Məhkəmə qərarları › İş №2(104)-2198/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2198/2023

01.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2198/2023 01.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisindəki mülkiyyətində olan 0,04 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehin inşa etdirdiyi yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq, istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndi ərazisindəki 0,04 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışı mövcuddur. Təxminən 2021-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək orada ev inşa etdirmişdir. Bu səbəbdən o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasını xahiş etmiş, cavabında ona məxsus torpaq sahəsinin şimal-şərq tərəfdən daş hasarla hasarlanması qeyd olunmuşdur. Bundan sonra o, Cavabdeh zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də Cavabdeh onun həmin tələbinin icrasından imtina etmişdir. Bununla da Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini zəbt etmiş, həmin sahədə yaşayış evi tikmiş və həyətyanı hasar çəkdirmişdir. Qeyd olunan səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, İddiaçı mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********56 reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağında Cavabdeh tərəfindən tikilmiş 21 metr uzunluğunda daş hasar və həmin torpaq sahəsinin 53 kvadrat metr hissəsi üzərində fərdi yaşayış evinin sökülməsi, İddiaçı mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********56 reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağından Cavabdeh çıxarılması, İddiaçı mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********56 reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağının Cavabdeh tərəfindən zəbt edilmiş 138 kvadrat metr hissəsinin boşaldılaraq, İddiaçı təhvil verilməsi və Cavabdeh tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. İşdə olan sübutlar: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********56 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağına İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 mart 2015-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 12 mart 2015-ci il tarixli AA seriyalı 006814 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********56 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağının döngə nöqtələri göstərilmişdir. 19 iyun 2018-ci il tarixli 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində 0,04 hektar yaşayış məntəqəsi torpağını Cavabdeh 4.800 manat məbləğinə X1 almışdır. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********55 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağına Cavabdeh Arzuman qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03 iyul 2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 02 iyul 2018-ci il tarixli A seriyalı 242216 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********55 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağının döngə nöqtələri göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3728/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, RX seriyalı ******* nömrəli, **********56 reyestr nömrəli çıxarışın AA seriyalı 006814 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı qıznın mülkiyyətində olan 400.0 kv.m torpaq sahəsinin naturada yerləşmə mövqeyi, adı qeyd edilən həmin torpaq sahəsi üzərində Cavabdeh tərəfindən 21.0 kv.m uzunluğunda daş hasar və həmin torpaq sahəsinin 53.0 kv.m hissəsi üzərində isə fərdi yaşayış evinin tikildiyi, İddiaçı mülkiyyətində olan 400.0 kv.m torpaq sahəsinin 138.0 kv.m hissəsinin S.Xasıyevanın fakitiki istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli 10/1657 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* nömrəli, **********56 reyestr nömrəli çıxarışın AA seriyalı 006814 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı qıznın mülkiyyətində olan 400.0 kv.m torpaq sahəsinin naturada yerləşmə mövqeyi, adı qeyd edilən həmin torpaq sahəsi üzərində Cavabdeh tərəfindən 21.0 kv.m uzunluğunda daş hasar və həmin torpaq sahəsinin 53.0 kv.m hissəsi üzərində isə fəri yaşayış evinin tikildiyi, İddiaçı mülkiyyətində olan 400.0 kv.m torpaq sahəsinin 138.0 kv.m hissəsinin S.Xasıyevanın fakitiki istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10878/2023 nömrəli mütəxəssis rəyi üzrə ölçü sxemdən və ortofotodan görünür ki, **********56 reyestr nömrəli çıxarışa əsasən İddiaçı qıznın mülkiyyətində olan 400.0 kv.m torpaq sahəsinin 138.0 kv.m hissəsi Cavabdeh fakitiki istifadəsindədir. Həmçinin, Cavabdeh məxsus torpaq sahəsinin çox hissəsi, o cümlədən inşa edimiş fərdi yaşayış evi naturada A seriyalı 242216 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlarda deyil, həmin koordinatlarda kənarda yerləşməkdədir. A seriyalı 242216 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlar faktiki olaraq, həmin ərazidə ümumi istifadədə olan yola, həmçinin paralel küçədə yerləşən və hasarlanmış iki qonşu torpaq sahəsinə, o cümlədən həmin torpaq sahələrində inşa edilmiş fərdi yayşayış evinə, yardımçı tikiliyə və hasarlanmış yan qonşu torpaq sahəsinə düşməkdədir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslnadırılmışdır ki, mübahisəli torpaq sahəsini 2018-ci ildə almışdır. Ona məxsus və məhkəməyə təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********55 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağına onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03 iyul 2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı ona qarşı iddia qaldıraraq onun torpaq sahəsinin tərəfindən zəbt edildiyini iddia etmiş, məhkəmədə onun mülkiyyət hüququna dair çıxarış və texniki pasporta əsasən mütəxəssis rəyi alaraq ekspertiza təyin etmişdir. Lakin bu zaman İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisindəki 0,04 ha torpaq sahəsinin inzibati ərazi hüquqları daxilində yerləşdiyi konturlar (yer) müəyyən edilib-edilməməsi, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qızılca kənd ərazisindəki 0,04 ha torpaq sahəsi ilə həmin torpaq sahəsində yerləşən yaşayış evi və həyətyanı hasarın yerləşdiyi torpaq sahələri üstə düşüb-düşməməsi, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisindəki 0.04 ha torpaq sahəsinin ərazi hüdudlarına cavabdeh X3, yəni onun tərəfindən müdaxilə edilib-edilməməsi kimi suallar ekspert qarşısında qoyulmamışdır. Ekspert rəyinə nəzər salanda, yalnız İddiaçı məxsus olan torpaq sahəsinə aid RX-0617806 nömrəli, **********56 reyestr nömrəli Çıxarışa və bunun əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünün əsas götürüldüyünü görmək olar. Gəncə Şəhər Məhkəməsinin qərardadı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə daxil olduqdan sonra 14 mart 2023-cü il tarixdə Ekspertiza Mərkəzi mütəxəssis rəyinin hazırlanıb göndərilməsi ilə bağlı vəsatət vermişdir. Mütəxəssis rəyi də eyni zamanda İddiaçı mülkiyyətində olan 400 kvm torpaq sahəsinin naturada yerləşmə mövqeyini müəyyən etmişdir. Ekspertin rəyi tam olmadığı halda, ekspert qarşısında qoyulan suallar natamam olduğu halda məhkəmə tərəfindən onun əleyhinə qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, onun torpaqla bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarışı var və həmin çıxarışın əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar daxilində o barı çəkdirmiş və ev inşa etdirmişdir. Lakin ekspert rəyində onun inşa etdiyi tikililərin ona məxsus torpaq sahəsinin koordinatlarının daxilində yerləşib-yerləşməməsi məlum deyil. Halbuki, bu halın araşdırılması hətta həqiqiqətən də o iddiaçıya məxsus torpaq sahəsində tikinti inşa etdirdiyi halda belə, iddianın bu məhkəməyə, yoxsa inzibati məhkəmədə aidiyyatı məsələsini ortaya qoya bilərdi. Onun tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə edilmiş müraciətə verilən 12 iyul 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “sözügedən torpaq sahəsinə aid mülki işin araşdırılması zamanı qərardad suallarına əsasən, cavabdeh X2 faktiki istifadə sahəsinə və İddiaçı mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli Çıxarışa istinad olunmuşdur. Bildirirlər ki, İddiaçı mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli Çıxarışın AA 006814 nömrəli planı və ölçüsü sənədi və X2 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli Çıxarışın A 242216 nömrəli plan və ölçü sənədlərinin verilməsinə əsas olan ilkin sənədlərdə, plan və ölçü sənədləri mövcud olmamışdır. Bu səbəbdən də mövcud mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələri ilə, həmin sənədlərin verilməsinə əsas olan ilkin sənədlərdə göstərilən torpaq sahələrinin naturada yerləşmə mövqeləri arasında uyğunsuzluq halının mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir.” Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, onun torpaqla bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarışı var və həmin çıxarışın əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar daxilində o barı çəkdirmiş və ev inşa etdirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehdən başqa ona məxsus torpaq sahəsinin qalan hissəsini başqa şəxslər də zəbt edərək, evlər tikmişdir. O, digər şəxslərə münasibətdə də qanunla qorunan hüquqlarını tələb edəcəkdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, torpaq sahəsinin 2015-ci ildən mülkiyyətçisi olsa da, əvvəllər həmin ərazilərdə heç bir inşa işləri aparılmamışdır. Pandemiya dövrü olduğundan isə bir müddət torpaq sahəsinə baş çəkə bilməmişdir. Lakin, 2021-ci il tarixdə torpaq sahəsinə baş çəkdikdə, torpaq sahəsinin zəbt edildiyini və evlərin inşa edildiyini görmüşdür. O da kiminsə evinin sökülməsini və əlavə məhkəmə mübahisələrinin yaranmasını istəmir. Buna görə də torpaq sahəsini zəbt etmiş şəxslərdən müvafiq kompensasiya ödənildiyi təqdirdə mülkiyyət hüququnun xitamına razı ola bilər. Yalnız cavabdeh tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinin hissəsinə görə kompensasiya ödənilməsinə razı deyildir. Belə ki, bu halda onun mülkiyyətində 0,02 ha-dan bir qədər artıq torpaq sahəsi qalacaqdır ki, bunun da istifadəsi mümkün olmayacaqdır. Odur ki, ümumi torpaq sahəsinə görə kompensasiya məbləği ona ödəniləcəyi təqdirdə razılaşma mümkündür. Buna görə də cavabdeh digər şəxslərlə birlikdə kompensasiya məbləğini həll etməlidir. Əks təqdirdə o, iddiasını müdafiə etməkdədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib təmin ediməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda mübahisə predmeti olan tikdirdiyi evin yerləşdiyi torpaq sahəsinə qanunamüvafiq qaydada mülkiyyət hüququ əldə etmiş, ev tikərkən isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri onun evinin tikdirdiyi hazırki torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsi olmasını və həmin ərazidə tikinti işləri aparmasının mümkün olmasını göstərmişdir. O, hər bir hərəkətin qanuni ardıcıllıqla apardıqdan sonra həmin torpaq sahəsində ev tikmiş və evi tikən zaman hansısa şəxsin hər hansı bir hüququnu pozmasını düşünməmişdir. Yalnız evi tikib qurtarandan sonra iddiaçı ona zəng edərək, onun torpaq sahəsində ev tikdiyini bildirmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, əgər ona məxsus ev və hasarlanmış sahənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi iddiaçının torpaq sahəsinin müəyyən hissəsinə həqiqətən də düşdüyü halda həmin torpaq sahəsinə görə həmin ərazidə olan qiymətlərə uyğun olaraq kompensasiya ödəməyə razıdır. Lakin, iddiaçının iddiası əsasında evi öküləcəyi və torpaq sahəsindən çıxarılacağı təqdirdə o da öz mülkiyyət hüquqlarını plan və ölçü sənədində göstərilən koordinatlar daxilində tələb edəcəkdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu: 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yeləşən 0,04 hektar torpaq sahəsinin İddiaçı, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən isə Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən 0,04 hektar yaşayış məntəqəsi torpağı isə Cavabdeh Arzuman qızının mülkiyyətində olmaqla, qonşu torpaq sahələridir. Həmçinin, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 138.0 kv.m hissəsi Cavabdeh Arzuman qızının fakitiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin 53.0 kv.m hissəsi üzərində isə Cavabdeh Arzuman qızı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Məhkəmə kollegiyası tərəfindən mütəxəssis rəyini vermiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssislərinin və tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş, torpaq sahəsinin üzərinə düşən evin və hasarlanmış sahəsinin hansı hissədən ibarət olmasına dair mütəxəssis ölçü sxemi və hər iki mülkiyyətçinin torpaq sahəsinin naturada yerləşmə planına uyğun olaraq ortofoto əldə edilərək iş materiallarına əlavə edilməklə müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən torpaq sahələrinin koordinatları naturada yerləşmə koordinatları ilə üst-üstə düşməməkdədir. Belə ki, iş materiallarına əlavə edilmiş mülkiyyətçilərin torpaq sahəsinin ortofotosundan görünür ki, cavabdehə məxsus torpaq sahəsinin çox hissəsi, o cümlədən inşa edimiş fərdi yaşayış evi naturada A seriyalı 242216 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlarda deyil, həmin koordinatlarda kənarda yerləşməkdədir. Həmçinin, cavabdehə məxsus torpaq sahəsinin A seriyalı 242216 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatları faktiki olaraq həmin ərazidə ümumi istifadədə olan yola, həmçinin paralel küçədə yerləşən və hasarlanmış iki qonşu torpaq sahəsinə, o cümlədən həmin torpaq sahələrində inşa edilmiş fərdi yayşayış evinə və yardımçı tikiliyə və hasarlanmış yan qonşu torpaq sahəsinə düşməkdədir. Digər tərəfdən həmin küçədən paylayıcı qaz xəttinin keçməsi də müəyyən edilməkdədir. Buna görə də məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçının mülkiyyət hüququna əsaslanıb iddianın təmin edilməsi və qətnamənin qanuni qüvvəsini alaraq icra edilməsi hazırkı iş üzrə cavabdehə də öz mülkiyyət hüququnun anoloji qaydada müdafiəsinə əsas vercəkdir ki, bu da kiçik bir dəyişikliyin (sonrakı proseslərə münasibətdə) zəncirvari reaksiyanı aktivləşdirəcəkdir. Hərçənd ki, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında evinin söküləcəyi və torpaq sahəsindən çıxarılacağı təqdirdə öz mülkiyyət hüquqlarını plan və ölçü sənədində göstərilən koordinatlar daxilində tələb edəcəyini də bilrimişdir. Belə olan halda isə hazırkı iş cavabdeh üzrə digər cavabdeh şəxslərə qarşı iddiaçıya çevriləcək, digər cavabdeh şəxslər isə başqa şəxslərə qarşı iddiaçıya çevriləcəkdir ki, anoloji olaraq həmin iddiaların da təmin edilməsi çoxsaylı məhkəmə mübahisələrin və bərpaolunmaz dərəcədə zərərlərin yaranmasına əsas vermiş olacaqdır. Ən əsası isə nəzərə alınmalıdır ki, həmin ərazidə faktiki olaraq müəyyən intizam çərçivəsində məskunlaşma aparılmaqla, ümumi isifadə obyektləri (yol, kommunal xətlər və s.) müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşmışdır. Məhz bu baxımdan iddiaçı da məhkəmə kollegiyasının iclasında yarana biləcək vəziyyətin fərqində olduğunu, buna görə də müvafiq kompensasiya məbləği verilməklə mülkiyyət hüququnun xitamına razılığını ifadə etmişdir. Bununla yanaşı hazırki vəziyyətdə iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən müdaxilənin olması sübut olunmaqla, hazırkı iddia tələbi iddiaçının fərdi maraqları çərçivəsində olmuşdur. Lakin, iddiaçının mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” tətbiq ediləcəyi təqdirdə “fərdi maraq”la “ictimai maraq” arasındakı ədalət tarazlığı pozulacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması və sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilməsi qeyd olunmuşdur ki, həmin norma geniş şəkildə təfsir edilməklə, hazrıkı mübahisəyə də tətbiqi qanuni hesab olunur. Belə ki, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin nə də üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, mülkiyyət hüququnun kompensasiyası mümkün olmaqla, qeyd olunan əsaslara görə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ona dəyən zərərin ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. İşin hallarına görə isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə yalnız cavabdeh tərəfindən deyil, digər şəxslər tərəfindən də edilmişdir. İddiaçı məhkəmə iclasında hazırda mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində yerləşən tikilinin sökülməsini, bu mümkün olmayacağı təqdirdə isə həmin tikilmiş evin sahəsinə düşən torpaq sahəsinin ölçüsünə görə müvafiq kompensasiya ödənilməsini istəməsini, cavabdeh tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinin əvəzinə pul ödəniləcəyi təqdirdə cavabdeh ilə razılıq əldə etməyə hazır olmasını, lakin qeyd etdiyi kimi, onun torpaq sahəsininin tək cavabdeh yox, digər şəxslər tərəfindən də zəbt edilməsini və zəbt edilmiş ümumi torpaq sahəsinə görə həmin məbləğin digər şəxslərə münasibətdə ödənilməsi şərti ilə razılığa gələ biləcəyini qeyd etmişdiir ki, cavabdeh də müdaxilə olunmuş torpaq sahəsinə görə müvafiq kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı cavabdehə və torpaq sahəsinə müdaxilə etmiş digər şəxsləri müəyyən etməklə onlara qarşı müvafiq kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbini irəli sürməkdə haqlı hesab oluna bilər ki, müvafiq kompnesasiya məbləği ödənildikdən və iddiaçının mülkiyyət hüququna xitam verildikdən sonra isə iddiaçının mülkiyyət hüququna müdaxilə etmiş torpaq mülkiyyətçiləri isə torpaqlarının pıan və ölçü sənədlərindəki koordinatlarının faktiki vəziyyət uyğunlaşdırılmasını aidiyyəti inzibati orqandan tələb də bilər. Qeyd edilən halda isə hazırkı mübahisə və gələcəkdə yarana biləcək çoxsaylı mübahisələr, bərpa olunmaz zərərlər vurmadan da həll edilmiş hesab olunacaqdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 138.0 kv.m hissəsi Cavabdeh Arzuman qızının fakitiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin 53.0 kv.m hissəsi üzərində isə fərdi yaşayış evi inşa edilmişdir ki, bununla da 75 kv.m torpaq sahəsi boş olmaqla, üzərində hər hansı bir tikili aparılmamışdır. Lakin, iddianın qismən təmin edilməklə, yalnız həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması da işin halları baxımından yuxarıda qeyd olunan məqəsədə nail olmağa səbəb olmayacaqdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququna müdaxilənin mövcud olması işdə olan mütəxəssis və ekpsert rəylərindən ibarət sübutlarla təsdiq olunmuşdur. İddiaçının iddiası yuxarıda qeyd olunan əsaslara görə rədd edildiyindən mütəxəssis və ekpsert rəylərinin əldə edilməsi üçün çəkilmiş xərc cavadbehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çxıarılsın. İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mütəxəssis rəyinin əldə edilməsi üçün ödənilmiş 120 (yüz iyirmi) manat Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar