Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2205/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: miras kütləsi; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası; subyektiv hüquq. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(125)-2899/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-V-1392/2023 nömrəli 04 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X14 19 aprel 1982-ci ildə ölmüşdür, ölüm haqqında xx.xx.1982-ci il tarixli, 265 nömrəli akt qeydi tərtib olunmuş, ölüm səbəbi “beyin ödemi” olmuşdur;
2. Azərbaycan Respublikası X17 filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Kirovabad şəhər X16 İcraiyyə Komitəsinin xx.xx.1983cü il tarixli iclasının 1 nömrəli protokolundan çıxarışla müəyyən edilmişdir ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 18 nömrəli mənzilin şəxsi hesabı X6 adından oğlu İddiaçı adına dəyişdirilmişdir;
3. Kəpəz Rayon Xalq Məhkəməsinin 2-450/1991 nömrəli, 09 oktyabr 1991-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Nümayəndə cavabdeh İddiaçı Ağəli oğluna qarşı mənzil bölgüsü və şəxsi hesabların ayrıca açılmasına dair iddiası təmin edilərək Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nömrəli mənzili İddiaçı Ağəli oğlu ilə X15 arasında bölünərək, mənzilin bir otağı 12.7 kv.m sahəsi İddiaçı Ağəli oğlunun ailəsinin istifadəsinə, iki otağı 17.3 və 17.3 kv.m sahələri isə X7 istifadəsinə verilməsi, hər birinə ayrıca şəxsi hesab açılması qət edilmişdir;
4. xx.xx.1990-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Vəliyeva (Ələkbərova) Rahidə Nemət qızının nikahları 08 aprel 1990-cı il tarixdə 173 nömrəli akt qeydi ilə bağlanmışdır;
5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı, Nümayəndə və X2 cavabdehlər X8 və Cavabdeh qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılmasına” dair ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı Ağaəli oğlunun ünvan 2 ünvanda olan istifadə hüququ itirilmiş hesab olunmuşdur;
6. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı, Nümayəndə və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2730/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı, Nümayəndə və X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********92-05101-093005 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, 35, M2, m1 ünvanda yerləşən, ümumi sahəsi 71,7 kv.metr olan mənzil X3 (tam payı müəyyən edilməklə) xüsusi mülkiyyətindədir;
9. Azərbaycan Respublikası 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 06 fevral 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 405383 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 29 yanvar 2024-cü il tarixdə ölmüşdür;
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-21-3-33/2-6082/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 5 ünvanında yerləşən 18 saylı (Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, 35, M2, m1) mənzil X17 filialının xx.xx.2022-ci il tarixli, 831(573)/4 saylı və xx.xx.2022-ci il tarixli, 854(585)/4 saylı Arxiv arayışları, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışı və mənzildə qeydiyyata olan şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında X3 adına özəlləşdirilərək xx.xx.2023-cü il tarixli, **********92- 05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən onun adına olan həmçinin atası X1 miras qalan mənzildən ona çatası payın müəyyən edilərək vərəsə kimi onun sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X13 öldükdən sonra, 1983-cü ildə Gəncə şəhəri 1-ci mikrorayon 1 nömrəli binanın 18 saylı mənzil atasının adından onun adına dəyişdirilmişdir və hələ də onun adınadır. 1990-cı illərdə cavabdehlə, yəni qardaşı Vəliyev Robail ilə aralarında mübahisə olduğundan evin bölünməsi məqsədilə ərizə ilə məhkəməyə müraciət etmişlər. Qardaşı artıq dünyasını dəyişib. Hazırda həmin ünvanda qardaşı Robailin yoldaşı Cavabdeh yaşayır. Kəpəz Rayon Xalq Məhkəməsinin 2- 450/1991 nömrəli, xx.xx.1991-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil onların ailələri arasında bölünmüşdür. Məhkəmə qətnaməsi ilə hər bir ailə üçün ayrılmış hissədən hər iki ailə istifadə etməyə başlamışdır. Keçən ilin iyun ayına kimi həmin mənzilin onun ailəsi üçün ayrılan hissəsindən maneəsiz istifadə etmişlər. Lakin iyun ayının ortalarında cavabdeh və ailəsi mənzilin açarlarını dəyişərək onların evə daxil olmasına maneələr törətmişlər. Cavabdehə başqa yerdən ev almağı təklif edərək onun və ailəsinin mənzilinə gəlməməsini bildirmiş, o da buna narazılıq bildirməmişdir. Lakin cavabdeh sözünə əməl etməmiş, həmçinin onun və ailəsinin evə gəlib-getməyinə icazə verməmişdir. Ortaq bir qərara gələ bilmədikləri üçün artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qardaşı və o, atalarının vərəsələri olduqları üçün həmin mənzildən özünə düşən payını istəyir.
13. Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(125)-2899/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı Cavabdeh qarşı miras əmlaka payın müəyyən edilərək vərəsə kimi sahibliyinə verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 1133.1, 1134.1, 1145, 1146, 1151.1 və 1159.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə şəhəri 1-ci mikrorayon bina 1-də yerləşən 18 saylı mənzil mərhum atası X4 vəfatından sonra atasının adından onun adına dəyişdirilmişdir və hələ də mənzil onun adınadır. 1990-cı illərdə cavabdehlə aralarında mübahisə olduğundan mənzilin bölünməsi məqsədilə məhkəməyə müraciət etmişlər. Qardaşı artıq vəfat etmişdir və hazırda həmin mənzildə qardaşı arvadı X10 yaşayır. Kəpəz rayon Xalq Məhkəməsinin 2-450/1991-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil ailələr arasında bölünmüşdür. Məhkəmə qətnaməsi ilə hər bir ailə üçün ayrılmış hissədən hər iki ailə istifadə etməyə başlamışdır. Cari ilin iyun ayına kimi mənzilin onun ailəsi üçün ayrılan hissəsindən manesiz istifadə etmişlər. Lakin, qeyd olunan vaxtdan etibarən cavabdeh və ailə üzvləri mənzilin açarlarını dəyişdirərək onların evə daxil olmağına manelər törətmişlər. Cavabdeh başqa yerdən ev almağı təklif edərək onun və ailə üzvlərinin mənzilə gəlməməyini bildirmişdir. Mərhum qardaşı və o mərhum atalarının vərəsələri olduğundan hər ikisinin atalarından miras qalmış mübahisəli yaşayış sahəsinə vərəsəlik hüquqları vardır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli ev əri İddiaçı ata yurdudur, əri də mərhum atasının vərəsəsidir. Cavabdeh mərhum Rübail Vəliyev 2008-ci ildən evdən qeydiyyatdan çıxıb. 1991-ci ildə məhkəmə qətnaməsi ilə miras əmlak bölünüb. Buna baxmayaraq sonradan məhkəmə qətnaməsi ilə əri İddiaçı mübahisəli evə dair istifadə hüququ itirilmişdir. Əslində, əri həmin evdə yaşayıb, sadəcə pandemiya dövründə orada yaşamayıb. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, hazırda mübahisəli evdə cavabdeh və ailə üzvləri yaşayır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, miras kütləsi hazırda təmsil etdiyi şəxsin adına qeydə alınıb və bu barədə verilmiş çıxarış qüvvədədir. Həmin çıxarış order əsasında verilmişdir. Mübahisəli əmlak tərəflərin mərhum atalarından miras qaydasında cavabdehin mülkiyyətinə keçməmiş, həmin ev sadəcə cavabdehin adına özəlləşdirilərək onun adına çıxarış verilmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, Həmin əmlaka dair cavabdehin mərhum ərinin adına verilmiş çıxarış da mübahisələndirilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər özləri məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Onlar məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
23. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
24. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
25. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri 1-ci mikrorayon 1 nömrəli binanın 18 nömrəli mənzili X9 istifadəsinə verilmişdir. Sonuncu xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra sözügedən mənzilin şəxsi hesabı X6 adından oğlu İddiaçı adına dəyişdirilmişdir. Daha sonra Kəpəz Rayon Xalq Məhkəməsinin 2-450/1991 nömrəli, 09 oktyabr 1991-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nömrəli mənzil İddiaçı Ağəli oğlu ilə X15 arasında bölünərək, mənzilin bir otağı 12.7 kv.m sahəsi İddiaçı Ağəli oğlunun ailəsinin istifadəsinə, iki otağı 17.3 və 17.3 kv.m sahələri isə X7 istifadəsinə verilməsi, hər birinə ayrıca şəxsi hesab açılması qət edilmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Ağaəli oğlunun ünvan 2 ünvanda olan istifadə hüququ itirilmiş hesab olunmuşdur. Bundan sonra həmin mənzil (Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, 35, M2, m1) mənzil X3 adına özəlləşdirilərək xx.xx.2023-cü il tarixli, **********92-05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir və mənzil X3 (tam payı müəyyən edilməklə) xüsusi mülkiyyətinə verilmişdir. X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı həmin mənzilin mərhum atasından miras qaldığını və vərəsələr arasında paylara bölünməli olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
38. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə əvvəllər iddiaçının istifadə hüququ olmuş, lakin bu hüquq Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvədə olan 2(125)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə itirilmiş hesab olunmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadığından, həmin mənzil isə cavabdehin əri, mərhum X3 adına özəlləşdirildiyindən və sonuncunun xüsusi mülkiyyətində olduğundan iddiaçının həmin mənzildən ona çatası payın müəyyən edilərək vərəsə kimi onun sahibliyinə verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən, Mülki Məcəllənin 140-cı maddəsi müəyyən edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
40. İddiaçı iddiasında mübahisəli mənzilin mərhum atası X5 miras qalmış əmlak kimi vərəsəlik qaydasında paylara bölünməsini tələb etsə də, lakin iş materiallarındakı sənədlərdən göründüyü kimi həmin mənzil mərhum Ağəli Vəliyevin mülkiyyətində olmamışdır. Sözügedən mənzil mərhum Ağəli Vəliyevin sağlığında onun istifadəsinə verilmiş yaşayış sahəsi olmuşdur ki, bu halda mənzilin mərhum Ağəli Vəliyevin miras kütləsinə daxil edilməsi yolverilməzdir. Hazırkı vəziyyətdə mübahisəli mənzil iddiaçının qardaşı, habelə cavabdehin əri mərhum X3 adına özəlləşdirilmiş mənzildir və sonuncunun xüsusi mülkiyyətindədir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
42. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) öldüyü məqamadək malik olduğu əmlaka vərəsəlik açılması və vərəsələr arasında bölünməsi ilə bağlı hüquq münasibətləri yuxarıda istinad olunan qanunvericilik normaları ilə tənzimlənmişdir. Ölmüş şəxsin adına qeydiyyatdan keçməmiş və üzərində mülkiyyət hüququ qeydə alınmamış əmlakın mirasın kütləsinə daxil edilməsi və vərəsələr arasında bölünməsi yolverilməzdir.
43. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil “X17 filialının xx.xx.2022-ci il tarixli, 831(573)/4 saylı” və “xx.xx.2022-ci il tarixli, 854(585)/4 saylı Arxiv arayışları”, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” “xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışı” və “mənzildə qeydiyyata olan şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri” əsasında X3 adına özəlləşdirilərək xx.xx.2023-cü il tarixli, **********92- 05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, iddiaçının mübahisəli mənzilə hər hansı bağlılığı müəyyən olunmadığöından onun hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmır.
44. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da deyilir ki, «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».
45. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
46. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
47. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(125)-2899/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.