Məhkəmə qərarları › İş №2(104)-2243/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2243/2024

04.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2243/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaqdan çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1223/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş № ******* seriya nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 1,2803 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publika Hüquqi Şəxsi 7 saylı Bərdə ərazi darəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X1 adına Bərdə rayon Soğanverdilər kəndində 0.64 ha kənd təsərufatı təyinatı torpaq sahəsi 13 may 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir.

3. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 448 nömrəli arayışdan görünür ki, X3 hal-hazırda Bərdə şəhəri Soğanverdilər kəndində yaşayır.

4. 05.02.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir.

5. AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı və X6 ilə X16 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilədən görünür ki, Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 1.2803 ha torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri X18 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 1.2803 ha torpaq sahəsi X14 məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bərdə Rayonu Soğanverdilər kəndində yerləşən ona məxsus pay torpağından çıxarılması və onun Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqnda Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın .Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış nömrəsi ******* sərhəd daxilində 1.28 ha. kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsindən istifadə etməsinə törətdiyi maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 1996-cı ildə Bərdə rayon Soğanverdilər kəndində torpaq islahatı aparılmışdır. Aqrar İslahat Komissiyasının qərarı ilə 1,28 ha torpaq sahəsi verilmişdir. Torpaqlar veriləndən sonra bir müddət özləri istifadə etmişdir. Lakin, sahə kənddən xeyli aralı olduğu üçün torpaqları icarəyə verməli olublar. Bugünkü gün torpaq özlərinə lazım olduqları üçün istifadə edə bilmirlər. Bir müddət torpaqdan rahat istifadə etmişdir. Lakin, son illər pay torpağına yaxın sahədə Cavabdeh ona verilmiş pay torpağından qanunsuz istifadə edir, onun torpaqdan çıxma müraciətlərinə məhəl qoymur o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.

9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1223/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov), iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Kostitutsiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 153.1, 153.4 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1223/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh ona qarşı qərəzli mövqe tutur. Onun həyat yoldaşı X5 vəfat etmişdir. Onların hər ikisi heç bir alqı-satqı sənədinə imza etməmişlər. O, Daşınmaz Əmlakın Reyestr Xidmətinə sorğu vermiş, həmin sorğuda cavab olaraq 1.2803 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. O və mərhum həyat yoldaşı notarius xidmətində heç bir alqı-satqı müqaviləsinə imza etməmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən təkrar məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

17. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

18. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

23. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

24. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

25. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

26. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarı

27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı

28. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

29. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

30. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1223/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Beləliklə, işin halları ondan ibarətdir ki, Bərdə rayon Aqrar islahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarlı torpağın mülkiyyətə verilməsinə dair JN-258 seriyalı, 61000088 nömrəli dövlət aktına əsasən, İddiaçı və X2 birgə mülkiyyətində Bərdə rayonu, Soğansevənlər kəndi ərazisində ümumi sahəsi 1.28 ha olan torpaq sahəsi verilmişdir. Bundan sonra paylı mülkiyyətçilər olan sonuncular xx.xx.2009-cu il tarixdə AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bərdə rayonu, Soğansevənlər kəndi ərazisində ümumi sahəsi 1.28 ha olan torpaq sahəsini X11 2000 (iki min) manat məbləğə satmışlar. İddiaçı cavabdehin həmin torpaq sahəsinin zəbt edilərək, həmin torpaq sahəsindən çıxamasından imtina etdiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

49. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

50. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

52. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

53. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

54. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 1.28 ha torpaq sahəsinin ona məxsus olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. İş materiallarına və cavabdehlər tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 1.2803 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. Cavabdeh hüquqmüəyyənedici sənədə əsasən özünün mülkiyyətində olan torpaq sahəsindən istifadə edir və iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ da yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddiası rədd olunmalıdır

55. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

56. İşin halları araşdırıldıqda isə müəyyən edilir ki, İddiaçı cavabdehə qarşı hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur.

57. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.

58. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

59. Belə ki, iş materiallarından görünür ki, Bərdə rayon Aqrar islahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarlı torpağın mülkiyyətə verilməsinə dair JN-258 seriyalı, 61000088 nömrəli dövlət aktına əsasən, İddiaçı və X2 birgə mülkiyyətində Bərdə rayonu, Soğansevənlər kəndi ərazisində ümumi sahəsi 1.28 ha olan torpaq sahəsi verilmişdir. Bundan sonra paylı mülkiyyətçilər olan sonuncular xx.xx.2009-cu il tarixdə AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bərdə rayonu, Soğansevənlər kəndi ərazisində ümumi sahəsi 1.28 ha olan torpaq sahəsini X11 2000 (iki min) manat məbləğə satılmışdır.

60. Bu baxımdan məhkəmə kollegiyası iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

61. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisəli ərazinin ona məxsus olmasını və mülkiyyət hüquqlarını pozduğunu bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

63. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

64. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər

65. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

66. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

69. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

70. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1223/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar