Məhkəmə qərarları › İş №2(104)-2293/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2293/2024

02.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2293/2024 02.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X7rşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlundan və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X9 (bundan sonra- cavabdeh) qarşı “əvvəlki vəzifəyə bərpa olunma və vəzifə maaşının ödənilməsi” tələbinə dair mülki işi üzrə Şəmkir Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı 03 avqust 2009-cu ildə Şəmkir rayon Mərkəzi xəstəxanasının Kadrlar şöbəsində müfəttiş vəzifəsinə işə qəbul olunmuşdur. 05 yanvar 2021-ci ildə iddiaçı ilə cavabdeh arasında yenilənmiş(yenidən tərtib olunmuş) əmək müqaviləsi bağlanmış və iddiaçı Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X8 “İnsan resursları” şöbəsinin “kadr üzrə mütəxəssis” vəzifəsinə müddətsiz işə qəbul olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əmrləri ilə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsinin icrası iddiaçıya həvalə olunmuşdur. Cavabdehin 15 dekabr 2023-cü il tarixli əmri ilə X2 Rayon Mərkəzi Xəstəxanası” X8 “İnsan resursları” şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023cü il tarixində verilmiş 18-1-73/3-1-3106/2023 saylı əmrin ləğv olunması, onun barəsində olan əmrin yenidən verilməsi və 2023-cü ilin dekabr ayından qətnamə icra olunan müddətə kimi əlavə vəzifə maşının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ilin avqust ayının 3-dən cavabdeh müəssisədə kadrlar üzrə mütəxəssis vəzifəsində işləmiş, hazırda da həmin vəzifəni icra edir. Lakin Şöbənin adı dəyişmişdir. İşlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. İşə müddətsiz qəbul olunmuşdur. Cavabdeh tərəfindən 27 sentyabr 2023-cü ildə 18-1-73/3-1-2208/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61- ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən “İnsan Resursları” şöbəsinin şöbə müdiri vəzifəsi 2023-cü ilin əvvəlindən ona həvalə edilmişdir. Qeyd olunan əmrə əsasən həm onun, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi ilə əlaqədar olaraq ona əlavə olaraq haqq ödənilmişdir. Qeyd olunan vəzifənin icrası ilə əlaqədar olaraq barəsində xx.xx.2023-cü il tarixli əmrə qədər bir neçə dəfə eyni məzmunlu əmr verilmiş və həmin əmrləri layiqincə və qüsursuz yerinə yetirmişdir. Lakin buna baxmayaraq onun şöbə müdiri vəzifəsini icra etməsinə dair müqavilə başa çatmadığı halda, cavabdeh tərəfindən həmin vəzifəyə 15 dekabr 2023-cü il tarixli, 18-1-73/3-1- 3106/2023 saylı əmrlə başqa bir işçi təyin olunmuşdur. Hesab edir ki, onun barəsində verilmiş əmr qüvvədə olduğu halda həmin əmrin üzərinə yeni bir əmrin verilməsi qanun pozuntusu kimi qiymətləndirilməlidir. Həmin əmrlə razı deyil və ləğv olunmasını istəyir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(076)- 1860/2024 nömrəli iş üzrə qəbul etdiyi 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İnsan resursları şöbəsinin Kadr üzrə mütəxəssisi İddiaçı həmin şöbənin şöbə müdiri vəzifəsinin icrasının həvalə edilməsi barədə xx.xx.2023-cü il tarixli PHŞ-18-1-73/3-1-2208/2023 nömrəli əmrdən əvvəl də ona “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru E.İsmayılovun xx.xx.2022-ci il tarixli, 2400K nömrəli əmri ilə “Şəmkir rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrası həvalə edilmiş və daha sonra “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli PHŞ-6-73/3-1-1067/2023 nömrəli əmri ilə ona yenidən İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin müvəqqəti icrası həvalə edilmişdir. Göründüyü kimi hər əmrlə üç aylıq həmin vəzifə iddiaçıya həvalə edilmişdir. Əmək qanunvericiliyinin tələbindən də göründüyü kimi boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilə bilməsi nəzərdə tutulduğundan İddiaçı İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrasının həvalə edilməsi barədə sonuncu, xx.xx.2023-cü il tarixli əmrin 3 ayı tamam olmasından 12 gün əvvəl, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 15 dekabr 2023-cü il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən göndərilən işə qəbul haqqında bildirişi əsasında “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli, 18-1-73/3-1-3106/2023 nömrəli əmri ilə X5 "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" X8 İnsan resursları şöbəsində şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.1, 61.2, 61.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, cavabdeh iddiaçının barəsində verdiyi əmr qüvvədə olduğu halda yeni bir əmr vermişdir. Bu isə qanun pozuntusu kimi qiymətləndirilməlidir. Bu hal iddiaçının hüquqlarını pozulmasına gətirib çıxarmışdır. Məhkəmə isə iddaçı tərəfindən təqdim olunmuş mötəbər sübutlara əhəmiyyət vermədən qərar qəbul etmişdir. İddiaçı ali təhsilli mütəxəssisdir. Uzun müddətdir ki, cavabdeh hüquqi şəxsdə qüsursuz işləyir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası

1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Mübahisəyə mahiyyəti üzrə baxan Rayon Məhkəməsi işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir: Cavabdeh “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Emin İsmayılovun xx.xx.2022-ci il tarixli, 2400K nömrəli əmri ilə xəstəxananın İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin müvəqqəti icrası həmin şöbədə kadr üzrə mütəxəssis vəzifəsində işləyən iddiaçıya həvalə etmişdir. Daha sonra işəgötürən olan cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əmrləri ilə Xəstəxananın İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin müvəqqəti icrası yenidən iddiaçıya tapşırılmışdır. "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Emin İsmayılovun xx.xx.2023-cü il tarixli, 18-1-73/3-1-3106/2023 nömrəli əmri ilə X1 İnsan resursları şöbəsində şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı Şəmkir Rayon X4 resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrası ilə əlaqədar olaraq barəsində xx.xx.2023-cü il tarixli əmrə qədər bir neçə dəfə eyni məzmunlu əmr verildiyini, həmin əmrləri layiqincə və qüsursuz yerinə yetirdiyini, onun şöbə müdiri vəzifəsini icra etməsinə dair müqavilə müddətinin başa çatmadığı halda, cavabdeh tərəfindən həmin vəzifəyə 15 dekabr 2023-cü il tarixli əmrlə başqa işçi təyin edildiyini göstərərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 18-1-73/3-1-3106/2023 nömrəli əmrinin ləğv edilməli olduğunu iddia etmişdir. İşə baxan Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının yuxarıda qeyd olunan dəlilləri əsasızdır və xx.xx.2023-cü il tarixli, 18-1-73/3-1-3106/2023 nömrəli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işəgötürən olan cavabdehin xx.xx.2022-ci il tarixli, 2400K nömrəli, daha sonra isə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əmrləri ilə Xəstəxananın İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin müvəqqəti icrası, həmin şöbədə mütəxəssis vəzifəsində işləyən iddiaçıya həvalə edilmişdir. xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə verilmiş hər üç əmrlə iddiaçıya Xəstəxananın İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrası müvəqqəti, yəni 3 ay müddətinə həvalə edilmişdir ki, son əmr üzrə həmin vəzifənin icrasının başa çatdığı tarix 2023-cü ilin dekabr ayının 27-i olmuşdur. Həmin müddətin başa çatmasına 12 gün qalmış, işəgötürənin xx.xx.2023-cü il tarixli, 18-1-73/3-1-3106/2023 nömrəli əmri ilə X1 İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Göründüyü kimi cavabdeh olan işəgötürən tərəfindən yuxarıda qeyd olunan işəgötürənin xx.xx.2023-cü il tarixli, 18-1-73/3-1-3106/2023 nömrəli əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Əmr qanuni və əsaslı olmuşdur. Əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilimir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar