Məhkəmə qərarları › İş №2(104)-2196/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2196/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2196/2023 14.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə” mülki iş üzrə Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2 (066)-230/2023 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Şəhriyar kəndində olan 0,1 ha torpaq sahəsi Maraqlı şəxs3 Xudaverdi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Şəhriyar kəndində olan 0,12 ha torpaq sahəsi Maraqlı şəxs3 Xudaverdi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Şəhriyar kəndində olan 0,1 ha torpaq sahəsi Maraqlı şəxs3 Xudaverdi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. İş materiallarında olan AD N seriyalı, 946670 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BX *** dövlət qeydiyyat nişanlı 2017ci il buraxılışlı, Lada Minik markalı nəqliyyat vasitəsi Maraqlı şəxs3 Xudaverdi oğlunun adına qeydə alınmışdır.

5. İşdə olan 03 mart 1989-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs3 Xudaverdi oğlu ilə X5 nikahları 03 mart 1989cu ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada Tağıyeva soyadları verilmişdir.

6. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 269589 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 Xudaverdi oğlu 15 aprel 2022-ci il tarixdə ölmüşdür.

7. İş materiallarında olan Kəlbəcər rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 may 1997-ci il tarixdə ölmüşdür.

8. İş materiallarında olan Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 082361 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 18 sentyabr 2021-ci il tarixdə ölmüşdür.

9. İşdə olan Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 may 1992-ci ildə anadan olmuş Maraqlı şəxs3 atası Maraqlı şəxs3 Xudaverdi oğlu, anası isə Ərizəçidır.

10. İşdə olan Gəncə şəhəri Kəpəz rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 20 avqust 1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 avqust 1993-cü ildə anadan olmuş X3 atası Maraqlı şəxs3 Xudaverdi oğlu, anası isə Ərizəçidır.

11. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1971-ci ildə anadan olmuşdur.

12. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 01 may 1992-ci ildə anadan olmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 29 noyabr 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Maraqlı şəxs3 Xudaverdi oğlu 15 aprel 2022-ci il tarixdə ölmüş və ölən günədək Göygöl rayonunun Şəhriyar kəndində yaşamışdır. Öləndən sonra onun arvadı Ərizəçi, oğlu Maraqlı şəxs3 və oğlu X7 adlı ailə üzvləri qalmışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur.

14. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 18 noyabr 2022-ci il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbul müddətini keçirdiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur.

15. İşdə olan Göygöl rayon Notariat ofisinə ünvanlanmış və təsdiq edilmiş Maraqlı şəxs3 və X3 ərizələrindən görünür ki, atalarının ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mərhuma məxsus olan bütün miras əmlakdan özlərinə çatası miras payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmişlər və indi də etmirlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

16. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı Maraqlı şəxs3 Xudaverdi oğlundan miras qalmış xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.10 ha, xx.xx.2019-cu il tarixli, ********** qeydyyat nömrəli çıxarış əsasında 0.10 və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.12 ha torpaq sahəsi və “Niva” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş еtmişdir.

17. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı Maraqlı şəxs3 Xudaverdi oğlundan Göygöl rayonu Şəhriyar kəndində daşınar və daşınmaz əmlaklar miras qalmışdır. Mərhum həyat yoldaşı Maraqlı şəxs3 xx.xx.2022-ci il tarixdə ürək tutmasından vəfat etmiş və o vəfat edəndən sonra başları qarışıq olduğu üçün vərəsəliyin açılması ilə bağlı notariat orqanına müraciət edə bilməmişlər. Hazırda isə mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ona görə də notariat orqanı vərəsəliyin açılmasından imtina edib. Mərhum həyat yoldaşından Göygöl rayonu Şəhriyar kəndində yaşayış evi və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.10 ha, xx.xx.2019-cu il tarixli, ********** qeydyyat nömrəli çıxarış əsasında 0.10 ha, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.12 ha torpaq sahəsi və “Niva” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobili miras qalmışdır. Həyat yoldaşının ölümündən sonra ondan miras qalmış mirası faktiki olaraq özü qəbul etmiş və hazırda da özü idarə edir. Ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə ərizə ilə müraciət edir. Həmçinin göstərdiyi faktları məhkəməyə gətirdiyi şahidlər də təsdiq edəcəkdir.

18. Göygöl Rayon Məhkəməsinin 2 (066)-230/2023 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) ərizə təmin edilmiş, mərhum Maraqlı şəxs3 Xudaverdi oğlundan miras qalmış xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.10 ha, xx.xx.2019-cu il tarixli, ********** qeydyyat nömrəli çıxarış əsasında 0.10 və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.12 ha torpaq sahəsi və “Niva” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair mirasın Ərizəçi qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi və bu qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2 (066)-230/2023 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qənaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qətnamədə heç bir hüquqi əsas göstərilmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə öhdəlik qoyularaq, qanuni qüvvəsini almış qətnamənin icra olunması tələb edilmişdir. Hesab edirlər ki, ərizəyə mülki icraat qaydasında baxılması mümkün deyildir. Məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirak etmiş, apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmədə Ərizəçi iştirak etmiş, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

25. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

26. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

27. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

29. Maddə 1243. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

35. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

36. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

38. Maddə 385.1. maddi və prosessual hüquq normalarının pozulması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası ilk növbədə birinci instansiya məhkəməsinin qətnaməsində yol verilmiş prosessual hüquq normalarının pozuntularla bağlı məsələyə qiymət verməyi zəruri hesab edir.

43. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2 (066)-230/2023 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni tam şəkildə təmin edərkən iş üzrə düzgün nəticəyə gəlməmişdir.

45. Belə ki, Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

46. İş materiallarından müəyyən edilir ki, mirasqoyan Maraqlı şəxs3 Xudaverdi oğlu 15 aprel 2022-ci il tarixdə ölmüşdür. Yəni, mirasqoyan Maraqlı şəxs3 Xudaverdi oğlundan qalmış mirasın açılması vaxtını fakt kimi müəyyən edən rəsmi sənəd mövcuddur. Belə olan halda həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, məhkəmə Maraqlı şəxs3 Xudaverdi oğlundan miras qalmış əmlak barəsində vərəsəliyin açılmasını fakt kimi müəyyən edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da iş üzrə düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Belə olan halda kollegiya MPMin 385 və 387-ci maddələrinin tələblərinə əsaslanmaqla hesab edir ki, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməlidir.

47. Ona görə də kollegiya belə qərara gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə qismən təmin edilməlidir.

48. Belə ki, iş materiallarından işin faktiki halları kimi müəyyən olunur ki, Ərizəçi mirasqoyan Maraqlı şəxs3 Xudaverdi oğlunun arvadı, yəni ölənin qanun üzrə birinci növbəli vərəsəsidir. Mirasqoyan Maraqlı şəxs3 Xudaverdi oğlunun daha iki nəfər qanun üzrə birinci növbəli vərəsəsi-uşaqları vardır. Həmin uşaqlar-Maraqlı şəxs3 və X1 rayon Notariat ofisinə ərizə verərək, atalarından qalmış mirasdan imtina etmişlər. Beləliklə, işin faktiki halı kimi müəyyən olunur ki, mirasqoyan Maraqlı şəxs3 Xudaverdi oğlundan qalmış mirasla bağlı vərəsələr arasında mübahisə yoxdur və miras əmlaka yalnız Ərizəçi tərəfindən sahiblik edilir və əmlak onun tərəfindən idarə olunur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin Ərizəçi ünvanlanmış 18 noyabr 2022-ci il tarixli məktubdan həmçinin müəyyən olunur ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, mirasın qəbul müddətini keçirdiyindən ona (Ərizəçi) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur.

49. Mərhum Maraqlı şəxs3 Xudaverdi oğlundan qalmış miras əmlak barəsində Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyini nəzərdə saxlayan kollegiya belə qərara gəlir ki, Ərizəçi mərhum əri Maraqlı şəxs3 Xudaverdi oğlundan qalmış miras əmlak barəsində hüquqlarının qeydə alınması üçün, Maraqlı şəxs3 Xudaverdi oğlundan qalmış mirasın onun (Ərizəçi) tərəfindən faktiki qəbul edilməsi fakt kimi müəyyən edilməlidir.

50. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 311-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yəni, bu qayda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilən qaydadır və bunun qətnamənin nəticə hissəsində geyd edilməsinə zərurət yoxdur.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2 (066)-230/2023 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə qismən təmin edilsin. 15 aprel 2022-ci il tarixdə ölmüş Maraqlı şəxs3 Xudaverdi oğlundan miras qalmış; Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli RX seriyalı ******* saylı Çıxarış əsasında Maraqlı şəxs3 Xudaverdi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli RX seriyalı ******* saylı Çıxarış əsasında Maraqlı şəxs3 Xudaverdi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,12 ha torpaq sahəsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında Maraqlı şəxs3 Xudaverdi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsi və ** BX *** qeydiyyat nişanlı 2017-ci il buraxılışlı, Lada Minik markalı nəqliyyat vasitəsindən ibarət olan mirasın ölənin qanun üzrə birinci növbəli vərəsəsi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi fakt kimi müəyyən olunsun. Qalan hissələrdə ərizə təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar