Məhkəmə qərarları › İş №2(104)-2242/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2242/2023

21.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2242/2023 21.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi, Vəkil Müşafiq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, miras əmlakın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(015)-45/2023 saylı qətnaməsindən Cavabdeh2 vəkili Vəkil tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, mirasın əmlakın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə edib göstərmişdir ki, X11 onun mərhum atası X9 anasıdır. X2 16 avqust 2003-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun əmlakı ½ hissədə həmin evdə yaşayan əmisi X10 adına, digər ½ hissədə açıq saxlanılmışdır. Digər ½ hissədə açıq saxlanılan əmlaka isə atası X12 faktiki sahiblik etmişdir. X3 2016-cı il tarixdə, atası X12 2018-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra Ağstafa rayonu, Muğanlı kəndində yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış sahəsinə o, faktiki sahiblik etmişdir. Belə ki, orada müəyyən təmir işləri, torpaq sahəsi üzərində müəyyən şəkildə təmizləmə işləri və sanitar qovşaq tikdirmişdir. Sonra isə pandemiya ilə əlaqədar rayona gediş-gəliş olmadığından işıqlandırma sistemi yarımçıq qalmışdır. ½ hissədə payı olan X20 rəhmətə getdikdən sonra onun orada yaşayan arvadı da Sabirabad rayonuna köçmüş bu səbəbdən daima əmlaka sahiblik və nəzarət etmişdir. Ağstafa rayonu Muğanlı kəndində yerləşən əmlakın ½ hissədə açıq saxlanılan hissəsinə dair vərəsəlik şəhadətnaməsinin alınması üçün Ağstafa rayon Notariat kontoruna müraciəti əsasında bilmişdir ki, nənəsindən atasına keçmiş ½ hissədə miras əmlak, Bakı şəhərində yaşayan həmin əmlaka heç bir hüququ olmayan başqa əmisi Cavabdeh2 vərəsəlik şəhadətnaməsi alaraq çıxarış əldə etmişdir. Əmisi Cavabdeh2 heç vaxt həmin əmlakda yaşamamış, hətta orada hansısa təmir və ya abadlaşdırma işləri aparmamışdır. X1 miras qalmış əmlaka dair qanunvericilikdə müəyyən olunmuş qaydada birinci növbədə vərəsə olduğu halda ikinci növbədə vərəsə əmisi Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və onun əsasında mübahisəli əmlakın özgəninkiləşdirilməsi nəticəsində onun konstitusion hüquqları pozulmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb buraxılmış müddəti üzrlü hesab edilərək vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən atasına miras əmlak olaraq keçən və atası rəhmətə getdikdən sonra faktiki sahiblik və istifadə etdiyi əmlak üzrə, Ağstafa rayon Dövlət Notariat Kontoru tərəfindən cavabdeh əmisi Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən əmlakın ½ hissəsində onun əmlak vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməmiş və qeyd etmişdir ki, o, Ağstafa rayonun Muğanlı kəndində anadan olmuş və evin son beşiyi olmuşdur. O, orta məktəbi qurtardıqdan sonra universitetə qəbul olmuş və qardaşı Sayad Babanlı gəlib kəndə sahiblik etmişdir. O, universitetə təhsil almağa getdiyindən valideynlərini tək qoymamaq üçün qardaşı Sayad onların yanında qalmışdır. Sayad Babanlı 2016-cı ildə vəfat etmişdir. Universiteti qurtardıqdan sonra 40 il Bakı şəhərində müəllim işləmiş, həmin dövrdə də yay tətillərində gəlib ata-anasına baxmışdır. Həyətdə olan bütün işləri anası, qardaşı Sayad və o etmişdir. X14 və Babanlı Sovet isə ildə bir dəfə gəlib 2-3 gün qalıb getmişlər. Bunların heç bir köməkliyi olmamış, anası xəstə olanda o, Bakı şəhərinə aparıb onu müalicə etdirmişdir. X16 rəhmətə getdikdən sonra ev sahibsiz qalmış, o, evlərin açarını yox, darvazasının açarını nəzərət etmək üçün qonşuya vermişdir. Sonradan eşitmişdir ki, qardaşı oğlu Firdovsi gedib evin qıfılını sındırıb, evə girib. Bir neçə müddət keçdikdən sonra yenə qıfılı sındırıb, hətta ora başqa bir şəxs də gətirmişdir. Bu barədə prokurorluğa şikayət ərizəsi yazmışdır. Ondan sonra aralarında mübahisə yaranmışdır. O, evi satmamış, sadəcə sənədləşdirmişdir. Qardaşının doğum haqqında şəhadətnaməsi olmamış və məhkəmə qaydasında qohumluq faktının təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur. Hal-hazırda bütün sənədlər öz adınadır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, Vəkil Müşafiq oğlu iddia tələbini qəbul etməmiş, onun rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ağstafa Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(015)-45/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mərhum nənəsi X4 miras qalmış əmlakı qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, Cavabdeh2 adına verilmiş 2V-220 reyestr nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın etibarsız etibarsız hesab edilməsi, X5 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X4 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə Cavabdeh2 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmiş, qətnamənin əmlak üzrə paylara dair İddiaçı və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsas olduğu qeyd edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 vəkili Vəkil qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hazırki qətnamə ilə razılaşmır, çünki məhkəmə həmin qətnaməni qəbul etməklə, onun konstitusiya ilə qorunan hüququnu pozmuşdur. Belə ki, iddiaçı haqsız iddia irəli sürsə də, hakim həmin iddia tələbini araşdırmalı və sonunda qərar qəbul etməli olduğu halda, araşdırmadan qərar qəbul etmiş və onun hüquqları pozulmuşdur. Belə ki, iddiaçı məhkəmə iclası zamanı da bildirmişdir ki, mərhum atası X8 ölümündən sonra atasından qalmış olan miras əmlakı qəbul etməmişdir. Mərhum nənəsi Gülər Babanlıdan miras qalmış yaşayış evində miras əmlakın yaxşılaşdırılması halına görə hər hansısa bir iş görmədiyini, mərhumun dəfnində ayaqyolunda işıq olmadığı üçün Cavabdeh2 vəsaiti ilə həmin yerə işıq çəkdiyini bildirmişdir. Bu halı da əsas tutmaqla iddiaçının miras əmlakı faktiki qəbul etdiyini bildirməklə iddia tələbini qismən təmin etmişdir. Həmçinin iddiaçının müddəti üzürlü səbəbdən ötürüb-ötürməməsi hissəsində isə anasının xəstə olmasını və ailə vəziyyəti ilə əlaqədar olaraq ötürdüyünün üzürlü sayılmasını xahiş etmişdir, amma heç bir sübut təqdim etmədən məhkəmə adi sözə inanmaqla müddətin ötürülməsini üzürlü saymışdır. İddiaçının bir neçə dəfə həmin miras əmlakda olmaqla darvazasının qıfılının sındırılması ilə bağlı olaraq Ağstafa rayon Prokurorluğuna şikayətini qətnamədə qeyd etmiş, amma, müddətin hansı şəkildə üzürlü sayılması halına toxunulmamışdır. Ümumiyyətlə iddiaçının neçənci növbəli vərəsə olmasına diqqət yetirilməmişdir. Vərəsəliyin dairəsi müəyyən edilməmiş, vərəsəliyi hansı şəkildə iddiaçının qəbul etdiyi sübuta yetməmişdir. Məhkəmə onun tərəfindən məhkəməyə rəsmi qaydada göndərilmiş sübutlara ümumiyyətlə qiymət verməmişdir. İddiaçı tərəfindən verilmiş olan iddia tələbi əsassız olduğu halda işə baxan hakim həmin iddia tələbinə hüquqi qiymət vermədən, onu çətin vəziyyətə salmışdır. Çünki iddiaçı miras əmlakı faktiki olaraq kimdən qəbul etdiyini, hansı şəkildə miras kütləsinə daxil olan əmlakın yaxşılaşdırılması yöndə işlər gördüyünü, birinci növbəli vərəsə olan iddiaçının atasının həmin miras əmlakı faktiki olaraq hansı şəkildə qəbul etdiyini, iddiaçının da atasından qalan miras əmlakı qəbul etdiyinə tam olaraq hüquqi qiymət verməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi, Vəkil Müşafiq oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki-14 noyabr 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında onun atası X9 doğum haqqında şəhadətnaməsinin iş materiallarında aşkarlanmadığı onun diqqətinə çatdırılmışdır. İddiaçı öz atası X9 doğumu haqqında rəsmi sənədi məhkəməyə təqdim edə biləcəyini bildirmiş və bu məqsədlə işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. İşin məhkəmə baxışı X9 doğumu haqqında rəsmi sənədinin məhkəməyə təqdim edilməsi üçün 21 noyabr 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin sonuncu-21 noyabr 2023-cü il tarixli iclasına İddiaçı gəlmiş, ancaq, mərhum atası X9 doğumu haqqında rəsmi sənədi əldə edə bilmədiyini bildirmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(015)- 45/2023 saylı qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçının atası X9 doğum haqqında şəhadətnaməsi iş materiallarında yoxdur. Bu barədə iddiaçının diqqətinə çatdırılmış və iddiaçı həmin sənədin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iclası 21 noyabr 2023-cü il tarixə təxirə salınmış, iddiaçı həmin məhkəmə iclasına gəlmiş və atasının doğum haqqında şəhadətnaməsini əldə edə bilmədiyi barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına istinad olunmaqla apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikasının MPM-in 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki işdə iddiaçının atası X9 doğumu haqqında rəsmi sənəd məhkəməyə təqdim edilmədiyindən və nəticə etibarilə onun miras qoyanın qanun üzrə vərəsəsi olması müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə işə mahiyyəti üzrə baxıla bilməz. Ona görə də qətnamə tamamilə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddiaçıya izah edilməlidir ki, mərhum atası X9 miras qoyan X7 oğlu olmasını təsdiq edə bilən rəsmi sənədi əldə etdikdən sonra yenidən hazırki tələblə məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətdədir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(015)- 45/2023 saylı qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və İddiaçı mərhum atasının miras qoyan X7 oğlu olmasını təsdiq edə bilən rəsmi sənədi əldə etdikdən sonra yenidən hazırki tələblə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 385.1.1, 387.2.8, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-45/2023 saylı mülki iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, mərhum atas X9 miras qoyan X7 oğlu olmasını təsdiq edə bilən rəsmi sənədi əldə etdikdən sonra yenidən hazırki tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar