Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2218/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Ərizəçi1 və X13 Fondunun nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək stajı faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 saylı qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci il tarixədək Qərbi Azərbaycanın (indiki Ermənistan) Vardenis rayonu Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonu Əzizli kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləmişdir. 1988-ci ildə məlum hadisələr vaxtı, yəni Qərbi Azərbaycandan qovulan zaman ona məxsus əmək kitabçası orada qalmışdır. Qaçqın gəldikdən sonra Şəmkir rayonunda yenidən əmək kitabçası tərtib edilsə də bütün sənədlər orada qaldığı üçün ərizəçinin qeyd olunan illərə aid iş fəaliyyəti yalnız Vardenis RXTŞ-nin onda qalan arayışları əsasında əmək kitabçasında qeyd olunmuşdur. Hazırda 65 yaşı tamam olmuşdur. Təqaüdə çıxmışdır, lakin onun 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək olan iş fəaliyyəti nəzərə alınmamışdır. Bu səbəbə görə də ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) ərizə təmin edilməmişdir. İşdə olan sübutlar: xx.xx.1080-ci il tarixli 18536206 nömrəli Partiya biletinin surətindən görünür ki, 1957-ci il təvəllüdlü Ərizəçi1 1980-ci ilin may ayından Ermənistan SSS X1 rayon Partiya Komitəsinin üzvüdür. Partiya biletində 1980-ci ilin oktyabr ayından 1991-ci ilin iyun ayına kimi əmək haqqının olması və əmək haqqına müvafiq olaraq üzvlük haqqı ödəməsi göstərilmişdir. xx.xx.1983-cü il tarixli ИВ seriyalı 039820 nömrəli Diplomun surətindən görünür ki, Ərizəçi1 1978-ci ildə H.Zərdabi adına X7 İnstituna daxil olmuş, 1983-cü ildə həmin İnstitutun riyaziyyat fakültəsini bitirmişdir. Gəncə Dövlət Universitetinin 05 aprel 2023-cü il tarixli, 41/23 saylı arayışından görünür ki, Ərizəçi1 1978-ci ildə H.Zərdabi adına X7 İnstitunun (indiki Gəncə Dövlət Universitetinin) riyaziyyat ixtisası üzrə qiyabi şöbəsinin 1-ci kursuna qəbul ediliş, 1983-cü il tarixdə insititutu bitirmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ərizəçi1 ünvanlanmış 28 oktyabr 2022-ci il tarixli, **********53 nömrəli məktubdan görünür ki, Şəmkir Rayon Təhsil İdarəsi tərəfindən xx.xx.1991-ci il tarixində tərtib olunmuş İT-İ №2039335 nömrəli əmək kitabçasının surətində Ermənistan SSRİ-nin Vardenis rayon xalq təhsil idarəsinin arayışı əsasında ərizəçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixinədək adıçəkilən rayonun Əzizli kənd orta məktəbində işləməsi barədə müvafiq qeyd aparılmışdır. Əmək kitabçasının qeyd bölümündə arayışın tarixi, nömrəsi qeyd olmadığından, həmçinin sözügedən arayış təqdim edilmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əzizli kənd orta məktəbinin müəllim kollektivinin fotoşəkli və 1976-1977-ci illər buraxılışlı kollektiv şəkil tablosu sübut qismində qəbul olnumuşdur. Apellyasiya şikayətinin dəlilləri. Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 saylı qətnaməsindən narazı qalan Ərizəçi1 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-1248/2022 saylı mülki iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, o, ərizəsində, həmçinin məhkəmə iclasında qeyd etmişdir ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Qərbi Azərbaycanın Vardenis rayonu Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi işləmiş və həmin faktı da yalnız məhkəməyə gətirdiyi şahidlər təsdiq edə bilərdi. Lakin məhkəmə tərəfindən həmin şahidlər dindirilməmiş, qətnamədə isə onun müvafiq qurumda işləməsini təsdiq edən sübut təqdim edə bilmədiyindən ərizənin təmin edilmədiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(104)-729/2023 saylı qətnaməsi (sədrlik edən Ə.Məmmədov, hakimlər F.Mehtiyev və R.Muradov) ilə Ərizəçi1 apellyasiya şikayətinin təmin edilməməsi və Göygöl Rayon Məhkəməsinin 2(066)- 1248/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 2(102)-2503/2023 saylı qərarı ilə (sədrlik edən E.Şamayev, hakimlər E.Vəliyeva və Ə.Xıdırov) Ərizəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)-729/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi izahat verib bildirmişdir ki, o 1978-ci ildə X7 İnstitunun riyaziyyat ixtisası üzrə qiyabi şöbəsinin 1-ci kursuna qəbul edilmiş, 1983-cü il tarixdə insititutu bitirmişdir. Qiyabi təhsil aldığından və yaşadığı kənddə müəllim çatışmamazlığı səbəbindən 2-ci kursu bitirdikdən sonra Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbinə riyaziyyat müəllimi kimi işə düzəlmiş və 5-6-cı siniflərə riyaziyyat fənnindən dərs demişdir. Məhkəməyə təqdim etdiyi partiya biletində onun 1982- 1988-ci illərdə işləməsi ilə əlaqədar aldığı əmək haqqı məbləği və buna müvafiq olaraq ödədiyi üzvlük haqqı məbləğləri qeyd olunmuşdur. Bundan başqa məhkəməyə sübut qismində Əzizli kənd orta məktəbinin müəllim kollektivi ilə birlikdə çəkdirdiyi fotoşəkili və 1976-1977-ci illər buraxılışlı kollektiv şəkil tablosunu təqdim etmişdir ki, həmin fotoşkillərlə də onun Əzizli kənd orta məktəbində müəllim işləməsi öz təsdiqini tapmaqdadır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, əmək kitabçasında qeyd olunan arayışı tapa bilməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X11 izahat verib bildirmişdir ki, hesab edir ki, hazırkı işə mülki məhkəmə icraat qaydasında baxıla bilməz. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı 13.2-ci bəndində qeyd olunmuşdur ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X13 Fondunun nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 1978-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbində həm ibtidai sinif müəllimi, həm də riyaziyyat müəllimi kimi işləmişdir. Ərizəçi1 isə onun həmkəndlisi olmaqla yanaşı, o 1978-ci ildən X7 İnstitunun riyaziyyat ixtisası üzrə qiyabi şöbəsində təhsil almış və həmin məktəbdə müəllim kimi işləmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, 1988-ci ildə ermənilərin Azərbaycana torpaq iddialarının olması və yaranmış gərgin vəziyyətlə əlaqədar məcburi şəkildə yaşadıqları evlərindən qaçqın düşmüşlər ki, bu səbəbdən də əmək kitabçası işlədiyi məktəbdə qalmışdır. Buna görə də hazırkı əmək kitbaçasında Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbində işləməsi ilə bağlı qeyd Şəmkir rayon təhsil şöbəsi tərəfindən aparılmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi1 onun Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi olmuşdur. Şahid qismində çağırılmış X8 isə onun ibtidai sinif müəllimi olmuşdur. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, 1988-ci ildə ermənilərin Azərbaycana torpaq iddialarının olması və yaranmış gərgin vəziyyətlə əlaqədar 10-cu sinifi yarımçıq qoyaraq, Azərbaycana gəlmişdir. Buna görə də Əzizli kənd orta məktəbini bitirməsinə dair atestatı yoxdur. Məktəbin direktoru əvvəl Qəfər, sonra Xosrov, daha sonra isə Əli müəllim olmuşdur. Ona təqdim edilmiş fotoşəkildəki müəllimləri tanımaqdadır. Ona təqdim olunan müəllimlər Ərizəçi1, Nadir Qəhrəmanov, Əli Həsənov və İsa Qəhrəmanovdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi1 onun həmkəndlisi olmaqla yanaşı, həmçinin Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbində onun 5-6-cı siniflərdə riyaziyyat müəllimi olmuşdur. Məktəbi 1985-1986-cı illərdə bitirmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, kollektiv şəkil tablosu və atesstatı olmuş, lakin qaçqınlıla əlaqədar itmişdir. Ona təqdim edilmiş fotoşəkildəki müəllimləri tanımaqdadır. Ona təqdim olunan müəllimlər Ərizəçi1, Nadir Qəhrəmanov, Əli Həsənov və İsa Qəhrəmanovdur. Tətbiq edilən hüquq: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 167.1. Hakim, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında, çəkişmə prinsipinə əməl etməklə digər hərəkətlərlə yanaşı tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi, o cümlədən şahidlərin çağırılmasını təklif etməlidir. 184.1.Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri və şahidləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 saylı qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi ərizəçinin tələbini sübut edə bilməməsi əsası ilə ərizəni təmin etməkdən imtina etmişdir ki, bu zaman birinci instansiya məhkəməsi işdə olan sübutları kifayət qədər qiymətləndirməməklə yanaşı düzgün qiymətləndirməmiş, həmçinin sübutların yetməzliyi halında isə Mülki Prosessual Məcəllənin 14,167 və 184.1-ci maddəsinin tələbini pozaraq, ərizəçiyə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və müvafiq prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməmişdir. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edirk i, ərizəçi tərəfindən Ermənistan SSR X1 rayon komitəsi tərəfindən verilmiş partiya biletində onun 1980-ci ildən 1988-ci ilin dekabr ayınadək Ermənistan SSR-in Vardenis rayonunda işləməsi, əmək haqqı alması və həmin əmək haqqına müvafiq olaraq partiya üzvlük haqqına dair ödənişlər etməsi qeyd olunmuşdur. 1988-ci ilin dekabr ayından sonra isə müvafiq qeydlər Azərbaycan SSR X2 rayon komitəsi tərəfindən aparılmışdır ki, qeyd olunan sübut mötəbər yazılı sübut olmuşdur. Belə ki, həmin yazılı sübutla ərizəçinin Ermənistan SSR Vardenis rayonun Əzizli kəndində yaşayarkən işləməsi təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi isə həmin sübuta ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi ərizəçinin hərbi biletinə istinad edərək, onun 1984-cü ildə Ermənistan SSR Vardenis rayon Komissarlığından hərbi xidmətə çağırıldığını qeyd etmişdir. Lakin, iş materiallarında olan ərizəçinin hərbi biletindən görünür ki, o 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, insititutu bitirməsi və ali təhsil alması ilə əlaqədar olaraq, yeni hərbi bilet 1984-cü il tarixdə verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübuta düzgün istinad etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər X4 və X5 ərizəçinin onların Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi olmasını təsdiq etmişlər ki, həmin şahidlərin ifadələri məhkəməyə təqdim edilmiş digər sübutlarla əlaqəli şəkildə yoxlanılaraq mötəbər sübut kimi qəbul olunmuşdur. Belə ki, ərizəçi tərəfindən məhkəməyə onun Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbinin müəllim kollektivi ilə çəkilmiş fotoşəkli, o cümlədən 1976-1977-ci illər buraxılışlı kollektiv şəkil tablosu məhkəməyə təqdim edilmişdir ki, 1976-1977-ci illər buraxılışlı kollektiv şəkil tablosunda müəllimlər İ.Qəhrəmanov, N.Qəhrəmanov və Əli Həsənovun fotoşəkilləri olmuş, həmçinin onların fotoşəkli ərizəçinin Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbinin müəllim kollektivi ilə çəkilmiş fotoşəklidə də öz əksini tapmışdır. Şahidlər isə onlara təqdim edilmiş fotoşəkildəki ərizəçi və onunla birlikdə olan müəllimləri tanımaqla, göstərmişlər. Buna görə də məhkəmə kollegiyası həmin şahidlərin ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş Gəncə Dövlət Universitetinin 05 aprel 2023-cü il tarixli, 41/23 saylı arayışından görünür ki, Ərizəçi1 1978-ci ildə H.Zərdabi adına X7 İnstitunun (indiki Gəncə Dövlət Universitetinin) riyaziyyat ixtisası üzrə qiyabi şöbəsinin 1-ci kursuna qəbul edilmiş, 1983-cü il tarixdə insititutu bitirmişdir ki, ərizəçinin qiyabi ali təhsil aldığı müddətdə işləməsi mümkün olan haldır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci il tarixədək Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi işləməsi işdə olan sübutlarla təsdiq olunmuşdur. Buna görə də Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 saylı qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı 13.2-ci bəndinə müvafiq olaraq, hazırkı iş üzrə tələb olunan əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzliyi ilə bağlı izahatına münaibətdə isə qeyd edir ki, ərizəçiyə məxsus Şəmkir Rayon Təhsil İdarəsi tərəfindən 12 fevral 1991-ci il tarixində tərtib olunmuş İT-İ №2039335 nömrəli əmək kitabçasının surətində Ermənistan SSRİ-nin Vardenis rayon xalq təhsil idarəsinin arayışı əsasında ərizəçinin 01 sentyabr 1979-cu il tarixdən 01 dekabr 1988-ci il tarixinədək adıçəkilən rayonun Əzizli kənd orta məktəbində işləməsi barədə müvafiq qeyd aparılmışdır ki, həmin qeyd Ermənistan SSRİ-nin Vardenis rayon xalq təhsil idarəsi tərəfindən aparılmadığınan, həmçinin həmin qeyddə istinad olunan Ermənistan SSRİ-nin Vardenis rayon xalq təhsil idarəsinin arayışı mövcud olmadığından həmin dövr üzrə əmək stajına dair əmək kitabçasınının olması qəbul edilən olmamışdır. Digər tərəfdən qeyd olunan məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 2(102)-2503/2023 saylı qərarında hüquqi qiymət verilərək qeyd edilmişdir ki, iş üzrə müəyyən edilməsi xahiş olunan faktın xüsusiyyətləri (ərizəçinin qaçqın olaraq Azərbaycana gəlməsi, bu zaman əmək fəaliyyətini təsdiq edən sənədlərini götürmək imkanında olmaması, bundan 34 ildən artıq müddətin ötməsi, başqa vasitələrlə faktın təsdiq olunmasının mümkünsüzlüyü) nəzərə alınaraq ərizəçinin prosessual hüquqlarını müdafiəsi üçün şərait yaradılmadan ərizənin rədd edilməsi düzgün olmamışdır. Buna görə də məhkəmə kollegiyası maraqlı şəxsin dəlili əsassız olmaqla, ərizəçinin tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 saylı qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Ərizəçi1 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci il tarixədək Ermənistan SSR, Vardenis rayonu, Əzizli kənd orta məktəbində müəllim işləməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.