Məhkəmə qərarları › İş №2(104)-2169/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2169/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2169/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh iştirakı ilə, «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi **********24- 10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

2. "xxxx" MMC-nin 28 sentyabr 2022-ci il tarixli 29 saylı hesabatından görünür ki, İddiaçı məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin aylıq kirayə haqqı 150 (bir yüz əlli) manat təşkil edir.

3. Ağstafa rayonu Dağ Kəsəmən İcra Nümayəndəliyi tərəfindən 15 oktyabr 2014-cü il tarixdə verilmiş AZİ № 654960 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 sentyabr 2014-cü il tarixdə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ölmüşdür.

4. Az-İ 033576 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh 01 dekabr 2004-cü ildə nikaha daxil olmuşlar.

5. Doğum haqqında AZ-İ 513354 saylı və AZ-İİ 221703 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 ataları X6, anaları Cavabdehdır.

6. Dağ Kəsəmən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 280/y nömrəli arayışından görünür ki, Cavabdeh Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayır və ailə üzvləri xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 ibarətdir.

7. Elektron Məhkəmə İnformasiya Sistemindən müvafiq sorğu əsasında İddiaçı adına ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli əmlakı vardır, Cavabdeh adına hər hansı daşınmaz əmlak qeyd edilməmişdir.

8. Apellyasiya icraatı zamanı iddiaçı ərizə təqdim edərək kompensasiya məbləğinin 6000 manata artırılmasını təklif etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3.600 manat kompensasiya verilməsi müqabilində onun mülkiyyətində olan Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində yerləşən 12 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh onun mərhum oğlunun həyat yoldaşıdır. Cavabdeh 2004-cü ildən etibarən ona məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 12 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Oğlunun vəfatından sonra cavabdeh onunla yola getmir və aralarında olan davamlı narazılıqdan dolayı o, öz evində rahat yaşaya bilmir. O, yaşlı qadındır və hər an qayğıya ehtiyacı vardır. Bu səbəbdən digər övladlarının evində qalmaq məcburiyyətində olmuşdur. Cavabdeh artıq onun ailə üzvü sayılmır və ona məxsus evdə onunla yaşaması mümkün deyildir. Bu baxımdan cavabdehin ona məxsus evdən kompensasiya verilməklə istifadəsinə xitam verilməsi və evdən çıxarılması üçün hüquqi zəmin vardır. Cavabdehə ağlabatan məbləğdə kompensasiya ödənilməsi şərti ilə istifadə hüququnun itirilməsi ilə bağlı təkliflər etmiş, lakin buna razılıq verməmişdir. Bununla bağlı cavabdehə kompensasiya qismində 3.600 manat pul təklif edir. Ağstafa rayonu Dağ Kəsəmən kəndi üçün fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı hazırki bazar şəraitində 80-100 manat arasında dəyişir. Bunu nəzərə alaraq o, hazırki halda cavabdehə həmin məbləği təklif etmiş, lakin qeyd etdiyi kimi cavabdeh razılıq verməmişdir. Onun qanunvericiliyin tələbinə uyğun olaraq kompensasiya verməklə başqa şəxsi mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilmək hüququna malikdir. Bu həm də onun mülkiyyətindən maneəsiz istifadə etmək hüququndan irəli gəlir.

11. Bundan sonra iddiaçı tərəf kompensasiya məbləğinin artırılaraq 5400 manat müəyyən edilməsi barədə ərizə təqdim etmişdir.

12. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh uzun müddət həmin evdə yaşasa da, mübahisəli yaşayış evi iddiaçının adına dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən də məhkəmə mülkiyyətçinin mənafeyindən çıxış edərək iddiaçının mülkiyyət hüququnu müdafiə etmişdir.

Apellyasiya instansiya məhkəməsində birinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda o və uşaqları həmin evdə qeydiyyatdadırlar. İddiaçı torpaq sahəsinə bələdiyyədən qeyri-qanuni yolla sənəd düzəldərək, onun həyat yoldaşının onlara tikdiyi evi qeyri-qanuni yolla adına keçirmiş və hazırda da onu və uşaqlarını həmin evdən çıxartmaq istəyir. İddiaçının ona təqdim etdiyi kompensasiya ilə 3 ay belə yaşamaq mümkün deyildir. Onun həmin evin tikintisinə çəkdiyi xərcləri hesablayanda bu böyük bir məbləğ edir. Ona təklif edilmiş 5400 manat məbləğində pul yetkinlik yaşına çatmamış uşaqları ilə davamlı surətdə və müəyyən müddət daxilində həmin evə oxşar evdə yaşamağına imkan vermir. Təklif edilən məbləğ çox azdır. Belə ki, hazırda kirayələr 300-350 manat təşkil etdiyi halda məhkəmə bunu nəzərə almamışdır. Ona görə də o, Ağstafa Rayon Məhkəməsində təkrar ekspertiza təyin olunması barədə vəsatət versə də heç bir nəticə əldə edə bilməmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-605/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qurtardıqdan sonra onun ümumiyyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Çünki, cavabdehə 5400 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi onun qanunla qorunan mənafeyinin yüksək dərəcədə müdafiəsini təmin etməməklə yanaşı, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona təklif edilən 5400 manat məbləğində kompensasiya hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz.

18. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, xx.xx.2004-cü il tarixdə doğulmuş X3 və xx.xx.2009-cu il tarixdə doğulmuş X4 anaları Cavabdeh himayəsində qaldıqlarından sonuncuya yetərsiz məbləğdə kompensasiya verilərək, istifadə hüququna xitam verildikdən sonra onun uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı olmadığı halda, həmin hal yetkinlik yaşına çatmamış uşaqların da hüquq və mənafelərini pozmuş olacaqdır.

Kassasiya instansiya məhkəməsində icraat:

19. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2512/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.Həsənov, M.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-605/2023 nömrəli, 16 fevral 2023cü il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamaqla, ehtimal və güman xarakteri daşıyır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan məbləğin cavabdehin mənafeyinə zidd olmasını hər hansı mötəbər dəlillə əsaslandırmamış, həmçinin cavabdeh də öz növbəsində bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi nə qədər kompensasiya məbləğinin yetərli olması istiqamətində araşdırma aparmamış, yalnız bir məhkəmə iclası keçirməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması nəticəsinə gəlmişdir. Həmçinin, onu da nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsinə verdiyi əlavə ilə kompensasiya məbləğini 3800 manatdan 5400 manata qədər artırmışdır. Belə olan halda, istisna deyildir ki, iddiaçı məhkəmənin müəyyən etdiyi məbləğə mütənasib olaraq kompensasiya məbləğini yenidən artıra bilərdi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, həmin evi o, təmir etdirmişdir, illərdir iki qızı ilə həmin evdə yaşayır və yaşamağa başqa evi yoxdur. Onun həmin evdə istifadə hüququ var və verilən kompensasiya məbləği ilə razı deyildir. Çünki yaşamağa yeri yoxdur və aylıq kirayə haqları olduqca bahadır. Yalnız 15 min manat təklif edildiyi təqdirdə tələblə razılaşa bilər.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, evi əslində o, təmir etdirib, hazırda xəstədir və yaşlıdır. Həmin evdə yaşamır, orada cavabdeh qızları ilə birlikdə yaşayırlar. Ən çox cavabdehə kompensasiya kimi 6000 manat təklif edə bilər və buna dair məhkəməyə ərizə təqdim etmişdir.

25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.

26. İddiaçı və vəkili hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Konstitusiyası:

26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə görə, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı: Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarı: Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.

33. İşin hallarından görünür ki, Cavabdeh və iki övladı İddiaçı mülkiyyətində olan Ağstafa rayonu, Daş Kəsəmən kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Belə ki Cavabdeh iddiaçının mərhum oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra həmin evə köçmüş və ərinin ölümündən sonra da həmin evdə yaşamışdır.

34. Hazırki mübahisə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitamıdır.

35. İşin mübahisəsiz halı mübahisələndirilən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması, cavabdehin isə qeyd olunan yaşayış sahəsindən başqa yaşayış yerinin və mülkiyyətində hər hansı daşınmaz əmlakın olmamasıdır.

36. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi **********24- 10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

37. Elektron Məhkəmə İnformasiya Sistemindən müvafiq sorğu əsasında İddiaçı adına ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli əmlak, Cavabdeh adına hər hansı daşınmaz əmlak qeyd edilməmişdir.

38. İş materiallarında olan Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, fərdi yaşayış evinin baza dəyəri 38.000 manat təşkil edir.

39. "xxxx" MMC-nin 28 sentyabr 2022-ci il tarixli 29 saylı hesabatından görünür ki, İddiaçı məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin aylıq kirayə haqqı 150 (bir yüz əlli) manat təşkil edir.

40. Hazırki halda iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı ilkin olaraq 3600, daha sonra 5400 manat, apellyasiya instansiya məhkəməsində icraat zamanı isə 6000 manat kompensasiya təklif etmiş, lakin cavabdeh kompensasiyanın miqdarı ilə razı olmamışdır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

42. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.

43. Məhkəmənin hüquqi mövqeyi həmçinin ondan ibarət olmuşdur ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.

44. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

45. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda cavabdehin yaşayış sahəsindən istifadə hüququ ardıcıl olmuş, həmin evə köçürüldüyü andan kəsilməmişdir.

46. Cavabdehin yaşayış sahəsindən istifadə hüququna «müddətli» hüquq kimi qiymət verilməsi və bundan irəli gələrək təklif edilən kompensasiya məbləği ilə hüququna xitam verilməsi onun və himayəsindəki şəxslərin konstitusion hüququ olan mənzil hüququnun pozulmasını ehtiva edəcəkdir.

47. Belə ki, təklif edilən kompensasiya məbləği ilə cavabdeh yalnız müəyyən zaman kəsiyində özünə müvəqqəti yaşayış sahəsi təmin edəcək, bu isə şəxsin daimi olaraq yaşayış sahəsi ilə təmin edilməsi halını qeyri-mümkün edəcəkdir.

48. Qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

49. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir.

50. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

51. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi rədd edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar