Məhkəmə qərarları › İş №2(104)-2185/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2185/2024

17.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2185/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rahman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Samux Rayon Məhkəməsinin 11 avqust 2008-ci il tarixli 2(058)-158/2008 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux Rayon Şöbəsi, Gəncə Rayonlararası Yerqurluşu Layhihə İnstitutu, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə şəhər Ərazi idarəsi və Namazov Sakit Zakir oğluna qarşı Torpağın Mülkiyyətə Verilməsinə dair JN 851A saylı və JN-710B saylı şəhadətnamələrinin ləğv edilməsi, faktiki istifadədə olan həyatyanı torpaq sahəsinə olduğu kimi düzgün yerləşdirilməklə yeni şəhadətnamənin hazırlanması və Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində olan həyatyanı torpaq sahələrinin geniş xəritəsində faktik istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi kimi dəyişikliklərin edilməsi vəzifəsinin həvalə edilməsi barədə Samux Rayon Məhkəməsinə müraciət etmişdir. Samux Rayon Məhkəməsinin 11 avqust 2008-ci il tarixli 2(058)-158/2008 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı ərazi idarəsi apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2. maddəsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddianın 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.2. maddəsinə görə isə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında əmrin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6. maddəsində isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Hazırkı iş qiymətləndirilməyən iddia olduğundan apellyasiya şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun 50 faiz miqdarında, yəni 50 manat rüsum ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.4. maddəsinə görə, bu Məcəllənin 363.1. və 363.1.2 maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69, 263-264, 361, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Samux Rayon Məhkəməsinin 11 avqust 2008-ci il tarixli 2(058)-158/2008 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar