Məhkəmə qərarları › İş №2(104)-2269/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2269/2025

31.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2269/2025 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2020-ci il tarixli əmək müqaviləsinin, ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əlavənin, ##.##.2020-ci il tarixli 062/İQ saylı və ##.##.2021-ci il tarixli *** saylı əmrlərdən çıxarışların surətlərindən görünür ki, cavabdeh Cavabdeh İddiaçı MMC-də işə götürülmüş, daha sonra ona administrator vəzifəsi verilmişdir.

2. İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli tam maddi məsulliyyət haqqında müqavilənin surətindən görünür ki, cavabdeh Cavabdeh X2i öz üzərinə götürmüşdür.

3. ##.##.2024-cü il tarixli ***-x saylı əmrdən çıxarışın surətindən görünür ki, cavabdeh Cavabdeh İddiaçı MMC-dən işdən azad edilmişdir.

4. ##.##.2024-cü il tarixli aktın surətindən görünür ki, yoxlama zamanı cavabdeh Cavabdeh İddiaçı MMC-yə 7096,25 manat zərər vurması müəyyən edilmişdir.

5. ##.##.2024-cü il tarixli aktın surətindən görünür ki, yoxlama zamanı cavabdeh Cavabdeh İddiaçı MMC-yə 16601,65 manat zərər vurması müəyyən edilmişdir.

6. Four Reason LLC Consulting tərəfindən ##.##.2025-ci il tarixli auditor rəyi və auditor hesabatının surətlərindən görünür ki, 16601,65 manat dəyərində məhsul əskik gəlmişdir.

7. ##.##.2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Four Reason LLC Consulting tərəfindən aparılmış audit yoxlamasının xərci olaraq 750 manat ödənilmişdir.

8. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir.

9. İddiaçı tərəfin təqdim etdiyi ##.##.2025-ci il tarixli arayışın surətindən görünür ki, cavabdeh Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında çatışmazlıqlar müəyyən edilmiş və ona güzəşt tətbiq olunduqdan sonra onun 18923,27 manat borcu qalmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına

10. vurulmuş ziyana görə 18923,27 manat, auditor xərci üçün ödənilmiş 750 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat, iddia qaldırılması üçün ödənilmiş 97 manat cavabdeh Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə cavabdeh Cavabdeh arasında ##.##.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.2021-ci il tarixli *** saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və "X2" haqqında müqavilə imzalanmışdır. ##.##.2024cü il il tarixli ***-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində İddiaçı MMC-nin OBA Bakıxanov 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdeh Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. ##.##.2024-cü il tarixdə inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 7096 (yeddi min doxsan altı) manat 25 (iyirmi beş) qəpik, ##.##.2024-cü il tarixdə inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 16601 (on altı min altı yüz bir) manat 65 (altımış beş) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirməklə yaranmış borcu etiraf etmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş lisensiya əsasında fəaliyyət göstərən sərbəst auditor X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli "Auditor rəyi"ndən görünür ki, ##.##.2024-cü il tarixli inventarizasiya nəticələrinə dair akt üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-yə 16601 (on altı min altı yüz bir) manat 65 (altmış beş) qəpik dəyərində maddi ziyan vurulmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə təbii itki normalarının tətbiqi haqqında əmrə əsasən müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq hər iki aktın cəmi üzrə 18923 (on səkkiz min doqquz yüz iyirmi üç) manat 27 (iyirmi yeddi) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh halhazırda İddiaçı MMCyə ümumilikdə 18923 (on səkkiz min doqquz yüz iyirmi üç) manat 27 (iyirmi yeddi) qəpik borcu qalmaqdadır. Borcun ödənilməsi cavabdehə bildirilsə də, o, borcunu ödənilmədiyini qeyd etməklə İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 18923,27 manat, auditor xərci üçün ödənilmiş 750 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat, iddia qaldırılması üçün ödənilmiş 97 manat cavabdeh Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev) iddianın təmin edilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh Cavabdeh işə götürmüş, cavabdeh Cavabdeh isə işlədiyi müddətdə iddiaçıya 18923,27 manat ziyan vurmuşdur. Cavabdeh Cavabdeh vurduğu ziyanın əvəzini ödəməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 529, 1096 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 124-cü maddələrinə istinadla bildirmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasına çağırış olsa da, o, iclasda iştirak edə bilməmişdir. Lakin məhkəmə onun iştirakına təminat vermədən işi yekunlaşdırmışdır. Bu onun konstitusion müdafiə hüququnun pozulmasıdır. İki ayrı inventarizasiya aktı əsasında ziyan hesablanmışdır: - ##.##.2024 – 7096,25 manat - ##.##.2024 – 16601,65 manat Lakin yalnız 16601,65manat məbləğinə dair rəsmi auditor rəyi vardır. 7096,25 manat hissə üçün təsdiqedici audit rəyi təqdim edilməmişdir. Bu sübutların yetərsizliyinə və qeyri-obyektivliyinə əsas verir. İşdən çıxarılan işçinin iltizamnaməni hansı şəraitdə imzaladığı araşdırılmamışdır. Kəsrə razılıq ifadəsinin hüquqi qüvvəsi şübhəlidir və bu barədə araşdırma aparılmamışdır. Müqavilədə “X2” nəzərdə tutulsa da, ziyanın mahiyyəti və miqdarı real şərait və təbii itki normaları nəzərə alınmadan hesablanmışdır. İddiada göstərilən məbləğ təşkilatın daxili protokolları əsasında müəyyən edilib və obyektiv ekspertiza ilə təmin olunmayıb. Bu xərclər yalnız məhkəmə tərəfindən qanuna uyğun olaraq təsdiqlənən və sübutlarla təsdiq olunmuş ziyan üçün tətbiq oluna bilər. Hazırkı işdə isə bu tam sübut olunmamışdır. İddiaçı tərəf onun təqsiri ilə konkret olaraq hansı əməliyyatın nəticəsində ziyanın baş verdiyini detallı şəkildə sübut etməyib. Sadəcə inventarizasiya aktları ilə təqsiri aidiyyət faktı müəyyən etmək olmaz. İltizamnamə və “kəsrərazılıq” ifadəsi onun tərəfindən imzalanıbsa belə, bu sənədin hansı şəraitdə imzalanması araşdırılmamışdır. Qanunvericiliyə əsasən, işçi istismara məruz qalırsa, belə sənədlərin hüquqi qüvvəsi şübhəlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirdi ki, ##.##.2024 - cü il tarixində keçirilmiş yoxlama zamanı mağazada 7096 manat məbləğdə əksik məhsul olduğu müəyyən edilmişdir. Bu zaman birinci inventarizasiya aktı üzrə borcuna dövriyyənin 0.53% hissəsində güzəşt əmri tətbiq edilmiş və o, 792.257 manat məbləğində satış etdiyi üçün borcunun 4198 manat hissəsi silinmişdir, beləliklə, onun şirkətə 2897 manat borcu qalmışdır. Birinci inventarizasiya aktı ilə qismən razılaşır, çünki 7 ay ərzində oğurluq və məhsulların itməsi, istifadə müddətinin bitməsi kimi ondan asılı olmayan hallar baş verir ki, bu hissədə dəymiş ziyanın qismən ödənilməsinə etiraz etmir. Amma ##.##.2024 - cü il tarixində keçirilmiş ikinci yoxlama üzrə cəmi 1 ay ərzində 16.601 manat borcun yaranmasını qəbul etmir. Bu səbəbdən haqlı olaraq ekspertin özü də ekspertiza keçirilməsindən imtina etmişdir. İkinci inventarizasiya yekunlaşdıqdan sonra sentyabr ayında işdən çıxmışdır. İkinci inventarizasiya aktını ümumiyyətlə qəbul etmir, çünki cəmi bir ay müddətdə belə borc yarana bilməz. Çalışdığı mağazanın ümumi sahəsi 160 kv.metr, aylıq pul dövriyyəsi isə təxminən 110.000 - 120.000 manat məbləğində təşkil edirdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, ##.##.2024 - cü il tarixində keçirilmiş birinci yoxlama ilə təhvil təslim prosesinin yekunlaşdırılması üçün ##.##.2024-cü il tarixində keçirilmiş ikinci yoxlama zamanı yaranmış kəsr məbləğləri arasında ciddi fərq aşkarlandığı üçün Auditorlar Palatasından kənar audit yoxlamaya cəlb edilmiş və ##.##.2025 - ci il tarixli auditor yoxlaması nəticəsində mağazada 16.601 manat məbləğində kəsrin olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı ekspertin vəsatəti təmin edilmiş və zəruri olan bütün mühasibatlıq uçotu sənədlərinin ekspertə təqdim olunmasına baxmayaraq əsassız şəkildə rəy verilməsindən imtina edilmişdir. Ali Məhkəmənin də müvafiq göstərişlərinə uyğun olaraq analoji mübahisələrə dair işlər üzrə sübut etmə yükü hər iki tərəfin üzərində düşür və onlar öz mövqeyini sübutlar ilə əsaslanıdıra bilirlər, lakin cavabdeh tərəfin bildirdiyi şifahi dəlilləri isə hər hansı sübuta əsaslanmır. Birinci inventarizasiya dövrü ##.##.2024 - ##.##.2024 - cü il tarixlərinə dair 8 aylıq dövrü əhatə edir. Baş ofisdən mağazanın DVR görüntülərini tələb etdi, amma saxlanma müddəti keçdiyinə görə video qeydlərin mövcud olmadığı müəyyən olundu. Cavabdehin birinci inventarizasiya aktı üzrə borcuna dövriyyənin 0.53% hissəsində güzəşt əmri tətbiq edilmişdir. Cavabdeh oğurluq hallarının olduğunu bildirsə də bununla bağlı oğurluq aktı və ya cinayət işinin başlanmasının rədd olunması barədə hər hansı qərarı təqdim etməmişdir. Tez xarab olan məhsulların siyahısı da inventarizasiya aktına daxil edilir və borcun hesablanması zamanı həmin hallar nəzərə alınır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

Maddə Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X2i

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X2 daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi

1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı. Həmin Qərarda qeyd edilmişdir ki, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində сavabdeh qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri olmuşdur və hazırkı mübahisə də, əmək münasibətlərindən yaranan mübahisədir. Cavabdeh ##.##.2020-ci ildə satıcı-kassir vəzifəsinə qəbul olunmuş, ##.##.2021-ci il tarixdə adminstrator vəzifəsinə keçirilmiş və "X2" haqqında müqavilə imzalanmışdır. ##.##.2024-cü ildə işdən azad edilmişdir. İddiaçı tələbində bildirir ki, ##.##.2024-cü il tarixdə inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 7096 (yeddi min doxsan altı) manat 25 (iyirmi beş) qəpik, ##.##.2024-cü il tarixdə inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 16601 (on altı min altı yüz bir) manat 65 (altımış beş) qəpik təşkil edir və müəyyən edilmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində cəmiyyətə ziyan vurulmuşdur. Cavabdeh tərəf yalnız birinci inventarizasiya nəticəsi ilə qismən razılaşaraq şirkətə 2897 manat borcunun olduğunu bildirir, lakin ikinci yoxlama nəticəsində dəymiş ziyan məbləğini qəbul etməyərək razılaşmır.

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə ümumilikdə düzgün nəticəyə gəlmişdir.

29. Əmək qanunvericiliyində işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyətinin iki halı müəyyən edilmişdir: məhdud məsuliyyət - işçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti ( maddə 198), işçinin X2i ( maddə 199). İşçinin işəgötürən qarşısında vurulmuş ziyan üzrə X2 daşıması üçün onunla işəgötürən arasında X2 haqqında müqavilənin olması zəruridir. Hazırkı işdə belə bir müqavilə bağlanmışdır. Eyni zamanda, o da müəyyən edilir ki, cavabdehə həvalə edilən vəzifə işəgötürənin əmlakının idarə edilməsi, işəgötürənə məxsus malların qəbulu və saxlanması ilə əlaqədar olmuşdur. Deməli, iddiaçı ilə cavabdeh arasında işçinin maddi məsuliyyətini genişləndirən müqavilənin bağlanması işin xarakterindən irəli gəlməklə, qanuni və əsaslı olmuşdur.

30. Qanunverici iş prosesi çərçivəsində ziyan vurulması ilə bağlı sübutetmə yükünü tərəflər arasında bölmüşdür. Hazırkı işdə iddiaçı tələbində tərtib edilmiş inventarizasiya aktlarına və onunla bağlı müvafiq sənədlərə, həmçinin auditor rəyi və auditor hesabatına əsaslanır. Cavabdeh tərəf birinci inventarizasiyanın nəticələrinə etiraz etməsə də, sonuncu inventarizasiyaya etiraz edir. Lakin, cavabdeh tərəf etirazının əsaslılığını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi etirazla əsaslanmışdır. Prosessual qanunvericiliyin tələbinə görə hər kəs istinad etdiyi halları sübut etməyə mükəlləfdir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

32. Cavabdeh hər nə qədər ikinci inventarizasiya nəticəsi ilə razılaşmasa da, lakin göründüyü kimi hər iki yoxlama onun iddiaçı müəssisədə administrator vəzifəsində işlədiyi dövrdə aparılmış və hətta yoxlamalardan əvvəl müvafiq məsuliyyət barədə cavabdeh iltizamnamə təqdim etmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. İddia tələbinin əsassızlığına dəlalət edəcək hər hansı bir hal mövcud deyildir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi g ündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar