərpa edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının rəyi ilə də tam təsdiqini tapmışdır. Belə ki, iş materialına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində olan, el arasında “Nazik su dərəsi” adlanan ərazidə yerləşən bulaq cavabdehlərə məxsus JN-896D KOD 50500048 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan 0.36 ha torpaq sahəsinin hüdudları xaricində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi mübahisəli bulaq cavabdehlərə məxsus torpaq sahəsində deyil, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Belə olan halda kollegiya apellyasiya şikayətinin qeyd olunan bulağın cavabdehlərə məxsus torpaq sahəsində yerləşməsinə dair dəlilini əsassız sayır. Apellyasiya şikayətinin onlar mərhum X2 adı həkk olunmuş “X4 bulağı” məzmununda mərmər daş lövhəni sındırmamalarına dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarının 55-ci vərəqəsində olan yerində müayinə protokolundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli yerə baxış keçiriləndə Cavabdeh1 lövhəni sındırdığını etiraf etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Beləliklə də məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(042)-455/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ013601 **********3944 SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar