Məhkəmə qərarları › İş №2(104)-2263/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2263/2024

03.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2263/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mənzilə köçürülmə; mənzildən istifadə hüququ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) İddiaçı2 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2(066)- 728/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********94-05101-103001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 sentyabr 2011-ci il olan, MN seiyalı ******* nömrəli Çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 186,1 kv.m, yaşayış sahəsi 72,9 kv.m və yardımçı sahəsi 113,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir;

2. Göygöl Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(066)-327/2024 nömrəli qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı1 arasında 12 aprel 1995-ci il tarixdə Göygöl rayonu Qeydiyyat şöbəsində 33 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Göygöl şəhəri S.Hacıyev küşəsi 101 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1994-cü ildə faktiki ailə qurmuşlar, xx.xx.1995-ci il tarixdə isə nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından 1995-cidə Rasim, 1996-cı ildə isə Rüstəm adlı iki uşaqları doğulmuşdur. Onlar evləndikdən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Aralarındakı narazılıqlara görə Göygöl Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(066)-327/2024 nömrəli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuşdur. Cavabdeh isə son vaxtlar onu mübahisəli evə buraxmır. Həmin ev xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Hazırda başqa yerdə yaşamağa imkanı olmadığından Göygöl şəhərində kirayə mənzildə yaşayır. Kirayə pulunu ödəməyə isə maddi imkanı yoxdur.

5. Göygöl Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2(066)-728/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiaçılar İddiaçı1 Cavabdeh qarşı «Mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi barədə» iddiasının təmin edilməsi; İddiaçı1 Cavabdeh mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********94-05101-103001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 sentyabr 2011-ci il olan, MN seiyalı ******* nömrəli Çıxarışda qeyd edilən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,1 kvadrat metr, yaşayış sahəsi 72,9 kvadrat metr və yardımçı sahəsi 113,2 kvadrat metr olan 03 otaqlı fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla, köçürülməsi; Mülki iş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh, alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53.1, 53.3, 53.4 və 54-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ilə xx.xx.2024-cü tarixdə rəsmi qaydada boşanmışlar və hazırda iddiaçı onun ailə üzvü sayılmır. Bundan başqa, İddiaçı1 qarşı evdən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır və iş məhkəmənin icraatındadır. Həmin mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmalı olduğu halda, məhkəmə buna əhəmiyyət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirmişdir. Cavabdeh İddiaçı1 keçmiş əridir. Tərəflər 1994-cü ildə ailə qurmuşlar və həmin zaman iddiaçı mübahisəli evə gəlin köçmüşdür. 1995-ci ildə isə onların nikahları qeydə alınmışdır. Tərəflərin nikahı 2024-cü ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Onlar arasında mübahisə yaranmış və cavabdeh iddiaçını mübahisəli mənzilə buraxmır. İddiaçı məcburiyyət qarşısında qalıb mübahisəli evi tərk etməli olmuşdur. Cavabdeh evə daxil olmaq istəsə də, lakin cavabdeh evin qıfılını dəyişdiyi üçün iddiaçı evə daxil ola bilmir. Əslində, cavabdeh özü də qəbul edir ki, İddiaçı1 mübahisəli evdən istifadə hüququ vardır. Belə ki, cavabdeh iddiaçıya qarşı kompensasiya verilməklə istifadə hüququn itirilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Buda ona dəlalət edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ var və həmin hüquq itirilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin qaydalarına uyğun həll edilməlidir.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

14. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

15. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

16. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

17. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

18. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.1995-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxtdan 2024-cü ilədək iddiaçı fasiləsiz olaraq sözügedən evdə yaşamış və orada cavabdehlə birgə təsərrüfat idarə etmişlər. xx.xx.2011-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsasən mübahisəli ev Cavabdeh adına qeydə alınmışdır. Göygöl Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(066)-327/2024 nömrəli qətnaməsi əsasında da tərəflərin nikahı pozulmuşdur. İddiaçı1 mübahisəli evə istifadə hüququ olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

31. İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı kollegiya göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququnun yaranması və evə köçürülmə ilə bağlı yaranan mübahisədir və aşağıdakı normalar əsasında həllini tapmalıdır.

32. Məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzilə 1995-cı ildə köçdüyü vaxt həmin mənzilin xüsusi mülkiyyətdə olmadığını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı1 1995-ci ildə Cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, İddiaçı ailə qurduqdan sonra cavabdehin razılığı ilə mübahisəli evə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə gətirmişdir. İddiaçının cavabdehlə birgə nikahlarından mübahisəli evdə Rasim və Rüstəm adlı 2 uşaqları doğulmuşdur. İddiaçı mübahisəli evdə 2024-cü ilədək yaşamışdır.

34. İddiaçı tərəf mübahisəli mənzildən iradəsinə zidd çıxarıldıqlarını bildirir. Cavabdeh tərəf isə iddiaçı ilə ailə hüquq münasibətlərinə xitam verildiyi üçün mübahisəli mənzildən istifadə hüququnu itirdiyini bildirir.

35. Göründüyü kimi iddiaçılar mübahisəli evdən icarədarın razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışlar. Bununla da, iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır.

36. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yarandığı təsdiq olunduğuna görə, artıq növbəti araşdırılmalı məsələ həmin hüququn itirilib-itirilməməsinin müəyyən edilməsidir.

37. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

38. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

39. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

40. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.

41. Bu baxımdan işin halları təhlil olunduqda müəyyən olunmuşdur ki, İddiaçı1 1995ci ildə mübahisəli evin icarədarının razılığı ilə oraya gəlin köçmüşdür. Bu zamandan 2024cü ilədək isə iddiaçı fasiləsiz olaraq sözügedən evdə yaşamış və orada cavabdehlə birgə təsərrüfat idarə etmişdir. 2024-cü ildə tərəflər arasındakı ailə münasibətlərində gərgiklik yaranmış və iddiaçı 30 ilə yaxın müddət ərzində fasiləsiz olaraq yaşadığı evi tərk etməli olmuşdur.

42. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir.

43. Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş qaynanası onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın.

44. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmış və itirilməmişdir. Həmçinin onun mübahisəli mənzildən istifadə hüququnun olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir.

45. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

46. «İddiaçı ilə xx.xx.2024-cü tarixdə rəsmi qaydada boşanmışlar və hazırda iddiaçı onun ailə üzvü sayılmır» barədə apellyatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ hazırkı iddianın təmin edilməsinə mane yaradacaq hal kimi qiymətləndirilə bilməz. Çünki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsində deyilirdi ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı1 da məhz göstərilən maddi hüquq norması əsasında mübahisəli yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. Başqa sözlə, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ ailə-hüquq münasibətləri əsasında yaranmamışdır ki, bu münasibətlərə xitam verilməsi nəticəsində də iddiaçının yaşayış sahəsindən istifadə hüququ itirilmiş sayılsın.

47. Bundan əlavə, İddiaçı1 qarşı irəli sürülmüş evdən istifadə hüququna xitam verilməsi barədə mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmasına zərurət yoxdur. Kollegiya gəlmiş olduğu bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir.

48. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarı).

49. Kollegiya qeyd edir ki, İddiaçı1 qarşı irəli sürülmüş evdən istifadə hüququna xitam verilməsi barədə mülki iş hazırkı iş üzrə hər hansı preyudisial əhəmiyyət daşımır. Çünki, hazırkı işdə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yarandığı və bu hüququnun itirilmədiyi öz təsdiqini tapır. Cavabdeh isə İddiaçı1 qarşı irəli sürdüyü iddiasında sonuncuya kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsini tələb edir.

50. İşin yuxarıda şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2(066)-728/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar