Məhkəmə qərarları › İş №2(104)-2216/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2216/2023

01.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2216/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 qarşı “mülkiyyət hüququnun müdafiəsi, qanunsuz istifadədən mülkiyyətdə olan torpaq sahəsinin azad edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-579/2022 saylı mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-579/2022 saylı mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı1 məxsus olan və Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, 19 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh6 zəbtindən azad edilməsi və zəbtdən azad edilmiş torpaq sahəsinin İddiaçı1 qaytarılması qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)- 444/2023 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən və məruzəçi, R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(043)-579/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2519/2023 saylı qərarı ilə cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)- 444/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 qarşı “mülkiyyət hüququnun müdafiəsi, qanunsuz istifadədən mülkiyyətdə olan torpaq sahəsinin azad edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini cavabdehlərin qanunsuz istifadəsindən azad edərək, onu həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil İnqilab oğlu “iddia tələbinin həcminin artırılması” barədə məhkəməyə ərizə verərək, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh2, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh3, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh4, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh5, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh6, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan X1 cavabdeh qismində cəlb etməklə onları da azyaşlı övladları ilə birlikdə onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Abbas Səhhət küçəsi 19 sayda yerləşən torpaq sahəsinə rəsmi qaydada alğı-satqı edərək, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq, xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hüquqverici sənədlərə əsasən torpaq sahəsi 600 kvadratmetr təşkil edir. Həmçinin, qeyd olunan torpaq sahəsində uçuq və heç bir şeyə yaramayan üstü açıq təxminən 15-20 kvadratmetr təşkil edən bir tikili köhnə vaxtlardan qalmışdır. Torpaq sahəsini rəsmiləşdirəndən sonra sahəni daş hasarla hasarlatmış, həmin yararsız tikilinin üstünə isə şifer vurduraraq, gələcəkdə ev tikilən zaman əl damı kimi istifadə edilməsini planlaşdırmışdır. Torpaq sahəsini hasarlatmasına baxmayaraq, girişçıxış qapısını qoymamışdır. Bundan sonra maddi durumu qənaətbəxş olmadığından, evin tikintisini bir müddət sonra etməyə planlaşdırmışdır. Bu minvalla həmin torpaq sahəsinə təxminən 1,5 il yaxın getməmişdir. Arxayın olmuşdur ki, torpaq sahəsi rəsmi qaydada onun mülkiyyətindədir, tam şəkildə hasarlanıb və bu səbəblərdən ora heç kim müdaxilə edə bilməz. Bir müddətdən keçəndən sonra mülkiyyətində olan torpaq sahəsinə gedən zaman müəyyən etmişdir ki, cavabdehlər onun əl damı kimi istifadə etməyə planlaşdırdığı yararsız tikilini özünə ev kimi istifadə edir və onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz olaraq daxil olaraq faktiki zəbt etmişdir. Cavabdehlərlə dəfələrlə söhbət edib onlara hüquq müəyyənedici sənədlərini təqdim etsə də, heç bir müsbət nəticə əldə edə bilməmiş və mülkiyyətində olan torpaq sahəsini qanunsuz istifadə edilməsinin qarşısını danışıqlar yolu ilə qarşısını ala bilməmişdir. Bu səbəbdən hüquqlarını müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlardan tam aydın olur ki, cavabdeh tərəfindən atılan qanunsuz hərəkətlər nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlər isə iddiaya etiraz edərək göstərmişlər ki, onlar 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşmüşlər. Kəlbəcər rayonu işğal olunduğu vaxtdan halhazıradək ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən torpaq sahəsində məskunlaşıb yaşayırlar. Həmin torpaq sahəsinin ümumi sahəsi 0.06 hektardır. Onlar həmin ünvanda məskunlaşdıqları halda torpaq sahəsi iddiaçıya satılıb və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ sonradan əmələ gəlib. Lakin iddiaçı sonradan hansısa yolla onların məskunlaşdığı ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə edib. Onlar mübahisəli torpaq sahəsində ev tikməklə onu təmir edib orada yaşayırlar. Orada olan tikiliyə təxminən 2.000 manatdan çox xərc çəkiblər və 30 ilə yaxındır ki, həmin ünvanda yaşayırlar və istifadələrində digər yaşayış sahəsi yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçının məhkəməyə ünvanlandığı iddia ərizəsi və iddiaçının nümayəndəsinin izahatından açıq aşkar görünür ki, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə yaranmışdır. İddia ərizəsinin məzmunundan belə nəticə çıxarmaq olur ki, guya iddiaçı torpaq sahəsini alarkən orada heç kəs yaşamamışdır. Bir müddət keçdikdən sonra müəyyən etmişdir ki, orada məcburi köçkünlər yaşayır. Halhazırda mübahisəli torpaq sahəsində 3 ailə yaşayır. Hər bir ailənin ayrıca sayğacı vardır. Həmin yaşayış evləri köhnə anbar binası olmuş və məcburi köçkünlər tərəfindən 30 ildir ki, yaşayış sahəsi kimi istifadə edilir. İddiaçı nədənsə həmin tikilini uçuq və heç bir şeyə yaramayan tikili kimi göstərmiş və onun əhəmiyyətsiz olduğunu bildirmişdir. Diqqət edilsə, müəyyən olunur ki, məhkəməyə torpaq sahəsi ilə bağlı yalnız çıxarış təqdim edilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi təqdim edilməmişdir. İddiaçı əgər torpaq sahəsinə plan və ölçü sənədi alsaydı, mühəndislər tərəfindən torpaq sahəsinin ölçü işləri aparılan zaman məcburi köçkünlərin orada məskunlaşdığı müəyyən edilməklə mübahisə olduğuna görə sənədləşdirmə işlərinin aparılmasından imtina ediləcəkdir. İddiaçının imkanı olsaydı, cavabdehləri 0,06 ha torpaq sahəsində yerləşən tikilidən çıxarmaqla bağlı iddia qaldırardı. Çox təəssüflər olsun ki, məhkəmə mübahisəli torpaq sahəsində yerləşən tikilinin hüquqi statusu ilə bağlı hər hansı araşdırma aparmamışdır. Onlar mübahisəli ərazidə yerləşərkən həmin ərazi Metal anbarın ərazisi olmaqla dövlət mülkiyyətində olmuşdur. Qeyd olunan əmlakın hansı əsasla özəlləşdirilməsi barədə iş materiallarında hər hansı məlumat yoxdur. Bu faktların iş üçün çox böyük əhəmiyyətı vardır. Çünkı iddiaçı cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdehlər ısə torpaq sahəsində deyil, onun üzərində yerləşən vaşayış evində məskunlaşmışlar. Əgər həmın tikili dövlətin mülkiyyətindədirsə, onda iddiaçının cavabdehləri qeyd olunan tikilidən çıxartmaq üçün hər hansı subyektiv hüququ yoxdur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 nümayəndə vasitəsilə təmsil olunsa da özü və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehlərdən X2 əlavə olaraq göstərdi ki, 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonu işğal edildikdən sonra ailə üzvləri ilə birlikdə Gəncə şəhərinə gəlmiş, yerli icra orqanlarının göstərişi ilə və ünvan 2 ünvanda yerləşən Metal anbarının rəhbərliyinin razılığı ilə həmin metal anbarının ərazisində olmuş vaqonda yerləşmiş, haha sonra isə yaşamaları üçün Metal anbarının rəhbərliyinin razılığı ilə həmin ərazidə ev tikdirərək orada yaşamaqda davam etmiş, həm də anbarda gözətçi işləmişlər. Tikdirdikləri ev hüquqi qeydiyyata alınmamışdır. Son 30 ildir ki, həmin ərazidə yaşayırlar. Dövlət tərəfindən evlə təmin olunmamışlar. Daimi yaşayış yerlərinə köçürülənədək həmin ünvandan çıxarılmalarına razı deyildir. Ona görə ki, başqa ünvanda yaşamağa yerləri yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(043)-579/2022 saylı iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı1 adına verilmiş xx.xx.2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 37 nömrəli arayışdan görünür ki, 1993-cü il aprel ayının əvvəllərində, Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonun işğal olunması nəticəsində ailəsi ilə birlikdə məcburi köçkün düşmüşdür və həmin tarixdən müvəqqəti olaraq Gəncə şəhəri, Abbas Səhhət-38 Metal Anbarının binasında məskunlaşıb yaşayır. Gəncə şəhəri, Abbas Səhhət-38 Metal Anbarının binasında (3 ailə) Səfərova Məleykə ilə birlikdə iki oğlu, gəlinləri, qızı və nəvələri məskunlaşıb yaşayırlar. Məhkəmə kollegiyasının sorğusu əsasında Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş 11 oktyabr 2023-cü il tarixli 5-55/2-469/2023 nömrəli məktubundan görünür ki, Kəlbəcər rayonunun Zivel kənd sakinləri Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, X4 və Cavabdeh6 dövlət tərəfindən mənzillə təmin olunmayıblar. Həmin vətəndaşlar 1993-cü ildən hal-hazıradək Gəncə şəhəri Metal anbarının inzibati binasında müvəqqəti olaraq məskunlaşmışlar. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdehlər 1993-cü ildə Kəlbəcər rayonu işğal olunduğuna görə məcburi köçkün düşmə səbəbindən ünvan 5 ünvanda yerləşmiş keçmiş Metal anbarının rəhbərliyinin razılığı ilə Metal anbarının ərazisində olan yarımçıq tikilidə məskunlaşdırılmış, sonradan yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə yerləşdirildikləri ərazidə müəyyən tikinti işləri apararaq hazırkı vaxtadək orada yaşamaqda davam edirlər. İddiaçı1 xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, 19 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən almış, həmin müqaqvilə əsasında adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini aldıqdan sonra həmin sahəni daş hasara alsığını, yarımçıq tikilinin üstünü şiferlə örtdükdən sonra həmin torpaq sahəsinin bir müddət nəzarətsiz qaldığını, bundan istifadə edən cavabdehlərin həmin torpaq sahəsinə girib yararsız tikilini özlərinə ev kimi istifadə etdiklərini göstərmiş olsa da, iş materialları ilə cavabdehlərin 1993-cü ildən həmin ünvanda yaşadıqları müəyyən olunur. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə edib və həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Lakin sonradan cavabdehlər həmin torpaq sahəsində məskunlaşaraq yaşamağa başlamışlar. İddiaçı cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılmalarını tələb etsə də, sonuncular bundan imtina edib və buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi işin mübahisəsiz halıdır. Hazırki işin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və həmin maddədə göstərilən şərtlər məcmu halında mövcuddur. Buna baxmayaraq iddiaçıya məxsus torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehlərin sahibliyində, istifadəsindədir və onlar torpaq sahəsini metal tor vasitəsilə hasara alıblar. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları dövlət qeydiyyatına alınmayıb. Bu səbəbdən də cavabdehlərin sahibliyi qanunsuzdur və iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdən də göründüyü kimi, Kəlbəcər rayonu Zivel kənd sakinləri cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, X4 və Cavabdeh6 1993-cü ildə Gəncə şəhəri Abbas Səhhət küçəsi 19 saylı ünvanda yerləşmiş keçmiş Metal anbarının inzibati binasında yerli icra hakimiyyəti orqanlarının və metal anbarının rəhbərliyinin razılığı ilə məskunlaşmış, sonradan həmin metal anbarının ərazisində müvəqqəti yaşamaları üçün tikdirdikləri evdə 30 ildir ki, yaşamaqda davam edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə alınmalıdır ki, torpaq sahəsində mülkiyyətçisinin razılığı olmadan və ya onun iradəsi ziddinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçi həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etməkdə haqlıdır və onun bu kimi hüququ qanunla qanunla tanınır. Belə ki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu kimi müdaxilə qanunsuz sayılır. Müdaxilənin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün meyarlardan biri mülkiyyətçinin iradəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər mübahisəli ünvandakı tikiliyə 1993-cü ildə yerli icra hakimiyyəti orqanlarının, həmçinin cavabdehlərin hazırda müvəqqəti olaraq yaşadıqları tikililərin yerləşdiyi torpaq sahəsinin aid olduğu keçmiş Metal anbarın rəhbərliyinin razılığı ilə məcburi köçkün kimi köçməklə məskulaşdığından və tikinti işləri də həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin razılığı ilə aparıldığından onların hərəkətləri mülkiyyətçisyə münasibətdə qanunsuz sayılmır. Kollegiya həmçinin vurğulayır ki, iddiaçı həmin 0,06 ha torpaq sahəsini xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etməklə onun mülkiyyət hüququ 2018-ci ildə qeydiyyata alınmışdır. iddiaçı həmin torpaq sahəsini alanda cavabdehlərin orada yaşadığını bilmiş və buna etiraz etməmişdir. Onun cavabdehlər tərəfindən torpaq sahəsinin sonradan zəbt edilməsi, tikinti işlərinin sonradan - həmin torpaq sahəsini aldıqdan sonra aparılmasına dair dəlilləri əsassızdır. Bu səbəbdən də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız sayır. İşin faktiki hallarından da göründüyü kimi cavabdehlər məcburi köçkün düşdükləri bir vaxtdan hazırkı vaxtadək, yəni 30 ildən artıq bir müddətdə həmin ünvanda yaşasalar da, onların tikinti işlərinin aparılması və ya da mövcud tikilidə aparılmış yaxşılaşdırmalara çəkilmiş xərclə bağlı tələbləri olmamışdır, ona görə də kollegiya iş üzrə ekspertizanın təyin edilməsini zəruri saymır. Kollegiya həm də qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli 298 saylı Sərəncamının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Beləliklə də kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, şikayətin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-579/2022 saylı mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 qarşı “mülkiyyət hüququnun müdafiəsi, qanunsuz istifadədən mülkiyyətdə olan torpaq sahəsinin azad edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması” tələbinə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar