Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2254/2023 01.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, ziyan tələbi və tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-510/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsindən zəbt olunmuş 0,0218 sot torpaq sahəsindən çıxarılması, torpaq sahəsində tikilmiş olan yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və ona vurmuş olduğu 900 manat maddi ziyan tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyyətində Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsi var. Qeyd etdiyi 0,14 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmnış Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Lakin çıxarış əsasında onun xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən 0,0218 sotunu hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir. Və onun oradan istifadə etməyinə maneçilik törədir. Qeyd etdiyi torpaq sahəsi rəsmi olaraq onun adına tanıdılmış və çıxarış verilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-98/2022 nömrəli qətnaməsi üzrə olan mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspertizada 36,12 kv.m torpaq sahəsinin onun mülkiyyətində olduğu qeyd olunmuşdur. İndi isə o Cavabdeh dəfələrlə ona məxsus olan 0,0218 sot torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh ona məxsus olan torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Hal-hazırda cavabdeh torpaq sahəsində yarımçıq tikili tikmiş və günü gündən oranı daha da böyütmək istəyir. Həmçinin o torpaq sahəsində müəyyən bir məbləğdə ağaclar əkmişdir. Torpaq sahəsini istifadə etdiyi müddət ərzində isə hər zaman ağaclarını sulamış və onlara yaxşı baxmışdır. Ağacları rahat şəkildə suvarmaq üçün isə orada su borusu düzəltmişdir. Lakin Cavabdeh torpaq sahəsini zəbt etdiyi gündən 450 ədəd ağaclarını heç zaman sulamamış və daha da azğınlaşaraq xərc çəkib düzəltdiyi su borusunu məhv etmişdir. Halbuki o su borusundan rahat şəkildə istifadə etmək üçün 700 metrlik su borusu üçün 560 manat, 20 ədəd su paylayıcı üçün 100 manat xərc çəkmişdir. Su borusunu düzəltmək üçün isə 3 nəfər ustaya 240 manat pul vermişdir. Əgərki torpaq sahəsini o istifadə etsəydi, 450 ədəd ağacı məhv olmazdı. Bitkiçilik sektoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktında onun mülkiyyətində olan torpaq sahəsində becərmiş olduğu ağaclara vaxtında su verilmədiyi üçün tamamilə məhv olmuşdur. Hal-hazırda Cavabdeh ona əxsus olan 0,0218 sot torpaq sahəsindən çıxmasını, torpaq sahəsində tikilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsində əkmiş olduğu və hazırda məhv olmuş 450 ədəd ağacına dəymiş ziyanın və su borusu üçün çəkdiyi 900 manat pulun alınıb ona verilməsini bildirsə də, heç bir nəticəsi olmamışdır. Ağaclarına nə qədər məbləğdə ziyan dəyməsi üçün lazımi təşkilata müraciət etsə də, ona verilmiş aktda ziyanlıq qeyd edilməmişdir. Bunun üçün də o da, məcbur qalıb məhkəməyə müraciət etmişdir Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-510/2023 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, ziyan tələbi və tikilinin sökülməsi” tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(021)-510/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-510/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2254/2023 saylı mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-510/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2254/2023 saylı mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2254/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2254/2023
01.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver