Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2206/2023 22.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Sayad qızına qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(076)-7/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı Cavabdeh Sayad qızına qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı-Aylinlə birlikdə cavabdehin paylı mülkiyyətində olan həyatyanı torpaq sahəsində yerləşən faktiki istifadəsində olan təsərrüfatbaşına kitabda Cavabdeh Sayad qızının adına qeydə alınmış, Şəmkir rayonunun Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sayad qızı onun keçmiş qayınanasıdır. Cavabdehin oğlu X6 ilə 2018-ci ilin noyabr ayında faktiki ailə qurmuşdur. Nikahları 15 fevral 2019-cu il tarixdə Krasnayarsk Diyarının Mülki X1 vilayətinin Kirov və Sverdlovsk rayonları üzrə Ərazi Şöbəsində rəsmi qeyd alınmışdır. Birgə ailə həyatlarından bir uşaqları-X5 adlı övladları doğulmuşdur. Toyları ərəfəsində ona məxsus olan cehiz əşyaları Cavabdeh Sayad qızına məxsus olan və Şəmkir rayonunun Keçili kəndində yerləşən fərdi yaşayış evinə yığılmışdır. Toyları olan gün isə həmin evə gəlin köçmüşdür. Hazırda ona məxsus cehiz əşyaları, əmlakları həmin evdədir. 2021-ci ilin may ayına kimi həmin evdə yaşamışdır. 2021-ci ilin may ayında cavabdehlə aralarında narazılıq olmuş və cavabdeh onu uşaği ilə birlikdə evdən qovmuşdur. Həmin vaxtdan ata evində yaşamış və uşaq da onun himayəsində olmuşdur. Başqa yerdə evi yoxdur və ata evində yaşamaq, uşaq saxlamaq ona çox çətindir. Bir neçə dəfə həmin evə yaşamaq üçün getsə də, cavabdeh onu həmin evə buraxmayıb. Azyaşlı uşağı ilə birlikdə cavabdehin yaşadığı Şəmkir rayonu, Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını istəyir. O və uşağı uzun müddət həmin evdə mübahisəsiz yaşadığı üçün evin yerləşdiyi həyatyanı torpaq sahəsindən istifadə etdiyi üçün evdən istifadə hüququnun əldə etdiyini hesab edir. Köçmək istədiyi və hazırda cavabdehin istifasində olan fərdi yaşayış evi cavabdehin paylı mülkiyyətində olan torpaq sahəsində yerləşməklə onun faktiki istifadəsindədir. Eyni zamanda ev təsərrüfatbaşına kitabda cavabdeh qayınanası Cavabdeh Sayad qızının adına qeydə alınıb. Sabiq əri X6 ilə onun arasında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulub. Buna baxmayaraq cavabdeh onu və azyaşlı uşağını mənzillə təmin etməlidir. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin evə cavabdeh tərəfindən qeyd şərtsiz köçürülmüş və ailəyə daimi olaraq qəbul olunmuşdur. Uşağı ilə birlikdə uzun müddət həmin evə fasiləsiz və mübahisəssiz yaşamışlar. Uşağı ilə birlikdə həmin evdən istifadə hüququ əldə etdiyindən həmin fərdi yaşayış evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2(076)-7/2023 saylı qətnaməsi ilə (Ş.Məmmədova) iddia tələbi rədd edilmişdir. İş materiallarında olan sənədlər: DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin “Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən xx.xx.2022-ci il tarixli arayışına əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X6, X3 və digər ailə üzvlərinin adlarına JN-637 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası üzrə X6, X2 adına digər, X4 adına isə hər hansı bir əmlak qeydiyyatdan keçməmişdir. Krasnoyarsk diyarı VVAQ agentliyinin Krasnoyarsk şəhəri Kirovski və Sverdlovski rayon üzrə ərazi şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 11 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası Krasnoyarsk diyarı Krasnoyarsk şəhərində doğulmuşdur, atası X6, anası İddiaçıdır. Apellyasiya şikayətinin dəlilləri. Şəmkir Rayon Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2(076)-7/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Sayad qızının oğlu X6 ilə 2018-ci ilin noyabr ayında faktiki ailə qurmuşdur. Nikah 15 fevral 2019-cu ildə rəsmi qeydə alınmışdır. Toy olan gün mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları həmin evə yığılmışdır. Hazırda da cehiz əşyaları həmin evdədir. 2018-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına kimi həmin mənzildə uşağı ilə və cavabdehlə birlikdə mübahisəsiz yaşamışdır. 2021-ci ilin mart ayında cavabdehlərlə aralarında narazılıq yaranmış və cavabdeh onu mübahisə predmeti olan evdən qovmuşdur. Bu səbəbdən ata evində yaşayır. Ata evində yaşamaq və uşaq saxlamaq onun üçün çox çətindir. Bu səbəbdən də hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Mübahisə predmeti olan ev bir neçə yaşayış otağından və köməkçi sahədən ibarətdir. Ev qanunsuz tikilidir. Eyni zamanda cavabdehin maddi imkanları çatır ki, onu və uşağını evlə təmin etsin. Lakin buna baxmayaraq məhkəmə qeyd olunan qətnamə ilə onun iddiasını rədd etdi. Halbu ki, mübahisə predmeti olan ev qanunsuz tikilidir. Həmin evlə bağlı hüquqlar dövlət qeydiyyatına alınmayıb. Məhkəmənin bu nəticələri ilə razı deyil. Əvvala ona görə ki, o cavabdeh tərəfindən mübahisəli mənzilə köçürüləndə, ailə üzvü kimi ailəyə qəbul olunanda, cehiz əşyaları həmin mənzilə yığılanda ev qanunsuz tikili idi. Bu gün də qanunsuz tikilidir. Məhkəmə bunları nəzərə almamışdır. Hesab edir ki, məhkəmə mübahisəni həll edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etməklə iddianı təmin etməli idi. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştiakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərələr məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçının vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Ərizədə məhkəmə iclasında iştirakın mümkün olmamasının hansı üzürlü səbəbdən baş verməsi qeyd olunmamışdır. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və hüquqi əsaslandırması:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı iddia ərizəsində mübahisəli evin təsərrüfatbaşına kitabda Cavabdeh Sayad qızının adına qeydə alındığını iddia etməklə həmin evə köçürülməsini xahiş etmiş, evin hüquqi statusuna dair məhkəməyə isə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməməklə yanaşı, işin bu halı onun tərəfindən mübahisələndirilməmişdir ki, işin bu halı mübahisəsiz hal kimi qəbul edildiyi təqdirdə iddia əsassız hesab olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı”nın 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur ki, bununla da mübahisəli evin cavabdehin mülkiyyətində olması qəbul olunandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyyəçilər çıxış edir. Beləliklə, iddiaçı 2018-ci il tarixdə qayınanası olan cavabdehin təsərrüfatbaşına kitabda adına qeydə alınmış evə köçüb yaşamışdır ki, Mənzil Məcəlləsinin tələbi baxımından, iddiaçı cavabdehin ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ yaranmamışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ki, belə bir müqavilənin bağlanması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərilənlərdən fərqli olaraq, mübahisəli tikilinin cavabdehin faktiki sahibliyində olan qanunsuz tikili olduğunu iddia etmişdir ki, bu hal işin mübahisəsiz halı kimi qəbul edildiyi təqdirdə də iddia əsassız hesab olunur. Belə ki, yaşayış binasından isifadə və ya ümumilikdə mülkiyyət hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin, iddiaçının iddiasında əsasən mübahisəli evin özbaşına tikili olması qəbul edildiyi halda, həmin evdən istifadə və ya mülkiyyət hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Lakin, iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən o, cavabdehin faktiki sahibliyində olan özbaşına tikiliyə onun razılığı ilə köçmüşdür ki, cavabdehin razılığı olmadan iddiaçının yenidən həmin mənzilə köçürülməsi sahibliyin pozulması kimi qiymətlənidirilməklə əsassız hesab olunur. Nəzərə alınmalıdır ki, müəyyən hüquq münasibətlərində faktiki sahiblik də qanunla qorunmaqdadır. Belə ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2(076)-7/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i: Şəmkir Rayon Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2(076)-7/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2(076)-7/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.