Məhkəmə qərarları › İş №2(104)-2276/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2276/2023

29.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2276/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddia və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, Vəkil1, Cavabdeh nümayəndəsi, Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı «alğı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 20 iyul 2023cü il tarixli, 2(052)-85/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan AN ******* saylı, 28 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Nizami küçəsi ünvanında yerləşən ümumi sahəsi 2700 kv/m olan torpaq sahəsini alıcı İddiaçı satmışdır.

2. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********98 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0.27 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Naftalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 06 “A” literli tikilidən ibarət yaşayış evi Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

4. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli Naftalan Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh mərhum atası X2 adına H.Z.Tağıyev küçəsində 2534 kv.m torpaq sahəsi var və həmin torpaq sahəsi hal-hazırda qızı Cavabdeh istifadəsindədir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 3-21-3-46/2-1497/2023 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.27 hektar torpaq sahəsi, onun faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə qismən üst-üstə düşür. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsini Cavabdeh istifadə edir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 10/2726 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müqayisəli torpaq sahəsinin koordinatarı naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. İddiaçı mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsini Cavabdeh istifadə etdiyi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1ndə yerləşən 0.27 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə ona məxsus 0.27 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi Naftalan şəhər XDS İK-nin 25 may 1982-ci il tarixli 65 №li qərarı ilə yeni hamam binasının tikintisi üçün ayrılmışdır. Bundan sonra hamam binası 0.27 ha torpaq sahəsi ilə birlikdə Dövlət Əmlak Komitəsi tərəfindən X6 adına özəlləşdirilmişdir. Daha sonra müxtəlif illərdə hamam binası və 0.27 ha torpaq sahəsi müxtəlif şəxslərə satılmışdır. O isə obyekti sonuncu dəfə X3 almışdır. Hazırda torpaq sahəsinin üzərindəki köhnə tikililəri sökmüş və bundan sonra yalnız 0.27 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Lakin qonşuluqda yaşayan Cavabdeh ona məxsus 0.27 ha torpaq sahəsinin təxminən 4-5 sotunu tamamilə qanunsuz olaraq zəbt edib öz həyətinə birləşdirmişdir. O, cavabdehə qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxması üçün dəfələrlə müraciət etmiş olsa da, cavabdeh ona məhəl qoymayaraq torpaq sahəsini tərk etməmişdir. Bu səbəbdən əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir.

9. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən 0.27 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 0.27 ha torpaq sahəsinin xüsusi mülkiyyətə alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli 4Ə-139 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən, 2534 kv.m həyətyanı torpaq sahəsi və ümumi sahəsi 117.5 kv.m olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Reyestrdə 982 № ilə qeydə alınmış qeydiyyat vəsiqəsi, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsü və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 268 №li sərəncamı ilə təsdiq olunur. Onun həyətyanı torpaq sahəsinə bitişik ərazidə olan İddiaçı məxsus torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş koordinatlar üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla 1962-ci ildən faktiki olaraq istifadəsindədir. Onun mülkiyyət sənədləri qanunvericiliyin tələbinə uyğun hazırlanmış, bütün mülkiyyət sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmişdir. İddiaçı mülkiyyət sənədlərindən görünür ki, 0.27 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması barədə çıxarışı xx.xx.2018-ci il tarixdə almışdır. Həmin tarixdə mübahisələndirilən ərazi qapalı məkan olmuş, yəni xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin kənarları daş hasarla bağlanmışdır. Həmin mübahisələndirilən 0.2534 ha ərazi 40 ildən çox müddətdir ki, sərhədləri bağlı vəziyyətdə xüsusi mülkiyyətdə olmaqla istifadəsindədir. İddiaçı xx.xx.2017-ci il tarixdə Naftalan şəhəri notariat ofisində mübahisəli mülkü X4 4Ə- 139 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı torpağı alan zaman aldığı ərazinin sərhədləri dəqiqləşdirilməmiş və alğı-satqı əməliyyatı qeyri-qanuni aparılmış, qanunvericiliyin tələb etdiyi kimi sənədləşdirilməmişdir. Həqiqətən də, onun aldığı torpaq sahəsindən 4-5 sotu zəbt olunmuşdursa həmin məsələ yerindəcə həll edilməli idi. Lakin İddiaçı həmin vaxt ona qarşı torpağın zəbti ilə əlaqədar heç bir iddiası və şikayəti olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti alğı-satqı əməliyyatı aparan zaman alıcının aldığı torpağın koordinatlarını düzgün müəyyən etməmişdir. Belə ki, satılan torpaqların koordinatlarının onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi qeyri-qanuni olmaqla qanunvericiliyin tələblərinə ziddir. Odur ki, alğısatqı müqaviləsinin ləğvinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Naftalan Şəhər Məhkəməsinin 2(052)-85/ mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə, ilk iddianın təmin edilməsi, Cavabdeh İddiaçı məxsus ünvan 1ndə yerləşən 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat pul vəsaitinin alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Cavabdeh mütəxəssis rəyinin dəyərinə görə ödənilmiş 95 (doxsan beş) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh vəkili Vəkil3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 2(052)-85/2023 saylı mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qeyriobyektibdir. Qətnamə ilə maddi hüquq normaları pozulmuş, hüququn tətbiq edilməsində səhv buraxılmışdır, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun deyildir. İşə baxılarkən Azərbaycan RespublikasıMülki Prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gələrkən maddi və prosessual qanunvericlik normalarının pozuntusuna yol vermiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təqdim etdiyi sübutlara əhəmiyyət və hüquqi qiymət verməmiş, iş üzrə əsassız, qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi mövcud olmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, onun təqdim etdiyi və yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərlə tam təsdiq edilir ki, Naftalan şəhəri, H.Z.Tağıyev kçüəsi 6 ünvanında yerləşən həyətyanıtorpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi 1962-ci ildən, yəni 50 ildən artıqdır ki, əvvəlcə Cavabdeh valideynlərinin mülkiyyətində olmuş, 2003-cü ildən isə onun özünün qanuni mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi isə son illərdə Naftalan şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında köhnə hamamın yerində yeni hamam tikintisi üçün ayrılmış və torpaq sahəsi Naftalan şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Natiq Aslanovun mülkiyyətində olmuşdur, O, vəzifəsindən sui-istifadə edərək Cavabdeh uzun illərdir qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsinin təxminən 5 sotunu ələ keçirməyə çalışmışdır. Birinci instansiya məhkəməsi bu fakta düzgün hüquqi qiymət verməmiş, bu faktı “iddiaçının mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0540 ha hissəsini Cavabdeh istifadəetməsi” kimi ifadə etmişdir. Halbuki, istər köhnə hamamın mövcud olduğu dövrdə, istərsə də yeni hamam tikintisi üçün torpaq ayrılarkən iş üzrə mübahisəli hesab edilən torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuşdur və o, həmin torpaq sahəsindən mülkiyyətində qanuni əsaslarla olan torpaq sahəsi kimi istifadə etmişdir. Lakin reyestr xidmətinin işçiləri iddiaçının və ondan əvvəlki mülkiyyətçilərin, o cümlədən Naftalan şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Natiq Aslanovun adına çıxarış və texniki sənədlər tərtib edərkən torpaq sahəsinin koordinatlarını düzgün müəyyən etməmiş, Cavabdeh mülkiyyət hüququ ilə yüklü olan torpaq sahəsinə çıxarış və texniki sənədlər vermişlər. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın rəyinə və alınmış mütəxəssis rəyinə tənqidi yanaşmamış, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0,0540 ha hissəsinə iddiaçının və ondan əvvəlki mülkiyyətçilərin adına çıxarış və texniki pasport verilərkən reyestr xidməti əməkdaşlarının həmin 0,0540 ha torpaq sahəsinin Cavabdeh qanuni mülkiyyətində olmasını nəzərə almamalarına hüquqi qiymət verməmiş, bununla da iş üzrə əsassız, qanunsuz və qeyriobyektiv qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, qeyd edilən maddi hüquq normaları onu deməyə əsas verir ki, müqavilənin ləğvedilməsi barədə iddia tələbini yalnız həmin müqavilənin tərəfi olmuş şəxlər irəli sürəbilərlər. Göründüyü kimi Cavabdeh satıcı X7 ilə alıcı İddiaçı arasında bağlanmış 28 dekabr2017-ci iltarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin tərəfi olmadığından qarşılıqlı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi də qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi bu qənaəti ilə də qeyri-obyektiv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh göstərilən alqı-satqı müqaviləsinin tərəfi olmasa da, həmin alqı-satqı müqaviləsi birbaşa onun qanunla qorunan mülkiyyət hüquqlarına toxunur. Bununla da o, iş üzrə qarşılıqlı iddianı qaldırmağa subyektiv hüquqa malik olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin həqiqi hallarını düzgün araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, Naftalan Şəhər Məhkəməsinin 2(052)-85/2023 saylı mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. . Maddə 139. 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 22.Maddə 152. 152.1Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

23. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

24. Maddə 67.

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

25. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

26. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

27. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 28.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 29.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 35.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

39. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.

41. Yuxarıda qeyd olunan maddi hüquq normalarının işin hallarına tətbiqi üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

42. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək, istifadə edilir.

43. Məhkəmə kollegiyası bu qənaətə gələrkən mətəbər sübut növü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 10/2726 nömrəli rəyinə istinad edir. Belə ki, qeyd edilən rəyin nəticə hissəsində qeyd edilmişdir ki, torpaq sahəsinin koordinatarı naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmiş, İddiaçı mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsinin Cavabdeh istifadə etdiyi müəyyən edilmişdir.

44. Cavabdeh əsas dəlilləri ondan ibarətdir ki, Naftalan şəhəri, H.Z.Tağıyev kçüəsi 6 ünvanında yerləşən həyətyanı torpaq sahəsi 50 ildən artıqdır ki, əvvəlcə Cavabdeh valideynlərinin mülkiyyətində olmuş, 2003-cü ildən isə onun özünün qanuni mülkiyyətindədir. İddiaçı mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0540 ha hissəsi üzərində onun (İ. Baxşəliyevanın) hüquqları mövcuddur. Kollegiya göstərir ki, Cavabdeh bu dəlilləri əsassızdir. Belə ki, torpaq sahəsinin ilk İddiaçı mülkiyyətində olması mülki işin materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********98 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq olunur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmçinin, MPM-in 81-ci maddəsinə əsasən isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, hazırki vəziyyətdə mübahisəli torpaq sahəsi üzərində qeydə alınmış və müdafiə edilməli olan hüquqlar ilk İddiaçı mənsubdur.

45. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

46. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir.

47. Apellyasiya şikayətinin dəlilərindən biri isə qarşılıqlı iddianın təmin edilməməsi hissəsindədir. Belə ki, birinci instansiya məhkəməsi qarşıqlıqlı iddianı rədd edərkən qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi barədə iddia tələbini yalnız həmin müqavilənin tərəfi olmuş şəxlər irəli sürə bilərlər. Göründüyü kimi Cavabdeh satıcı X7 ilə alıcı İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin tərəfi olmadığından qarşılıqlı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi də qəbul edilə bilməz.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşır və qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

50. Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin 2(052)-85/2023 saylı mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır 52.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 2(052)-85/2023 saylı mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar