Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-217/2023 21.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qızının Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(062)-72/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 aqvust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-227A KOD50300148 nömrəli şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən X7, İddiaçı qızı, X3 və X5 Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi verilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair JN-228A KOD50300148 nömrəli şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən X6, Cavabdeh, X4 və X2 Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 25 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1140 kv.m-ə qədər hissəsi Düz Qırıqlı kəndinin torpaq islahatına dair komplüks yerquruluşu layihəsinə əsasən verilmiş JN-227A nömrəli şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür; Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi üzərinə tikililər mövcuddur, həmin tikililərdən ikincisinin 25 kv.m-ə qədər hissəsi Düz Qırıqlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən verilmiş JN-227A nömrəli şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı qızının Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, ona və ailə üzvlərinə məxsus olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsindən qanunsuz istifadə edən Cavabdeh çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə X7, İddiaçı qızı, X3 və X5 Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-227A KOD50300148 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə göstərilən torpaq sahəsindən (cizgilər daxilində) Cavabdeh özbaşına istifadə edir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticə əldə olunmamışdır.
6. Tovuz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(062)-72/2022 nömrəli (hakim Q.Baxşıyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, JN 227A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı qızının və ailə üzvlərinin adına mülkiyyətə verilmiş torpaq sahəsinin 1140 kv.m hissəsindən Cavabdeh çıxarılması; İddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 maddəsi və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 216-220, 234 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Beləki, mübahisəli torpaq sahəsi 1994-cü ildən onun istifadəsindədir. Həmin torpaq sahısində fərdi yaşayış evi var və ailəsi ilə birlikdə ``orada yaşayır və həmin torpaq atasının torpağından ayrılıb ona verilmişdir. İddiaçının və ailə üzvlərinin adına verilmiş şəhadətnamə formal olaraq tərtib edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahəsi qonşuluqda yerləşir. İddaçı tərəfin mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı qızı məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
15. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
18. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
19. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
20. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
21. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
22. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
23. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
31. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
33. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(062)-72/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmalıdır.
38. Belə ki, işin halları ondan ibarətdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən X7, İddiaçı qızı, X3 və X5 0,12 ha torpaq sahəsi, X6, Cavabdeh, X4 və X2 isə 0,10 ha torpaq sahəsi verilmişdir. Buna dair tərəflərin adına Torpağın mülkiyyətə verilməsinə dair JN-227A KOD50300148 nömrəli və JN-228A KOD50300148 nömrəli şəhadətnamələr tərtib olunmuşdur. İddiaçı mülkiyyətlərinə verilmiş 0,12 ha torpaq sahəsinin hazırda Cavabdeh tərəfindən zəbt edilməsini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsidə icraat zamanı iş üzrə mütəxəssis rəyi alınsada, lakin ekspertiza təyin edilməmişdir. İşə baxan məhkəmə mütəxəssis rəyini əsas götürərək hazırkı mübahisələndirilən qətnamə qəbul edilmişdir.
39. Apellyasiya icraatı zamanı isə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmiş və ekspertizanın ların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05 iyul 2023-cü il tarixli 10/3766 ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanımnda Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 27 fevral 2023-cü il tarixli 3-2137/2-1681/2023 nömrəli mütəxəssis rəyi ilə Tovuz rayonu Düz Qırıqlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən 227A nömrəli şəhadətnamə ilə İddiaçı qızı və ailə üzvlərinə verilmiş 0,12 ha torpaq sahəsi ilə JN-228A nömrəli şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinə verilmiş 0,10 ha torpaq sahəsi üst-üstə düşmür, lakin Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 139 kv.m qədər hissəsi Düz Qırıqlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən verilmiş JN-227A nömrəli şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür.
41. Göründüyü kimi, İddiaçı qızı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN- 227A KOD50300148 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin 139 kv.m hissəsi Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan zəbt olunmuşdur. Bu da onu deməyə əsas verir ki, Cavabdeh İddiaçı və onun ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Halbu ki, mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi kimi İddiaçı mülkiyyətində olan torpaq sahəsinə Cavabdeh tərəfindən edilən qəsdə son qoymağı tələb etməkdə haqlıdır.
42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(062)- 72/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin olunmalı, Torpağın mülkiyyətə verilməsinə dair JN-227A KOD50300148 nömrəli şəhadətnaməyə əsasən Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı qızı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 139 kv.m hissəsindən Cavabdeh çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair 05 iyul 2023-cü il tarixli 10/3766 nömrəli bildirşdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
44. Kollegiya hesab edir ki, Cavabdeh 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(062)-72/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı qızının Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası qismən təmin edilsin. Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Tovuz rayonu Düz Qırıqlı kəndində İddiaçı qızı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-227A KOD50300148 nömrəli şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin 139 kv.m hissəsindən Cavabdeh çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.