Məhkəmə qərarları › İş №2(104)-2233/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2233/2024

28.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2233/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1424/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4676,45 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16.77 manat məbləğində pulun alınaraq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1424/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən F.Babaşov) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 16.77 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1424/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin fəaliyyətinin yoxlanılması məqsədi ilə xx.xx.2022-ci l tarixə İddiaçı MMC-nin Bərdə filialında iclas təyin edilmiş və həmin iclasda iştirak etməsi üçün Cavabdeh xx.xx.2022-ci il tarixində teleqram ünvanlanmışdır. Teleqram Cavabdeh şəxsən çatdırılsa da, o, təyin edilmiş vaxtda təyin edilmiş yerə gəlməmişdir. Bu səbəbdən də, yoxlama onun iştirakı olmadan keçirilmiş və bununla bağlı akt tərtib edilmişdir. Tərtib edilmiş aktla cavabdehin şirkətə 5746,45 manat maddi zərər vurduğu aşkarlanmışdır. Cavabdeh həmin məbləğin 1070 manat hissəsini ödəsə də, qalan 4676,45 manat hissəsini ödəməmişdir. Məhkəmə mübahisəyə maddi hüquq norması kimi əmək qanunvericiliyinin müvafiq maddələrini tətbiq etməli olsa da, düzgün olmayaraq mülki qanunvericiliyin maddələrini tətbiq etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, MMC-nin fəaliyyət istiqamətləri satış və istehsaldan ibarət olmuş, cavabdeh isə satış nümayəndəsi olmuşdur. Cavabdeh öz təşəbbüsü ilə işdən azad edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 1424/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1424/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İqtisadiyyat Nazirliyi yanında X3 Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə qeydiyyatda alınmışdır. Təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xxxxxxx000201 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 83 nömrəli təlimatdan görünür ki, İddiaçı satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatları öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli müqavilənədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında işçinin tam maddi məsuliyyət daşıması haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 380 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xxxxxxx000201 əmək müqavilssi bildiriş nömrəli əmək müqaviləsinə Əmək çMəcəlləsinin 68.2.a bəndinə yəni-tərəflərin birinin təşəbbüsünə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli, 1553 nömrəli xəbardarlıqdan görünür ki, İddiaçı tərəfindən borclu Cavabdeh 4676.45 manat borcunu 5 iş günü ərzində ödəməsi xəbardarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli, xxxxxxx000201 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ona 4676.45 manat məbləğində ziyan vurduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin 5746,45 manat vəsaiti mənimsədiyini qeyd etsə də, sonradan həmin məbləği 4676,45 manat olaraq göstərmişdir. Bundan başqa, iş materiallarında olan üzləşmə aktında cavabdehin adı, soyadı və imzası yoxdur. Bu isə onun göstəricisidir ki, cavabdeh üzləşmə yaxud müştərilərlə faktiki borc qalıqlarının yoxlanmasında, ərazinin təhvil-təslimində iştirak etməmişdir. Həmçinin, iş materiallarında audit aktı və ya rəyi də yoxdur. Belə olan təqdirdə cavabdehin həmin vəsaiti mənimsəməsi və ya şəxsi ehtiyaclarına sərf etməsi şübhə doğurur və sübut olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199.

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. İş mateialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, xxxxxxx000201 nömrəli əmək müqaviləsi ilə İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və sonuncu İddiaçı satış departamentinin satış nümayəndəsi işinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə ilə, İddiaçı ilə Cavabdeh arasında işçinin tam maddi məsuliyyət daşıması haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 380 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xxxxxxx000201 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndinə, yəni-tərəflərin birinin təşəbbüsünə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İddiaçı Cavabdeh ona 4676.45 manat məbləğində ziyan vurduğunu göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmiş və həmin hal öz təsdiqini tapmamışdır. İşə əlavə edilən aktlarda cavaabdehin imzası olmamış, həmçinin auidit rəyi yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin MMC-ti qarşısında borcunun və mənimsəməsinin yarandığı halda, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.a bəndinə, yəni-tərəflərin birinin təşəbbüsünə əsasən xitam verilməsi də, inandırıcı görünmür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 203.

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Cavabvdehlə əmək müqaviləsinə xitram edilməzdən əvvəl isə, cavabdeh tərəfindən dəyməsi zənn edilən ziyanla bağlı yoxlama aparılmamış, onun izahatı alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-1424/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1424/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar