Məhkəmə qərarları › İş №2(104)-2292/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2292/2024

17.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2292/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat İstismar İstehsalat sahəsinə qarşı mülki iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat İstismar İstehsalat sahəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(076)-2419/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı heç səbəb bildirmədən işə gəlməmişdir;

2. xx.xx.2024-cü il tarixli 05 nömrəli əmrdən görünür ki, İddiaçı 30-31 yanvar 2024-cü il tarixlərdə işə gəlmədiyi üçün ona xəbərdarlıq edilmişdir;

3. xx.xx.2024-cü il tarixli 06 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə də işə gəlməmişdir. İddiaçı idarəyə dəvət edilmişdir. İddiaçı şəhid ailəsi olduğunu iddia etmiş və o səbəbdən şəhid ailəsi statusundan istifadə edərək işə gəlməkdən imtina etmişdir. Onun şəhid ailəsi statusuna malik olmadığı və işə gəlməsi haqqında izahat verilmişdir. Lakin İddiaçı işə gəlməkdən imtina etmiş və artıq hərəkətlər etdiyi üçün ona töhmət verilmiş və xəbərdarlıq edilmişdir;

4. xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı idarəyə dəvət edilmiş, o işə gəlməkdən imtina etmiş, nalayiq soyüşlər söymüş, idarədə idarə rəisini təhqir etmişdir;

5. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı ona xəbərdarlıqlar edilməsinə baxmayaraq, idarəyə dəvət edilməyinə baxmayaraq işə gəlməməkdə davam etmişdir;

6. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iclas keçirilmiş və ondan 43 nəfərdən dəvət olunanlardan 40 nəfər iştirak etmişdir. Həmin iclasda İddiaçı haqqında müəyyən inzibati tənbeh və aktlar tərtib edilmiş, kollektiv sürətdə marifləndirici söhbətlər aparılmış, buna baxmayaraq o qeyd etmişdir ki, “işə gəlməyəcəm, evdə oturub əmək haqqımı alacam. Mənə heç kim heçnə edə bilməz” demişdir. Bu da kollektiv arasında narazılıqla qarşılanıb. Odur ki, işə götürən həmin işçi haqqında tədbir görməsini əsas gətirərək onu işdən kənarlaşdırılması, işə götürənə tövsiyə edilmişdir;

7. xx.xx.2024-cü il tarixli 07 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir;

8. xx.xx.2024-cü il tarixli 07 nömrəli əmrdən görünür ki, İddiaçı 30 yanvar 2024 - 08 fevral 2024-cü il tarixlərində heç bir əsaslı səbəb göstərmədən işə çıxmadığı üçün Həmkarlar təşkilatının 7 fevral 2024-cü il tarixli protokoluna əsasən Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə uyğun olaraq işdən azad edilsinə əmr verilmişdir;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Şəmkir cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat İstismar İstehsalat sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat İstismar İstehsalat sahəsinin xx.xx.2024-cü il tarixli, 07 saylı əmrinin ləğv edilərək onun öz əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əməkhaqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin avqust ayından Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat İstismar İstehsalat Sahəsində "fəhlə" vəzifəsinə işə qəbul edilmişdır. O, 2024-cü ilin aprel ayının axırında bilmişdir ki, onu işdən qanunsuz azad ediblər. Heç bir xəbərdarlıq olmaqdan həmkarlar ittifaqının rəyi olmadan, o heç bir qanun pozuntusuna yol vemrədiyi halda işdən azad olunmuşdur. O, əmrin surətini aldıqdan dərhal sonra Mediasiya müraciət etmişdir. Mediasiya arayışını aldıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşdən azad olunma əmrində və əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndini qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

11. Şəmkir Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(076)-2419/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat İstismar İstehsalat sahəsinə qarşı xx.xx.2024-cü il tarixli, 07 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71.2-ci maddəsinə, 72-ci maddəsinin “ə” bəndinə və 186.2-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər qanun pozuntusuna yol vermişsə, işə qəbul olunan vaxtdan işdən azad olunan vaxta kimi işə gəlməmişsə, niyə onun izahatı alınmayıb? Vəzifədən azad olunmağı niyə həmkarlar təşkilatında müzakirə olunmayıb? Niyə həmkarlar təşkilatının bu barədə fikirləri soruşulmayıb və rəsmi olaraq münasibəti öyrənilməyib? Məhkəmə qətnaməsində cavabdeh göstərir ki, guya onun işdən çıxmağı barədə məsələ həmkarlar təşkilatının yığıncağında müzakirə olunub. Bəs onun iştirakı həmin yığıncaqda niyə təmin olunmayıb? Bu barədə niyə qabaqcadan ona məlumat verilməyib. Hesab edir ki, iclas keçirilməyib. Bunu təsdiq edən kifayət qədər sübutlar vardır. Eyni zamanda məhkəmə qətnaməsindən də görünür ki, məhkəmə işə obyektiv baxmamışdır. Onun işə qəbulu haqqında əmr məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə cavabdeh akt təqdim etmiş, həmin aktda göstərmişdir ki, guya o, 30-31 yanvar 2024-cü il tarixdə və 01 fevral 2024-cü il tarixlərdə işdə olmamışdır. Əslində, hər gün işdə olmuşdur, sadəcə olaraq fəhlə olduğu üçün hər gün işi olmayıb. İş olanda onu rəhbərlik göndərib və işə getmişdir. Lakin, iş olmayanda isə orda gözləməyinə icazə verilməyibdir. Cavabdeh təşkilat onu işdən azad etsə, lakin hər hansı bir son haqq-hesab ödənişləri etməmişdir. Bununla da ona qarşı qərəzli olduğunu sübut etmişdir Formal olaraq 30-31 yanvar və 01 fevral 2024-cü il tarixdə işə gəlməməyi səbəb göstərilib. Məhkəmə qətnaməsində göstərilir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 05 nömrəli əmrdən görünür ki, İddiaçı 30-31 yanvar 2024-cü il tarixlərdə işə gəlmədiyi üçün xəbərdarlıq edilmişdir. Bu o deməkdir ki, cavabdeh mənə xəbərdarlıq edib,artıq məni inzibati qaydada cəzalandırmışdır və eyni əmələ görə onu ikinci dəfə cəzalandıra bilməzdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əsassız olaraq işdən azad olunmuşdur. İşdən çıxarılma səbəbi məlum deyildir. Birinci instansiya məhkəməsində cavabdeh təşkilatın nümayəndəsi işdən çıxarılma səbəbinin ona məlum olmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, hər gün işə getmişdir. Ona hər gün işə gəlməyinə ehtiyac olmadığı, lazım olduqda işə çağıracaqlarını bildirmişlər. Buna baxmayaraq hər gün işə getmişdir. İş yerində tabel, qeydiyyat kitabı və ya digər heç bir yoxlama sənədi olmamışdır, ümumiyyətlə bu cür kitab görməmişdir. İşdən çıxarılandan sonra əməkhaqqı kartına pul köçürülüb, həmin pul kimsə tərəfindən çıxarılıb. Birinci instansiya məhkəməsində də bu cür izahat vermişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının izahatı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün qeyd edilməmişdir. İddiaçının izahatının təhrif edildiyi qətnaməni aldıqdan sonra onlara məlum olduğu üçün məhkəmə iclas protokoluna qeyd verməmişlər. İddiaçının iş materiallarındakı aktlardan, həmkarlar ittifaqının qərarından məlumatı olmayıb. Həmin sənədlər formal olaraq tərtib edilmiş, aktları imzalayan şəxslərin də bundan məlumatı olmamışdır. İddiaçının işə gəlmədiyini təsdiq edən heç bir sübut yoxdur. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçının işdən çıxarılması ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət etmişlər və aparılan araşdırma nəticəsində cavabdeh təşkilat inzibati qaydada cərimə edilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qyadada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

19. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

20. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

21. 70-ci maddənin ç) bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

22. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

23. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

24. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

25. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

26. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

27. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

28. Maddə 186. İşəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

29. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

30. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh təşkilat arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı təşkilatda fəhlə vəzifəsində işə qəbul edilmişdir. İşçi İddiaçı 30-31 yanvar 2024-cü il tarixdə hər hansı üzrlü səbəb olmadan işə gəlmədiyi üçün cavabdeh təşkilatın səlahiyyətli subyektləri tərəfindən bu barədə akt tərtib edilmiş, həmçinin təşkilatın xx.xx.2024-cü il tarixli 05 nömrəli əmri ilə İddiaçı xəbərdarlıq edilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlmədiyi üçün yenə bu barədə akt tərtib edilmiş, eyni zamanda cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 06 nömrəli əmri ilə ona töhmət verilmişdir. Belə ki, İddiaçı idarəyə dəvət edilmişdir, lakin o, işə gəlməkdən imtina etmişdir, bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin, xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə də İddiaçı idarəyə dəvət edilmiş, lakin o, işə gəlməkdən imtina etmişdir, bu barədə müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh təşkilat tərəfindən işçi İddiaçı işdən çıxarılması barədə həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və həmin təşkilat tərəfindən işə götürənə işçinin kənarlaşdırılması tövsiyə edilmişdir. Bundan sonra cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 07 nömrəli əmri ilə İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. İşçi İddiaçı həmin əmrin qanunsuz olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

44. Yuxarıda da göstərildiyi kimi İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatda fəhlə vəzifəsində işə qəbul edilsə də, lakin o 30-31 yanvar 2024-cü il tarixdə hər hansı üzrlü səbəb olmadan işə gəlmədiyinə görə xx.xx.2024-cü il tarixdə 05 əmrlə ona xəbərdarlıq edilmişdir. Bundan sonra işçi İddiaçı xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə yenidən işə gəlmədiyi üçün cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 06 nömrəli əmri ilə ona töhmət verilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş xx.xx.2024cü il tarixli akdan görünür ki, o işlədiyi idarəyə dəvət olunsa da, işə gəlməkdən imtina edərək nalayiq ifadələr işlədərək idarə rəisini təhqir etmişdir. İddiaçı işə gəlməməklə əmək müqaviləsi üzrə üzərində düşən vəifələlərini kobud surətdə pozduğuna görə cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 07 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir.

45. Göstərilən hallar iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Eyni zamanda, İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında bildirmişdir ki, əmək müqaviləsi bağlanan tarixdən (xx.xx.2023) 2024-cü ilin fevral ayına kimi işə getməmiş, cavabdeh təşkilat tərəfindən də ona hər hansı irad bildirilməmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatın təhrif edildiyi barədə arqumentlər irəli sürsə də, lakin iş materiallarından birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclas protokoluna qeyd verilməsi müəyyən olunmur. Ona görə də bu arqumentlər kollegiya tərəfindən əsassız sayılmışdır.

46. Göründüyü kimi, işçi İddiaçı hər hansı üzrlü səbəb olmadan davamlı olaraq işə gəlməməklə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri kobud şəkildə pozmuşdur. Belə ki, onun barəsində verilmiş xx.xx.2024-cü il tarixli intizam tənbehindən 6 ay müddət keçməmiş o, təkrarən əmək pozuntusuna yol verdiyindən cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Həmçinin qeyd edilməlidir ki, işçi İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə işə üzürlü səbəblər olmdan gəlmədiyinə görə barəsində intizam tənbehi qismində töhmət verilsə də, onun heç bir üzrlü səbəb olmadan yenidən bütün günü işə gəlməməsi (xx.xx.2024-cü il tarixli aktla təsdiq olunur) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmrin ləğv edilməsi hissədə iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından iddia tələbinin digər hissələri ilə bağlı hüquqi dəyərləndirilmə aparılmasına zərurət yoxdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən şikayətin dəlilləri əsassız sayılmışdır.

47. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(076)-2419/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar