Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-227/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Cəlal qızının və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cəlal qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)- 1283/2022 saylı qətnaməsindən İddiaçı Cəlal qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cəlal qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1283/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı Cəlal qızı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2003-cü ildə el adəti qaydasında ailə quraraq evlənmişlər. Nikahlarını 29 mart 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2004-cü il tarixdə Adil və xx.xx.2005-ci il tarixdə Aydan adlı iki uşaqları anadan olmuşdur. Evləndikdən bir müddət sonra cavabdehlə aralarında olan narazılıqlar yaranmış və o, onunla ayrılmaq məcburiyyətində qalmışdır. Birgə nikahlarından anadan olmuş uşaqları onun himayəsindədir. O hazırda uşaqları ilə birlikdə atası evində yaşayır. Cavabdehlə ailə qurduqdan sonra onların Tovuz rayonu Yanıqlı kəndində atası evində yerləşən evlərinə gəlin köşmüşdür. Hesab edir ki, o, uşaqları ilə birlikdə cavabdehlərin istifadəsində olan Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir çünki, həmin evdə onun uşaqlarının yaşayış hüququ təmin olunmalıdır. Həmin evə dair sənədləri müstəqil olaraq əldə edə bilmir. Beləliklə istinad etdiyi sübutlara Azərbaycan Respublikasının qanunvericiliyi baxımından yanaşaraq hesab edir ki, iddiası təmin olunduğundan təmin olunmalıdır. Mülki iş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-588/2022 saylı qətnaməsi ilə, X10 ilə İddiaçı arasında Tovuz rayon Qeydiyyat Şöbəsində 29 mart 2005-ci il tarixdə 174 sayla qeydə alınmış nikah qeydinin pozulması qət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Tovuz rayon Aqrar islahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə Tovuz rayonu, Yanıqlı kəndində yerləşən sahəsi 2111.1 kv.m olan həyatyanı torpaq sahəsi X7 verilmişdir. Tovuz Rayon İHB-nın Yanıqlı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yanıqlı kənd İƏD üzrə ev təsərrüfatlarının uçotu kitabında Cavabdeh1 adına təsərüffat ayrılmamış mərhum X5 adına ayrılımış təsərüffatda Cavabdeh2 yaşayır və təsərüffatdan X8 vəfat etdikdən sonra Cavabdeh2 istifadə edir və həmin təsərüffat Cavabdeh2 adındadır. Lakin X1 Mətləb Adil oğlunun doğma anası olmadığı üçün vərəsəsi qızı X6r. Qeyd: Cavabdeh2 adına olan təsərüffatda 96 kvm fərdi yaşayış evi və 24 kvm-lik yardımçı tikili vardır. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o 2003-cü ildə mübahisə olunan cavabdehin yaşadığı evə gəlin köçümüşdür. Həmin evdə 20 il fasiləsiz olaraq yaşamış və həmin evdə 2 uşağı dünyaya gəlmişdir. Məhkəmə qətnamədə MM-nin 228.5-ci maddəsinə əsaslanıb iddianı təmin etməmişdir. Mübahisə olunan evin reyetrdə qeydiyyatı yoxdur. İddiaçı Cavabdeh2 isə mülkiyyətçi deyildir. Texniki pasport hüquqi sənəd olmadığından məhkəmə 228.5-ci maddəyə istinad edə bilməz. Onun başqa yaşayış yeri yoxdur, həmin evdə onun və uşaqlarının istifadə hüququ vardır. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı Cəlal qızı apellyasiya şikayətinin dəlillərində göstərilən hallara oxşar izahat verərək bildirdi ki, Cavabdeh1 2003-cü ildə el adəti ilə ailə qurmuş və xx.xx.2005-ci ildə isə rəsmi olaraq nikaha daxil olmuşlar. 2021-ci ilin iyun ayından Cavabdeh1 ilə faktiki olaraq ayrılmış və 2022-ci ildə isə nikahları rəsmi olaraq pozulmuşdur. Yasinlə evlən vaxt mübahisəli evə köçmüşdür. Həmin təsərüffatda olan 96 kv.m fərdi yaşayış evinin 24 kv.m yardımçı tikili vardır. O, uzun illər həmin tikilidə yaşamışdır. Sonuncudan ayrıldıqdan sonra isə atasının evinə köçmüşdür. Daha sonra ata evində onun yaşaması ilə bağlı narahatçılıqlar olmuşdur. Ona görə də, əvvəl yaşadığı kəntdə qonşularına məxsus evə köçmüşdür. Hazırda qonşularının evində yaşayır. Başqa yaşayış yeri olmadığından mübahisəli evin yardımçı tikilisinə köçmək istəyir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təimn edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, İddiaçı Cəlal qızı onun oğlu Cavabdeh1 2003-cü ildə el adəti ilə ailə qurmuş və xx.xx.2005-ci ildə isə rəsmi olaraq nikaha daxil olmuşlar. Daha sonra isə 2021-ci ilin iyun ayından iddiaçı ilə oğlu faktiki olaraq ayrılmış və 2022-ci ildə isə nikahları rəsmi olaraq pozulmuşdur. İddiaçının hazırda köçmək istədiyi Tovuz rayonu Yanıqlı kəndində 2111.1 kv.m olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi ona məxsus deyildir. Belə ki, həmin torpaq sahəsi onun ögey anası olan X7 məxsusdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cəlal qızının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 ilə 2003-cü il tarixdə el adəti ilə evlənmiş və gəlin kimi cavabdehə məxsus Tovuz rayonu Yanıqlı kəndində 2111.1 kv.m olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçmüş, cehiz əşyaları da həmin evə yığmışdır. İddiaçı ilə Cavabdeh1 nikahlarını xx.xx.2005-ci ildə rəsmiləşdirmişlər. İddiaçının Cavabdeh1la nikahından iki uşaqları doğulmuşdur və iddiaçı 2021-ci ilin iyun ayınadək həmin evdə yaşamışdır. Daha sonra iddiaçının Cavabdeh1la münasibətləri pisləşmiş və məhkəmə qətnaməsi ilə onların nikahları 2022-ci ildə pozulmuşdur. Mübahisəli yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin evin torpaq sahəsi həyətyanı olmaqla, Cavabdeh2 anası Adilə Orucovanın adına olsa da, lakin, həmin torpaq sahəsində yerləşən iddiaçının köçmək istədiyi 96 kvm fərdi yaşayış evi və 24 kvmlik yardımçı tikili müvafiq təsərrüfatbaşı uçot kitabında Cavabdeh2 adına qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirildiyindən və mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh2la iddiaçı arasında belə bir razılaşma olmadığından, onun mənzilə istifadə hüququ yaranmamışdır; buna görə də iddia tələbinin təmin edilməsinin qanuni əsası mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki faktiki halları ilə müəyyən edilir ki, iddiaçının köçmək istədiyi Tovuz rayonu Yanıqlı kəndində yerləşən 96 kv.m olan fərdi yaşayış evi və 24 kv.m olan yardımçı tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin bununla belə, həmin ev təsərrüfatlarının uçotu kitabında Cavabdeh2 adınadır. Bu hal isə cavabdehin həmin evə gözlənilən mülkiyyət hüquququnun mövcud olduğunu göstərir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin «Qarrax Çexiyaya qarşı» xx.xx.2003-cü il tarixli, «Miray Fransaya qarşı» 23 sentyabr 2003-cü il, «Burdov Rusiya Federasiyasına qarşı» və «Yunanıstan neftayırma zavodu «Stren» və X2rşı», habelə «Akimova Azərbaycana qarşı» iş üzrə və digər qərarlarında şərh etdiyi hüquqi mövqeyə görə isə real möcud olanı əmlak gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh1la nikaha daxil olaraq mübahisəli evə 2003-cü ildə köçdüyünə görə, hazırkı tərəflər arasında mübahisəli hüquq münasibətləri həmin tarixdən yaranmışdır və buna görə də, hazırkı mübahisə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Kollegiya qeyd edir ki, mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə İddiaçı Cavabdeh2 digər ailə üzvü kimi onun mülkiyyətində olan Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evində yaşamış olsa da, həmin evdən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ qazanmamışdır. Belə ki, iddiaçı və mübahisəli evin mülkiyyətçi olan Cavabdeh2 arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamışdır. Beləliklə, iddiaçının evə köçərək orada yaşaması onun həmin evə istifadə hüququnun yaranması demək deyildir və istinad etdiyi maddi hüquq normasına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında münasibət 2003-cü ildə yaranaraq 2021-ci ilə qədər davam etdiyindən iddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları baxımından da qiymət verilməlidir. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin İddiaçı cavabdehlərə münasibətdə həmin şəxslərə aid deyildir. Belə ki, Cavabdeh1la İddiaçı arasında olan ailə münasibətləri 2021-ci ildə pozulmuş, beləliklə də cavabdehlə arasında olan ailə münasibətlərinə 2022-ci ildə xitam verilmişdir. Eyni zamanda iddiaçının cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, həmçinin o, maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1283/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-227/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-227/2023
31.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver