Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2207/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X10 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs 1 saylı X17 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) «qohumluq faktının müəyyən edilməsi» tələbi barədə ərizə üzrə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5458/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs 1 saylı X17 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) «qohumluq faktının müəyyən edilməsi» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsində ana qrafasında qeyd edilən X7 və ölüm haqqında şəhadətnamədə qeyd edilən X2 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunun Əzizli kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə atası X11, anası X4 qeyd edilmişdir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiya edildiyi vaxt, anasıgil Gəncə şəhərində yaşadığı ünvana gəlmişlər. Ancaq anası bir müddət onun yanında qaldıqdan sonra qohumlarının dəvəti ilə Şuşa şəhərinə getmək qərarına gəlmiş, səbəb kimi anası aran iqlimində darıxdığını bildirmişdir. Şuşada məskunlaşdıqdan sonra Xocalı şəhərində Ermənistandan olan qaçqınlar üçün yeni inşa edilmiş binalarda anasıgilə də mənzil verilmiş və onlar Xocalıda məskunlaşdılar. Daim onları ziyarət etmiş və maksimum dərəcədə onların qayğısına qalmışlar. Ancaq 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən məlum soyqırım aktı törədilərkən anası da güllə yarası alaraq şəhid olmuşdur. Anasının 26 fevral 1992-ci il tarixdə ermənilər tərəfindən törədilən soyqırım zamanı şəhid olması faktı ölüm haqqında akt qeydləri kitabında 02 mart 1994-cü il tarixdə 16-B № ilə qeyd edilmişdir. Təəssüf ki, ölüm haqqında şəhadətnamə yazılarkən anasının adı özünün ilkin sənədləri olmadığına görə X1 yazılmışdır. Cəmiyyət arasında Kifayət kimi, onun doğum haqqında şəhadətnaməsində Simizar kimi, ölüm haqqında Şəhadətnaməsində isə Simuzər kimi qeyd olunan şəxs eyni adamdır və həmin hüquq müəyyənedici sənədlər eyni şəxsə məxsusdur. Hətta anasını tanıyan insanların heç biri anasının hüquqmüəyyənedici sənədində Simizar olmasını bilməmişlər. Hamı onu Kifayət kimi tanıyır və Kifayət deyə müraciət etmişdir. Bu barədə onun kifayət qədər şahidləri vardır ki, onlar onu, valideynlərini və digər qohumlarını çox yaxşı tanıyırlar. Həmin şəxslər də Ermənistanda onlarla həmkəndli olmuşlar. Ona görə də Xocalı şəhidləri kitabında anasının adı Kifayət kimi qeyd edilmişdir. Anası ölüm haqqında şəhadətnaməsində olan yanlışlığın düzəldilməsi barədə 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə etdiyi müraciətin icrasından imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs 1 saylı X17 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) «qohumluq faktının müəyyən edilməsi» tələbi barədə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçinin anasının X9 olması öz təsdiqini tapır. Ərizəçinin məqsədi isə, anasının ölüm haqqında şəhadətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi ilə bağlıdır ki, bununla bağlı da düzgün olaraq həmin yanlışlığın aradan qaldırılması üçün inzibati məhkəmədə iddia qaldırmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin Gəncə Şəhər Məhkəməsinin 2(125)-5458/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadının ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəməmənin ərizəylə bağlı mülki işə xitam verərkən, Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinin tələbini pozmuşdur. Bu maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir. İşə baxan məhkəmə iş üzrə icraata xitam verərkən onun konstitusiyada təsbit olunmuş bu hüququnu pozmuşdur. İşə baxan məhkəmə onun ərizəsi üzrə icraata xitam verərkən MPM-nin 307-ci, 308-ci, 309-cu maddələrinin tələbini pozmuşdur. Belə ki, məlum ziddiyyət qohumluq faktının müəyyən edilməsi ilə aradan qalxa bilər. Ona görə də, məhkəmə iş üzrə icraata xitam verərkən, MPM-nin 307-ci, 308-ci, 309cu maddəsində təsbit olunmuş hüququnu pozmuşdur. Ərizəsi üzrə mülki işin icraatına xitam verərkən məhkəmə gəldiyi nəticə ilə bağlı bütün halları araşdırmadan qərardad qəbul etmişdir. İşə baxan məhkəmə onun doğum haqqında şəhadətnaməsindəki ana qrafasındakı şəxsə ölüm şəhadətnaməsindəki şəxsin eyni şəxs olması, yəni anası olması halı sübut edilmədən iş üzrə icraata xitam verilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadını ləğv edib tərəflərlə bərabər sonrakı prossesual hərəkətlərin davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5458/2025 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin heç bir sənəd daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-5458/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış məcburetmə haqqında iddia ərizəsindən və sərəncamdan görünür ki, Ərizəçi cavabdeh 1saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixli 16-B nömrəli akt qeydində anasının adının Simizar, ata adının Söyünalı, soyadının Allahverdiyeva kimi qeyd olunması öhdəliyinin qoyulması barədə iddia ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin məqsədi anasının ölüm haqqında şəhadətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi ilə bağlıdırki və bununla bağlı düzgün olaraq həmin yanlışlığın aradan qaldırılması üçün inzibati məhkəmədə iddia qaldırmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu qərarın 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəyə xüsusi icraat qaydasında baxılması üçün əsas yoxdur. Ərizəçinin məqsədi anasının ölüm haqqında şəhadətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi ilə bağlıdır və bununla bağlı düzgün olaraq həmin yanlışlığın aradan qaldırılması üçün inzibati məhkəmədə iddia qaldırmışdır. Ərizəçi şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasını qeyd etsə də, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 2(125)-5458/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5458/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2207/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2207/2025
17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver