Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-225/2025 06.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyəti hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,04 hektar torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin zəbt edilmiş hissəsinin cavabdehin hesabına boşaldılması, cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış üzrə onun adına Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində 0,04 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmiş və artıq bir neçə ildir ki, cavabdeh həmin torpaq sahəsindən onun istifadəsinə imkan vermir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışda göstərilən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 11,5 kv.m-ə qədər hissəsi üst-üstə düşür. Həmin ərazi Cavabdeh tərəfindən dəmir torla çəpərlənmişdir. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(062)-836/2024 nömrəli iş üzrə qəbul etdiyi 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış üzrə İddiaçı məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsinin 11,5 kv.m hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin zəbt edilmiş hissəsinin Cavabdeh hesabına boşaldılması və torpaq sahəsinə Cavabdeh tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğdə vəsaitin əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası keçirilmiş və mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışda göstərilən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 11,5 kv.m-ə qədər hissəsi ilə üst-üstə düşür. Həmin ərazi Cavabdeh tərəfindən dəmir torla çəpərlənmişdir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Cavabdehin isə mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədi yoxdur. Onun torpaq sahəsinin tutduğu hissəsindən istifadə etməyi qanuni əsasa söykənmir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2 və 3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.2, 152.3, 152.4, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 88, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin iştirakı olmadan keçirilən baxış zamanı guya iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsi ilə cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 11,5 kv.m qədər hissəsi üst-üstə düşdüyü qeyd edilib. Məhkəmə də məhz bu rəyə əsaslanaraq qətnamə qəbul edib. Rəyin özündə cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 11,5 kv.m qədər hissəsinin üst üstə düşməsi qeyd edilib ki, iddiaçı tərəfindən cavabdehin istifadəsində olan kimi təqdim edilən torpaq sahəsinin məhz cavabdehin istifadəsində olan torpaq sahəsi olması araşdırılmamışdır. Bundan əlavə iddiaçı 0,04 hektar torpaq sahəsini tutduğunu iddia etdiyi halda rəydə cavabdehin istifadəsi kimi göstərilən torpaq sahəsinin 11,5 kv.m metr hissəsininin iddiçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilib ki, bu da iddiaçının iddiasının əsassız olmasını özü-özlüyündə sübut edir. Belə olan halda məhkəmə qeyd edilən maddi hüquq normasına düzgün istinad etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, zəbt kimi qeyd olunan torpaq sahəsini o, Tovuz rayonu, Aşağı Quşçu bələdiyyəsinin 19 aprel 2004-cü il tarixli qərarı ilə almışdır. Bələdiyyədən aldığı həmin torpaq sahəsini dövlət reyestrində qeydiyyatdan keçirməsə də, bununla bağlı müvafiq dövlət orqanına müraciət edib. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 111.Özbaşına tutulmuş (zəb tedilmiş) torpaqların qaytarılması 111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan hal və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hal bundan ibarətdir ki, zəbt kimi göstərilmiş torpaq sahəsi ona məxsusdur. Belə ki, o, həmin torpaq sahəsini Tovuz rayonu, Aşağı Quşçu bələdiyyəsinin 19 aprel 2004-cü il tarixli qərarı ilə almışdır. Mülki işin tam və hərtərəfli araşdırıması məqsədi ilə Məhkəmənin 25 noyabr 2024-cü il tarixli məktubu ilə sözügedən bələdiyyə orqanına sorğu verilmiş və cavabdehə satılmış torpaq sahəsinin yerləşmə yeri və koordinatları barədə sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Lakin tələb olunan sənədlər Məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi cavabdehin mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik yaradılmışdır. Bu maneənin aradan qadırılması üçün isə cavabdeh zəbt etdiyi sahədən çıxarılmalıdır. İddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma barədə irəli sürdüyü tələb, Rayon Məhkəməsinin bu tələbin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəliləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-225/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-225/2025
06.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver